MİR CƏFƏR BAĞIROV HƏQİQƏTLƏRİ

  • 2018-05-16 14:04:32
  • |
  • Tarix /

MİR CƏFƏR BAĞIROV HƏQİQƏTLƏRİ

Böyük Sovet Ensiklopediyası (ikinci nəşri) ətrafında cərəyan edən əhvalatlar

Məlumdur ki, Böyük Sovet Ensiklopediyasının ikinci nəşri 1949-cu ildən başlayaraq buraxılmışdır. M.C.Bağırov BSE-nin 1926-cı-1947-ci illərdə nəşr olunmuş cildlərində Azərbay­cana dair materiallarda yol verilmiş təhriflərin təkrar olunma­ması üçün bu işi şəxsi nəzarəti altına almışdır.

1949-cu il iyul ayının 21-də SSRİ Nazirlər Soveti yanında Böyük Sovet Ensiklopediyası Baş redaksiyasından M.C.Bağı­rovun ünvanına aşağıdakı məktub daxil olmuşdur:

«Azərbaycan K(b)P MK katibi M.C.Bağırov yoldaşa

Hörmətli Bağırov yoldaş!

Böyük Sovet Ensiklopediyasının (ikinci nəşri) birinci cil­dində «Azərbaycan Sovet Sosialist Respublikası (Azərbaycan) məqaləsi veriləcəkdir.

Həmin məqalənin ilk variantını göndərməklə Sizdən xahiş edirik ki, onu şəxsən özünüz oxuyasınız, eləcə də nüfuzlu şəxs­lər tərəfindən düzəlişlər və əlavələr edilməsi üçün göstəriş verəsiniz.

Birinci cildin istehsalatda olduğunu və yaxın müddətdə çıxması barədə hökumətin qərarını nəzərə alaraq, Sizdən xahiş edirik ki, bu il avqust ayının əvvəllərində qeydlərinizi bizə çatdırasınız.

Səmimi salamla,

“Böyük Sovet Ensiklopediyası Baş redaktorunun müavini professor A.Zvorıkin”.

M.C.Bağırovun məqaləyə düzəlişləri elə ilk abzasdan başlamışdır. Professor A.Zvorıkinin imzaladığı «Azərbaycan Sovet Sosialist Respublikası (Azərbaycan)» ensiklopediya yazısının ilk nüsxəsi Moskvadan Bakıya göndərilmişdir. 1948-ci ildə «Qısaca partiya siyasi məlumat kitabı»ndan fərqlənmirdi. BSE-nin birinci cildi üçün nəzərdə tutulan məqalə belə başlayırdı: «Azərbaycan SSR - SSRİ tərkibində müttəfiq sovet respublikasıdır. Zaqafqaziyanın şərq hissəsində Xəzər dənizi sahilində yerləşir. Cənubda İranla sərhəddir. SSRİ daxilində onun qonşuları bunlardır: şimalda - RSFSR (Dağıstan MSSR), şimal-qərbdə - Gürcüstan SSR, cənub-qərbdə - Ermənistan SSR.»

M.C.Bağırov apaydın xəttilə «İranla» sözündən sonra «və Türkiyə ilə» yazmışdır.

Azərbaycan haqqında nəzərdə tutulmuş məqalə respubli­kanın müxtəlif peşəkar elm adamlarının və mütəxəssislərinin iştirakı ilə müzakirə olunmuş, 1949-cu il avqust ayının 3-də M.C.Bağırovun imzaladığı məktubla birlikdə Moskvaya yola salınmışdır:

«Böyük Sovet Ensiklopediyası Baş redaktorunun müavini professor A.Zvorikin yoldaşa

Böyük Sovet Ensiklopediyasının yeni nəşri üçün nəzərdə tutulmuş «Azərbaycan Sovet Sosialist Respublikası (Azərbaycan)» məqaləsinin layihəsi ilə ətraflı tanış olduq. Məqalə bu şəkildə çap oluna bilməzdi, zira burada bir sıra təhrif və qüsurlara yol verilmişdir. Görünür, məqalə müəllifləri Azər­baycanın keçmişi və bu günü ilə əlaqədar dərin biliyə malik deyillər. Buna görə də biz vadar olduq ki, məqalədə nəinki düzəlişlər edək, həmçinin bir neçə bölməni yenidən yazaq.

«Azərbaycan Sovet Sosialist Respublikası»na aid məqa­lənin düzəldilmiş və əlavələr edilmiş yeni variantını Sizə göndəririk.

Xahiş edirik gələcəkdə də BSE üçün Azərbaycan barədə məqalələr hazırlanmasında Azərbaycan K(b)P MK-nın rəyini nəzərə alasınız.

Azərbaycan K(b)P MK katibi M.C.Bağırov.»

Bir aydan sonra, 1949-cu il sentyabrın 19-da BSE-nin baş redaktor müavini A.A.Zvorıkin M.Bağırova üç səhifədən ibarət məktub yazmışdır.

Ancaq məktub poçt ilə deyil, Ensik­lopediyanın tarix redaksiyasının əməkdaşı Pyatışeva yoldaşla göndərilmişdir. Moskvanın nümayəndəsi ilə Mir Cəfər Bağırovun dialoqunu təqdim etməkdən əvvəl Baş redaktor müavini A.Zvorıkinin məktubu ilə tanış olun.

«Azərbaycan K(b)P MK katibi M.C.Bağırov yoldaşa

Çox hörmətli Mir Cəfər Abbas oğlu! «Azərbaycan SSR» məqaləsinə etdiyiniz əlavə, düzəliş və iradlara görə Sizə minnətdarlığımızı bildiririk. Demək olar ki, məqalə yenidən yazılmışdır.

Bununla yanaşı, məqalənin son dəfə redaktəsi zamanı bir neçə məsələ ilə bağlı Sizin məsləhətlərinizə ehtiyac hiss edirik. Bunlar aşağıdakılardan ibarətdir:

1.Məqalənin «Dövlət quruluşu» bölməsinə Azərbaycan SSR Konstitusiyasından bəzi maddələr əlavə olunsun.

2.Məqalənin «Əhali» bölməsində göstərilir ki, əsrlər boyunca bir çox qədim xalqlar və tayfalar yerli azər­baycanlılarla qaynayıb-qarışmışlar. SSRİ Elmlər Akademiyasının Etnoqrafiya İnstitutu təklif edir ki, burada ermənilərin, rusların, talışların və kürdlərin sayı da yazılsın.

3.Məqalənin «Tarix» bölməsindəki «azərbaycanlı-erməni qırğını» ifadəsi «tatar-erməni qırğını» sözləri ilə əvəz edilsin. Çünki İ.V.Stalinin əsərlərində bu belə ya­zılmışdır. M.C.Bağırov məktubu oxuduqdan sonra qonağa dedi:

-Sizin gəlişinizdən qabaq baş redaktorunuz Sergey İvanoviç mənə zəng vurmuşdu. Razılaşdıq ki, mənim fikir­lərimi bloknotunuza qeyd edəsiniz, rəsmi sənəd göndərilməsin.

-Baş üstə, yoldaş Bağırov. Bu barədə mənə bir söz deyilməmişdi.

M.C.Bağırovun söylədiyi ifadələr moskvalı ensiklopedi­yaçının dəftərçəsində eynən əks olundu:

Birincisi, Konstitusiyamızdan müəyyən maddələrin məqa­ləyə salınmasına etirazımız yoxdur. Ancaq unutmayın ki, Konstitusiya dəyişə bilər. Ensiklopediya isə bir dəfə yazılır.

İkincisi, Azərbaycan əhalisi haqqında yazdıqlarımıza heç bir dəyişiklik edilməməlidir. Etnoqrafiya İnstitutundakı bəzi yoldaşlar Azərbaycanda yaşayan müxtəlif xalqların nümayən­dələrinin Azərbaycanın aborigen əhalisi olan azərbaycan­lılarla qaynayıb-qarışmasını istəmirlər. Respublikamızdakı minlərlə müsəlmanların pasportlarında «azərbaycanlı» yazıl­mışdır. Etnoqrafiya məsələləri ilə məşğul olan və mərkəzdə işləyən ermənipərəstlər bunun Azərbaycanda ermənilərin sa­yının çox olduğunu gözə soxmaq üçün edirlər. Başqa məqsəd isə bundan ibarətdir ki, niyə Azərbaycan Kommunist Par­tiyası MK katiblərindən birisi erməni olmasın. Bu, Mikoyan yoldaşın da əsassız təklifidir. Ensiklopediyanı çirkin siyasət vasitəsinə çevirmək olmaz.

Üçüncüsü, qeyd edim ki, Azərbaycanda ta qədimlərdən talışlar, ləzgilər, kürdlər, tatarlar, yəhudilər yaşamışlar. Azər­baycanlılara isə müxtəlif vaxtlarda «azərilər», rus mənbələ­rində isə «tatarlar» deyilmişdir. 1938-ci ilədək isə pasportla­rımızda «türk» yazılmışdır. Bu o deməkdir ki, adının nə vaxt, necə yazılmasından asılı olmayaraq, millətimiz həmin mil­lətdir. İndi tatara tatar, Azərbaycan türklərinə azərbaycanlı deyilir. Əgər daşnaklar 44 il və 21 il əvvəl tatarları qırmaq istəyirdilərsə, onda Bakıda, Qubada, Şamaxıda deyil, Qazan­da və Rusiyanın tatarlar yaşayan şəhərlərində, elə Moskvanın özündə bunu etməyə girişərdilər.

-Siz «erməni-tatar qırğını» sözlərinə Stalin yoldaşın hansı əsərində rast gəlmisiniz?

-Yoldaş Bağırov, düzünü deyirəm, yadımda deyil...

Moskvalı xanım pərt oldu. M.C.Bağırov sözünə davam etdi:

-Stalin yoldaş bu sözləri 1923-cü ildə Musabəyov, Mirzoyan, Axundov, Kirov və Oraxelaşviliyə göndərdiyi məktubda yazmışdır. Stalinin külliyyatının başqa bir yerində «erməni-tatar» ifadəsi yoxdur. Deyin görək, 1905-ci və 1918-ci ilin tatarlarına 1949-cu ildə azərbaycanlılar deyilirsə, qırğının adı niyə belə adlandırılmasm. Zənnimcə, bunu heç Stalin yoldaş da ensiklopediya rəhbərlərinə rəva görməz...

Mənə başqa sözünüz-sualınız varsa, dinləyirəm.

-Yoxdur, yoldaş Bağırov, dediklərinizi rəhbərliyə olduğu kimi çatdıracağam - deyə dəftərçəsini qatladı. Ayağa qalxdı, razılığını bildirdi.

M.C.Bağırov masanın arxasından irəli çıxdı, qonaqla səmimiyyətlə görüşüb, onu yola saldı. Geriyə qayıtdı, masanın üstündəki «SSRİ Nazirlər Soveti yanında Böyük Sovet Ensiklopediyası» möhürlü məktubun yuxarı sol tərəfmə qısaca dərkənar qoydu: «B дело. Bce сделено. 21.09.49.»

BSE Baş redaktorunun müavini A.Zvorıkin növbəti məktubu Moskvadan Bakıya 1949-cu il noyabrın 17-də göndərmişdir. O, M.C.Bağırovun bir xahişinə də əməl etmişdi: U.Hacıbəyovun sevimli tələbəsi, M.C.Bağırovun da çox yüksək qiymətləndirdiyi 27 yaşlı Azərbaycan bəstəkarı Fikrət Əmirov barədə məqalə Böyük Sovet Ensiklopediyasına daxil edilmişdi. Arxiv sənədi ilə tanış olun:

«Azərbaycan K(b)P MK katibi M.C.Bağırov yoldaşa

Böyük Sovet Ensiklopediyasının Baş redaksivası BSE-nin ikinci nəşrinin ikinci cildində çap olunacaq «Əmirov F.M.» məqaləsini Sizə göndərir.

Sizdən xahiş edirik ki, qeyd və düzəlişlərinizi qısa müddət­də bizə göndərəsiniz ki, cildin nəşrinə çatdıra bilək.

Əlavə: «Əmirov F.İ. məqaləsi, I vərəqdə.

Böyük Sovet Ensiklopediyasının Baş redaktorunun müa­vini A.Zvorıkin».

Cavab gecikdirilməmişdir. Noyabrın 24-də M.C.Bağıro­vun tapşırığı ilə Moskvaya aşağıdakı məzmunda məktub yola salınmışdır:

«Əmirov Fikrət Məşədi Cəmil oğlu. 1922-ci ildə anadan olmuşdur. Azərbaycan sovet bəstəkarı, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasını bitirmişdir. Nizaminin xatirəsinə həsr olunmuş simli simfoniyanın, «Ürəkçalanlar» və «Gözün aydın» musiqili komediyalarının, fortepiano və xalq çalğı alətləri orkestri üçün konsert və digər əsərlərin müəlli­fidir. F.Əmirov simfonik muğam janrının yaradıcısıdır. «Şur» və «Kürd ovşarı» əsərlərinə görə ona 1948-ci ildə Stalin mükafatı laureatı adı verilmişdin”.

Mir Cəfər Bağırovun 1952-ci ilin iyun ayının 6-da Böyük Sovet Ensiklopediyasının Baş redaktorunun müa­vini A.Zvorıkin yoldaşa göndərdiyi daha bir məktunu nəzərinizə çatdırıram.

«Böyük Sovet Ensiklopediyasının Baş redaktorunun müa­vini A.Zvorıkin yoldaşa»

M.C.Bağırov yoldaşın tapşırığı ilə Sizin göndərdiyiniz «İslam» məqaləsi tarixçi alimlər tərəfindən nəzərdən keçiril­mişdir. Yekdil fıkrimizcə, məqalə indiki halda ensiklopedi­yaya daxil edilə bilməz. Çünki burada bir çox nəzəri və faktik səhvlərə yol verilmişdir.

Birinci səhifədə islamın yayıldığı ərazilər tam göstərilmə­mişdir.

Birinci səhifədə və sonrakı səhifələrdə islamın yarandığı dövrdə sosial-iqtisadi şərait dəqiq verilməmişdir. İslamın təşəkkül tapdığı dövrdə ictimai quruluşun quldarlıq və ya feodal olması dürüst ifadə olunmalıdır, bu məsələni mübahisə amilinə çevirmək düzgün deyildir. «İbtidai islamda kom­munizmin ünsürləri nəzərə çarpırdı» ifadəsi yanlışdır və məqalədən tamamilə çıxarılmalıdır.

Məhəmməd Peyğəmbərin yarıməfsanəvi şəxsiyyət kimi təqdim edilməsi həqiqətə uyğun deyildir.

Yeddinci, səkkizinci və doqquzuncu səhifələrdə sufilik və başqa müsəlman təriqətləri ortodoksal islama demokratik müxalifət kimi təqdim olunur. Bu, düzgün deyildir. Nəzərə almaq lazımdır ki, sufilik ortodoksal islamın formalarından biridir. Din bayrağı altında çıxış edən hərəkatı dinin özü ilə qarışdırmaq olmaz.

Səkkizinci səhifədə şiəlik «islamın İran forması» hesab edilir. Bu, düzgün deyildir. Çünki şiəlik sünni xəlifələrinə qarşı müxtəlif xalqların mübarizəsi gedişində yaranmışdır. Şiəliyin mahiyyəti məqalədə dürüst əks olunmalıdır».

İndisə 1948-ci ildən nəşr olunan BSE ilə 1982-ci ildə Cəmil Quliyevin redaktorluğu ilə çap olunan ASE-ni müqayisə edək. A.Zvorıkinə yolladığı məktubda “MARAĞA” haqqında məqalədə göstərilir ki, Cənubi Azərbaycanın (İran) ən iri şəhərlərindən biridir. Urmiya gölünün 35 kilometrliyindədir. Əhalisi 35 min nəfərə yaxındır, azərbaycanlılardır.

ASE-nin 1982-ci ildə buraxılmış altıncı cildində də “Marağa” şəhəri haqqında məqalə verilmişdir. İlk cümləsi belədir: “MARAĞA”- İranın şm.q.-də, Cənubi Azərbaycanda şəhər Şərqi Azərbaycan ostanındadır. D.y.st.əh. 65 min (1974) Üzümçülük və bağçılıq rayonunun mərkəzidir...”.Əhalinin kimliyi məqalədə göstərilməmiş ancaq o göstərilmişdir ki, bu şəhər üzümçülük və bağçılığın mərkəzidir. Daha bir müqayisə BSE-da ermənilərin 1918-ci ildə soyqırımının sayı ASE-də 3 dəfə artıq göstərilmişdir.

Bəs 1954-cü ildə Azərbaycanda nə baş vermişdir. Azərbaycan SSRİ mədəniyyət naziri M.Əkbərov ilə Mədəniyət nazirinin birinci müavini Cəfər Cəfərov ilə dialoquna diqqət yetirək.

M. Ələkbərov - Dünən Mərkəzi Komitədə idim. Yaqubov yoldaşın qəbu­lunda oldum, onu yeni il münasibətilə təbrik edəndə sözümü ağzımda qoydu C. Cəfərov - Nə üçün?

M. Ələkbərov - Sənin üstündə. Axı sənin kitabxanada nə işin vardı? Orada Bağırovdan niyə danışırdın? Mən səni başa düşə bilmirəm. Elə çıxır ki yazıçılar tam haqsızdırlar, sən cəmiyyətimizlə Bağırov arasında konflikt gör­mürsən. Partiyamızın xəttinə zidd mövqe tutursan!

C. Cəfərov - Əvvəla, mən kitabxanaya həmişə getmişəm, gedəcəyəm də ikincisi, birinci müavininiz kimi, Mərkəzi Komitənin nazirliyimizə tapşırdı­ğı vəzifələrin yerinə yetirilməsini mən yerlərdə yoxlamalıyam. Respublika kitabxanasında nə görsəm yaxşıdır?! Kitabxanada Mir Cəfər Bağırovu da Beriyaya qatıb jurnal və qəzetlərdə şəklini və adını qaralayıblar. Bu jurnala ba­xın, biabırçılıq deyilmi? Bağırov barədə heç bir cəza tədbiri olmadığı halda niyə onun adını bədnam edirik?

M. Ələkbərov - Bu “Oqonyok”u öz əlinlə cırıb at zibil qutusuna, Yaqu­bov yoldaşın Xruşşovla söhbətindən xəbərin yoxdur. Qulaq as: “Beriya-Bağırov Hıtler-Mussolini kimi cütlükdür”.

C.Cəfərov –Bir də bu sözləri dilinizə gətirməyin! Gələcək göstərəcək kı, Hitleri də, Mussolinını də Azərbaycanda axtarmaq lazım deyilmiş! Bu jurnalı da o günlər naminə saxlayacağam!

M. Ələkbərov - Sənin ağlın başında deyil! O jurnalda Bağırovun fotosu var. Nə çərənlədiyini özün bilərsən, mən səninlə bır yerdə işləyə bilmərəm.

C. Cəfərov - İşləmirsən, işləmə! Xudahafiz!

Və beləliklə 23 yanvar 1954-cü ildə C.Cəfərov tutduğu vəzifədən kənarlaşdırılır. Onu da oxucuların nəzərinə çatdırıram ki, həmən dövrdə Mir Cəfər Bağırov haqqında heç bir cinayət işi qaldırılmamış o, Kuybışev şəhərində əmək fəaliyyətini davam etdirirdi. BSE-də Mir Cəfər Bağırovun yaralanmış ensiklopediyada onun haqqında olan fotunu sizə təqdim edirəm.

Və nəhayət müstəqilliyimizi əldə etdikdən sonra Azərbaycan Milli Ensiklopediyasının 3-cü cildində səhifə 29-da Mir Cəfər Bağırovun fotosu və onun haqqında geniş məlumat verilmişdir. Həmçinin Rusiyada nəşr olunan Ensiklopedik lüğətdə Mir Cəfər Bağırov haqqında məlumat öz əksini tapmışdır. Həm də Mir Cəfər Bağırov 1956-cı il 5 mayda güllələnməsindən 60 il sonra onu nəşinin qalıqları tapılaraq öz şəhid oğlu və həyat yoldaşı Mariya xanımın əhatəsində dəfn olunmuşdur. Ulu Tanrıya şükürlər olsun!

Məmməd Tağı

Loading...

QALEREYA