“Müştərilər ƏDV-ni dövlətdən geri alacaqlar, market və restoranlardan deyil”

“Müştərilər ƏDV-ni dövlətdən geri alacaqlar, market və restoranlardan deyil”

Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, stimullaşdırıcı alət kimi bir sıra vergi güzəştlərinin tətbiq ediləcəyi xəbərləri son günlər gündəm mövzusu olaraq qalır. Əsas yeniliklərdən biri kimi ticarət və iaşə müssisələrində ödənişlər zamanı əlavə dəyər vergisinin bir hissəsinin müştəriyə qaytarılması barədə qərar xüsusilə alqışlanır.

Bu yeni mexanizmə əsasən, ödənişi POSterminallar və kassa çeki ilə edənlər ƏDV-nin 15% və 10%-ni geri alacaqlar. Qeyd edək ki, Azərbaycanda ƏDV dərəcəsi 18% olduğundan hər 100 manata 18 manat vergi hesablanır. Nəticədə ödənişi POSterminalla edən müştərilər alqı-satqının 2,28%-i yəni hər 100 manata görə 2,28 manat, kassa çeki ilə edənlər isə 1,8%-i yəni 1,8 manat ödəniş alacaqlar.

Bu sistemin aprel ayından tam şəkildə tətbiq ediləcəyi gözlənilir. Lakin belə bir zamanda, bəzi ticarət və iaşə obyektlərinin verilən çeklərdə ƏDV-ni göstərməməsi, ərzaq məhsullarının qiymətində müşahidə olunan artım, sözügedən mexanizmin tətbiqinin gecikməsi vətəndaşlarda sual yaradır. İnsanlar düşünür ki, adıçəkilən obyektlər ƏDV-nin istehlakçıya qaytarılmalı olan hissəsini öz hesablarına ödəyəcəklər və buna görə, xidmətin, məhsulların qiymətləri bahalaşacaq.

Bu məsələ barədə modern.az-a danışan iqtisadçı Rövşən Ağayev isə xüsusi vurğulayıb ki, ƏDV-nin istehlakçıya qaytarılması tamamilə dövlətin hesabınadır. R.Ağayev iaşə və ticarət obyektlərinin sırf bu səbəbə görə qiymət artırmasını məntiqsiz hesab edir:

“Sözügedən obyektlər heç bir maddi ziyan yaşamayacağı üçün qiymət artımına gedəcəyini də düşünmürəm. Çünki bunu dövlət öz üzərinə götürüb və vətəndaşlara ödəniləcək məbləğ dövlət büdcəsindən təmin olunacaq. Beləliklə, istehlakçılar ƏDV-nin 25 faizini dövlətdən geri alacaq, marketlərdən və ya restoranlardan deyil.

Marketlərdə ərzağın bahalaşması ƏDV-nin qaytarılması məsələsi ilə bağlı deyil. Azərbaycanda pərakəndə satış müəssisələri bir şirkətin əlində deyil ki, istədikləri qiyməti təyin etsinlər. Ona görə, pərakəndə satışda qiymətlərin sözləşib, ƏDV-nin qaytarılması və ya digər səbəblərə görə artırılması inandırıcı deyil.

Ümumilikdə isə qiymət artımı baş verir. Ümumdünya Ərzaq Təşkilatının son hesabatından da görünür ki, dünyada ümumən ərzağın qiymətində bahalaşma var. Azərbaycan idxaldan asılı ölkə olduğundan inflyasiya çox tez hiss olunur. Məhsul idxal etdiyimiz ölkələrdə ərzağın qiymətində artım müşahidə olunduqda, bunun Azərbaycana da təsiri özünü mütləq göstərir”.

R. Ağayev onu da qeyd edib ki, Vergi Məcəlləsinə məlum dəyişlikliyin tətbiq edilməsinə hazırlıq prosesində həmin müəssisələrin kassaları da yenidən təşkil ediləcək:

“Daha müasir kassa sistemlərinin qurulacağı ilə bağlı məsələlər müzakirə edilir. Yeni kassalar hesabına nağdsız ödəniş də kifayət qədər əlçatan olacaq.

İstehlakçıya verilmiş çeklərdə ƏDV-nin göstərilməməsinin heç bir əsası yoxdur. Kassa çeki vurursa, dövriyyə uçota alınmış sayılır. Ona görə, çekdə ƏDV-nin göstərilməməsi nəyə xidmət edir, bu mənə qaranlıq qaldı”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA