Əmlak Komitəsindən növbəti BİABIRÇI QƏRAR - 8 otaqlı evin 4 otağına çıxarış verilib, 4-ünə yox

Əmlak Komitəsindən növbəti BİABIRÇI QƏRAR - 8 otaqlı evin  4 otağına çıxarış verilib, 4-ünə yox

Sahibkarlığın inkişafına dəstək verməli olan qurumların, əksinə, sahibkarlara olmazın ağrılar yaşatması acı gerçəkdir. Bunun bir nədəni sahibkarlıqla (qanunsuz) məşğul olanların elə məmur-deputatlar olmasıdırsa, bir nədəni də nəzarətedici hökumət və hökumətdən ayrı qurumların görəvlərini yerinə yetirməmələridir.

Təsəvvür edin, ölkədə ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Qanunun - Konstitusiyanın 133-cü maddəsi ilə qanunların eyni cür və dürüst icra olunmasına nəzarət etmək görəvi daşıyan Baş Prokurorluq özü qanuna qarşı çıxaraq, vətəndaşların şikayətlərini barəsində şikayət edilən quruma, hətta vəzifəli şəxsin özünə göndərir. Ona görə də, necə deyərlər, xiyar əyri bitir və düzəlmir ki, düzəlmir.

Qanunun icrasına nəzarət etməli olan qurum qanunu pozursa, digərlərinə nə gəlib? Tam əminliklə demək olar ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyini çıxmaqla, yerdə qalan heç bir qurum sahibkarı qanunsuz müdaxilələrdən qorumur, daha doğrusu, qorumaq istəmir.

Sabirabad rayonu, Ulacalı kəndində sahibkarlıqla məşğul olan 2-ci dərəcəli əlil, fərdi sahibkar Ağayev Əbülfətin başına gələnlər isə lap satirik komediya janrında çəkilmiş filmə oxşayır. Əlil-sahibkar çıxarışı olan özəl torpağında 8 otaqlı birqatlı qeyri-yaşayış binasından sahibkarlıq amacı ilə yararlana bilmir. Nədən ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 1 ildən çoxdur otaqların dördünə çıxarış verib, dördünə çıxarış verməkdən imtinasıdır. Guya eyni özəl torpaq sahəsində, eyni binadakı otaqların dördü yüksək gərginlikli elektrik xətlərinin altına düşür, dördü isə yox. Halbuki, “Azərişıq” ASC-nin Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsi Sabirabad EŞ -nin rəisi Z. M. Həsənov 21.08.2017 tarixli arayışla sahibkarlıq obyektinin yaxınlığından keçən 35 kv -luq yüksək gərginlikli elektrik verilişi xəttinin istismarına heç bir maneə törətmədiyini bildirib. Sabirabad RİHB Aparatının memarlıq və tikinti şöbəsinin müdiri, baş memar M.Y.Qasımov tikintiyə icazə verən rəyində göstərib ki, tikili ətrafdan keçən digər kommunikasiya obyektlərinin normal fəaliyyətinə maneçilik törətmir. Di gəl, 1 ildən çoxdur ƏMDK yanında DƏDRX-nın Sabirabad Ərazi İdarəsi gərəkən sənədləri Bakıya göndərsə də, Bakıdan tikilinin yüksək gərginlikli elektrik xətltinin altında olması bəhanəsi ilə çıxarış verilməsindən imtina edilir. Hətta Prezident Administrasiyasından, Prezident yanında Apellyasiya Şurasından özbaşınalığa son qoyulması haqqında tapşırığa da ƏMDK yanında DƏDRX-nın rəis müavini Elşad Məmmədov “dedığım dedığdır” cavabını verib.

Əlil sahibkar indi lap çıxılmaz durumdadır. Tikili gərginlik altındadırsa, niyə 4 otağa çıxarış verilib, 4 otağa yox? ! (Bir də axı, həmin xəttin altında qalan 7 kənddəki tikililər necə çıxarışla təmin olunub?)

Yəqin, otağın 4-ünün yüksək gərginlikdən mühafizə “toxunulmazlığı” ƏMDK yanında DƏDRX-nın “konstitusiya qanunu” ilə təsbit olunub! (?)

Məğrur BƏDƏLSOY