Moskva və Tehranın “Taliban”la dilxoşluğunun səbəbləri -Əfqanıstan rəsmiləri artıq narahatlıqlarını gizlətmir - TƏHLİL

Moskva və Tehranın “Taliban”la dilxoşluğunun səbəbləri -Əfqanıstan rəsmiləri artıq narahatlıqlarını gizlətmir - TƏHLİL

Əhməd Məcidyar

Middle East İnstitute (Yaxın Şərq İnstitutu, ABŞ)

Əfqanıstan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri İran və Rusiyanın “Taliban”la əlaqədə olmasını və Əfqanıstanda bu hərbi qruplaşmanı dəstəklədiyini bildirib. “BBC Fars”a müsahibəsində deyib ki, Məhəmməd Məsum Stanəkzəy Tehran və Moskvanın son illərdə Cənubi Asiyada istinad nöqtəsi əldə edən İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə “Taliban” yardım göstərir.

“Taliban” və İŞİD eyni sikkənin iki tərəfi olduğu üçün MTX şefi belə bir siyasətin tövsiyə olunmadığına dair xəbərdarlıq edib. O vurğulayıb ki, “Taliban”, İŞİD-çilər daxil olmaqla, xarici döyüşçüləri Şimali Əfqanıstan və Mərkəzi Asiya ölkələrinə idxal edir.

16 il əvvəl “Taliban”ın süqutundan bu yana, İran Əfqanıstanda münaqişənin hər iki tərəfində oynayıb. Bir tərəfdən, Tehran Kabil ilə sıx əlaqə qurub və Əfqanıstanın yenidən qurulmasına yardım edib. İran, həmçinin, Əfqanıstanın ən böyük ticarət tərəfdaşı olaraq ortaya çıxıb. Çünki Kabil və İslamabad arasındakı əlaqələr pisləşib.

Eyni zamanda, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ölkəni tərk ABŞ hərbi qüvvələrinə təzyiq göstərməkdən ötrü “Taliban” döyüşçülərini təlim, pul, silah və sığınacaqla təmin edib. İran hökuməti də “Taliban”la əlaqələrindən Kabil hökumətindən siyasi güzəştlər qoparmaq üçün faydalanıb.

Son zamanlar Əfqanıstan hökuməti İranın “Taliban”la əlaqəsi və dəstəyinə dair daha uca səslə danışır. Sentyabr ayında, məsələn, Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinin Baş Qərargah rəisi, Kabil hökumətinin İranın Əfqanıstanın qərbində “Taliban”a silah və digər hərbi aktivlərlə təmin etməsinə sübutlar olduğunu bildirib. “BBC Fars”a müsahibəsində general-leytenant Məhəmməd Şərif Yaftali, prezidenti Əşrəf Qəninin avqust ayında Tehranda iranlı vəzifədaşı Həsən Ruhani ilə məsələni müzakirə etdiyini deyib, lakin görüşün detallarını açıqlamayıb. O vurğulayıb ki, Əfqanıstan hökuməti bu məsələni dialoq və qarşılıqlı anlaşma ilə həll etmək istəyir.

Ötən ay tanınmış bir əfqan siyasətçi xəbərdarlıq edib ki, “Taliban”la əlaqə Tehranın maraqlarına uyğun deyil. “Bir əfqan kimi mən açıq şəkildə ifadə edirəm ki, düşmənlə yaxın münasibətləri inkişaf etdirmək – əminəm ki, bu səhvdir, – nə Əfqanıstan, nə İran xalqının maraqları ilə üst-üstə düşür”. Kəşfiyyat xidmətinin sabiq rəhbəri Əmrullah Saleh bu sözləri Tehranda keçirilən Təhlükəsizlik Konfransında bildirib. Daha sonra o xatırladıb ki, “Taliban” şiələrə məzhəbi nifrət, düşmənçilik duyur və 2001-ci ildə ABŞ-ın müdaxiləsinə qədər hakimiyyətdə olduğu zaman bu terror qrupu Əfqanıstan xəzərilərinə qarşı etnik təmizləmə siyasəti yürüdüb.

Ötən il Əfqanıstan rəsmiləri hətta iddia edirdilər ki, İran və Rusiya Əfqanıstanda ABŞ-ın başçılıq etdiyi sabitlik missiyasını pozmaq üçün bir araya gəlib. "Biz kəşfiyyat məlumatları almışıq ki, İran Rusiyadan bir sıra silah alıb və onları “Taliban”a təhvil verib. Biz bunu yüzdə-yüz təsdiq edə bilmərik. Lakin kəşfiyyat hesabatları “Taliban”ın İran daxilində təlim aldığını göstərir". “Ariana News”a müsahibəsində Əfqanıstanın Fərəh əyalətinin baş təhlükəsizlik komandiri Gülbahar Mücahid belə deyib. Digər Fərəh rəsmiləri də “Arian News”-a İran hökumətinin Sistan və Bəluçistan əyalətinin Zabol şəhərində və Xorasan bölgəsində (Xorasan-e Rəzəvi və Cənubi Xorasan əyalətlərində) “Taliban” yaraqlıları üçün hərbi təlim mərkəzləri yaratdığını bildirib.

Hər üç İran əyaləti Əfqanıstan ilə sərhəddədir.

"Biz kəşfiyyat məlumatı almışıq ki, İranın Naibandan sahəsindəki [Xorasanda] təlim düşərgələrində onlar “Taliban”a hərbi təlimi təmin edir. Həqiqətən, Rusiya İranın köməyi ilə “Taliban”a qabaqcıl silahlar verir", – Fərəh qubernatorunun müavini Məhəmməd Yunis Rəsuli iddia edib.

Fərəh vilayətinin təxminən 80 faizi “Taliban”ın nəzarətindədir.

Hətta İranın ənənəvi Əfqanıstan müttəfiqləri bu barədə danışırlar. İsmayıl Xan – qərbdəki Herat əyalətinin sabiq cihad lideri və nüfuzlu siyasətçi – “Taliban” xadimlərinə hərbi və maliyyə yardımı ilə bağlı İran hökumətini xəbərdar edib.“"Taliban”a dəstək münasibətlərimizi gərginləşdirir. Düşmən sərhədlərimizin əminliyini heç vaxt təmin edə bilməz", – deyə o, ötən il Əfqanıstandan sovet qoşunlarının çıxarılmasının 28 illiyi münasibətilə Herat əyalətində keçirilən tədbirdə bildirib.

İsmayıl Xan, həmçinin “Taliban” yaraqlılarının Türkmənistan vasitəsilə silah aldığını iddia edib və “Taliban”la artan əlaqələrə görə Tehran və Moskvanın "keçmişdən dərs almağı” tövsiyə edib.

Eyni şəkildə, Əfqanıstanda üst səviyyəli Amerika komandiri, ordu generalı Con Nikolson Senatın Silahlı Qüvvələr Komitəsindəki çıxışında İran hökumətinin xüsusilə də Qərb Əfqanıstanda “Taliban”a silah və maliyyə yardımı təmin etdiyini söyləyib. O, həmçinin Tehranın Əfqanıstanda şiə döyüşçüləri cəlb etmək və İranın müttəfiqi olan Bəşər Əsəd rejimini müdafiə etmək üçün Suriyaya yerləşdirdiyini qeyd edib. "Rusiya, İran və “əl-Qaidə” Əfqanıstanda mühüm rol oynayırlar, vəziyyət bir neçə il bundan əvvəlki kimi deyil".

Həm İran, həm də Rusiya “Taliban” rəhbərliyi ilə diplomatik əlaqələrini genişləndirib. İran son bir neçə ildir “Taliban”la görüşlər keçirir, o cümlədən 2014-cü ildə İran hökuməti Məşhəddə, Xorasan-e Rəzəvi əyalətinin paytaxtında ofis açmağına imkan verərək, terrorist qrupla əlaqələrini "rəsmiləşdirib". Bir il öncə ABŞ Pakistanda “Taliban” lideri Molla Mənsuru öldürərkən, o, İran səfərindən dönürdü.

Moskva da “Taliban” rəhbərliyi ilə sıx əlaqələrə malikdir. Regional hökumətlər isə Əfqanıstanın daxili işlərinə birbaşa müdaxilə edir və öz mənfəətləri üçün “Taliban”la “məşğul olub” Kabildə narahatlığın artmasına səbəb olurlar.

Üzdə İranın “Taliban”la əlaqəsi məntiqsiz görünür: “Taliban” 1990-cı illərin sonunda Əfqanıstan şiələrini qətlə yetirən milis qrupudur. Əfqanıstanda “Taliban”ın hakimiyyətə qaytarılması Cənubi və Mərkəzi Asiyada İranın geosiyasi maraqları xələl gətirər, həmçinin İran, xüsusilə Sistan və Bəlucistanda – sünni çoxluq olan vilayətində onun daxili təhlükəsizliyi üçün ciddi təhlükə yaradır. Amma “Taliban”a ölçülü dəstək verərək, İran hökuməti Əfqanıstanda bir sıra əsas məqsədləri həyata keçirir: ABŞ qoşunlarının şərq sərhədindən çıxarılmasını sürətləndirmək; Əfqanıstanın qərbində potensial İŞİD təhdidinə qarşı tampon zona yaratmaq; Cənub və Mərkəzi Asiyada, eləcə də Yaxın Şərqdəki geosiyasi gündəliyi üçün “Taliban”la əlaqələrini istifadə etmək; Əfqanıstan hökumətindən siyasi güzəştlər qoparmaq üçün “Taliban”la təzyiq göstərmək…

Tərcümə: Strateq.az

Loading...

QALEREYA