MƏNƏVİ İRS OĞURLUĞU

  • 2019-04-20 15:07:09
  • |
  • Aktual /

MƏNƏVİ İRS OĞURLUĞU

Elmdə, təhsildə mənimsəmənin ən başlıca amillərindən biri anlaşıqlı, mükəmməl terminləri olmasıdır. Bu baxımdan, termin yaradıcılığı çox vacib və məsuliyyətli işdir. Bu məsələ ilə məşğul olmağa Azərbaycan Milli Elmlər Akademiyasında Terminologiya Şöbəsi var. Ancaq bu sahədə görülən işlərin ürəkaçan olmadığı elə, bu günlərdə ortaya çıxmışdır. Dilçilik İnstitutu Terminologiya Şöbəsinin əməkdaşlarından şöbənin müdiri Sayalı Sadıqova, qızı dosent Şəbnəm Həsənli-Qəribova, filologiya üzrə fəlsəfə doktorları Natəvan Hüseynova, İradə Abdullayeva, Svetlana Novruzovanın şərikli müəllifliyi ilə, sözbəsöz, cümləbəcümlə hərfinə, nöqtəsinə toxunmadan, M.Adilov, Z.Ver­diyeva və F.Ağayevanın “İzahlı dilçilik terminləri” (1989-cu il) və ADU-nun mülkiyyətinə çevrilmiş “Dilçilik ensiklope­di­ya­sı”nı dədə malı kimi öz müəlliflikləri ilə "İzahlı dilçilik terminləri lüğəti” adı altında çap etdirmişlər. Bunun adı oğurluqdan başqa bir şey deyildir. Buna “plagiat” da deyilir.

Ancaq Dilçilik İnstitutu Terminologiya Şöbəsinin müdiri professor Sayalı Sadıqova tutduqları əməlin plagiat olmadığını təkidlə bildirir. Onda başqasının əsərini öz adına çıxmağın adı nədir? Həmin sözü bir başqası desəydi, deyərdin, anlamır. Bunu deyən şəxs birbaşa terminologiya ilə məşğul olan şəxsdir, terminologiya sahəsinin mütəxəssisidir. Ancaq bu məsələ başqa bir məsələyə də aydınlıq gətirdi. Terminologiya sahəsində irəliləyə o zaman nail olmaq olar ki, bu sahəyə rəhbərlik edən şəxs terminologiya sahəsinin görkəmli mütəxəssisi olsun.

Başqa bir məsələ oğurluq kitabın redaktorları ilə bağlıdır. Kitabın iki redaktoru vardır. Onlardan biri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyat İnstitutunun direktoru, Milli Məclisin üzvü, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Akademik İsa Həbibbəyli, o biri AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Akademik Möhsün Nağısoyludur.

Yaxşı, Akademik İsa Həbibbəyli Naxçıvan Universitetinin rektoru idi, gəldi Bakıya, xoş gəldi! Bakı öz Vətənidir, qoy gəlsin. Nə olmuşdu, yaşının bu çağında ona o qədər məsul vəzifə verildi, o vəzifələri daşımağa Bakıda alim yox idimi? AMEA vitse-prezidenti, Ədəbiyat İnstitutunun direktoru, MM Elm və Təhsil Komitəsinin sədri. Başqa uyğun adamlar yox idimi? Boynunda o qədər vəzifələr olan yaşlı adam elə məsuliyyətli, ağır işi yerinə yetirmək üçün vaxt, enerji çatdıra bilərdimi?

Dilçilik İnstitutunun direktoru, “oğurluq” kitabın baş redaktorlarından biri, sayqılı Möhsün Nağısoylu nöqtəsinə, vergülünə qədər başqalarının əsərlərindən oğurlanmış kitabın plagiat olmadığını dönə-dönə, təkidlə vurğulayır. Blimək gərəkdir, bəs başqasının kitabını öz adına çap elətdirmək “irs oğurluğu” (“plagiat”) deyil, necə adlandırıla bilər? Möhsün müəllim plagiatçıları mükafatlandırır və onları cidd-cəhdlə tənqiddən qoruyur da. Bu oğurluğun dövlətimizə, Elmlər Akademiyasına, Dilçilik İnstitutuna, "İzahlı dilçilik terminləri lüğəti”nə ehtiyacı olanlara zərrəcə xeyri varmı?

"İzahlı dilçilik terminləri lüğəti”nin redaktorları və “yazarları” bilmirlərmi, ölkədə baş verən belə hallar ölkənin uluslararası imicinə zərbə vurur, ölkə əhalisində hər bir işə inamsızlıq, etimadsızlıq yaradır?! Dilçilik İnstitutunun alimlərindən xalq nə gözləyir, institutun, direktoru başda olmaqla, əməkdaşları nə işlə məşğuldur?! Aldatmaqlamı? Onsuz da özəllikcə son illər Mirzə Kazım bəyin “Türk-Tatar dilinin qrammatikası” əsərinin tərcüməsi istisna olmaqla, institutun işlərindən razı qalan adam yoxdur. Dilçi alimlərin hamıya tanış olan “mənəvi irs” oğurluğu faktı Dilçilik İnstitutunu bir daha gözdən saldı. Bu, çox ağır, çox üzücü haldır. Direktor başda olmaqla, “yazarlar”ın yanlışı etiraf etməməsi, əksinə, var gücləri ilə inkar etməyə cəhd etmələri çox yaxşı hal sayıla bilməz. Çünki bu onu göstərir ki, institutun işlərində şəffaflıq yoxdur – bulanıqlıq var, doğruluq yoxdur – oğurluq var, düzlük yoxdur - əyrilik var, inandırma amili yoxdur – aldatma amili var. Təəssüf...

Bir də, oğurluq olduğu sübuta yetirilmiş "İzahlı dilçilik terminləri lüğəti” kitabının çap xərclərini, “yazarlar”a “açıq ürəklə” verilən qonorarları, “mükafatlar”ı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun ödəmiş olduğu şübhə doğurmur. Demək, bu “əməliyatda” dövlət vəsaiti də havaya sovrulub. Belə deyilmi?

İnstitutda baş verən bu hal, illərcə"İzahlı dilçilik terminləri lüğəti”nin yolunu gözləyən vətəndaşlardan biri kimi məni də üzməyə bilməzdi. Bu yazını mənə yazdıran da elə bu düşüncə oldu.

Məndən yox, “İlkxeber.org”dan alınan bilgiyə görə: “müasir Qərb alimləri belə qənaətə gəliblər ki, plagiatlıq edib həqiqəti danan “alimlər”dən nə şər iş desən, gözləmək olar. Onlar allahsız və vicdansız olurlar. Plagiatçının (mənəvi irs oğurluğunun – B.S.) səmimiyyəti və mərhəməti ola bilməz”.

Bəhmən SULTANLI,

18.04.2019

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA