Mürvət Həsənlidən Vahid Məhərrəmliyə növbəti cavab: "Çox yuxarı dırmaşma"

  • 2019-08-20 09:45:26
  • |

Mürvət Həsənlidən Vahid Məhərrəmliyə növbəti cavab: "Çox yuxarı  dırmaşma"

M.Həsənli növbəti məqalə yazıb, onu musavat.com-un redaksiyasına yollayıb. M.Həsənlinin həmin məqaləsini dərc edirik:

Vahid Məhərrəmli, nərdivana dırmaş, amma ehtiyat tədbirlərini də unutma

Məsəli hörmətli kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmlidən uzaq, onun mənim məqaləm barədə yazdığı iradları oxuyanda yadıma bu cümlələr düşdü. Doğrusu, bu zamana qədər onu ağıllı-başlı (burada qəsd etdiyim sözün məcazi mənasıdır. Mən onun ağıllı başına qətiyyən şübhə etmirəm) iqtisadçı sanırdım. O isə barəsində yazdığım iradları lağa qoymaqla, yumşaq desək, bu qənaətlərimi alt-üst etdi.

Belə ki, hörmətli iqtisadçı ekspertin mənim palaz boyda yazımda tutduğu iki “səhv” vardı. Bunlardan biri DGK-nin fəaliyyəti ilə bağlı səsləndirdiyim fikirlər idi, digəri isə ümumi idxal həcmimizin 50.5% artımla bağlı statistik məlumat. Vahid bəyin fikrincə, mən bu “etirafları” dilə gətirməklə, guya indiki hakimiyyətin bütün paxırlarını açırmışam. Paxırlar da ondan ibarət imiş ki, guya idxalın 50.5% artması iqtisadi tənəzzül demək imiş və onlar da indiyədək bunu sübut etməyə çalışırmışlar.

Ötən yazımızda iqtisadi zəifləmənin idxalla deyil, istehsal həcmindəki daralmayla ölçüldüyünü ərz etdiyimdən bir daha bu aksiom üzərində uzun-uzadı dayanaraq, dəyərli zamanınızı almaq istəmirəm. Niyyətim sadəcə iqtisadiyyatımıza ağ-qara eynəyiylə baxan, inkişafımızı öz arşınıyla ölçən hörmətli mütəxəssisin lağlağıya çevirdiyi arqumentlərə ötəri bir nəzər salmaqdır.

Vahid Məhərəmli öz aləmində məni hakimiyyətlə üz-üzə qoymaq üçün DGK barədə səsləndirdiyim fikirləri müxalif mövqe kimi təqdim edir. Məni isə məmur adlandırır. İlk öncə, opponentimə bəyan etmək istəyirəm ki, 50 yaşında olmağıma baxmayaraq, indiyə qədər heç 50 saat da məmur kürsüsündə əyləşməmişəm. Hələ ali məktəbdə oxuduğum zamandan biznes həyatına atılmış və bu sahədə az-çox nələrsə etməyə çalışmışam. Dolayısıyla, onun məni məmur kimi tanıtmasının real əsası yoxdur. Əgər onun dilə gətirdiyi bütün həqiqətlər belədirsə, daha Vahid müəllimə, pardon bəyə deyiləcək heç bir sözüm qalmır.

İkincisi, mənim gömrük sistemi ilə bağlı səsləndirdiyim fikirlərin də siyasi mövqeyimə heç bir aidiyyəti yoxdur. Bir şey ki həqiqətdir, müxalif və ya hakim mövqedə dayanmağın onun mahiyyətini dəyişdirməz, gözünə eyni cür görünər. Hər halda, mən hesab etmirəm ki, Vahid bəy müxalifətdə dayandığı üçün günəşi məndən fərqli görür. Azərbaycan da bizim günəşimizdir. Müxalif və ya iqtidar olmağımıza baxmayaraq, hər birimiz onun uğuruna sevinməli, uğursuzluğuna üzülməliyik. İqtisadi artım və ya azalma da ümummilli məsələ olduğundan, ona yanaşmamız da bu çərçivədə olmalıdır.

O ki qaldı DGK-də son iki ildə baş verən müsbət dəyişiklərə, bəli, həqiqətən də komitənin yeni sədri Səfər Mehdiyev həmin vəzifəyə təyin olunandan bu, açıq-aşkar görünür.

DGK-dakı əsas müsbət irəliləyiş isə ölkəyə idxal və ixrac olunan malların dəqiq statistikasının aparılmasında özünü göstərir. Bunu necə danmaq olar?

Səfər Mehdiyevdən əvvəlki vəziyyətin necə olduğu barədə isə heç nə demək istəmirəm. Hesab edirəm ki, Azərbaycanın müvafiq dairələri bu faktı da araşdırır və yəqin, zamanı gələndə hər şeyi ictimaiyyətə açıqlayacaq. Hər halda, bundan əvvəlki rəhbərliyin işi kifayət qədər qənaətbəxş olmadığı üçün DGK-də kadr dəyişikliklərinə ehtiyac duyulub. Yoxsa orda da digər nazirlik və dövlət komitələri kimi kadr islahatlarına gedilməzdi.

Azərbaycanın idxal həcminin 50%-dən çox artması da, Vahid Məhərrəmlinin dediyi kimi, qətiyyən iqtisadi tənəzzülün göstəricisi deyil. Əksinə, bu fakt iqtisadiyyatın canlanmasının təzahürüdür. DGK-nin hesabatına nəzər salsaq, bu ilin 7 ayı ərzində ixracımızın da artdığını görürük və idxal-ixrac əməliyyatları nəticəsində əldə edilən müsbət saldo 3 milyard 834 milyon dollar həcmindədir. Nəzərə alsaq ki Azərbaycanın əsas ixrac məhsulu olan neftin dünya bazarında qiymətləri yenidən düşüb, müsbət saldo kimi aktivimizə yazılan bu rəqəm o qədər də pis təsir bağışlamır. Neftin qiymətləri sabit qalsaydı, bu fərq daha böyük olardı.

İdxalımızın ötən ilin müvafiq dövrləriylə müqayisədə artmasının iqtisadi daralmaya dəxli olmadığını ÜDM-dakı artım da təsdiqləyir. Dövlət Statistika Komitəsinin bir neçə gün əvvəl açıqladığı məlumata görə, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda ÜDM 2,5% (2018-ci ilin yanvar-iyul aylarında artım 0,2% idi) artıb. İlin sonuna kimi bu rəqəmin daha da böyüyəcəyi şəkksizdir. 2018-ci ilin yekunları ilə bağlı verilən statistik rəqəmlər isə ÜDM-mizin sadəcə 1.4% artdığını göstərirdi. Yəni bu ilin 7 ayı ərzində əldə olunan iqtisadi artım ötən ilin tamamındakı artımı az qala 2 dəfə üstələyib.

Sözsüz ki, biz 2.5%-lik artımla da kifayətlənmirik. Amma hər halda Vahid bəyin bildirdiyi kimi, ötən illə müqayisədə nəinki geriyə getmişik, əksinə, daha çox irəliləmişik. Bu irəliləyişin sirri isə hörmətli ekspertin dodaq büzdüyü və lağlağı mövzusuna çevirdiyi idxaldakı artımda gizlidir.

Belə ki, cari ilin 7 ayı ərzində idxaldakı 50.5%-lik artımın böyük hissəsi dövlət sifarişləri ilə bağlıdır. DGK-nın statistik məlumatına görə, təkcə bu ilin 3 ayında dövlət sifarişli idxal ümumi idxalın 38%-ni təşkil edib. Ötən il həmin göstərici isə cəmi 17.8% olmuşdu. Bu fakt sübut edir ki, bu ilin ilk 3 ayında dövlət sifarişi əsasında ölkəmizə gətirilən malların həcmi ötən ilin tamamında gətiriləndən çox olub.

Dövlət sifarişli idxal isə ölkənin müxtəlif sahələrinə yatırılan investisiya deməkdir. Təəssüf ki, DGK-nın hesabatlarında konkret olaraq, hansı dövlət orqanının nə qədər mal idxal etdiyi göstərilməsə də, bunun böyük qisminin KTN-ə aid olduğunu güman edə bilərik. Zira, yeni Kənd Təsərrüfatı naziri İnam Kərimovun aqrar sektorda apardığı innovativ islahatlar ölkəmizə yeni texnologiyaların gətirilməsini şərtləndirir. Bu da istər-istəməz idxal həcmimizi də artırır. Bütün investisiya layihələrinin müsbət nəticələrinin ortaya çıxması üçün zamana ehtiyac duyulduğundan, əminəm ki, Vahid bəy də bir neçə ildən sonra aqrar sahədə qazandığımız uğurların bəhrəsini görəcək və bu gün KTN-nə etdiyi hücumlara görə xəcalət çəkəcək.

Dövlət sifarişlərinin əsasən innovativ tədbirlər məqsədi daşıdığını DGK-nin ayrı-ayrı sahələr barədə verdiyi statistik məlumatlar da təsdiqləyir. Məsələn, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana 22 974 ədəd müxtəlif təyinatlı avtomobilin idxal olunduğu bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 274 ədəd və ya 1,96 dəfə çoxdur. Həmin avtomobillərin 1 943 ədədi yük maşınları və 92 ədədi isə xüsusi təyinatlı vasitələrdir.

Qeyd edək ki, KTN-nin innovativ yatırımları yalnız bu il də başlamayıb. İnam Kərimov nazir təyin olunan gündən bu istiqamətdə ciddi addımlar atılıb. DSK-nin ötən ilin yekunlarına dair statistik hesabatına görə, həmin il Azərbaycana 6 030 ədəd kənd təsərrüfatı texnikası gətirilib. Bu texnika idxalının başlıca məqsədi isə aqrar sahədə keyfiyyətli məhsul yetişdirilməsi və onun itkisiz yığılmasını təmin etmək olub. Azərbaycanda taxıl biçininin 20 gün tez başa çatması və məhsuldarlığın 7-8% artması qarşıya qoyulan məqsədə çatıldığından xəbər verir.

Qeyd edək ki, haqqında bəhs etdiyimiz statistik məlumatlarda idxal olunan texnikaların konkret rəqəmləri də göstərilib:

“2018-ci il ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına, ümumilikdə, 197,9 mln. manat dəyərində 118 vahid taxılyığan kombayn, kombayna qoşulan 27 vahid biçici aqreqat, 101 vahid pambıqyığan kombayn, 13 vahid çuğundur çıxaran, 1346 vahid müxtəlif növ traktor, 588 vahid traktor yedəkləri (qoşqular), 692 vahid kotan satılıb.

Bundan başqa, ötən il ərzində ölkədə 219 vahid mala, 259 vahid kultivator, 89 vahid ot biçən, 32 vahid ot dırmığı, 60 vahid ot, küləş presləyən, 212 vahid çiləyici və tozlayıcı, 652 vahid səpici aqreqat, 65 vahid gübrəsəpən, 25 vahid bağarası frez, 30 vahid taxıl (toxum) təmizləyən və 634 vahid digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb”.

Yəqin ki, bu ilin yekunlarına dair hesabatlar açıqlananda Azərbaycana idxal olunan texnikaların tam siyahısı veriləcək. Ona görə də Vahid Məhərrəmli bəy ölkəmizin iqtisadi vəziyyəti barədə proqnoz verməyə tələsməsin. Nəyisə şərh edəndə hər şeyi eninə-uzununa incələsin. Əli Kərimlinin müavini olmaq heç kimə dərinləməsinə incələmədiyi sahələri qərəzli analiz etmək haqqı vermir. Ümumiyyətlə, son zamanlar Əli Kərimlinin dəstəsinin İnam Kərimliyə hücumlarının səbəbini anlamaqda çətinlik çəkirəm. AXCP sədrinin uzaqvuran artilleriyası sayılan Qənimət Zahid də topunun lüləsini tez-tez bu adama tuşlayır. Unudur ki, ölkədən uzaqda olmaq ayrı şeydir, uzaqvuran top olmaq ayrı şey. Ölkədəki vəziyyəti daha yaxşı analiz etmək üçün yaxında olmaq lazımdır. Ən azı Vahid Məhərrəmli kimi. Baxmayaraq ki, o da nərdivana dırmaşanda ehtiyat tədbirlərini tam almadan hərəkət edir.

Mürvət Həsənli
ADAM sədri

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA