Müstəqillik illərimizin beynəlxalq dəyəri

Müstəqillik illərimizin beynəlxalq dəyəri

Dövlətin dönməz iradəsi və beynəlxalq münasibətlər

Dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünü qeyd edən Azərbaycan Respublikası ötən illərdə bütün sahələrdə olduğu kimi, xarici siyasət sahəsində də böyük uğurlar əldə edib. Müstəqilliyin ilk çağında Azərbaycanın üzləşdiyi təhdidlər, xalqımızın illər boyu həsrətində olduğu bu uca dəyəri itirmək təhlükəsi sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq və möhkəmləndirmək onu əldə etmək qədər çətindir. Ötən əsrin 90-cı illərinin əvvəllərinə aid dünya siyasi ədəbiyyatını və mediasını vərəqləyən zaman Azərbaycan haqqında çox bədbin proqnozların şahidi oluruq.
Azərbaycan tənəzzülə uğrayan və ya dövlətçiliyini itirmək astanasında olan ölkə kimi xarakterizə olunurdu. Təəssüf ki, bu bədbinlik üçün real əsas da var idi. Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazimizin 20 faizinin işğalı, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köşkün vəziyyətinə düşməsi və ölkəmizin üzləşdiyi humanitar fəlakət, siyasi hakimiyyətin yarıtmazlığı ucbatından daxili və xarici siyasətin iflası və ölkəmizin vətəndaş müharibəsi astanasında olması müstəqilliyimizin ilk iki ilinin acı reallıqları idi. Hazırda bəzi Yaxın Şərq ölkələrini bürüyən fəlakət o dövrdə Azərbaycandan heç də uzaq deyildi. Dünya dövlətlərinin tarixi, o cümlədən diplomatiya və hərb tarixi göstərir ki, sınaq dövrü olan xüsusi keşməkeşli məqamlarda xalqların və dövlətlərin həyatında şəxsiyyətlərin rolu danılmazdır.

Xalqımızın zəngin dövlətçilik tarixi

Ölkəmizi əhatə edən geosiyasi reallığı nəzərə alan və xalqımızın zəngin dövlətçilik tarixindən nəticə çıxaran xarici siyasət strategiyası məhz bu amillər üzərində kökləndi:

- Ölkəmizin təbii-coğrafi şəraiti, geosiyasi amillər və yerləşdiyimiz ərazinin geostrateji əhəmiyyəti;

- Tarixi reallıq və ondan çıxarılan nəticələr;

- Tarazlaşdırılmış və çoxqütblü xarici siyasət zərurəti;

- Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazimizin 20 faizinin işğalı;

- Erməni lobbi dairələrinin ölkəmizə qarşı apardığı düşmənçilik və qarayaxma siyasəti;

- Ölkəmizin zəngin enerji resurslarına və nəqliyyat imkanlarına malik olması;

- Azərbaycanın insan resursları və iqtisadi potensialı;

- Xalqımızın zəngin tarixi, mədəniyyəti və multikultural ənənələri.

Tarixən milli dövlətçiliyimizin itirilməsinə və Azərbaycanın böyük güclərin döyüş və siyasi rəqabət meydanına çevrilməsinə səbəb olan geosiyasət və neft amili müəyyən edilən çoxqütblü və tarazlaşdırılmış xarici siyasət strategiyası əsasında müstəqilliyimizi və dövlətçiliyimizi möhkəmləndirən ciddi amilə çevrildi. İlk növbədə, Azərbaycan xalqının mənafeyi əsasında müəyyən olunan və milli maraqlardan qaynaqlanan yeni xarici siyasət strategiyası diplomatiyanın təməl prinsiplərinə xas şəkildə ölkəmiz ətrafında xoş mühitin formalaşmasına, ölkədaxili siyasi-iqtisadi və sosial məsələlərin həlli üçün xarici təsirlərin neqativ yükünü neytrallaşdırmağa, qonşu dövlətlərlə münasibətlərin normallaşmasına, xarici siyasətin coğrafiyasının genişlənməsinə və “Əsrin müqaviləsi”nin timsalında uğurlu enerji siyasətinin həyata keçirilməsinə şərait yaratdı.

Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümünə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı həmin dövrü xarakterizə edərək dedi: “Xarici siyasət prioritetləri məhz o illərdə müəyyən edildi. Azərbaycan müasir dünyəvi dövlət kimi öz inkişafına başladı. Yəni, məhz o illərdə ölkəmizin gələcəyi ilə bağlı strateji addımlar atılmışdır. Bu gün tarix göstərir ki, bu, yeganə düzgün yol idi”.
Yeni xarici siyasət strategiyasının həyata keçirilməsi məqsədilə Xarici İşlər Nazirliyinin yenidən təsisatlanması, onun strukturunun və peşəkar diplomatik korpusun yaradılması üçün qarşıya vəzifə və tapşırıqlar qoyuldu. Ölkəmizdə bütün sahələrdə milli kadrların yetişdirilməsi üzrə həyata keçirilən siyasət və gənc kadrların dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaları üçün yaratdığı şərait artıq diplomatiya sahəsində də öz nəticələrini verdi. İndi beynəlxalq münasibətlərin inkişafı baxımından Azərbaycanın özümlü bir status qazanmasının başlıca səbəblərindən biri də bu faktorla bağlıdır.

Güclənən mövqelərlə dünya birliyinə doğru

Ərazisinin bir hissəsinin işğal olunmasına baxmayaraq, ölkəmiz inkişaf edir. Azərbaycan 2004-2014-cü illərdə dünyada ən yüksək iqtisadi artım göstəricilərinə malik oldu, yoxsulluğu kəskin şəkildə - 50 faizdən təqribən 5 faizə endirə bildi. İşsizliyin səviyyəsi də 5 faiz civarındadır. Təhsilə əsaslı sərmayələr qoyulur. Azərbaycanda savadlılığın səviyyəsi 100 faizə yaxındır. Son illər ərzində 3 mindən artıq yeni məktəb tikildi və ya bərpa edildi. Ölkə ərazisində 500-dən çox xəstəxana inşa olundu. Bu isə uşaq ölümlərinin kəskin şəkildə azaldılmasına yardım etdi. Azərbaycanda gender bərabərliyi tam olaraq təmin edilir. Hökumət ətraf mühitin qorunmasına əsaslı sərmayə yatırır.

Azərbaycan insan inkişafı indeksində öz yerini ciddi şəkildə yaxşılaşdıraraq, 2004-cü ildə 187 ölkə arasında 91-ci yerdən 2015-ci ildə 78-ci yerə və orta insan inkişafı qrupundan yüksək insan inkişafı qrupuna yüksəlməyə nail olub. Hətta neftin qiymətinin kəskin ucuzlaşması və neft istehsalçısı olan ölkələrin üzləşdikləri iqtisadi böhran Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərmədi.
Ölkəmiz enerji resursları ilə zəngin ölkə kimi tanınır. Ancaq əsas məqsədimiz “qara qızıl”ın, yəni, neftin insan kapitalına çevrilməsidir. Bu səbəbdən, təhsil sahəsinə sərmayələrin qoyuluşu, sosial müdafiənin gücləndirilməsi və islahatlar elə bir vəziyyət yaradıb ki, iqtisadiyyatımız şaxələndirilib və neftdən asılılıq azalmaqdadır. Ölkədaxili inkişaf və əminlik zəminində xarici siyasətimiz tarazlaşdırılmış və çoxqütblü fundamental əsaslarla həyata keçirilir. Dövlətimizin başçısı tərəfindən dəfələrlə qeyd olunduğu kimi, Azərbaycanın müstəqil və şəffaf xarici siyasət kursu var.
Eyni zamanda, Azərbaycan öz xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini əsas götürərək bərabərhüquqluluq, daxili işlərə qarışmamaq, qarşılıqlı faydalı əməkdaşlıq, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsiplərini rəhbər tutur. Ölkəmizin inkişaf dinamikasına və müstəqilliyinin yeni mərhələsinə, dövrün və beynəlxalq münasibətlərin dəyişən tələblərinə uyğun olaraq milli strategiyamıızın təməl prinsipləri əsasında xarici siyasətimizin gündəliyində duran prioritetlər də yeniləşir.

Problemlərin həlli yolunda atılan addımlar

-Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin və regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması,

1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edərək Azərbaycana qarşı gücdən istifadə edilməsini və onun torpaqlarının işğal olunmasını pisləyib. Bu qətnamələrdə Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini bir daha ifadə edib və Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq edərək, işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib.

Təhlükəsizlik Şurası tərəfindən 1992-1995-ci illər arasında qəbul edilmiş çoxsaylı bəyanatlarda da bu kimi ciddi məqamlar öz əksini tapıb. Çox təəssüf ki, Təhlükəsizlik Şurasının ilk növbədə işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması kimi qəti tələbləri hələ də icra olunmayıb və ATƏT çərçivəsində 20 ildən artıq davam edən vasitəçilik səyləri hələ də nəticə verməyib.

(Ardı var)

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA