Moskva yenə Gürcüstanı HƏDƏLƏDİ: Tiflis sarayındakı intriqa vaxtı verilən bəyanatlar nəyə hesablanıb? - TƏHLİL

  • 2019-03-06 15:02:11
  • |
  • Region /

Moskva yenə Gürcüstanı HƏDƏLƏDİ: Tiflis sarayındakı intriqa vaxtı verilən bəyanatlar nəyə hesablanıb? - TƏHLİL

Andrey Nikolayev

rosbalt.ru, 05.03.2019

Moskva Tiflisə münasibətdə ritorikanı dəyişib: eyhamlardan hədələrə keçib. Əlverişli andır: İvanişvilinin partiyasında parçalanma var, Saakaşvili isə “inqilab” hazırlayır. Lavrovun müavini və Müdafiə Nazirliyinin başçısı Sergey Şoyqu Gürcüstan haqda dalbadal iki sərt bəyanat veriblər.

Necəsə belə olub ki – bilərəkdən, ya deyil – Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və RF müdafiə idarəsnin başçısı Sergey Şoyqu Gürcüstan haqda, demək olar, eyni vaxtda bəyanat veriblər. Bu, Tiflisdə təhdid kimi qəbul edilib, çünki başqa cür dəyərləndirmək çətindir. Birbaşa deyilsə, Moskva qonşu ölkəyə qarşı təşkil edə biləcəyi hansısa “pisliklər” haqda eyhamlardan birbaşa hədəyə keçib.

Özəlliklə Gürcüstan baş nazirinin RF ilə münasibətləri tənzimləmək üzrə özəl təmsilçisi Zurab Abaşidze ilə Praqada müntəzəm görüşən Karasin Azadlıq Radiosuna müsahibədə “gürcü tərəfdaşları xoşagəlməz gözlənilməzliklərdən” xəbərdar edib.

Yada salaq ki, nazir müavini hələ bu yaxınlarda Gürcüstana “yerini müəyyən etməyi” təklif edib: ya “Cənubi Qafqazda əlverişli bölgəsəl atmosfer yaratmağı, ya da Avroatlantik gündəliyi seçmək”. Onun fikrincə, bunların sinxronlaşması isə “ciddi nəticələr törədə bilər”.

TAAS-ın məlumatına görə, Şoyqu isə başçılıq etdiyi hərbi idarənin kollegiya toplantısında “NATO-ya daxil olmayan Ukrayna və Gürcüstanın iştiraka getdikcə daha fəalcasına cəlb edildiyi” təlimlərin miqyas və intensivliyinin iki dəfədən çox artdığını bildirib.

Müdafiə Nazirliyi başçısının vurğuladığına görə, Rusiya NATO-nun fəallığı şəraitində “strateji qabaqlama tədbirlərini birləşmələrin və hərbi hissələrin döyüş imkanlarıyla birləşdirməklə uyğun reaksiya verməyə məcburdur”.

Doğrusu, Rusiya naziri Rusiyanın “uyğun cavab” verdiyi 2008-ci il avqust hadisələrinin bəzi variasiyalarla təkrarlanmasınamı eyham vurur? Əslində, Rusiyanı bu dəfə nə gərginləşdirib? Çox güman ki, yazda Gürcüstanda gözlənən Gürcüstan-NATO komanda-qərargah təlimləri (amma axı bu, hər il olur, buna alışmağımızın vaxtı deyilmi?). Ya da Şimali Atlantika alyansı Hərbi Komitəsinin Gürcüstana qarşıdakı səfəri (tarixi hələlik qeyri-müəyyəndir). Orada isə bir də gördün ki, Tiflisin susmaq əvəzinə, təntənəli şəkildə bölgə miqyasında “misli görünməmiş” kimi anons etdiyi yeni “Çevik ruh” təlimləri keçirilir. Burada sual meydana çıxır – bəs niyə “bölgə miqyasında”? Gürcüstan Rusiyanın Cənubi Qafqazdakı “müttəfiqi”ni – Ermənistanı və hələlik uzaqgörənliklə bloklardan kənar Azərbaycanı NATO ilə yaxın münasibətlərəmi təhrik edir?

Deməli, Rusiya artıq iki “tikə”nin – “dadlı” Abxaziyanın və lap şirin Cənubi Osetiyanın (CO) qoparıldığı qonşu Gürcüstanı gerçəkdən nə ilə hədələyir? Amma burası da var ki, hər ikisi RF və NATO infrastrukturunun yerləşə biləcəyi dövlət arasında bufer zonası funksiyasını yerinə yetirir. Gürcüstanı ortamüddətli perspektivdə alyansa qəbul etməyəcəkləri gün kimi aydındır. Amma təlimlər, Amerika hərbi texnikası, tam anlaşılmayan fəaliyyətlə ABŞ laboratoriyası, Gürcüstanın NATO-ya girmək cəhdlərinin özü, Moskva ilə diplomatik münasibətləri bərpa etmək istəksizliyi və s. artıq Rusiyanı gərginləşdirir və Sakartvelonu (gürcülər öz ölkələrini belə adlandırırlar-red.) onun üçün təhlükəli ölkə edir. Yavaş-yavaş bütün Cənubi Qafqaza yayıla biləcək itaətsizlik və Rusiya təsirinin itməsi – bax, önəmlisi budur. Bu, Rusiya tərəfinin prinsip və iddiaları məsələsidir.

Bununla yanaşı, Gürcüstanı rusxoflu ölkə kimi qavramaq son dərəcə yanlışdır – sadəcə, hələ sonarkı SSRİ-nin və yerli siyasətçilərin yetərincə bacarıqsızlıqla oynamağa başladıqları siyasi oyunlar “sayəsində” yaxası ələ keçib və nəticədə Tiflisin bütün “bədən hərəkətləri”ni artıq Vaşinqtonun diktə etdiyi dar dalana qədər oynayıblar. Bununla belə, hər halda praktikada ehtiyat edən Gürcüstanın Moskva üçün xoşagəlməz ritorikasna baxmayaraq, siyasi “pa”ların hamısı yerinə yetirilmir: açıq antirusiya trendi ölkəyə böyük bəlalar haylayar. Ümumiyyətlə, Gürcüstan rusxoflu olmadı, russevməz də. Amma hər iki güc mərkəzi – Moskva və Vaşinqton ondan birmənalı seçim tələb edir.

Bununla belə, hadisələr necə dönüşür-dönüşsün, onların heç biri Gürcüstanın qorunması üçün sinəsini qabağa verməyəcək.

Etiraf edənlər haqlıdırlar: beynəlxalq arenada Abxaziya, Cənubi Osetiya və ümumiyyətlə, Rusiya ilə münasibətlər kontekstində Gürcüstan məsələsinin “utancaq şəkildə üstü vurulmur” və ancaq Moskvanı beynəlxalq hüquq normalarını pozmağa görə qınamaq lazım gələndə üzə çıxır. Və hətta Gürcüstan Avroatlantik inteqrasiyası ideyasını yeritməkdən imtina etsə, Rusiya ona nə Abxaziyanı, nə də Cənubi Osetiyanı qaytarar. Bu arada RF ilə diplomatik münasibətlərin bərpası Tiflis üçün məhz Moskvanın Abxaziya və Cənubi Osetiyanı tanımağı geri götürməyə dirənir.

Amma Karasin və Şoyqunun hədələrinə qayıdaq. Gürcüstan onların birbaşa nitqindən sonra nə gözləməlidir, ya onlar, sadəcə, artıq hürkmüş “xallı maralı” hürküdürlər? Gürcüstanın Avropa və Avroatlantika inteqrasiyası üzrə keçmiş dövlət naziri Aleksi Petriaşvili “Kviris palitra” (“Həftənin palitrası”) nəşri ilə söhbətdə istisna etməyib ki, Rusiya ölkəyə qarşı növbəri hərbi kampaniya planlaşdırır və “çox ehtiyatlı” olmaq gərəkdir.

O, belə bir kampaniya ehtiyacını xüsusən də Rusiya prezidentinin reytinqinin düşməsiylə izah edir – o, bir qayda kimi bunu xarici savaşlarla qaldırmağa çalışır. Bundan savayı, ola bilsin, ehtimal edilən hərbi kampaniya Gürcüstanda Anakliya limanının inşası üçün işlərlə bağlı ola bilər. Keçmiş nazirin sözlərinə görə, Rusiya hərbçiləri öz əndişələrini artıq dəfələrlə bildiriblər – aviadaşıyıcılar daxil olmqla limana NATO dövlətlərinin böyük gəmiləri girər. Nəticə: “Biz Şimali Atlantika alyansına mümkün qədər tez qoşulmalıyıq. Bu, daxili qarşıdurma deyil, cəmiyyətin tam birləşməsini tələb edir”.

Gürcüstandakı kəskin daxili didişmə haqda aşağıda danışılacaq, burada isə qeyd edək ki, Anakliya limanı amili getdikcə daha tez-tez müzakirəyə qoyulur. Abaşidzeyə suallarla “işgəncə verirlər” ki, liman tikintisi məsələsini Karasinlə müzakirə edibmi və hansı məcrada? Amma Gürcüstanın özəl təmsilçisi, az qala, and-aman edib ki, “Anakliya barədə bir kəlmə də deyilməyib”. Yekunda diplomatı bu yaxında parlamentin xarici münasibətlər üzrə komitəsinin toplantısına çağırıblar və bu, qapalı rejimdə keçirilib.

Bu qayda ilə yalnız güman etmək etmək olar ki, müxalifət, birincisi, Karasinlə görüşlər haqda tam hesabat tələb edib; fikir səslənib ki, “Praqa formatını” Gürcüstan üçün “ziyanlı” və “mili təhlükəsizliyə təhdid ehtiva edən” qurum kimi bağlamaq lazımdır. Və əlbəttə, “ehtiraslı istintaqda” Abaşidzeni “əziblər” ki, niyə Karasinlə görüşdən birbaşa qabaq hakim “Gürcü arzusu” partiyasının lideri, milyarder Bidzina İvanişvili ilə görüşüb. Axı Gürcüstan-Rusiya tənzimlənməsi üzrə özəl təmsilçilərin danışıq formatının yaradılmasının təşəbbüsçüsü məhz oliqarx olub. İndi isə, onun opponentlərinin iddia etdikləri kimi, Abaşidze vasitəsilə Karasinə “hansısa məktub” göndərib.

Diqqətçəkəndir ki, Rusiya diplomatının və Rusiyanın baş sərkərdəsinin Gürcüstan üçün qalmaqallı bəyanatları olduqca “vaxtında” – “Tiflis sarayı”nda intriqanın qızğın çağında səslənib. Birincisi, parlamentin konstitusiya çoxluğu üçün yetərli sayda deputatı İvanişvilinin başçılıq etdiyi hakim partiyanı tərk edib. Bir qrup Gürcüstanda Rusiyayönlü güc sayılan “Vətənsevərlər alyansı”na qoşulub, o biri bildirib ki, bu “vətənsevərlər”in özləri ilə əməkdaşlıq edəcək. Bax, bu isə artıq qalmaqaldır! Onları tezliklə vətənə xəyanətdə “ifşa edəcəklər”.

Daha bir cəncəl – Mixail Saakaşvili gürcü mühacirlərlə gah Fransada, gah da İtaliyada görüşür və onları vətəni oliqarx İvanişvilidən xilas etməyə çağırır. Keçmiş prezident deyir: “O, 2020-yə qədər hakimiyyətdə qalsa, ən yuxarısı, pensionerlərin, məmurların və Gürcüstanla heç bir bağlılığı olmayan kasıb ölkələrdən fəhlə qüvvəsinin məskunlaşdığı 2,5 milyonluq ölkə əldə edəcəyik”.

Amma ən böyük daxili-siyasi mərəkə, həm də açıq nonsens bundan ibarətdir ki, “Gürcü arzusu”nun bir zamanlar əhali içində böyük dəstək və nüfuza malik lideri, milyardlarla dolları olan İvanişvili Saakaşvilinin partiyasını hakimiyyətdən sıxışdıra və onu öz əlinə götürə bilib; amma bax, görünür, hakimiyyəti saxlamaq alınmır – silahdaşları dağılışırlar. Ümumiyyətlə. Gürcüstandan daxili-siyasi uzlaşmanın hətta qoxusu da gəlmir, məlum olduğu kimi, belə bir zaman isə (ya zamansızlıq?) xarici güclər tərəfindən bu və ya başqa ölkəyə zərbə vurmaq üçün ən uyğun dövrdür. Gürcüstanın NATO-ya indi gerçəkdən mümkünsüz olan və Rusiyanın çox gözəl xəbərdar olduğu girişi; alyansın təlimi (şeytan qələmə verildiyi qədər də qorxulu deyil), Anakliyada hələlik mövcud olmayan liman; Amerika laboratoriyasının ziyanlı fəaliyəyti haqda şayiələr və s.

Bircə Moskva indi Gürcüstanı hədələməsin, İvanişvilini orada rəsmən və yaxud kölgə birinci şəxsi kimi saxlamaq haqda düşünsün. Qonşu “bataqlığı” bulandırmamaq məcmu səbəblərə görə əlverişlidir – o cümlədən öz sərvətinin böyük qismini “Rusiyanın genişlikləri”ndə qazanmış oliqarx heç bir siyasi qütbə doğru kəskin hərəkət etməyəcəyinə görə. Gürcüstanda durğunluq gürcülərin özləri üçün pisdir və onlar haçansa yenə də partlayacaqlar. Amma, bax, bu, Rusiyaya əl verir və o, yetkin düşüncəylə bundan maksimum fayda götürə bilər – bu, iki dövlət arasındakı status-kvonun qorunmasıdır.

Tərcümə Strateq.az-ındır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA