Mir Cəfər Bağırov və Zəhra Kərimova - ll HİSSƏ

  • 2019-01-16 14:06:29
  • |
  • Tarix /

Mir Cəfər Bağırov və Zəhra Kərimova - ll HİSSƏ

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/mir_cefer_bagirov_ve_zehra_kerimova)

Zəhra Kərimovanın arxivdə saxlanılan “kadr uçotunun səxsi vərəqəsi”ndən öyrənirik ki, o, azərbaycan və rus dillərini mükəmməl, alman və latın dillərini zəif bilirmiş. 1938 və 1947 – ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 1937 – ci ildə Azərbaycan komsomolunun Kirov rayon təşkilatının katibi vəzifəsində ikən, respublikada keçirilən mühüm tədbirlərdə iştirak etmişdir. 1937 – ci il iyunun 3-dən 9-dək Bakıda Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının on üçüncü qurultayının 162 nümayəndəsindən biri də 1930 – cu ildən partiyanın üzvü Zəhra Kərimova idi. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində bu qurultayın stenoqramı saxlanılır. Qurultayı türk dilində Mir Cəfər Bağırov açmışdır. Stenoqramda oxuyuruq:

“ Azərbaycan Qommunist (Qeyd: 1937 – ci ildə Azərbaycan türkcəsində kiril əlifbasının “K”-sı yox idi – T.Q.) (bolşeviklər) Partiyasının XIII qurultayı

Qurultayın 3 iyun 1937 – ci il tarixli birinci iclası (axşam)

Sədarət edir yoldaş Mir Cəfər Bağırov

Sədr: - XIII Azərbaycan Qommunist (bolşeviklər) partiyasının qurultayını açıq elan edirəm. Qurultay aparmaq üçün bizə heyət, katibiyyət, redaksiya qomissiyası, mandat qomissiyası seçmək lazımdır...

Tənəffüsdən sonra qurultaya Hüseyn Rəhmanov sədrlik edir.

Sədr: - Məruzə üçün söz verilir Azərbaycan Mərkəzi Qomitəsinin katibi yoldaş Mir Cəfər Bağırova (gurultulu alqışlar).

Bağırov: - Yoldaşlar! Bu gün ancaq bir dildə məruzə olacaq. Odur ki, icazə verin, qabaqca rus dilində məruzə edim. Sabah isə Azərbaycan dilində məruzə olacaq.”

Müzakirələrdə rəhbər işçilərin, kənd rayonlarından olan nümayəndələrin Azərbaycan türkcəsində deyil, rusca çıxış etməsi Mir Cəfər Bağırovu hövsələdən çıxarmışdı. M.C. Bağırov qurultay nümayəndəsi İsmayılov yoldaşın çıxşını bu sözlərlə kəsmişdir: - “Yoldaş İsmayılov, azərbaycanca danışın ki, dediklərinizi zalda əyləşən kolxozçularımız da yaxşı başa düşsün.”

Zəhra Kərimova 1937 – ci ildə Azərbaycan K(b)P Bakı Komitəsinin tədbirlərində də fəal iştirak etmişdir. O, 1937 – ci il mart ayının 21-dən 24-dək davam etmiş əlamətdar bir yığıncaqda – Bakı partiya təşkilatının fəallar iclasında olmuş, Mir Cəfər Bağırovun yekun çıxışından ana dili haqqında dediklərini qeydə almışdır. Mir Cəfər Bağırovun çıxışının mətni Azərbaycan Respublikasının İşlər İdarəsi Siyasi Sənədlər Arxivində tanış oluruq:

M.C. Bağırov: - Yoldaşlar, Azərbaycanda dövlət dili azərbaycan dilidir. Biz bu yaxınlarda Konstitusiyamızı qəbul etmişik. Orada açıq – aydın yazılmışdır ki, dövlət dilimiz Azərbaycan dilidir. Əlbəttə, Xalq Maarif Nazirliyimiz və Bakı Dövlət Maarif Şöbəsi tədris müəssisələrində oxuyanların rus dilini – Oktyabr dilini, Lenin dilini bilməsinə çalışmalıdır. Bununla belə, ruscanı yaxşı bilməyən azərbaycanlı gənc mütəxəssisləri bu səbəbə işə götürməmək nə deməkdir? Belələri, təkcə tikinti təşkilatlarında deyil, komissarlıqlarda da vardır. Məsələn, xalq rabitə və poçt komissarlığında Lazarev yoldaş bu xəstəliyə tutulmuşdur, azərbaycanlıları işə qəbul etmir.

Araşdırmalar göstərir ki, 1937 – ci ildən başlayaraq Azərbaycanda Azərbaycan dilini bilməyən rəhbər işçilər get – gedə azalmış, Azərbaycan türkcəsini mükəmməl bilənlər isə irəli çəkilmişdir. Məsələn, Zəhra xanımın yaxından tanıdığı Əli Vəliyev 1901 – ci ildə Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Ağudi kəndində dünyaya gəlmişdi, 1918 – ci ildə daşnaklar Zəngəzuru ələ keçirəndən sonra yurd – yuvasından didərgin düşmüş, yetim qalmış gənc muzdurluq etməyə vadar olmuş, Şuşada, Bakıda öz zəhmətiylə çörəyə çatmış, institut bitirmiş, partiya sıralarına qəbul edilmiş, 1930 – cu ildə Ağdam rayon partiya komitəsinin şöbə müdiri işləmişdir. Zəhra xanım Kirov rayonunda işləyərkən Əli Vəliyev Bakının Voroşilov rayonunda icraiyyə komitəsinə başçılıq edirdi.

Qubadlıda anadan olmuş məşhur qələm sahibi Süleyman Rəhimov Mir Cəfər Bağırov dövründə Bakıda rəhbər vəzifələrdə işləmişdir. Bəlkə də çoxları bilmir ki, Mir Cəfər Bağırov MK-nın və Bakı Komitəsinin birinci katibi işlədiyi vaxtda Süleyman Rəhimov rusların, ermənilərin və milli bədxahlarımızın ağıllarına gətirmədiyi bir vəzifəyə - Bakı şəhər partiya komitəsinin təbliğat üzrə katibi seçilmişdir. Bu vəzifədə iki ilə yaxın çalışdıqdan sonra M.C. Bağırovun imzaladığı aşağıdakı qərar verilmişdi:

“Süleyman Hüseyn oğlu Rəhimov yoldaş barəsində

Azərbaycan K(b)P MK-nın təbliğat və təşviqat şöbəsinin işini qüvvətləndirmək məqsədilə Süleyman Hüseyn oğlu Rəhimov yoldaş Azərbaycan K(b)P Bakı Şəhər Komitəsinin təbliğat üzrə katibi vəzifəsindən azad edilərək, Azərbaycan K(b)P MK-nın təbliğat və təşviqat şöbəsinin müdir müavini və eyni zamanda ÜİK(b)P MK yanında marksizm – leninizm institutunun Azərbaycan filialının direktoru vəzifəsinə təsdiq olunsun.

Azərbaycan K(b)P MK-nın katibi M.C. Bağırov

5 mart 1941 – ci il.”

Bəs axırıncı illərdə Qubadlının kişi qeyrətli Zəhra xanımın – Zəngəzur gözəlinin barəsində Mir Cəfər Bağırov tərəfindən imzalanmış hansı qərarlar vardır ? Tanış olun:

“Azərbaycan K(b)P MK Bürosunun 25 iyun 1940 – cı il (№36) tarixli qərarı

Kirov rayon partiya komitəsinin katibi P.M. Volkov yoldaş barədə

1.İşin öhdəsindən gəlmədiyinə görə Kirov rayon partiya komitəsinin birinci katibi P.M. Volkov yoldaş vəzifəsindən kənar edilsin.

2.ÜİK(b)P MK yanında partiya təşkilatçıları ali məktəbinə göndərilənədək həmin rayonda birinci katib vəzifəsində işləmiş Zəhra Kərimova yoldaş Kirov rayon partiya komitəsinin birinci katibi vəzifəsinə tövsiyə edilsin.

3.Kirov rayon partiya komitəsində işlərin təhvil – təslimi Azərbaycan K(b)P Bakı Komitəsinin ikinci katibi Rassadin yoldaşın iştirakı ilə keçirilsin.

ÜİK(b)P MK-dan bu qərarın təsdiq olunması xahiş edilsin.

Azərbaycan K(b)P MK katibi M.C. Bağırov

25 iyun 1940 – cı il.”

Bəli, iyirmi iki il əvvəl - 1918-ci ildə dədə - baba torpağından qaçqın salınmış Azərbaycan qadını Bakının ən qədim ərazisindən birində rəhbər işə irəli çəkilmişdir. Zəhra xanımın birinci katib kimi fəaliyyətə başladığı gün neft yataqları ilə zəngin Binəqədi daha bir möcüzəsini göstərmişdir - burada arxeoloji qazıntılar zamanı indiyədək elm aləminə məlum olmayan nadir qədim kərgədan skeleti tapılmışdır. Zəhra Kərimovanın birinci katib işləməsinin ildönümündə faşist işğalçılar – bu dəfə alman faşistləri - qədim Azərbaycan ərazisini odlara qalamaq xəyalına düşmüşlər. Zəhra xanım gecəni gündüzə qataraq Binəqədi yatağının neftini orduya səfərbər etmişdir. Sanki Binəqədi kəndinin qədim kərgədan fəqərəsinə "qara qızıl" damlalarından qan hopmuş, kərgədan canlanmış, ayağa qalxmış, Vətən torpağında şəhid olmuşların intiqamını almaq üçün əlbəyaxa döyüşə atılmışdır! O zaman, 1942-ci ildə döyüş cəbhəsindən məktub göndərən qardaşı Kərim də əfsanəvi qəhrəman idi. 1942-ci il fevralın 6-da SSRİ Ali Sovetinin fərmanı ilə neft hasilatı planının artıqlaması ilə yerinə yetirilməsində nümunəvi işinə görə Azərbaycanın rayon partiya komitəsinin katibinin Lenin ordeni ilə təltif edilməsini "İzvestiya" qəzeti döyüş hissələrinə də çatdırmışdı. Kalinin vilayətinin Beryoza kəndində səngərdə ikən bacısının adını qəzetdə görən Qubadlının keçmiş raykom katibi Kərim Adıgözəl oğlu Kərimov Zəhra xanıma göndərdiyi məktubda yazırdı: "O qədər sevindim ki, gözlərim yaşardı".

Müharibə vaxtı hər gün Mir Cəfər Bağırovun yanında keçirilən uzun çəkməyən iclasların başlıca məsələsi neft hasilatı idi. Zəhra Kərimova bir partiya rəhbəri kimi vəziyyətin nə qədər çətin olduğunu yaxşı dərk edirdi. Müharibənin əvvəlində almanlar Maykop, Krasnodar, Mozdok şəhərlərini ələ keçirərək, Qroznıya tərəf irəliləyirdilər. Zaqafqazyanı SSRİ-nin sənaye şəhərləri ilə birləşdirən yollar kəsilmişdi. Mir Cəfər Bağırov başda olmaqla, Azərbaycanın qeyrətli rəhbərlərinin ümdə vəzifəsi Bakıda orduya göndərilmək üçün hərbi sursat hazırlanmasını genişləndirmək idi. Şəhərimizdə, o cümlədən, Binəqədidəki zavodlarda minamyotlar, avtomatlar, qranatlar, patronlar və digər sursat hazırlanıb cəbhəyə göndərilirdi. Əsgərlərin geyimlə təminatı da öz yerində. Bakı nefti Xəzər dəniziylə Həştərxana çatdırılırdı.

(Ardı var)

Füzuli Baratov

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA