“Modern panrianizm-panfarsizm” taktikası

“Modern panrianizm-panfarsizm” taktikası

İrandakı mollakratiya rejimini devirərək şahçılar “modern panfarisizm-paniranizm” qılafına bürünüblər

I Yazı

Ötən il 23 Bəhmən İnqilabının 40 illiyi adına mollakratiya rejimi İran islam Respublikası ölkə daxilində və yurd dışında çoxsaylı törənlər keçirdi. Təbii olaraq, 40 illik rejimə qarşı qısqanclıq edən çevrələr də boş dayanmadılar. İlk öncə “Rza Pəhləvi Fondu” adına Rza Pəhləvi (53 il qondarma şahlıq rejiminin son varisi) hərəkətə keçərək, rejimin çökməsi üçün çoxsaylı toplantılar keçirdi. Hətta “demokratiya”nın yanında yer alması yönündə açıqlamalar verdi.

İnqilab zamanı 17 yaşındaydı

23 fevral 1978-ci ildə 53 il davam edən “pəhləvilər sülaləsi” hakimiyyəti tamamilə çökdü. Milyonlarla insanlar küçələrə çıxaraq, atılan güllələrdən, həbslərdən qorxmayaraq şahlıq rejimini devirdilər. Bu zaman ABŞ-da pilot təhsilini alan, şah taxtı üçün hazırlanan yeni vəliəhd Rza Pəhləvinin 17 yaşı var idi. Paniranizm və panfarsizm ideologiyası adına o, babası Rza və atası Məhəmədrzadan da iddialı idi. Pəhləvilər sülaləsinin üzqarası olan inqilab vəlihədin diləklərini puça çevirdi. Aradan 40 il ötməsinə baxmayaraq, pəhləvilər ailəsi zamanın acı dərslərindən nəticə çıxarmayıb. 1941-ci ildə Güney Azərbaycanda xalq Rza Pəhləvi istibdadına qarşı üsyana qalxanda o, dərhal Misirə qaçmışdı. 23 fevral 1978-ci il inqilabından sonra bu dəfə oğlu, cəlladbaşı Məhəmmədrza Pəhləvi də Misirə üztutdu. Özü kimi diktator olan Ənvər Sədata sığındı. 1980-ci ildə M. Pəhləvi xərçəng xəstəliyindən elə Qahirədə “dostu-qardaşı” Ə. Sədatın qucağında can verərək öldü. Ə. Sədatın rejimi 1981-ci ildə devrilən kimi, pəhləvilər ailəsi Fas dövlətinə mühacirət etdi. 1981-1991-ci illərdə İraq diktatoru Səddam Hüseyn və İran molla rejiminin başında digər diktatoru Ruhulla Xomeyninin “qutsal torpaqlar” iddiaları ucbatından on il davam edən savaşlar yaşanıldı. Hər iki tərəfdən rəsmi statistikaya görə toplam 6 milyon insan öldü. Bir o qədər insan ömürlük əlil qaldı. Milyonlarla ailələr dağıldı. Bu dəhşət saçan savaşın gizli sponsorlarından biri də “pəhləvilər ailəsi” idi. 1978-ci ildə Misirə qaçanda dönəmin şərtlərinə görə 24 milyard (indiki hesabla 240 milyard) dollar vəsaitə sahib idi. Bunca sərvət 53 illik diktatura rejimi sayəsində əldə olunmuşdu. 24 milyardın 15 milyardı diktator Səddam Hüseynə, İraq üzərindən molla rejiminə qarşı savaşan “Mücahidane Xəlq” (Xalqın Mücahidləri) təşkilatının 80 minlik terrorçu birləşmlərinə sərf edilmişdi. Rza Pəhləvinin bu yaramazlıqlarını görməzlikdən gələnlər, ya da unudanlar yenidən onun parasının parıltısının sehrinə qapılaraq, “İran molla rejimini devirmək üçün şahlıq üsul-idarəsi hakimiyyətə gəlməlidir” təbliğatına başlayıblar. İndi ABŞ-da yaşayan Rza Pəhləvi atası və babasının antitürk siyasətini sözdə “yumşaltmaq” üçün fərqli şəkildə görünməyə çalışır. Anası Fərəh Dibanın türk kökənli olmasını qabartmağı unutmur. Halbuki, anası manuqrt qafalı birisidir. Sadəcə bioloji varlıq kimi türkdür. Qafa kimi çoxdan “paniranizm-panfarsizm” dəyirmanında üyüdülən birisidir.

İntiharlar ailəsinin faciəsi

Məhəmmədrza Pəhləvinin üçüncü həyat yoldaşı olan Fərəh Dibanın bu evlilikdən iki oğlu və iki qızı dünyaya gəlibdir. Aradan illər ötsə də, bu diktator ailəsinin aqibəti heç də xoş keçməyib. 2001-ci ildə Londondakı “The Leonard Hotel”ində ailənin sonbeşiyi Leyla Pəhləvi intihar edərək özünü öldürüb. Onun ölüm məsələsi ilə bağlı çoxsaylı yorumlar və gümanlar gündəmə gəldi. Əslində uyuşdurucu əsiri olan Leyla belə bir acı aqibətlə çoxdan üz-üzə idi. Pəhləvilər ailəsi isə: “Leyla atasının 21 il öncə həyata vida etməsinin uzun illərdir stresini yaşayırdı və buna dözmədi” bəhanəsini uydurdu. 2011-ci il 4 yanvar tarixində diktator Məhəmmədrza Pəhləvinin 2-ci oğlu Əlirza Pəhləvi ABŞ-da istirahət mərkəzlərinin birində intihar edərək özünü öldürdü. Pəhləvilər ailəsi bu dəfə də adətləri üzrə: “Əlirza ailənin sonbeşiyi Leylanın və atasının faciəli ölümü ilə bağlı uzun müddət stres yaşadığı üçün belə bir addım atıb” açıqlamasında bulundular. Ancaq, o da bəllidir ki, “şahzadə” qafası ilə yaşayan bu ailədə hər kəsin özü ağırlığında hikkəsi vardır. Onlar atalarından qalma varidatı istədikləri kimi sağa-sola xərcləməkdə xəsislik etmək istəmirlər. “Vəliəhd” Rza Pəhləvi isə təyyarəçilik məktəbini bitirəndən sonra siyasi elmlər üzrə təhsil aldığı üçün, bu sahəyə daha çox meyillidir. Elə buna görə də İrandakı molla rejimini devirmək və “şan-şöhrət taxtı”na sahib çıxmaq iddiasını heç də gizlətmir. Ailənin var-dövlətini cəmləyərək ayrıca “Rza Pəhləvi Fondu” nu bu məqsədlə yaradıb. 91 yaşlı anası Fərəh Dibanın ailənin sərvətini idarə etmək üçün heç bir iradəsi belə yoxdur.
 

“İran Milli Şurası” doktrinasının arxa baxçası

2009-cu ildə İran mollakratiya rejimi bir sıra kataklizmlərlə üz-üzə qalmışdı. Bir yandan mövhumatçı rejimdə refomrların gündəmə gəlməsi, digər yandan rejimin ümumiyyətlə dəyişməsi tərəfdarları bir araya gələrək mövhumatçılara qarşı çox ciddi şəkildə dirəniş göstərirdilər. Tehran başda olmaqla bir sıra iri şəhərlərdə etiraz mitinqlərinin güclənməsi və xalqların milli-mədəni hüquqlar uğrunda ayağa qalxması, sosial-iqtisadi sahə üzrə islahatların aparılması tərəfdarları ölkəni əməlli başlı silkələmişdi. Durumun belə bir məcraya yönəlməsi ərəfəsində Rza Pəhləvi dərhal “İran Milli Şurası” (National Council of Iran) qurumunu yaratdı. Fransa, ABŞ, Almaniya, Kanada, İngiltərə, İtaliya, Belçika, Hollandiya, Norveç, İsveç, Danimarka, Türkiyə, Şotlandiya, İrlandiya, İspaniya və digər ölkələrdə yaşayan “iranlı mühacirlər” arasında ciddi şəkildə təbliğatlara başlanıldı. Bu azmış kimi, mollakratiya rejiminə qarşı dərin siyasət yürüdən Səudiyyə Ərəbistanı ilə də “isti münasibətlər” yaradıldı.
Durumun belə bir məcrada yüksəldiyini görən İran molla rejiminin mövhumatçı kəsimi avantürizm metodunu işə salaraq, rejimin içindən çıxmış, islahatçı qanadı təmsil edən Mirhüseyn Musəvi və Mehdi Kərrubini ev dustağı etdilər. Hər iki lider indiyədək ev dustağı şərtləri içində yaşamağa məcbur ediliblər. Beləliklə də savadsız, çox asanlıqla mövhumatçı avantüranın danışan dili Mahmud Əhmədinejatı prezident kürsüsündə otuzdurdular. Həmin dönəmdə baş verənləri diqqətlə incələdikdə bəlli olur ki, islahatçı qanad heç də mövhumatçılardan fərqlənmir. Sadəcə qəddarcasına baş kəsənlərin və pambıqla baş kəsməyin tərəfdarlarının fikir ayrılıqları var. Ölkədə hər hansı islahatın baş tuta bilməyənlər arasında xəyalqırıqlığı ilə yanaşı, depressiya dərinləşdi. “Səltənətçilər” və “İran Milli Şurası” çətiri altında rejimə qarşı müxalif olan çox sayda qruplaşmaları bir araya toplaya bilmədi. Avropa və Amerikada yaşayan Güney Azərbaycan Milli Davasını bir şərt kimi irəli sürüənlər prosesin genişlənməsini önləyə bildilər. Çünki, Rza Pəhləvi və “səltənətçilər”in proqramında milli hüquqlara yer yox idi. On illik “İran-İraq savaşı” dönəmində olduğu kimi, Rza Pəhləvi ictimai fikrin formalaşması üçün milyonlarca dollar vəsait xərclədi. 2009-2011-ci illərdə “İran Milli Şurası” və “Rza Pəhləvi Fondu” lobbiçiliik məqsədi ilə bədxərclik etmədən dünyanın aparıcı televiziya kanalları, informasiya agentlikləri, qəzetlər, araşdırma mərkəzlərinə milyonlar xərclədi. Rza Pəhləvi müasir tipli görünüşlə, zamanın ritmini duyan, demokratik dəyərlərin lideri kimi reklam çaxrlarını hazırlatsa da, istənilən sonuc olmadı. Bu dəfə pəhləvilər ailəsi uyuşdurucudan istifadəyə görə deyil, siyasi iddialar hikkəsinə görə depressiyaya məruz qaldı. Hətta Bakıda Fərəh Dibanın Quzey Azərbaycandan dəstək adı altında zəhlətökən xatirələrini çap etmişdilər. Bu kitab indi adi maklaturadan başqa heç nəyə yaramır. Çünki, orada milli hədəflərimizə yer yox idi. İstər molla rejimi, istərsə də daxildə və ya xaricdə İrana yönəlik quruluşlar olsun, onlar bir şeyi unudurlar. İndi XXI yüzilin çağıdır. Quzey Azərbaycan, Türkiyə və Türkmənistan kimi bağımsız Türk dövləti İran yaylasının sınırlarını bəlirləyiblər. Onların iradəsi olmadan kimsə bölgənin tam sahibi ola bilməz.

“Səltənətçilər”in Paris xəyalı

“Rza Pəhləvi Fondu”nun dəstəyi ilə yaradılmış “İran Milli Şurası” 2013-cü ildə Parisdə toplanaraq, Yaxın Şərqdəki böhranları, başda ABŞ olmaqla Avropanın əksər dövlətləri tərəfindən İran molla rejiminə iqtisadi baxımdan embarqonun tətbiq edilməsi, ölkənin içində “Xuzistan”, “Bəlucstan”, “Kürdüstan”, “Loristan” adı altında etnik mücadilənin yeni mərhələyə qədəm qoyması, Güney Azərbaycanda Milli Hərəkatın vüsət götürməsi kimi mövzuları müzakirərə çıxardılar. Amac molla rejimini devirmək üçün mövcud imkanları səfərbər etmək idi. Beləliklə də öncədən hazırlanmış “İran müxalifətinin platformu” adlı yeni iddia irəli sürüldü. Platformun başına isə “səltənət” xəstəsi Rza Pəhləvi gətirildi. Bu məqsədlə platformun iddiaları topluma açıqlandı:
1. İran İslam Respublikası iqtidardan getməli və mövcud şəraitə görə keçici etimad hökuməti yaradılmalıdır,
2. Keçici (müvəqqəti) hökumət ölkənin yeni Ana Yasasını hazırlamalıdır,
3. Milli, demokratik və eyni zamanda dünya dövlətləri ilə sülhə dayanıqlı bir dövlətin qurulması.
Bütün bunları hədəfləyən Rza Pəhləvi hətta “Özgür seçim üçün İran Milli Şurası” adlı şüarını sərgilədi. Onun irəli sürdüyü, gözəgəlimli ideyaları dərhal beynəlxalq KİV-lərin aparıcı mövzusuna çevrildi. Çünki, “Rza Pəhləvi Fondu” öncədən bu məqsədlə lobbiçilik məsələsinə görə milyonlar xərcləmişdi. Bu dəfə fərqli reklam çarxları dövriyyədə idi. Guya Rza Pəhləvi “klassik səltənət” ideyasını qəbul etmir. Köhnəlmiş belə bir metodla demokratiya əldə etmək olmaz. Modern görünüşlü yeni düzənlə idarəetmə modelləri daha parlaq və cazibədardır. Onu da qeyd edək ki, belə bir məzmunda yer alan reklam çarxları daha çox modern “paniraqniszm-panfairsizm” ideyasının tərəfdarları tərəfindən çox böyük coşqularla qarşılandı. Hətta Tehran, İsfəhan, Mazəndaran, Şiraz, Yəzd və digər farsların çoxluqda olduqları iri şəhərlərdə günün aparıcı mövzusuna belə çevrildi. Dünya KİV-lərində geniş şəkildə saxtakarcasına reklam olunan Rza Pəhləvi dünya KİV-lərindən istədiyini əldə etsə də, bölgədə strateji maraqları olan böyük dövlətlərin heç biri onun yanında yer almadılar. Çünki Güney Azərbaycan Milli Hərəkatı, Xuzistan Hərəkatı, Xorasan Türkman-Tumac Hərəkatı, Bəlucstan Hərəkatı kimi güclü təşkilatlar onun iddia etdiyi məsəələlərə görə yanında yer almadılar. “İran Milli Şurası”nın proqramında və irəli sürdüyü platformda heç bir xalqın milli hüquqları təsbit olunmamışdı. 53 illik diktator “pəhləvilər rejimi”nin mahiyyətindən uzağa gedə bilməmişdi. Albaniyada yerləşmiş və Fransanın maliyyə dəstəyi ilə uzun illərdir molla rejiminə qarşı silahlı mücadilə hədəfi ilə çıxış edən “Xalqın Mücahidləri” də (Tirana yaxınlığındakı hərbi düşərgələrdə 40 minlik qoşunları var) “İran Milli Şurası”nın platformu ilə barışmadı. Bütün bunları diqqətlə təqib edən böyük dövlətlər Rza Pəhləvini çox da ciddiyə almadılar. Çünki, İrandakı molla rejimini devirmək üçün daxili və xarici müxalif gücləri səfərbər etmək üçün tələb olunan iradəni ortaya qoymaq başlıca şərtdir. Rza Pəhləvinin digər sorunu atasının iqtidarda olduğu dönəmlərdə köhnə bürokratların onun çevrəsini qapsaması idi. Onun çabaları 2017-ci ilin 16 sentyabr tarixinə kimi davam etdi və sonucda dərk etdi ki, “pəhləvilər sülaləsi”, “səltənətçi” qafa gerizəkalılıqdan savayı heç nəyə yaramır və çoxdan tarixin acı zibilliyinə quylanıbdır. Buna görə də, “İran Milli Şurası”nın lideri kimi gələcəyə görə şübhələrə səbəb oldu.

Ənvər BÖRÜSOY, Hurriyyet.org
 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA