“Əmlak Komitəsi evlərin rəsmiləşdirməsinə süni əngəl yaradır” - NAZİM BƏYDƏMİRLİ

  • 2019-05-22 13:20:46
  • |
  • Ölkə /

“Əmlak Komitəsi evlərin rəsmiləşdirməsinə süni əngəl yaradır” - NAZİM BƏYDƏMİRLİ

“Bu məsələlər onların vətəndaşlardan rüşvət almaq istəyindən qaynaqlanır”

“...o sərəncamların sayı o qədər çox idi ki, hər saniyəyə 8 dənə sərəncam imzalamışdılar. Görün, bir gün ərzində nə qədər sərəncam verilib. Əslində, Bakının torpaqları bu yollarla mənimsənilib”

Ötən həftə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov sənədsiz evlərlə bağlı xüsusi komissiya yaradıldığını bildirdir. İcra başçısı bununla bağlı prezidentdən xüsusi tapşırıq aldığını da vurğuladı: “Bir neçə gün əvvəl cənab Prezident məni şəxsən çağırıb və yerlərdə mütəmadi görüşlər keçirməyi tapşırıb. 10 il, 20 il, 30 il yaşadığı evi rəsmiləşdirə bilməyən sakinlər var. Hazırda məsələ ilə bağlı yaradılmış Komissiya çalışır. Prezident İlham Əliyev tərəfindən sənəd hazırlanır. Əminəm ki, yaxın günlərdə sənədsiz evlər məsələsi bütün ölkə üzrə birdəfəlik öz həllini tapacaq”.
E.Əzizovun sözlərinə görə, vətəndaşlardan meriyaya daxil olan müraciətlərin böyük əksəriyyəti sənədsiz evlərlə bağlıdır.
Rəsmi məlumatlara görə, hazırda təkcə paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən evlərin sayı 700 mindən çoxdur.

Bakı və ətraf qəsəblərdə tikilən evlərin əksəriyyəti sənədsiz olduğu üçün bu məsələ dəfələrlə gündəmə gəlsə də, ancaq indiyə kimi həllini tapmayıb. Hər dəfə də bu məsələnin üzərindən sükütla keçilib. Maraqlıdır ki, bu dəfə sənədsiz evlərlə bağlı yaradılan xüsusi komissiyanın bu məsələyə əncam çəkməsinə ümid etmək olarmı? Əslində, bir neçə dəfə bu problemin aktuallığına diqqət yetirilsə də, nəticədə həll edilmədiyi üçün indi də müsbət bir qərar qəbul ediləcəyinə ümid azdır. Çünki Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun ötən həftə Binəqədi Rayon sakinləri ilə görüşdə səsləndirdiyi “tərəfimizdən işçi qrup yaradılıb və Bakı şəhərinin bütün qəsəbələrinin sakinlərini narahat edən bu məsələnin həlli üçün əlaqədar qurumlarla birgə işlər aparılır. Tikilən evlərin sənədləşmə prosesində bir sıra əlavə problemlər ucbatından bu işləri 1 anda həll etmək mümkün deyildir, vaxt tələb olunur. Hər halda məsələ nəzarətdə saxlanılır” fikirləri belə düşünməyə əsas verir. Görəsən, illərdi mövcud olan problem bundan sonra nə qədər müzakirə olunacaq?

“Mən bu məsələnin həll edilməsinə pessimist baxıram”

“Hürriyyət”in sualını cavablandıran keçmiş deputat Nazim Bəydəmirli dedi ki, illər boyu bu haqda danışılır: “Bələdiyyələr yarandıqdan sonra qeyri-qanuni hesab edilən torpaqlarda evlər tikilib. Ancaq mən hesab edirəm ki, bu tikilən evlər, əslində, qeyri-qanuni deyil. 2000-ci ildən bəri ölkə əhalisinin, yəni Bakıda qeydiyyatda olmayan əhalinin təqribən yarısından çoxu Bakının ətraf rayolarında məskunlaşıb. Bunların hamısının kökündə duran səbəblər rayon icra hakimiyyəti başçılarının bələdyiyyələrin əli ilə bu torpaqları satmasıdır. Vaxtilə Abşeron rayonunun belə, kalxoz və sovxozlarının pay torpaqları “yaşayış” üçün satılıb ki, burada söhbət çox milyardlıq mənimsəmələrdən gedir. Zaman-zaman bu, rayon icra hakimiyətlərinin başçılarının əlində bir “pul dəyənəyi” rolunu oynayıb. Xatirinizdədirsə, hələ Torpaq Komitəsi olan zaman dəfələrlə bu haqda danışılırdı. Sonradan Torpaq Komitəsi Əmlak Komitəsinə birləşdirildi. Guya, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bu evlərin sənədləşidirilməsi ilə bağlı təlimatlar aldı. Mən hesab edirəm ki, bunun kökündə duran məsələ həm də Əmlak Məsələləri Dövlət Komitəsinin səmərəli yolda olmaması və bundan məqsədli olaraq rüşvət mənbəyi kimi istifadə etməsidir.

Çünki indiki qanunvericilik imkan verir ki, vətəndaş heç də Eldar Əziziovun dediyi kimi ayrıca bir komissiya yaradılmamış mülkiyyətində olan torpaq sahəsində tikdiyi evi rəsmiləşdirsin. Ancaq buna süni əngəl yaradan Əmlak Məsələləri Dövlət Komitəsidir. Hesab edirəm ki, bu məsələlər onların rüşvət almaq istəyindən qaynaqlanır. Çünki, dediyim kimi, söhbət burada milyonlarla, milyardlarla vəsaitdən gedir. Vətəndaşın süründürməçiliyə məruz qalmaması və əlavə xərclərinin çıxmaması üçün bu məsələ kökündən həll olunmalıdır. Yəni burada gündə bir dənə komissiyaya ehtiyac yoxdur.

Mən hesab edirəm ki, rayon icra hakimiyyəti orqanları, əsasən də Əmlak Məsələləri üzrə Dövlət Komitəsi öz üzərinə düşən Konstitutsion öhdəlikləri yerinə yetirməlidir. Mən bu məsələnin həll edilməsinə pessimist baxıram. Görünən odur ki, bir neçə dəfə bununla bağlı sərəncamlar verilib, iclaslar keçirilib. Hətta Hacıbala Abutalıbovun vaxtında Bakı Şəhər İcra Hakimiyyətində cənab Prezidentin iştirakı ilə Nazirlər Kabinetinə tapşırıq verilib, iclas keçirilib, vaxt ayrılıb. Bütün bunlar hamısı məmurun bürokratik əngəllər vasitəsilə dövlət resurslarından öz şəxsi resursları və qazanc mənbəyi kimi istifadə etməsidir, başqa bir şey deyil”.

Похожее изображение

“Rayon icra hakimiyyətləri hər saniyəyə 8 dənə sərəncam imzalamışdılar”

N.Bəydəmirli təəssüflə qeyd etdi ki, ölkədə torpağın kimin mülkiyyəti olması ilə bağlı çox hərc-mərclik yaranıb: “Əslində, bu, dediyim kimi, Əmlak Məsələləri Dövlət Komitəsinin bu məsələlərdə tutduğu roldan asılıdır. Çünki əvvəlki illərdə də, 2000-ci ildən bəri də bələdiyyə hətta belə sərəncam verən zaman Torpaq Komitəsinin yazılı rəyi verilməliydi ki, bu, kimin balansındadır. Bu, uzun illər bələdiyyələrə xəritələrin verilməməsi ucbatından olub. Yəni Torpaq Komitəsinin əvvəlki rəhbərliyi və indiki Əmlak Komitəsinin rəhbərliyi də əksəriyyət torpaq mülkiyyətçiləri ilə bağlı hərc-mərcliyi süni yaradıblar. Baxmayaraq ki, 1999-cu il 30 dekabr tarixli Prezidentin fərmanı var idi ki, bir neçə ay ərzində torpağın mülkiyyətçiləri ilə bağlı bələdiyyələrə xəritələr verilsin. Ancaq uzun müddət bunu bələdiyyələrə vermədilər. Bəzi bələdiyyələrə indiyə qədər də xəritələr verilməyib. Bələdiyyələr öz sərhədlərini müəyyən etmədiyi təqdirdə müxtəlif vasitələrlə o rəyləri saxtalaşdıraraq, kordinatları düzgün qeyd etməyərək, əvvəl Torpaq Komitəsinin, sonra da Əmlak Komitəsinin əli ilə hərc-mərclik yaranıb. Yəni torpağın kimin balansında olmasından asılı olmayaraq, mülkiyyətçisi ya dövlətdir, ya özəldir, ya da bələdiyyənin mülkiyyətidir. Torpaqların 3 mülkiyyət növü var. Dövlət mülkiyyətində olan torpaqlara dövlət orqanları sərəncam verir. Bilirisiniz ki, bu, rayon icra hakimiyyətləridir. Rayon icra hakimiyyətləri də 2000-ci ildən bəri, yəni bələdiyyələr yarandıqdan sonra fərdi yaşayış evlərinə sərəncam vermək hüquqlarını itiriblər. Mən hələ Milli Məclisdə olarkən bir misal çəkmişəm. 30 dekabr 1999-cu il tarixli fərman imzalanan vaxtdan Bakı Şəhər İcra Hakimiyyətinə tabe olan rayon icra hakimiyyətlərinin əksəriyyəti dövlət torpaqlarında olan fərdi yaşayış evləri ilə bağlı ildırım sürəti ilə sərəncamlar verirlər. Çünki, dediyim kimi, fərmanda dəyişiklik olunmuşdu ki, bunu ancaq bələdiyyələr fərdi evlər üçün verə bilərlər. Bunlar da yeni tarixlə müxtəlif sərəncamlar veriblər. Mən bir araşdırma aparmışdım, o sərəncamların sayı o qədər çox idi ki, hər saniyəyə 8 dənə sərəncam imzalamışdılar. Görün, bir gün ərzində nə qədər sərəncam verilib. Əslində, Bakının torpaqları bu yollarla mənimsənilib.

Qeyd etdiyiniz kimi, SOCAR-ın və digər dövlət qurumlarının balansında tikilən evlərin aqibəti hələ də bəlli deyil. Dediyim kimi, əgər o yerlərdə həqiqətən də mülkiyyət dövlət mülkiyyətidirsə, oradan təhlükəli boru xətləri keçirsə, insan yaşayışı üçün icazə verilməyən elektrik xətlərinin altında və mühafizə zonalarında yerləşən evlərin təhlükəsiz yerlərə köçürülməsi baş verməlidir. Məntiqlə bunu da dövlət kompensasiya etməlidir. Nə qədər bunların hesabına dövlət büdcəsinin zərər çəkməsi davam edəcək? Bunun çox ciddi fəsadları var. Mən çox təəssüf edirəm ki, zaman-zaman bu tipli məsələlərə görə dövlət büdcəsi və ümumilikdə hamımız əziyyət çəkirik”.

“Torpaq vətəndaşın xüsusi mülkiyyətdirsə, o ehtiyat fond torpağı ola bilməz”

“Çıxarışda xüsusi mülkiyyət yazılan, lakin təyinatı ehtiyatı fondu olan torpaqda tikilən evə çıxarış verilməməsi nə dərəcədə doğrudur” sualına N. Bəydərmili belə cavab verdi: “Torpağın təyinatını Nazirlər Kabineti dəyişdirir, ancaq torpaq vətəndaşın xüsusi mülkiyyətdirsə, o ehtiyat fond torpağı ola bilməz, ya torpağa sənəd alınan zaman saxtalaşdırma baş verib, ya da sonradan bunu ehtiyat fonduna salıblar. Əslində, bu, mübahisəli məsələdir”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA