Müttəfiqliyə doğru atılan addımlar - Azərbaycanın Asiya ölkələri ilə əlaqələri

Müttəfiqliyə doğru atılan addımlar - Azərbaycanın Asiya ölkələri ilə əlaqələri

Azərbaycanın xarici siyasətində Asiya qitəsinin böyük və kiçik dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr, bu regionda yaradılmış və müxtəlif sahələr üzrə fəaliyyət göstərən beynəlxalq və regional qurumlarla münasibətlər xüsusi bir istiqamət təşkil edir. Qitə ölkələri ilə Azərbaycanın münasibətləri və əlaqələrinə bu bölmədə bir neçə istiqamət üzrə - Cənub-Şərqi və Cənubi Asiya dövlətləri, Yaxın və Orta Şərq ölkələri, Avrasiya ölkələri və subregional təşkilatlar və s. çərçivəsində ayrıca baxılır. Cənub-Şərqi Asiya və Sakit okean hövzəsi, Cənubi Asiya və Hind okeanı hövzəsi ölkələri, eyni zamanda, Yaxın-Orta Şərq, Xəzər-Qara dəniz hövzəsi və Mərkəzi Asiya dövlətlərinin dünya siyasətindəki rolu və mövqeyi, onlarla münasibətlərin əhəmiyyəti və əsas məqamları da bu fəsildə qısaca şərh olunur.

Əməkdaşlıq üfüqləri

Azərbaycanın Asiya ölkələri ilə əlaqələri 1991-ci ildə ölkəmiz miistəqillik əldə etdikdən və 1992-ci ildə BMT-yə üzv qəbul olunduqdan sonra başlanır və müvəffəqiyyətlə inkişaf edir. Asiya dövlətlərinin bəziləri (Çin, Yaponiya, Pakistan və s.) Azərbaycanla sıx partnyorluq münasibətləri yaratmış və onunla hərtərəfli əməkdaşılq edir, digərləri (Hindistan, Cənubi Koreya, İndoneziya, İraq, Suriya, İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan) ölkəmizlə diplomatik münasibətlər qurmuş və tərəfdaşlıq istiqamətində hərtərəfli iş aparırlar. Ərazi və əhalisinə görə dünyanin ən böyiik qitəsi Asiya hesab olunur. Asiyanın (Rusiya nəzərə alınmadan) 27 milyon kvadrat kilometr ərazisində 40-dan artıq dövlət yerləşir ki, onların da ikisi (Çin və Hindistan) dünyanın ən nəhəng dövlətləridir. Əslində, bu qitədə yerləşən digər ölkələr də əhalisinin sayına görə (məsələn, Pakistan, İndoneziya kimi ölkələrin hər birinin əhalisi ayrılıqda Rusiya əhalisindən çoxdur) dünyanın ən böyük ölkələrindən hesab olunurlar.

Ərazi xarakteristikasına görə, Asiya qitəsi hər tərəfdən dağ, düzənlik, dəniz kimi təbii sərhədlərlə əhatə olunmuş və bir neçə hissəyə - Cənubi, Mərkəzi, Şimal-Şərqi və Cənub-Şərqi Asiya inzibati-geosiyasi rayonlarına bölünmüşdür. Dünyanın ən geniş diizənlik səhraları (Qobi, Qara-Qum, Ərəb səhraları və s.), yüksək dağ zirvə-keçidləri (Tyan-Şan, Himalay və s.) məhz Asiyada yerləşir. Təbii ehtiyatlarına görə, Asiya ən zəngin (neft, qaz, daş kömür, mədən yataqları və s.) qitələrdən hesab olunur. Fars körfəzinin (İran, Səudiyyə Ərəbistanı) düzənlik və yarımdüzənlik əraziləri həm təbii yataqlarla zəngindir, həm də əkinçilik üçün çox əlverişlidir. Dünyanın suvarılan əkin sahələrinin 70%-dən çoxu Asiyanın payına düşür. Asiya əhalisinin sayı (Rusiya və postsovet respublikaları nəzərə alınmadan) 3,1 milyard nəfərdir ki, bu da yer kürəsi əhalisinin yarısına bərabərdir. Təkcə Çin, Hindistan və İndoneziyada 2,4 milyard (Çin - 1,2 milyard; Hindistan - 1 milyard, İndoneziya 200 milyon) əhali yaşayır. Asiya əhalisi etnik tərkibinə görə on beş fərqli dil qrupuna daxil olan mindən çox xalq və millətdən ibarətdir. Ən çoxsaylı xalqlar çinlilər, hindlilər, benqallar, yaponlar, indoneziyalılar, ərəblər, farslar və başqalarıdır. Asiya qitəsində əhali müxtəlif mədəni-mənəvi dəyərləri təmsil edən region və subregionlara bölünüb. Məsələn, keçmişdə İngiltərənin müstəmləkəsi olmuş ərazilərdə əhali ingilis dilində danışır (Hindistan, Birma, Pakistan və s.) Asiyanın bir hissəsi islam dini və mədəniyyətinin təsiri altındadır (İran, Əfqanıstan, Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, İraq və s.). Bundan başqa, Asiyada buddizm mədəniyyəti ölkələri də azlıq təşkil etmir (Çin, Laos, Vyetnam, Monqolustan və s.).

Müttəfiqliyə doğru atılan addımlar

Hindistan, Şri-Lanka, Əfqanıstan, İraq, Türkiyə kimi Asiya dövlətlərində milli, dini və mədəni yönümü fərqli olan mürəkkəb etnik tərkib mövcuddur. Elə xalqlar var ki, onlar bir neçə dövlətin tərkibində yaşayır. Məsələn, kürdlər İraqda, Türkiyədə, Suriyada, taciklər Əfqanıstanda, Tacikistanda, İranda, özbəklər Əfqanıstan, Özbəkistan və Pakistanda, azərbaycanlılar İranda, Azərbaycanda, Gürcüstanda, Türkiyədə, Rusiyada, İraqda və b. ölkələrdə yaşayırlar. Əhali Asiyada yerləşməsinə görə də, çox fərqli şəraitə malikdir. Bəzi yerlərdə bir kvadrat kilometrə nəfər, bəzilərində isə hətta 2000 nəfər (Tailand, Sinqapur və s.) düşür. İqtisadi xarakteristikasına görə, Asiyada Yaponiya, Tayvan, Çin, Cənubi Koreya, Hindistan, Sinqapur, Malayziya və onlara məxsus iri transmilli şirkətlər hegemonluq edirlər. Qloballaşma dövrünün tələblərinə müvafiq olaraq, Asiyada təbii əmək bölgüsü özünü kəskin büruzə verir. Məsələn, neft idxal edən ölkələr (İran, İraq, Səudiyyə Ərəbistanı və s.), dağ-mədən və yüngül sənaye ölkələri (Vyetnam, Laos, Monqolustan, Banqladeş, Şri-Lanka, Pakistan və b.), kənd təsərrüfatı ölkələri (Laos, Kamboca, Nepal, Butan, Yəmən), inkişaf etmiş sənaye və texnoloji yüksəliş ölkələri (Yaponiya, Cənubi Koreya, Çin, Malayziya, Tayvan, Sinqapur və s.) xüsusi fərqlənirlər.

Cənub-Şərqi Asiya ölkələri daha çox iqtisadi inteqrasiyaya (ASEAN tərkibində) meyil göstərir və dünyanın qloballaşma mərkəzləri ilə ciddi rəqabət aparır. Dünyada istehsal olunan ümumi daxili məhsulun 18%-i, ixrac məhsullarının isə təxminən 40%-i bu ölkələrin payına düşür. Siyasi inteqrasiya Asiya qitəsində əsasən Ərəb Dövlətləri Liqası (ƏDL), İslam Konfransı Təşkilatı (İKT) çərçivəsində həyata keçirilir ki, bu təşkilatlar da daha çox konfliktlərin həlli, ərazi mübahisələrinin müzakirəsi və çoxtərəfli əlaqələrin inkişafı ilə məşğul olurlar. Asiyanın dünya siyasətinə ciddi təsir imkanı olan və ABŞ-la bu sahədə rəqabətə meyil göstərən əsas dövlətləri Çin və Yaponiyadır. Hindistan, İndoneziya və başqa Asiya dövlətləri inkişaf etsələr də, bu mənada, hələ ki, Çin və Yaponiya ilə ciddi rəqabət aparmaq gücündə deyillər. Cənub-Şərqi və Mərkəzi Asiyada Çinin geosiyasi təzyiqləri və aparıcı rolu daim nəzərə çarpır. Bu bölgələrin ümumi iqtisadi bazarında bu ölkə Yaponiya və Cənubi Koreya ilə, Cənubi Asiyada isə Hindistanla rəqabət aparır. Ümumiyyətlə, Çin bir çox göstəricilərinə görə (ixrac məhsulları, valyuta ehtiyatları, fond birjalarındakı əməliyyatlarının həcmi və s.) bu gün dünyada yalnız ABŞ və Yaponiyadan geridə qalır. Geosiyasi əhəmiyyətinə görə Asiya qitəsi ölkələri müasir dünya siyasətinin əsas diqqət mərkəzindədir. Qitənin əmək resursları, satış bazarları, xammal ehtiyatları, nəqliyyat-kommunikasiya imkanları, geostrateji baxımdan mühüm ərazi xarakteristikası və nəhayət, texnoloji inkişafı həm Avropa Birliyi ölkələrini, həm də Amerika Birləşmiş Ştatlarını çox ciddi maraqlandırır. XX əsrin son 20 ilində ABŞ və Avropa Birliyi ilə yanaşı, dünyanın qloballaşması prosesində öz dəst-xətti və cəlbediciliyi ilə seçilən güc mərkəzlərindən biri də Şərqi və Cənub-Şərqi Asiyanın inkişaf etmiş yeddi ölkəsinin daxil olduğu iqtisadi blokdur. Regionun Yaponiya, Çin, Tayvan, Cənubi Koreya, Sinqapur və Malayziya kimi ölkələri, sözün həqiqi mənasında, dünyanın iqtisadi rəqabət meydanından Avropanın böyük dövlətlərini sıxışdıraraq, Asiyanı və Sakit okean hövzəsini dünyanın ən güclü iqtisadi mərkəzlərindən birinə çevirmişlər. Bu dövlətlər qısa müddətdə dünya iqtisadiyyatında elə bir sürətli inkişafa nail olmuşlar ki, ekspertlər yaxın illərdə bu mərkəzin ABŞ və Avropa Birliyi kimi nəhəngləri geridə qoyacağını proqnozlaşdırır. Şərqi və Cənub-Şərqi Asiya ölkələrinin payı dünyanın ümumi daxili məhsul istehsalında 1950-ci ildəki 4%-dən 1995-ci ildə 25%-ə yüksəlmiş, 2005-ci ildə isə bu həcmin 40-50% yüksələcəyi proqnozlaşdırılır. Şərqi və Cənub-Şərqi Asiya dövlətlərinin yaratdığı Asiya-Sakit okean iqtisadi və texnoloji məkanı, hazırda nəinki dünyanın digər adi dövlətləri, hətta ABŞ və Avropa Birliyi ölkələri üçün də çox cəlbedici mahiyyət kəsb edir. Qloballaşmanın ABŞ və Avropa Birliyi kimi supermərkəzləri müəyyən sahələrdə Şərqi və Cənub-Şərqi Asiyaya həm inkişaf sürətinə, həm də texnoloji yeniliyə görə uduzur.

Şərq-Qərb münasibətləri

Şərqi və Cənub-Şərqi Asiya dövlətlərinin iqtisadi inteqrasiya, investisiya, əməkdaşlıq və digər məsələlərini tənzimləmək məqsədilə bu ölkələr Sakit Okean İqtisadi Əməkdaşlıq Konfransı, Sakit Okean İqtisadi Əməkdaşlıq Şurası, Cənub-Şərqi Asiya Dövlətlərinin Siyasi-İqtisadi Təşkilatı və s. birliklər yaradıblar. XX əsrin 50-60-cı illərində müstəmləkəçilik sisteminin dağılması prosesi bu bölgədə yaşayan xalqlara öz müstəqil dövlətlərini yaratmaq və milli iqtisadiyyatlarını inkişaf etdirməyə imkan yaratdı. Dünya siyasətində bitərəf mövqe tutan və ideoloji bloklaşmada iştirakdan imtina edən bu dövlətlər 1967-ci ildə Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyası (ASEAN) adlanan hökumətlərarası birlik yaratdılar. Birliyin 5 üzvü - İndoneziya, Malayziya, Sinqapur, Tailand, Filippin öz aralarında sərbəst ticarət münasibətləri rejimi yaradaraq inteqrasiyaya doğru ilk addım atdılar. 1984-cü ildə bu təşkilata Bruney, sosializm düşərgəsinin dağılmasından sonra 1995-ci ildə Vyetnam, Laos və Birma dövlətləri qoşulur. ASEAN yarandığı gündən üzv dövlətlər arasında sosial, iqtisadi, mədəni əlaqələrin yaranması və inkişafı, azad ticarət və böyük dövlətlərin iqtisadi müdaxilələrindən birgə qorunmaq regionda sülhü, sabitliyi təmin etmək kimi mühüm vezifələrin icrasına başlamışdır. ASEAN-ın idarəetmə strukturu - üç ildə bir dəfə rəsmi, ildə bir dəfə qeyri-rəsmi şəkildə dövlət başçılarının toplantısından (ali qərarverici orqan), hər dəfə bir ölkədə keçirilən xarici işlər nazirlərinin illik yığıncağından və yığıncaqlararası ildə bir neçə dəfə sahə nazirləri və idarələrinin (iqtisadiyyat, maliyyə, gömrük, enerji, nəqliyyat, kənd təsərrufatı və ekologiya, turizm, əmək, miqrasiya, sosial təminat, təhsil və informasiya) mütəmadi keçirilən toplantısından ibarətdir. Hər bir üzv dövlətdə ASEAN-ın milli katibliyi mövcuddur ki, bu orqan qəbul olunmuş ümumi qərarların icrasına nəzarət edir. Milli katibliklərin rəhbərləri, ASEAN-ın baş katibi və hər üzv ölkənin xarici işlər nazirləri - birlikdə təşkilatın Daimi Komissiyasını təşkil edir ki, bu da ölkələrarası cari inteqrasiya proseslərinin planlaşdırılması və koordinasiyası ilə məşğul olur. ASEAN-ın mərkəzi katibliyi İndoneziyanın paytaxtı Cakarta şəhərində yerləşir və dörd əsas sahə bürosundan ibarətdir. ASEAN yaranışında siyasi-iqtisadi təşkilat kimi fəaliyyət göstərsə də, hazırda daha çox regional inteqrasiya funksiyalarını icra edir. 1990-cı illərdən başlayaraq ölkələr arasında ticarət-iqtisadi, maliyyə-vergi, tarif, istehsalat kooperasiyası, sosial-əmək resursları, kapital, investisiya, mal, texnologiya, təsərrüfat maraqlarının unifikasiyası və sairə qarşılıqlı fəaliyyət sahələrinin vahid standartlarının yaradılması və icrası ilə məşğul olur. Yaponiya və ABŞ ASEAN-ın region çərçivəsində həyata keçirdiyi inteqrasiya prosesinə qoşulması bu bölgənin dünyanın ən böyük bir dövlətlərarası regional təsərrüfat-iqtisadi kompleksinə çevrilməsinə təkan vermişdir. ASEAN ölkələri hazırda dünyanın inkişaf etmiş sənaye ölkələri sırasından keçən əsrin ən nəhəng ölkələrini, xüsusən, Avropa dövlətlərini sıxışdırmaqdadır. Bu ölkələr qısa zaman çərçivəsində daxili sabitlik şəraitində öz əmək və istehsalat resurslarını səfərbər etməyin, istehsalı yeni texnologiya əsasında qurmağın və iqtisadi inkişafın əsil nümunəsini göstərirlər. XX əsrin sonu, XXI əsrin əvvəllərindən başlayaraq, ASEAN öz sərhədlərini genişləndirərək (eninə inteqrasiya) daha geniş bir regiona Asiya-Sakit okean iqtisadi məkanına inteqrasiya olunmağa başlayır. 1989-cu ildə Avstraliyanın təşəbbüsü ilə yaradılan Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatı (ASİƏT) həm ASEAN, həm də NAFTA ölkələrinin ümumi marağını kəsb etdiyindən, hər iki blok daha geniş məkanda inteqrasiya olunmaq təşəbbüsünə qoşulur. Qısa zamanda, ASİƏT-ə Birma və Laos istisna olmaqla, bütün ASEAN ölkələri, NAFTA üzvləri, Yaponiya, Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya, Çin, Honkonq, Tayvan, Çili, Yeni Qvineya, ada dövlətləri və Rusiya (1997) qoşulur. ASİƏT-in tərkibinin belə sürətlə genişlənməsi müəyyən təşkilati və tənzimlənmə problemi yaratdığına görə, 1997-ci ildə bu quruma üzvlük üçün müəyyən məhdudiyyətlər tətbiq edilir. 10 il müddətinə ASİƏT-ə yeni üzvlərin daxil olmasına moratorium qoyulur.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA