“Münaqişə davam edərsə, Ermənistanın gələcəyi yoxdur” - POLİTOLOQ

“Münaqişə davam edərsə, Ermənistanın gələcəyi yoxdur” - POLİTOLOQ

Zərdüşt Əlizadə: “Tonoyan deməliydi ki, Ermənistan dalana dirənib, ölkəmizin gələcəyi yoxdur?!”

“Xalqa ruh, ürək-dirək vermək üçün ağzına gələni gic-gic şeyləri danışır, mənasız sözlərdir. Əgər müharibə başlanarsa, Rusiya qarışmasa, Ermənistanın məğlubiyyəti labuddür, amma Rusiya qarışsa, bəli, onda Rusiya nəsə edə bilər...”

Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyan ilə martın 29-da Vyanada görüşündən bir gün sonra düşmən ölkənin müdafiə naziri David Tonoyan “Ermənistanın müdafiə naziri kimi deyirəm ki, mən, “ərazi qarşılığında sülh” formulunu dəyişdirmişəm. Artıq biz bunun tam əksini edəcəyik, yəni “yeni ərazilər üçün yeni müharibə”. Heç bir ərazi güzəşti olmayacaq. Qarşılıqlı kompromislər isə mümkündür” sərsəm bəyanatı Vyana görüşünün üstündən xətt çəkmiş oldu. Tonoyanın bu sərsəm bəyanatı Azərbaycan ictimaiyyətində ciddi qıcıq doğurdu.

Tonoyan “Ermənistan hücum bölmələrinin sayını artıracaq. Biz bu “xəndək vəziyyətindən”, daimi müdafiə vəziyyətindən çıxacağıq. Biz, hərbi əməliyyatları düşmənin ərazisinə transfer edə biləcək qoşun bölmələrimizin sayını artıracağıq” deməklə ermənilərin çirkin niyyətlərini bir daha ortaya qoydu. Amma Azərbaycan ordusunun qüdrəti, gücü qarşısında erməni əsgərinin dayanması mümkünsüzdü. Bu, 2016-ci il 4 günlük aprel döyüşlərində də özünü aydın göstərdi. Ordumuzun gücü, qüdrəti olsa da, təəssüf ki, Rusiyanın Azərbaycana müharibə etməyə imkan verməməsi bizi məğlub durumda qalmağa vadar edir. Amma haqlı davamızda Rusiya bu mövqeyindən əl çəkməli, biz millət, xalq olaraq yenilən qururumuzu bərpa etməliyik. Çünki Tonoyanın bu sərsəm açıqlamasından sonra sülh danışıqlarının davam etdirilməsi əhəmiyyətini itirdi, torpaqlarımızın qaytarılması üçün yeganə variant müharibə olduğu bir daha aydın oldu.

“Müharibə başlanarsa, Rusiya qarışmasa, Ermənistanın məğlubiyyəti labuddür”

Ermənistanın müdafiə naziri David Tonoyanın sərsəm bəyanatını şərh edən politoloq Zərdüşt Əlizadə “Hürriyyət”ə dedi ki, Tanoyanın bu açıqlamasına baxmayaraq danışıqlar mütləq getməlidir: “Danışıqların mövcudluğu həm Azərbaycana, həm də Ermənistana xeyirdir. O biri tərəfdən, çalışmaq lazımdır ki, bu danışıqlarda xam xəyallar deyil, gerçək siyasi barış modelləri müzakirə olunsun. Yəni bu həqiqətən də sülh istəyən istənilən şəxsin arzusudur. Qaldı David Tonoyanın bəyanatına, Ermənistanın iqtisadi, siyasi vəziyyəti çox ağırdır, münaqişə davam edərsə, Ermənistanın gələcəyi yoxdur. Belə bir şəraitdə yüksək dövlət vəzifəsi tutub, cibini dolduran, firavan yaşayan, hakim zümrəyə aid olan müdafiə naziri nə deməlidir, deməliydi ki, Ermənistan dalana dirənib, ölkəmizin gələcəyi yoxdur?! Xalqa ruh, ürək-dirək vermək üçün ağzına gələni gic-gic şeyləri danışır, mənasız sözlərdir. Əgər müharibə başlanarsa, Rusiya qarışmasa, Ermənistanın məğlubiyyəti labuddür, amm Rusiya qarışsa, bəli, onda Rusiya nəsə edə bilər”.

“Azərbaycan tərəfi kifayət qədər məlumatlıdır və belə bəyanat ona təsir etməz”

“Niyə Tonoyan bu bəyanatı məhz Vyana görüşündən sonra səsləndirdi” sualına Z.Əlizadə belə cavab verdi: “Yəqin ki, erməni hakim zümrəsində Tonoyanın mövqeyi qeyri-məqbul sayılır, Azərbaycan təsir etmək, qorxutmaq üçün bu bəyanatı verirlər. Azərbaycan tərəfi kifayət qədər məlumatlıdır və belə bəyanat ona təsir etməz. Ola bilsin ki, erməni cəmiyyətinə ismarıc verir ki, “baxın, bizim sərt mövqeyimiz yumşalmayıb, elə əvvəlki mövqedə qalmışıq, öldü var, döndü yoxdur””.

“Bu barədə prezidentlər təsəvvürlərini gərək, xalqla bölüşəydilər, bölüşmürlər”

“Vyana görüşündə mənim üçün yeganə müsbət hadisə odur ki, prezidentlər təkbətək 3 saat danışdılar. Bu, kifayət qədər böyük vaxtdır və imkan verir ki, hər bir tərəf münaqişə barədə təsəvvürlərini və gələcək ümidlərini bir-birlərinə danışsın və yaxud təhlil etsin. Əlbəttə, bundan sonra hər iki rəhbər deyir ki, biz nikbinik. Amma bu, boş söhbətdir. Çünki indiyə kimi heç kəs bədbin olmamışdı. 30 ildir Ermənistanın da, Azərbaycan da rəhbərliyi, eyni zamanda Minsk Qrupunun həmsədrləri də nikbindir. Bu nikibinliyin əsasında heç bir konkret əməl yoxdur. Mən nikbinliyi o zaman görərdim ki, tərəflər Qarabağın gələcəyi ilə bağlı sənədləri bir-biri ilə yox, xalqla bölüşürlər. Qarabağın rəsmi gələcəyi barədə fikir bəlli deyil. Çünki Rusiya deyib ki, Qarabağ münaqişəsi həll edilməsin. Amma Azərbaycan, erməni xalqı da istəyir ki, münaqişə həllini tapsın. Bu barədə prezidentlər təsəvvürlərini gərək, xalqla bölüşəydilər, bölüşmürlər, demək onlara Moskva qadağa qoyub, onlar da bunu dillərinə gətirmirlər. Ona görə, nikbinlikdən danışmağın əhəmiyyəti yoxdur”,-deyə politoloq vurğuladı.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA