Muxtar Respublikadan əks-həmlə: BAXCP-nin “ağır artilleriyası”na qarşı Samir Adıgözəlli müdafiəsi

  • 2019-02-28 08:40:42
  • |

Muxtar Respublikadan əks-həmlə: BAXCP-nin “ağır artilleriyası”na qarşı Samir Adıgözəlli müdafiəsi

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev-Muxtar Respublika söz savaşına hər gün yeni adlar qoşulur.

“Hürriyyət” xəbər verir ki, dünən BAXCP-nin öz “ağır atrilleriyası” – Niyaməddin Orduxanlını savaş meydanına çıxarması cavabını çox gözlətmədi. Qəribədir ki, bu dəfə səhnəyə Naxçıvanla əlaqəsi olmayan, İctimai Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Mərkəzinin sədri Samir Adıgözəlli çıxdı. Samir Adıgözəllini dünən paylaşdığı facebook statusundakı bu cümlə də onun Niyaməddin Orduxanlıya cavab vermək üçün önə çıxdığını təsdiqləyir:

“...yaxşı olar ki, Həsənquliyev onu-bunu söydürmək üzrə ixtisaslaşdırdığı və Naxçvan barədə zərrə qədər də məlumatı olamayan adamlarını bu işdə önə verməsin”.

Mərkəz sədri sözügedən statusunda Qüdrət Həsənquliyevi olduqca təhlükəli bir oyuna girməkdə günahlandıraraq, ona bəzi suallar ünvanlayıb. Sualların qoyuluşu, bəzi ittihamların ağırlığına baxmayaraq, moderator tərəfsizliyi adına Samir Adıgözəllinin fikirlərini oxucularımızın diqqətinə çatdırır və hesab edirik ki, bu cür polemikalar kimin kim olduğunu, hansı tərəfdə yer aldığını müəyyənləşdirməyin ən gözəl yoludur. O kəslər daha qorxuludur ki, mövqeyini ortaya qoymur, altdan-altdan işlər görür. Mərhum Heydər Əliyev demişkən, indi “movqeyi” ortaya qoymaq zamanıdır.

Samir Adıgözəllinin statusu:

“Necə gündür Qüdrət Həsənquliyevin birdən-birə, əsl səbəbini hələ də açıqlamadığı bir qovğasını izləməyə məhkumuq. Maraqlıdır ki, Qüdrət Həsənquliyev bu davanı bir vaxtlar sıravi əsgər kimi qulluqlarında durduğu, onları hətta məmurlardan da ifrat dərəcədə təriflədiyi Naxçıvan rəhbərliyinə qarşı aparır. Tam məsuliyyəti ilə deyirəm ki, Qüdrət Həsənquliyev Naxçıvan əhalisinin adı ilə şəxsi oyununu oynamaq qədər təhlükəli bir işə girişib. Ona görə təhlükəli deyirəm ki, Qüdrət Həsənquliyev hətta Naxçıvanın statusunu müzakirəyə çıxarır, həmin subyektin güya mərkəzi hakimiyyətlə hesablaşmadığına dair dövlətin dayaqlarını sarsılda biləcək tərzdə açıqlamalar verir.

Qüdrət Həsənquliyevə sual verirəm: niyə məhz indiki məqamda Naxçıvanın “problemləri” onun yadına düşdü? Desin görək, bəlkə elə bir özəl xahişi olub ki, onu Naxçıvan rəhbərliyi eşitməyib. Hətta olubsa belə, bu incikliyi siyasi qarşıdurmaya çevirməyə dəyərdimi?

Qüdrət Həsənquliyev siyasətdən qazancla çıxan adamdır. Özünə kifayət qədər varidat toplayıb. Mənim kimi kirayədə qalmır. Onun Bakıda və Türkiyədə sərmayə qoyduğu sahələr var. Naxçıvandakı işsizlikdən danışır. Mən ona sual verirəm: ay Qüdrət bəy, sən heç olmasa həmin obyektlərdən birini öz doğma kəndində açardın ki, 3-4 nəfər işləyib ailəsinə çörək aparardı. Bəlkə belə bir təşəbbüsün oldu, sənə Naxçıvan rəhbərliyi icazə vermədi?

Qüdrət Həsənquliyev mənim doğulub, boya-başa çatdığım Ordubaddan deputat seçilib. Əminliklə deyirəm ki, onun Ordubadda zərrə qədər də hörməti yoxdur. Mənim atam orda yaşayır. Özü də fəal adamdı. Deyir ki, bir dəfə də olsun Qüdrəti oralarda görməyib. Atam onu heç Bakıda da yaxalaya bilməyib. Abel Məhərrəmov məni yazdığım məqaləyə görə şərləyib həbs etdirəndə, atam deputat kimi Qüdrət Həsənquliyevlə görüşüb dərdini ona demək istəyirmiş. Ağsaqqalı aldadıb, dal qapıdan qaçmışdı. Həmin vaxt atamı naxçıvanlı deputat Həsənquliyev yox, əslən Füzulidən olan İqbal Ağazadə qəbul edib dinləmişdi.

Qüdrət Həsənquliyev Naxçıvandakı partiya üzlərinin hardasa təmsil ola bilməməsindən də narazılıq ifadə edir. Düz deyir, Naxçıvanda onun partiyasının üzvlərinə bələdiyyədə təmsil olunub, torpaq satmaq kimi şəraiti heç kimi yaratmayıb. Deyir ki, orda “Asan Xidmət” yoxdur. Vallah, tam məsuliyyəti ilə deyirəm ki, ordakı qurumların hamısı “Asan” rejimdə işləyir. Bir də, yaxşı olar ki, Həsənquliyev onu-bunu söydürmək üzrə ixtisaslaşdırdığı və Naxçvan barədə zərrə qədər də məlumatı olamayan adamlarını bu işdə önə verməsin. Özü yaratdığı ajiotajdan doğan əks-sədaya özü də cavab versin.

Hiss edilir ki, Qüdrət Həsənquliyev bu məsələni kampaniyaçılığa çevirməkdə maraqlıdır. Siyasətdə belə çılız gedişlərlə xal qazanmaq olmur, olan-qalan hörmətinizi də xərcləmiş oldunuz...”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA