Müsbət işlərə layiqli qiymət verməliyik

Müsbət işlərə layiqli qiymət verməliyik

Hər bir cəmiyyətin inkişafı onun vətəndaşlarının simasında özünü büruzə verir. Cəmiyyətdə müxtəlif peşə, sənət sahiblərinin hər birinin öz yeri və mövqeyi var. Cəmiyyətin təməl peşələrindən biri olan müəllimlik peşəsi hər birimiz üçün müqəddəs və şərəflidir. Eyni zamanda həyatda vətəndaşın öz peşəsinə, sənətinə vicdanlı münasibəti, eləcə də hər bir kəsin bu peşə, sənət sahiblərinə münasibəti var. Mən bu baxımdan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllimi olaraq universitetdə aparılan islahatlara və bu islahatları aparan komandanın fəaliyyətinə öz müsbət münasibətimi bildirmək istəyirəm.

İlk olaraq onu qeyd etmək istəyirəm ki, mən 1994-cü ildə ADPU-nu “Riyaziyyat-informatika müəllimliyi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişəm. 1997-ci ildən universitetin Hesablama riyaziyyatı və informarika kafedrasında baş laborant vəzifəsində əmək və elmi fəaliyyətimə başlamışam. Respublikamızın müxtəlif elmi və elmi-metodiki jurnallarında çoxlu sayda məqalələrim çap edilmiş, metodik vəsaitim nəşr olunmuşdur. 2007-ci ildə dissertasiya işimi uğurla müdafiə edərək pedaqoji elmlər namizədi (indiki fəlsəfə doktoru) elmi dərəcəsi almışam. Elmi-tədqiqat dövründə pedaqoji fəaliyyətlə də məşğul olmuşam. Lakin 2007-ci ildən 2016-cı ilə kimi ADPU-da baş laborant vəzifəsində əmək fəaliyyətimi davam etdirmək məcburiyyətində qalmışdım. Dəfələrlə universitetin rəhbərliyinə, Tədris-metodiki şöbəyə müraciət etməyimə baxmayaraq, illər boyu pedaqoji və elmi fəaliyyətdən kənarda qalmışdım.

2016-cı ildə universitetin rəhbərliyində baş verən dəyişikliklə əlaqədar olaraq yenidən rektorluğa müraciət etdim. Ərizəmə ADPU-nun yeni rəhbərliyi tərəfindən baxıldı, məni dinlədilər və çox tez bir zamanda müraciətim müsbət həllini tapdı.Mənə universitetdə pedaqoji fəaliyyətimi yenidən davam etdirmək imkanı yaradıldı və tam ştatla müəllim işə götürüldüm. Gec də olsa, haqq-ədalət öz yerini tapdı. Mübaliğəsiz deyə bilərəm ki, bu mənim həyatımda, bəlkə də, möcüzə idi. Çünki illər idi ki, dəfələrlə müraciətimin müsbət həll olunacağına ümidlənsəm də, hər il cəhdim boşa çıxırdı.

Mənim müraciətimin müsbət həllinə görə ilk növbədə ADPU-nun rektoru, professor Cəfər Cəfərova öz minnətdarlığımı bildirirəm. Onu da qeyd etmək istəyirəm ki, müəllim kimi fəaliyyət göstərdiyim bu bir ildə məqalələrim çap olunmuş, kafedrada keçirilən müəllim seçkisində fəal iştirak etmişəm. 2017-2018-ci tədris ilində rəhbərlik yenidən mənimlə 1 illik müddətə müqavilə bağlamışdır. Gələcəkdə keçiriləcək növbəti müəllim seçkisində fəal iştirak etmək niyyətindəyəm.

Sonda isə vurğulamaq istəyirəm ki, ADPU ölkəmizdə pedaqoji və elmi-pedaqoji kadr hazırlığının mərkəzi hesab edilir. ADPU-nun ölkəmizin ali təhsil sistemində xüsusi yeri və mövqeyi var. Əgər fəaliyyət varsa, islahatlar aparılırsa, iş görülürsə, zamanın tələbi ilə çox sürətlə inkişaf edən texnologiya əsrimizdə inkişafla ayaqlaşmaq cəhdi, inkişafdan yararlanmağa çalışmaq mövqeyi varsa, niyə bunlar qeyd edilməsin, alqışlamasın?! Biz müsbət işləri, yaxşı əməlləri, uğurları dəyərləndirməyi bacarmalıyıq. Biz eyni zamanda öz vicdanlı əməyimizlə, fəal və obyektiv vətəndaş mövqeyimizlə doğma Azərbaycanımızın rifahına, güclənməsinə xidmət etməli, gələcəyimiz olan övladlarımızın və gənclərimizin normal vətəndaş kimi yetişməsini təmin etməliyik.

Fəxriyyə Səfərəliyeva,

ADPU-nun Hesablama riyaziyyatı və

informatika kafedrasının müəllimi,

pedaqogika üzrə fəlsəfə doktoru

Loading...

QALEREYA