“MÜSTƏNTİQ BİZDƏN “ŞİRİNLİK” DƏ ALDI, HAKİM İSƏ…” – 20 manatın arxasınca gedərkən işə düşən vətəndaşın harayı

“MÜSTƏNTİQ BİZDƏN “ŞİRİNLİK” DƏ ALDI, HAKİM İSƏ…” – 20 manatın arxasınca gedərkən işə düşən vətəndaşın harayı

“Məhkəmələrin qərarları ədalətli olmalıdır. Ümumiyyətlə, həyatda hər şey ədalət əsasında qurulmalıdır. Ədalət pozulduqda, əlbəttə ki, həm narazılıq yarana, həm də cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar isə insanlarda dövlətə inamı artırır, eyni zamanda da, həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul edilmiş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür. Qərəzli yanaşma olmamalıdır. Korrupsiya hallarına qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bir sözlə, məhkəmə-hüquq sistemi maksimum dərəcədə şəffaf olmalıdır…”

Bu fikirləri Prezident İlham Əliyev bir müddət əvvəl məhkəmələrdən cəmiyyətin gözləntiləri ilə bağlı çıxışında bəyan edib. Ancaq nə yazıq ki, məhkəmə hakimlərinin əksəriyyəti nə cəmiyyətin gözləntilərinə cavab verir, nə də Prezidentin bu tövsiyələrinə qulaq asır.

Azərbaycan məhkəmələrinin bir çoxunda elə qanunsuzluqlar, elə ədalətsizliklər baş verir, elə dəhşətli qərarlar çıxarılır ki, normal cəmiyyətlərdə yaşayanların buna inanması belə mümkün deyil. Hakimlərin bir hissəsinin rüşvətlə, sifarişlə qərar çıxarması, heç bir günahı olmayan insanlardan “iş kəsməmək” üçün böyük “haqq” tələb edilməsi adi hala çevrilib. Əksinə, ən ağır cinayətləri törədənlərə, 2-3 nəfərin ölümünə səbəb olanlara, dövlətin milyonlarını, milyardlarını talayanlara isə yüngül, simvolik cəzalar kəsilməsi də eynilə Azərbaycan məhkəmələrinin adi iş normasına çevrilib. Belələrinin qarşısında bəlli səbəblərdən “cücəyə” dönən bəzi hakimlər, hansısa səhvinə, ehtiyacdan və ya ehtiyatsızlıqdan etdiyi cinayətə görə işi məhkəməyə düşənlərin qarşısına canavar kimi çıxırlar. Heç bir vicdan əzabı çəkmədən onlara ən ağır maddələri “yükləyərək” yüksək cəzalar kəsir, neçə-neçə ailənin həyatını məhv edirlər…

Belələrinin Prezidentə, Birinci vitse-prezidentə şikayətlərini dərc edən mətbuatı isə ittiham edirlər – guya ki, məhkəmələrin nüfuzuna xələl gətiririk. Məsələn, bu yaxınlarda saytımızda dərc olunan şikayətlərdən birinə Ali Məhkəmədən belə reaksiya verilmişdi: “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn vəzifələrin uğurla həyata keçirildiyi bir vaxtda bu cür yazıların verilməsi müstəqil fəaliyyət göstərən məhkəmələrin nüfuzuna təsir edir. Son zamanar Sizin saytda belə yazılara tez-tez rast gəlmək olur…”

Maraqlıdır, Ali Məhkəmə mətbuatda, o cümlədən saytımızda bu cür yazıların artmasının səbəbi ilə maraqlanmaq əvəzinə, şikayətlərin yayımlanmasından narazılıq edir. Hansı ki, bu yazıların hər birində hakimlərin ədalətsiz qərarları ilə üzləşən, haqsızlığa məruz qoyulan şəxslər, ailələr ölkə Prezidentindən, Birinci vitse-prezidentdən kömək istəyirlər.

ali mehkeme

Xırda bir səhvinə, günahına görə hakimlərin ağır tələblərilə üzləşən, uzunmüddətli həbslə şantaj olunan vətəndaşların mətbuat vasitəsilə səsini ölkə rəhbərliyinə, ictimaiyyətə çatdırmaqdan başqa çarəsi qalırmı? Əgər vətəndaş ədalətin bərqərar edilməli olduğu yerdə ƏDALƏTSİZLİKLƏ üzləşirsə, nə etməlidir?

Çoxları ya hakimin tələbinə boyun əyir, ya da sakitcə gedib ona məhkəmənin kəsdiyi həbs cəzasını çəkir. Çox az bir hissə ədalətsizliklə barışmır, ölkə rəhbərliyinə, ictimaiyyətə bu barədə məlumat verir. Çox vaxt nəticəsi olmasa belə…

Belə görünür ki, Ali Məhkəmə hətta bundan belə narazı qalır. Heç kimin səsini çıxarmamasını istəyir.

Müşahidələr belə deməyə əsas verir ki, Azərbaycanın məhkəmə sistemində sözdə yox, əməldə köklü dəyişiklik olmayınca, bu sistemin başında dayanan şəxslər dəyişməyincə nə bu düşüncə tərzini, nə də məhkəmələrdə baş verən ədalətsizlikləri aradan qaldırmaq mümkün olacaq.

Belə ədalətsizliyə məruz qalan daha bir ailə “AzPolitika.info” saytı vasitəsilə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.

1a

Ucar rayonu Qazıqumlaq kənd sakini, hazırda Abşeron rayonunun Mehdiabad qəsəbəsində kirayədə yaşayan Məmmədova Mətanət Fazil qızı redaksiyamıza gələrək üzləşdikləri haqsızlıqla bağlı danışıb, Prezidentə müraciətinin işıqlandırılmasını xahiş edib. M.Məmmədova hüquq-mühafizə orqanları tərəfindən həyat yoldaşına qarşı edilən haqsızlıqdan, işləmədiyi bir cinayətə görə ağır maddə ilə ittiham olunmasından şikayətçidir. M.Məmmədovanın müraciətində bildirilir:

“Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!

Yazıb sizə bildirirəm ki, həyat yoldaşım Məmmədov Feyruz Məhəmməd oğlu işləmədiyi bir cinayət hadisəsinə görə qanunsuz olaraq həbs olunub. Belə ki, 04.12.2018-ci ildə səhər saatlarında yaxından tanımadığı Məmmədalı adlı bir şəxs evimizə gələrək, yoldaşıma daşımaq üçün yükü olduğunu bildirdi. “Qazel” markalı yük maşını işlədən həyat yoldaşım 20 manat müqabilində həmin yükü daşımağa razılaşdı. O, yoldaşıma bildirmişdi ki, özünün işlətdiyi daş sexində olan qranit daşları Dərnəgüldəki mağazalardan birinə təhvil verəcək. Yoldaşım da icarəyə götürdüyü “Qazel” ilə onun yükünü daşımaq üçün Biləcəri yolundakı daş sexinə gedib.

Qeyd edim ki, Məmmədalı bundan əvvəl də bir dəfə həmin sexdən qranit daşları götürərək yoldaşımın maşını ilə Dərnəgüldəki mağazalardan birinə təhvil verib. Birinci dəfə bu adamlar sexdən qranit daşlarını normal qaydada, yəni qapıdan çıxararaq maşına yükləyiblər. Bu dəfə isə açarın müdirdə olduğunu iddia edərək, sexə divarın üzərindən aşıb giriblər. Birinci dəfə daşı qapıdan çıxararaq maşına yüklədiklərindən və heç bir problem olmadığından, həyat yoldaşım Məmmədalının və onunla gələn şəxsin sözlərinə inanıb. Daş maşına yüklənən zaman həmin sexin qarovulçusu ora gələrək, Məmmədalıdan nə etdiklərini soruşub. Bu zaman yoldaşıma məlum olub ki, Məmmədalı və onunla gələn şəxs sexdən oğurluq edirlər. Yoldaşım buna kəskin şəkildə etiraz edib və maşına oturaraq ordan uzaqlaşıb və evə gəlib. Qorxduğu və həyəcanlı olduğu üçün maşına bir neçə daşın yükləndiyinin fərqinə varmayıb. Onları boşaltmadan oradan uzaqlaşıb.

Yoldaşım oradan çıxan zaman Məmmədalı və qarovulçu arasında mübahisə davam edib. Yoldaşımın həmin vaxt orada nə baş verdiyindən həbs olunana kimi xəbəri olmayıb. Məmmədalı bir neçə saatdan sonra yaşadığımız evə gələrək, səhv anlaşılma olduğunu deyib və yoldaşımın maşınında qalan daşları başqa bir “Qazel”ə yükləyərək aparıb”.

Mətanət Məmmədova yazır ki, həyat yoldaşı həm Məmmədalının belə arxayın davranışını, həm sexin qarovulçusunun hadisəni şəxsən gördüyünü nəzərə alaraq, eləcədə özünə görə qorxduğu üçün polisə məlumat verməyib: “Yoldaşım düşünürdü ki, əgər Məmmədalı oğurluq edibsə, qarovulçu lazımi orqanlara məlumat verəcək. Yoldaşımın bu işdə yeganə səhvi elə bu olub. Bu səhvinə görə də, elə həmin gün – 04.12.2018-ci ildə saxlanılan yoldaşıma qarşı “oğurluqda iştirak etmə, oğrularla əlbir olma” maddəsi ilə ittiham irəli sürüldü.

Binəqədi Rayon Polis İdarəsində aparılan istintaq işində müstəntiq Nuri Həsənov tərəfindən, heç bir sübut və şahid olmadığı halda, yoldaşıma qarşı Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə ittiham elan edildi. Hər kəs bilir ki, yoldaşımın yeganə günahı həmin adamların oğurluq etdiklərini bildikdən sonra bu haqda polisə xəbər verməməsi olub.

Ancaq müstəntiq yoldaşımı soyğunçuluq, quldurluq kimi ağır cinayətlərdə ittiham etmişdir. Halbuki, müstəntiq özü də həyat yoldaşımın bu işdə günahının olmadığını bilirdi. Buna görə də, yoldaşıma verdiyi saxta ittihamı dəyişmək, günahına uyğun olaraq yüngül maddə ilə onu ittiham etmək üçün qaynımdan hətta “şirinlik” də almışdı. Ancaq dediyinin əksinə olaraq belə bir ağır ittihamla işi məhkəməyə göndərdi”.

Mətanət Məmmədovanın yazdığına görə, işi aparan hakim Fikrət Qəribov da məhkəmə araşdırmasını obyektiv aparmadan, həyat yoldaşının əleyhinə heç bir sübut, dəlil, şahid ifadəsi olmadan onu həmin ağır maddə ilə uzunmüddətli həbsə məhkum etmək istəyir: “Hazırda yoldaşımın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baxılır. Məhkəmə prosesinin gedişindən görünür ki, hakimlər də həqiqəti ortaya çıxarmaqda maraqlı deyillər. Yoldaşıma müstəntiqin ona qarşı verdiyi saxta ittiham üzrə ağır həbs cəzası kəsmək istəyirlər. Oktyabrın 8-də ona hökm oxunacağı gözlənilir”.

fikret qeribov

Mətanət Məmmədova ölkə rəhbərliyindən məhkəmə prosesini nəzarətə götürməyi xahiş edir və yoldaşı ilə bağlı ədalətli qərarın çıxarılması üçün kömək istəyir:

“Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!

Mən 3 azyaşlı uşaqla ailə başçısı olmadan çox ağır vəziyyətdə yaşayıram. Kirayə evdə qalırıq, böyük övladım ağır böyrək xəstəsidir. Neçə müddətdir qohum-əqrabanın köməyilə dolanırıq. Düşünürəm ki, yoldaşım etdiyi günahın cəzasını artıq çəkib. Onun günahı tanımadığı adamlara inanması və oğurluq hadisəsi barədə polisə məlumat verməməsi olub. Onun soyğunçuluq, quldurluq kimi ağır bir maddə ilə ittiham edilməsi həm haqsızlıq, həm də qanunsuzluqdur. Sizdən xahiş edirəm, bu haqsızlığa son qoyulması üçün müvafiq orqanlara göstəriş verəsiniz, yoldaşımın azadlığa buraxılmasında bizə yardımçı olasınız. Heç bir yerdə işləmədiyimi, ailəmizin çətin vəziyyətini nəzərə alaraq yoldaşımın işinə humanist yanaşılmasını təmin etmək üçün prosesi öz nəzarətinizə götürməyinizi Sizdən xahiş edirəm.

Əvəlcədən təşəkkür edirəm!”./azpolitika.info/