MƏMUR ÖZBAŞINALIĞI… - Və ya Azərpaşa Nemətovun “Tı ne moy aktyor” təkəbbürü

MƏMUR ÖZBAŞINALIĞI… - Və ya Azərpaşa Nemətovun “Tı ne moy aktyor” təkəbbürü

Bu gün bu sənət ocağında baş verənləri görsəydin, “Molla Nəsrəddin” demişkən gözlərini yumub doyunca “haha-haaa” edib gülər, sonra fikrə dalardın: XXI yüzilin başlanğıcında yaşamadığın üçün təəssüf etməzdin. Görün nələr baş verir? Məlumdur ki, teatrlarda daxili intizam qaydalarına əsasən aktyor işə yalnız tamaşa və məşq günündə gəlir. Azərpaşa Nemətov ayağı aylarla teatra dəyməyən aktyorların qarşısında bir sənətkarı “proqul” maddəsi ilə -5-10 günü “qanuniləşdirib”işdən azad edir. Yazımın mövzusu “Ölülər” idi.Dahi Mirzə Cəlil dünyasına müraciət etmək fikrim vardı. Amma... Azərbaycan Dövlət Akademik Milli Dram teatrında məni nələr gözləyəcəyindən xəbərsiz idim...

İstedadlı aktyorlar teatrdan nə üçün uzaqlaşdırılırlar?

“Həm ziyarət, həm ticarət” zərb-məsəlinə əsasən “Vicdan haqqı” tele-serialının (R. İsax) aktyorlarından da müsahibə götürmək istəyirdim. Nə əməkdar artist İlham Hüseynovu tapa bildim, nə də Murad İsmayılı... İkincinin Rus Dram Teatrına keçdiyini dedilər. Məsuliyyətli bir insan olan Hüseynovsa heç bir səbəb olmadan “intizamsız” adı ilə işdən azad olunmuşdu: özü də MADDƏ İLƏ. .Xalq artisti R.Novruz və əməkdar artist H.Nəsirovanı da tapa bilmədim. Amma ümidvaram ki, onlar “proqul” etməmişdi, sadəcə onların tamaşa və məşq günü deyildi. Əməkdar artistlər:İ.Hüseynov və H.Nəsirova barəsində “Kaspi” qəzetinin 24.11.2016-cı il tarixli nömrəsində dərc olunan “Obrazlar qalereyası və ya iki aktyorun teatrı” (S.Rəsulova) məqaləsini də oxumuşdum.

Yollandım əməkdar artistin kirayədə tək yaşadığı evə. Təəssüf ki, onun qonaqpərvərliyi ilə kifayətlənməli oldum. Çünki, bu barədə heç nə danışmaq istəmədi.Jurnalist araşdırmalarımı davam etdirmək məqsədilə yenidən teatra qayıtdım. İçəri daxil ola bilməsəm də, ehtiyatla danışan aktyorlardan məlumat ala bildim: heç kəslə-o cümlədən rəhbərliklə ədavəti olmayan aktyor direktorun ona qarşı atdığı bu analoqu olmayan addımı cavablandırmasa da, onun aktyor həmkarları arasında direktoru dəstəkləyən tapılmadı. Əlbəttə, bəlkə də direktorun tapşırığı ilə sosial şəbəkələrdə bu məqalələri paylaşanlara hədə-qorxu gəlib və onları “blok”a atan 1-2 tanınmış aktyordan başqa.

Teatrın divarları xaricində isə aktyorlar bəzi təfərrüatları mənə izah etdi. Əvvəla hörmətli oxucuya xatırladım ki, işçi 1 ay müddətində hər-hansı bir məsələ ilə bağlı yazdığı ərizəni geri götürmək hüququna malikdir və bu 1 ay bülletendə olduğu müddət bitdikdən sonrakı 1 ay hesab olunur. Yəni yanvarın 18-də bülleteninin vaxtı bitmiş İ.Hüseynov fevral ayının 18-nə kimi ərizəsini geri götürmək barədə yeni ərizə yaza bilər və yazdı.Onu öz ərizəsi ilə işdən çıxarmağın qeyri-mümkün olduğunu görən Nemətovsa “tənbəllik etməyib” aktyorların giriş-çıxış kartına aylarla “həsrət qalan” turniket aparatını açdırır və İ.Hüseynovu “proqul”lara görə işdən asanlıqla azad edə biləcəyini düşünür.

Adlarını çəkmək istəmədiyim sənət yoldaşlarının dedikləri məni sözün əsil mənasında dəhşətə gətirdi: 1 il əvvəl məcburən yazdığı ərizə “nimdaş” olduğu üçün yeni ərizə yazmaq istəməyən aktyorun “qanunla” işdən azad olunması üçün direktor Həmkarlar İttifaqının iclasını “sifariş verir”. Kollektivin onlarla həmkar üzvü olsa da legitim olmayan “iclas”da 1 otağa “doluşan” 5-6 nəfərin səmimi söhbətlərinə qulaq asmalı olan aktyor “öz xoşu ilə” getməyin “zəruriliyi” barədə “dəyərli tövsiyə” alır. (Yəqin ki,oxucu səmimi ifadəsinin dırnaq içində olmamasına diqqət yetirdi. Həqiqətən də İlhama qarşı səmimi olan iş yoldaşları etiraz etməyin yersiz olduğunu düşünsələr də haqsızlığı inkar etmirdilər). Amma həmin “iclas”da İ.Hüseynovun “Niyə hər gün işə gəlmək qaydaları başqalarına şamil edilmir?” sualına “qanunvericiliyə uyğun” cavab verildi: “Onlar işdə sayılır, sənsə yox”. O halda aktyor sonuncu xahişini səsləndirir: “ Mənim“proqul” günlərimi ödənişsiz hesab etmək-yəni əmək haqqımdan çıxmaq olmazmı?” Cavab yəqin ki, bəllidir: əlbəttə olmaz, axı Nemətov “fərman imzalayıb” (ŞƏRHSİZ)

Azərpaşa Nemətov istedadlı adamlardan qroxur

Uzun illər rəhbər vəzifədə işləyən Azərpaşa Nemətov Həmkarlar İttifaqları barədə Nizamnamədən bixəbər olduğu kimi əmək məcəlləsi ilə bağlı, o cümlədən dövlətin vətəndaşların sosial müdafiəsi ilə bağlı qanunvericiliyinin müvafiq maddələrindən də xəbərsizdir. Ona başa salan olmalı idi ki, bütün dünyada “profsoyuz” deyilən qurum rəhbərin “cəza aləti” yox, həmkarların hüquqlarını müdafiə edən və hüquqlarını rəhbərlikdən tələb edən təşkilat kimi tanınır. A.Nemətovsa haqsız danışmaqdan “yorulmurdu”: “İ.Hüseynov bülleten götürüb serialda çəkilir” deyən direktor yaxşı bilirdi ki, yalnız tamaşa və məşq günü işə gələn aktyorun bülletenə ehtiyacı yoxdur. O ki, qaldı bülletenə- tabeçiliyində olan işçinin-konkret olaraq ağır cərrahiyyə əməliyyatı keçirən əməkdar artistin ən azı telefonla sağlamlığı ilə bircə dəfə maraqlansaydı, onda heç olmazsa qanunvericiliklə bağlı faydalı məlumatlar alardı və bilərdi ki, bülletenə ehtiyacı olmayan aktyorun 3-cü dərəcəli əlillik sənədini alması üçün 6 aylıq müvəqqəti əmək qabiliyyətindən məhrumolma sənədi-yəni bülleten tələb olunur.

İnsani dəyərlərə söykənib işçisinə baş çəkməyi lazım bilməyən direktor, təbii ki, aktyorun xəstə yatdığı Azərbaycan Dövlət Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasına məxsus palatanın qarşısındakı pərəstişkarları və İ.Hüseynova gətirilən təzə çiçəkləri də görə bilməzdi...

O ki, qaldı Mədəniyyət nazirliyinin kollegiya iclasında illərlə oynamayan aktyorlar barədə deyilənlərə-bunların İlham Hüseynova heç bir aidiyyatı yoxdur. Axı məşğulluğu olmayan aktyorun özünün-özünə rol verməsi faktı dünyanın heç bir teatrında “qeydə alınmayıb”.

A.Nemətova ünvanlanmış “Açıq məktub”da soyqırım ifadəsi diqqətimi cəlb etdi və qarşıya yeni faktlar çıxdı. “Tıy ne moy aktyor” olanların demək olar ki, hər biri istedadını sübuta yetirmişlər idi: “Herastatı unudun” kimi mürəkkəb, “Qatil” kimi psixoloji yüklü, eyni zamanda xüsusi səhnə plastikası tələb edən əsərlərdə fərqli obrazlar yaratmış Hikmət Rəhimov, “Vicdan haqqı”tele-serialında Fariz, “Müsyö İbrahim və Quran çiçəkləri” tamaşasında Moses obrazlarını ustalıqla ifa edən, yaraşıqlı səhnə görünüşünə malik olan Murad İsmayıl. Hikmət Rəhimov kimi istedadlı aktyorun teatrdan çıxarılması ilə bağlı və digər haqsızlıqlara dözməyib istefa verən xalq artisti Fuad Poladovu və əməkdar artist İlham Hüseynovu bu siyahıya əlavə etsək belə, siyahı bitmir. Buna deyərlər əsil SOYQIRIM.

A.Nemətovun “sevimli”ləri isə (o aktyorlara hörmət əlaməti olaraq adlar çəkmirəm) əsasən onun tələbələridir: istedadlı və ya istedadsız olmasından asılı olmayaraq. Maraqlı bölgüdür: deyilmi?

Ədalət naminə deyim ki, vaxtilə əfsanəvi Həsən Turabov da özü demişkən,“cavanlığına salıb” Azdramanın direktoru,rəhmətlik Ədil İsgəndərova demişdi: “Deyirlər Siz Mehdi Məmmədovun tələbələrini qəbul etmirsiniz?” Direktorsa qəzəblənmişdi: “Bunu mənim düşmənlərim deyir, qulaq asma”.

Qoy Azərpaşa Nemətov da sübut etsin ki, bu belə deyil. Amma səhvləri etiraf etməyə özündə cəsarət tapmaq və böyüklük edib bu səhvi düzəltmək üçün NƏ tələb olunduğunu bilməyən varmı?.(ŞƏRHSİZ).

Mədəniyyət Nazirliyinin rəsmilərinə yəqin sirr deyildir ki: məmur özbaşınalığı, təkəbbür və ən dəhşətlisi-ƏDALƏTSİZliklə şedevr səviyyəsinə qalxa biləcək səhnə əsərlərinin yaranacağını düşünmək sadəlövhlükdür. Çünki TEATR MƏBƏDDİR və bu məbədin kassalarının qarşısı izdihamlı tamaşaçı ordusu ilə dolu olmalıdır. Haqqı tapdalanmış-səhnədən kiminsə ərköyünlüyü ilə haqsız olaraq uzaqlaşdırılmış, hər hansı bir sənətkarın etiraz edən pərəstişkarları və müxbirlərlə yox! Belə məmurların apardığı birtərəfli intriqalar və süni şəkildə təşkil edilmiş “iclas”lar əsəb sarsıntılarına səbəb olur və unutmayaq ki,sənətkarın gələcək çəkilişləri və səhnə fəaliyyətində iz qoyacaq bu haqsızlığın zərbələri aktyorun sağlamlığına və sənətə dəyir.
P.S.:Həyatda onu tanımayanlar qarşısında İmran kimi məkrli, hiyləgər və təhlükəli insanı görəcəyini təsəvvür edir. Amma sadalananlardan sözün əsil mənasında bixəbər olan İ.Hüseynovu yaxından tanıyandan sonra heyrətə gəlirsən: insan rəzilliyi barədə təsəvvürə malik olmadan İmran obrazını son dərəcə təbiiliklə canlandırmağın necə mümkün olması sualı qarşısında aciz qalırsan...

“Azad Qələm” qəzetinin

Baş redaktoru

Nəcibə İLKİN.