Modern “paniranizm-panfarsizm” taktikası - TƏHLİL

Modern “paniranizm-panfarsizm” taktikası - TƏHLİL

İrandakı mollakratiya rejimini devirərək şahçılar modern “panfarisizm-paniranizm” qılafına bürünüblər

II Yazı

28 dekabr 2017-ci ildə gözlənilmədən İranın Məşhəd şəhərində səfalətli həyat düzəninə etiraz olaraq, ölkədə yeni bir etiraz dalğası başladı. Bu etirazlar sonradan iri şəhərlərdə davam etdi. 17 sentyabr tarixinədək silsilə aksiyalar faktiki olaraq 40 illik molla rejiminin iflasına doğru yönəlməkdəydi. ABŞ-ın elan etdiyi embarqo, ölkədə ağır iqtisadi-sosial böhranlar, bahalaşma Tehran rejimini əməlli başlı təlatümə saldı. Belə bir məqamdan istifadə etmək istəyən “səltənətçi”lər və yandaşları hərəkətə keçmək üçün ayağa qalxdılar. “Fərəşgər Qrupu” adlı panirançı-panfarsçı ideologiyasını sərgiləyən bu çete müxalifət görünmündə bütün diqqətləri öz üzərinə çəkmək strategiyasını sərgiləməyə çalışdı. Məhz Güney Azərbaycan Milli Hərəkatı prosesə qatılmadı. Çünki, “fərəş-gərd” (farsların zərdüştilik ideologiyasının təməli deməkdir) konseptini qəbul etmədilər. Əski fars mifolegemlərinə görə “fərəşgərd” farsların dünya ağalığının təməl prinsipi deməkdir.

“Fərəşgərd-Səltənətçi” düzənin saxtakarlığı


İfrat “paniranizm-panfarsizm” ideologiyasının başlıca doktrinası uydurma 2500 illik sasani hakimiyyətinin taxtına indiki İran yaylasını deyil, Orta Doğu, Türküstan və Xorasana (indiki Əfqanıstan və Pakistan) və Qafqazın sahibi olmaq düsturu deməkdir. 1923-cü ildə Sovet Rusiyası, İngiltərə və Fransanın dəstəyi ilə iqtidara gətirilən mehtər Rza Pəhləvi qısa zamanda “paniranizm-panfarsizm” ideyası ilə bölgədə yaşayan bütün toplumları “İRANİLİK” milli-etnik kimliyi altında assimliasiya etmək üçün tarixin qəddar, rəzil və alçaq siyasətini dövlətin strateji hədəflərinə çevirdi. Bu gün pəhləvilər ailəsinin varisi statusu ilə çıxış edən Rza Pəhləvi “fərəşgərd” diktrinası ilə həmin hədəfləri sərgiləməyə çalışır. Bu ideya ona görə irəli sürülüb ki, artıq İran adlı ölkədə əhalinin 80 faizi 40 illik molla rejiminin dini siyasətinə nifrət edir. Bu bir məqamda cəmiyyəti bir bütün olaraq fərqli adla birləşdirmək üçün “fərəşgərd” ideyası ortaya atılıbdır. “İranilik etnik kimliyi”, ölkə vətəndaşları iranlıdır və farslaşmanı təbii olaraq qəbul etməlidirlər hökmü buradan qaynaqlanır.
“Fərəşgərd Qrupu” molla rejiminə qarşı 40 ildir mühacirətdə mücadilə aparan çevrələri bir araya gətirmək üçün “Rza Pəhləvi Fondu”nun büdcəsindən milyonlarla para xərclədi. Sözdə “sekulyar” və “liberal” görünümlü mövzuları sosial anlamda qabardaraq hər kəsi qandırmağa çalışıldı. Hətta molla rejiminin dəyişdirilməsinin “YOL XƏRİTƏSİ”ni belə cızdıqlarını elan etdilər. Avropa və ABŞ-ın ən populyar TV kanallarında, qəzetlərində və informasiya agentliklərində lobbiçilik adına milyonlar xərclədilər. Bu informasiya savaşını duyanlara elə gəlirdi ki, qısa zamanda vəliəhd Rza Pəhləvi və “Fərəşgərd Qrupu” bütün müxalif güclərlə Tehranda hakimiyyəti ələ alacaqlar. Rza Pəhləvi fars şovinistlərinin boğazdan yuxarı müxalifətçilik etdiklərini gördükdən sonra, dərhal mələk donuna girərək pozuq bir şəkildə Azərbaycan Türkcəsində çıxışlar etdi. Ancaq, Güney Azərbaycanda bir nəfər də olsun onun babasından və atasından miras qalan antitürk doktrinasına inanmadı. Bu gün molla rejiminə qarşı müxalifətdə olan “İran Milli Şurası” iflasa uğradığına görə Rza Pəhləvi “səltənətçi” xəyalları ilə “fərəşgərd” ideologiyasının ictimailəşdirilməsi yönündə genişmiqyaslı təbliğatlar aparmaqdadır. “İranı geri alacağıq” şüarı ilə “səltənətçi” iddialarını yorulmadan axmaq adamlar kimi təbliğ edir. O, mümkün qədər liberal notlar üzərində köklənmiş moizələr oxumaqla cəmiyyəti öz tərəfdarına çevirmək taktikası ilə hərəkət edir. O da bir gerçəklikdir ki, İran adlı ölkədə hələ də ifrat fars şovinizmi virusuna yoluxanlar “səltənətçi”lərin həsrətlə yolunu gözlədiklərini elan edirlər. Ancaq, Güney Azərbaycanın iradəsi olmadan molla rejiminin dəyişməsi və yeni iqtidarın hakimiyyətə gəlməsi dilemması bu günün ən doğru gerçəyidir.

Avropanın imtina etdiyi “Hİnd-Avropa” nəzəriyyəsi

“İranı geri alacağıq” ideyasını yorulmadan təbliğ edən “səltənətçi” 59 yaşlı Rza Pəhləvi azından İran adlı ölkəni 30 il müddətinə idarə etmək hökmünü heç də gizlətmir. Hətta bu yöndə reklam çarxlarından məharətlə istifadə etməyin yollarına baş vurur. “İran Milli Şurası” adlı qurumu yaradarkən belə anlamadı ki, zaman dəyişib. Təsis etdiyi qurumda təmsil olunanlar da bu gerçəkliyi gördükləri üçün, onun iddialarını rişxəndlə qarşıladılar.
Digər yandan isə, İran adlı ölkədə ötən 40 il ərzində yetişən yeni nəslin də onu qəbul etmədiyinin fərqinə vara bilmədi. Sözdə “supermen demokrat xarizması” ideyasını irəli sürsə də, bu təbliğatlar istənilən sonucu vermədi. Bir yandan “səltənətçi”, digər yandan isə “demokrat” olmanın tarixi təcrübəsinin olmaması da bu çabalarla kimsəni aldada bilmədi. Bəşər tarixində “demokrat monarx” düsturu olmadığı üçün, hədəflərini bu dəfə “fərəşgərd” ideyası ilə pərdələməyə üz tutdu. Özəlliklə Rza Pəhləvinin yorulmadan son 10 ildə göstərdiyi çabalarında onun nə qədər “demokrat” olduğuna inanmaq mümkün deyil. Üç qız atası olan Rza Pəhləvinin övladlarının heç biri siyasətlə ilgilənmir və İran adlı ölkədə iqtidara gəlmənin fərqində belə deyillər.
Rza Pəhləvinin siyasi şərhçi statusu ilə çıxışları belə inandırıcı görünmür. Çünki, ifrat şəkildə “paniranizm” və “panfarsizm” notlarına dayanıqlı şəkildə fikirlərini ifadə edir. Onun ata-babasından miras qalmış irqçi çıxışları XXI yüzilin heç bir standartına uyğun deyil. Molla rejiminə qarşı ifrat müxalifət statusu ilə çıxış edən mühacirətdəki “İran İnternational TV” kanalında Rza Pəhləvinin dizi çıxışlarını diqqətlə izləyənlər bir gerçəyi anlayırlar. Bu, onun ölkədəki digər toplumları görməzlikdən gəlməsidir. Son çıxışlarında Tehran rejiminə qarşı apadığı mücadilənin uğursuzluğunu o belə açıqlayıb: “Türklər və ərəblər İranın daxilini o qədər qarışdırıblar ki, bizlər öz hədəflərimizə nail olmaqda aciz duruma düşürük. Halbuki, İranda türk adlı bir millətin varlığı yoxdur. Onlar azəridirlər və zamanla türkləşiblər. Ərəb ölkələri üzərindən İranın Xuzistan vilayətinə ərəb milliyyətçi görüşlərinin informasiya məkanının genişlənməsi ölkənin güney bölgələrinin nəzarətdən çıxması deməkdir. Bu iki toplumun dışında olanlar isə, fars kökənlidirlər. Onları bir araya gətirməklə güclü dövlət modeli haqqında düşünməliyik”. Beləliklə özünün də etiraf etdiyi kimi, ata-babasının 53 il sürdürdüyü “paniranizm” ideologiyasını müdafiəsində olduğunu isbatlamışdır. Halbuki, İran adlı ölkədə statistikaya görə 35 milyon Güney Azərbaycan türkü, 5 milyon Xorasan türkü, 3 milyon ərəb (Xuzistan), 6 milyon bəluc, 2 milyon lor, 3 milyon kürd və digər toplumlar yaşayırlar. 80 milyonluq əhalinin etnik mənzərəsində yer alan farslar 25 milyon nəfərdirlər. Bunun dışında olan əfqan, puştu, bəxtiyari, tat, gilək, pişekuxa, poştekuxa, kuxgiluyə, mamsani, pəncab, səraik, urdu və digər toplumlar yaşayırlar. Beləliklə Rza Pəhləvi 25 milyonluq farsların dışında hər hansı bir toplumun varlığını tanımaq istəmir. Zatən mövcud 40 illik molla rejimi həmin yolla gedir. Durumun belə bir məcrada olacağını görənlər təbii olaraq Rza Pəhləvinin sayıqlamasına önəm vermirlər. XIX yüzillikdə süni şəkildə ortaya atılmış “Hind-Avropa” nəzəriyyəsinin amacı Hindistan, Pakistan, Nepal, Banqladeş, Əfqanıstan və İranı başda İngiltərə olmaqla kolonial işğal siyasəti məqsədi ilə gündəmə gətirilmişdi. Proses 1940-cı illərin sonuna kimi davam etdi. İngiltərə “siyasi imperializmi” “iqtisadi imperializm”lə əvəz etdikdən sonra, bu nəzəriyyə iflasa uğradı. Aradan 70 il ötməsinə baxmayaraq, İran adlı ölkə ilə bağlı istər klerikal, istərsə də monarxiya rejiminin tərəfdarları hər zaman tarixin zibilliyinə quylanmış “paniranizm” və “panfarsizm” ideologiyasından əl çəkməmişlər. Bu siyasətin köhnəldiyinin fərqində belə deyillər.

Rza Pəhləvi maddi qaynaqlar peşində

40 illik mühacirət yaşamında olan pəhləvilər ailəsinin 1978-ci ildə mal varlığı 24 milyard dollar (indiki kursla 240) idi. Bu qədər paranın yarısı demək olar ki, Misir prezidenti Ənvər Sadatla Məhəmmədrza Pəhləvi quda olduqları dönəmdə xərcləndi. Fas dövlətinə köçdükdən sonra, oğlu Rza Pəhləvi on illik “İran-İraq savaşı” dönəmində diktator Səddam Hüseynə milyardlarla dollar dəstək verdi. Daha sonra isə, ABŞ-a mühacirət edərək mal varlıqlarını oraya daşıdılar. Ötən dönəmdə pəhləvilər ailəsinin “səltənət” xəstəliyi iddialarına xərclənən pulların miqdarını indiyədək heç kim hesablaya bilməyib.
Mühacirətdəki çeşidli İran müxalifətinin maddi qaynaqları üzrə araşdırmaçıların əlində olan bilgilərə görə, bu gün Tehran rejimi ilə Səudiyyə Ərəbistanı arasında ciddi şəkildə qarşıdurmalar vardır. Buna görə də Ciddə hakimiyyəti mühacirətdəki İran müxalifətinə maddi dəstək verməyə başlayıb. Ən çox maddi dəstəyi isə Rza Pəhləvi və çevrəsindəki “səltənətçi”lər qruplaşması alır. Bunun digər səbəbi isə, Rza Pəhləvinin dini baxımdan deyil, “fərəşgərd” ideyası ilə gündəmə gəlməsidir. Bu həm də Tehran rejiminin 40 ildir “İslam İnqilabının ixracı” ideyasının qarşısının alınması deməkdir. Orta Doğunun mənzərəsinin yenidən şəkilləndirilməsinin qarşısını alan ifrat mühafizəkar rejim kimi tanınan İrandakı molla rejimidir. Orta Doğunun hansı bölgəsində etnik qarşıdurmalar varsa, harada dini təriqətlərin və məzhəblərin arasında silahlı çarpışmalar varsa, orada Tehran rejiminin barmağının olması bir gerçəklikdir. Səudiyyə Ərəbistanı bu məqsədlə İran müxalifətinə maddi dəstək verir. Ancaq, o da bəllidir ki, Ciddə rejiminin amacı heç də İrandakı molla rejiminin devrilməsi ilə bitmir. İslam Dünyasının şəriksiz lideri olmaq iddiası Səudiyyə rejimini buna vadar edir. Rza Pəhləvi ABŞ və Avropa KİV-lərinə verdiyi açıqlamalarda İran molla rejiminə aid olan maliyyə mənbələrinə əl qoyulması, həmin vəsaitin “demokratiya” uğrunda mücadilə aparan müxalifətə, yəni onun özünə verilməsi kimi tələblər irəli sürməkdən vaz keçmir.

“Milyonlar meydana” şüarı

Rza Pəhləvi lideri olduğu “Fərəşgərd Qrup” adından 2017-ci ildən başlatdığı müxalif görüşlərini belə açıqlayıb: “Ey İran dövlətinin cəngavərləri! Sizlər molla rejiminin anti bəşəri siyasətinə qarşı ayağa qalxmağınız üçün Milyonlar Meydanlara şüarı ilə hərəkətə keçməklə istənilən qələbəni əldə edə bilərsiniz”. Halbuki, rejimə qarşı mücadilə aparan və buna görə tutuqlanan, güllə yarasından ömürlük əlil qalan, ailələri dağılan və digər məsələlərə görə əzab-əziyyət çəkən insanlara bir dəfə də olsun, Rza Pəhləvi və onun tərəfdarları hər hansı bir yardımlarda bulunmayıblar. Ona görə də 2018-ci ilin sonundan etibarən Rza Pəhləvinin mövqeləri də sarsılmağa başlayıb.
Avropada belə bir köhnə şüar var: “İranlılar nə istəmədiklərini yaxşı bilirlər, ancaq, nə istədiklərini heç bilməzlər”. Gəlişməkdə olan dövlətlərin siyasi icmalçılarının fikrincə “İran kimi dövlətlərdə toplum lider arxasınca getməyi çox sevir. 1979-cu il 23 Bəhmən İnqilabında Ruhulla Xomeyni məhz bu keyfiyyətlərinə görə qələbə çaldı. İndiki rejimi devirmək üçün xarizmatik lider tələb olunur”. Rza Pəhləvi bu ideyanı müdafiə edərək ona görə deyirdi ki: “İranı geri alacağıq”. “Fərəşgərd Qrupu”nun 2017-ci ildən başlatdığı mücadilənin iflasa uğramasının səbəbləri məhz 40 illik mühacirət həyatının bilgisizliyi ucbatından iflasa uğradı. Halbuki, ölkədəki mövcud rejimin dəyişməsini hər kəs istəyir. Çünki, son illərdə yaşanılan iqtisadi böhranlar, sosial bəlanın dərinləşməsi, irticanın daha da qəddar mövqe sərgiləməsi yeni inqilabın təməli deməkdir. Ancaq, bu prosesdə “səltənətçi”lərin, ““fərəşgərd” ideyasının tərəfdarlarının köhnə qafa ilə proseslərin önünə çıxmaq iddiaları öncədən iflasa uğramış siyasətin təməli oldu. Bu bir daha isbat etdi ki, gerizəkalı “səltənətçi” baxışlarla iqtidara gəlmək mümkün deyil.

Ənvər BÖRÜSOY