Müəllimələrin adına kredit götürən xanım məktəb direktoruna hökm oxundu

Müəllimələrin adına kredit götürən xanım məktəb direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən sabiq məktəb direktorunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hurriyyet.org bildirir ki, barəsində edilən çoxsaylı şikayətlərdən sonra həbs edilən sabiq direktor Mustafayeva Diləfruz Əbil qızının dələduzluq əməlləri ilə bağlı iki cinayət işi açılıb.

Sabiq direktorun dələduzluq əməlləri ilə bağlı açılmış cinayət işlərinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Musavat.com xəbər verir ki, D.Mustafayevin Bakı Ağır Cinayətlər Məhkəməsindəki cinayət işi üzrə məhkəmə prosesinə hakim Cavid Hüseynov sədrlik edib.

Məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən D.Mustafayeva 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası şərti hesab edilib.

Məlumat üçün bildirək ki, Diləfruz Mustafayeva Sabirabadda Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbin direktoru olub. Onun barəsində hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olub.

Belə ki, məktəb direktoru olan D.Mustafayeva xeyli sayda rayon sakininin adına kreditlər götürüb. Adına kredit götürülənlərin əksəriyyəti D.Mustafayevanın rəhbərlik etdiyi məktəbin müəllimələri olub.

D.Mustafayeva öz ehtiyacı üçün müəllimlərin adına “Kapital Bank” ASC-nin Sabirabad rayon filialından kreditlər götürüb. Lakin götürülən kreditlər bir neçə aydan sonra ödənilməyib. Bank isə ödənişləri müəllimələrin maaşından tutmağa başlayıb.

Direktorun dələduzluq əməlinin qurbanı olan müəllimələr əvvəlcə bankın rəhbərliyinə, daha sonra isə hüquq-mühafizə orqanlarına müraciət ediblər. Lakin heç bir tədbir görülmədiyi üçün, zərərçəkmiş müəllimələr məsələni ictimailəşdirmək üçün mətbuata müraciət ediblər.

Elə bundan sonra D.Mustafayeva vəzifəsindən kənarlaşdırılıb. Sabiq məktəb direktorunun əməllərinə araşdırıldıqdan sonra onun barəsində 15 iyul 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda törədildik) maddəsi cinayət işi açılddı. Barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilən D.Mustafayeva sonradan ev dustaqlığına buraxılb.

Onun barəsində həmçinin Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində də cinayət işi açıldı. Həmin cinayət işinin istintaqı yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bildirək ki, Diləfruz Mustafayevanın dələduzluq əməllərinin qurbanı olanların sayı 50 nəfərdən çoxdur. Onların hər birinin adına bankdan kredit götürülüb. Məktəb direktorunun barəsində cinayət işi açıldıqdan və həbs edildikdən sonra da kredit fazilərini müəllimələr ödəyib.

D.Mustafayeva vətəndaşlara dəymiş zərəri ödəyib.

  • Hamısı
  • Loading...