MƏRDİ QOVA-QOVA NAMƏRD ETMƏYİN!

  • 2018-07-10 15:41:40
  • |
  • Sosial /

MƏRDİ QOVA-QOVA NAMƏRD ETMƏYİN!

Son dövrlər ölkəmizdə baş verən xoşagəlməz hadisələr hər bir azərbaycanlı kimi, biz İmişli sakinlərini də narahat edir. İstər pambıq tarlalarında baş verən kütləvi zəhərlənmələr, istər bütün ölkə ərazisində baş verən enerji kəsilmələri, istərsə də Gəncə rayon İcra Hakimiyyətinin başçısına qarşı edilən sui-qəsd hadisəsi olsun, bütün bu hadisələrin bir səbəbi var – məmur məsuliyyətsizliyi və məmur özbaşnalığı.

Bəzi məmurlar var ki, vətəndaşların hüquqlarını pozmaqdan, vətəndaşları dövlətdən və hakimiyyətdən narazı salmağa yönəlmiş fəaliyyətlərini davam etdirməkdən zövq alırlar. Çox təəssüflər olsun ki, belə məmurlardan İmişli rayonunda da çoxdur. Onların qanunsuz əməllərindən İmişli sakinləri cana yığılıb. Elə götürək ədaləti təmin etməli olduğu halda öz fəaliyyəti ilə ədalətsizliyə rəvac verən və yüzlərlə İmişli sakininin həyatını və dünyasını məhv edən İmişli rayon Məhkəməsini. İmişli rayonunda Məhkəmə hakimiyyətini həyata keçirən hakim və məhkəmə işçilərinin qeyri–qanuni əməllərindən yüzlərlə vətəndaş əziyyət çəkir.

İmişli rayon məhkəməsini sədri, hakimləri və digər işçilərin qanunsuz əməllərindən dəfələrlə Prezident Aparatına, Ədliyyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına və digər müvafiq qurumlara ünvanlanan şikayətlərin heç birinə qaneedici cavab verilmir. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər Məhkəmə Hüquq Şurasının səlahiyyətinə aid olsa da, İmişli Məhkəməsinin yol verdiyi nöqsanlara və vətəndaşların haqlı şikayətlərinə göz yumulur, açıq-aşkar məhkəmə işçiləri, başda İmişli məhkəməsinin sədri Qurban Hacıyev olmaqla müdafiə edilir. Həmin Qurban Hacıyev isə məhkəmə iclaslarında Hakimlərin Etik Davranış Kodeksinin tələblərini kobud şəkildə pozmaqdan zövq alır, Məhkəmə iclaslarında ədaləti yox, oliqarx məmurların maraqlarını təmsil edir. Hətta, tabeliyində olan işçiləri şahid qismində yalandan vətəndaşların üzünə durğuzaraq günahsız vətəndaşları təqsirkar çıxartmaqdan belə çəkinmir. Vətəndaşların məhkəmə qərarlarından yuxarı instansiya məhkəmələrinə şikayət etmək hüquqlarını məhdudlaşdırmaq məqsədi ilə məhkəmə qərarları çox vaxt vətəndaşlara verilmir. Özləri tərəfindən Elektron Məhkəmə Portalına yerləşdirilən elektron məhkəmə işləri bilinməyən səbəbdən portaldan silinərək itirilir. Məhkəmə işçilərindən bəziləri heç bir işə qəbul mexanizmindən keçməyərək, kimlərinsə tapşırığı ilə işə qəbul olunurlar. Bu cür işə götürülənlər isə iş yerlərini və qazanc mənbələrini itirməsinlər deyə hər cür kirli işlərlə məşğul olmağa məhkumdurlar ki, nəticədə bunların əlindən cana doyan vətəndaşlar öz haqqlarını özləri bərpa etmək məcburiyyətində qalırlar. Bu da yeni cinayətlər və yeni cinayətkarların yetişməsinə gətirib çıxardır. Bir sözlə mərdi qova-qova namərd edirlər.

Üzümü İmişli rayon məhkəməsinin timsalında harınlığından qanunlardan və Allahdan qorxmayan,vətəndaşlara zülm etməkdən zövq alan məmurlara tutub deyirəm. Güvəndiklərinizə güvənərək Xalqa az zülm edin. Onların qisasından qorxun. Xalqın qisası ağır və acımasız olur.

Elşən Şəmmədli,

İmişli sakini

Loading...

QALEREYA