Muzeylər bizə nə üçün lazımdır? - Təkcə kiminsə maaş alması üçünmü...

Muzeylər bizə nə üçün lazımdır? - Təkcə kiminsə maaş alması üçünmü...

16 mart İsrafil Məmmədovun doğum günü idi. İnternetdə, vikipediyada yazılanlara inansaq, qəhrəman məhz bu gündə anadan olub. Həmin gün qəhrəmanın 100 yaşı qeyd olunmalı idi. Lakin qeyd etmədilər. Dedilər 30 may tarixində qeyd ediləcək. Lakin bu da baş vermədi. Mədəniyyət İdarəsi Təhsil İdarəsinə ümid oldu. Muzey Mədəniyyət Nazirliyindən razılıq gözlədi. Onlar Müdafiə Nazirliyindən cavab gözlədi… Nələr, nələr oldusa, heç kim nədənsə, bu tədbirə qol qoymadı. Sanki bu muzey Mədəniyyət Nazirliyinin deyil, kiminsə, başqa əlaqədar təşkilat və qurumların razılığı əsasında 100 illiyi keçirtməli idi. Əgər qəhrəmanın adını belə ucuz tuturlarsa, insanları niyə aldadırlar ki? Muzeyi bağlasınlar, vəssalam!

Bir muzey ki, qəhrəmanın məhz hansı tarixdə dünyaya gəldiyini aydınlaşdıra bilmirsə, o muzeyin səmərəli fəaliyyəti də şübhə altında olmalıdır. Onun adını daşıyan məktəblərdə təşkil olunan guşə və stendlərdə bu tarix 30 may kimi göstərilir. Nə muzey işçiləri, nədə ki, adını daşıdığı məktəblər onun doğum tarixi ilə bağlı dəqiq məlumata malik deyillər. Bununla heç maraqlanan da yoxdur. Belə bir təəssürat yaranır – xalqımızın bu əfsanəvi oğlu, Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı, Gəncəmizin əbədi fəxri – İsrafil Məhərrəm oğlu Məmmədov artıq yaddan çıxarılıb? Bəlkə, bizə artıq belə əfsanəvi qəhrəmanlar lazım deyil?

Çoxları deyə bilər bizim Qarabağ şəhidlərimiz vardır. Bu, bizim müharibə olmayıbdır. Əlbəttə ki, bu, yalnış fikirlər olardı. II Dünya müharibəsi də xalqımızın tarixinin ayrılmaz hissəsi olaraq qalır. Bu müharibədə xalqımız 350 mindən çox itki verib. Və minlərlə ailələrdə bu müharibədən qayıtmayan atalar, əmilər, dayılar anılır. İnsanların gözü hələ də bu qəhrəmanların getdiyi yoldadır.

Qalina İsrafil qızı Məmmədova: - Son 35 ildə Azərbaycandan heç kim bizimlə maraqlanmayıb. Sanki biz heç həyatda yoxuq…

Müasir şəraitdə cəmiyyətimizin həyatında vacib dəyişikliklər gedir. Müstəqillik qazanan Azərbaycan daim inkişafa can atır. Bunu həyatımızın bütün sferalarında hiss etməkdəyik. İnkişaf perspektivlərini təyin edən və onun həyata keçirilməsində böyük rola malik olan bir çox vacib amillər mövcuddur ki, onlar həyatımızın ayrılmaz – tərkib hissəsi, həyat meyarıdır. Bunların arasında yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsi həmişə cəmiyyətimizin diqqət mərkəzində saxlanılan vacib məsələlərdən biri olaraq qalacaqdır.

Biz böyüklər uşaqlara yaşadığımız şəhərin tarixi keçmişi, adət-ənənələri, qonaqpərvərliyi, abidələri, gözəl insanları, ziyalıları, qəhrəmanları ilə öyünməyi və fəxr etməyi öyrətməyə borcluyuq. Hərbi-vətənpərvərlik tərbiyəsi də vətənpərvərlik tərbiyəsinin tərkib hissəsi kimi vacib tərbiyəvi üsullardan biridir. Təhsil ocaqlarında, xüsusilə də orta məktəblərdə çalışan pedaqoqlar bu sahədə gərgin iş aparmalı, vətənə məhəbbət, doğma diyara məhəbbət hisslərini formalaşdırarkən şagirdlərdə bu hissləri alovlandırmaq üşün bütün vacib metod və üsullardan istifadə etməyə çalışmalıdırlar. Bu məqsədlərə çatmaqla, tərbiyəvi işi onları əhatə edən sosial həyatla əlaqələndirir, təlim-tərbiyə prosesinin məzmununu, özündə əxlaqi-mənəvi, vətəndaş və vətənpərvər keyfiyyətlərini daşıyan, vətənimiz üçün nümunəvi insanların yetişdirilməsinə yönəldirlər.

Vətənpərvər vətəndaşların yetişdirilməsində qəhrəmanlara həsr olunan muzeylərin də böyük rolu vardır. Bu muzeylərin biri də Gəncə şəhərində fəaliyyət göstərən, Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun ev muzeyidir. Muzey yarandığı gündən yeniyetmə və gənclərin, ziyalıların, şəhər əhalisinin daim ziyarət etdiyi sevimli bir məkan olub və indi də böyüməkdə olan gənc nəslin vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsində böyük rola malikdir Bu səbəbdən muzey bu gün də öz əhəmiyyətini itirməyib. İsrafil Məmmədovun bir qəhrəman və vətənpərvər kimi həyatı Gəncəlilərin yaddaşından silinməyib, insanların şüurunda dərin iz buraxıb. O, gənclərimizə həmişə bir nümunə, xalqımızın fəxri və qüruru olmaqda qalacaq, Vətənimiz onun adı ilə həmişə fəxr edəcəkdir.

Müasir cəmiyyətdə muzey tək elmi-maarifləndirici müəssisə deyildir, həm də şəxsiyyətin inkişafı və təlim-tərbiyəsində böyük rol oynayan mədəniyyət ocağıdır. Muzeydəki eksponatlar gənc nəslin intellektual düşünmə qabiliyyətini artırır. Buradakı hər bir ekspozisiya onlara bilik verir, onları düşündürür, vətənpərvərlik hissini alovlandırır. Onlar qəhrəmanlara, onların keçdiyi döyüş yoluna, həyatına qiymət verməyi öyrənirlər. Bu ekskursiyalar zamanı uşaqlar qəhrəmanın göstərdiyi şücaət, qəhrəmanlıq, igidlik, Vətənə olan sonsuz məhəbbəti haqda geniş təsəvvürlərə mailk ola bilirlər. Həmçinin muzeydə şəkilləri yer alan, şəhərimizin fəxri sayılan digər veteranlar haqqında qəzet və yazılarla, II Dünya Müharibəsinə aid olan eksponatlarla tanış olmaq imkanını da əldə edir, qəhrəmanın şəxsi əşyaları, həyatı və döyüş yolunu əks etdirən foto şəkillərlə tanış ola bilirlər.

İllər ərzində muzeyin bazasında müxtəlif ekskursiyalar təşkil olunub. Hal-hazırda da burada əmək və müharibə veteranları ilə görüşlər təşkil olunmaqdadır. Muzeydə təşkil olunan bu tədbirlərin və bu görüşlərdən alınan təəssüratların gənc nəslin vətənpərvərlik tərbiyəsində rolu əvəzedilməzdir və onların təlim-tərbiyəsinə bir tövhədir. Böyük Vətən Müharibəsi qəhrəmanlarına həsr olunan eksponatlar öz əhəmiyyəti ilə hərbi-vətənpərvərlik tərbiyəsində sonsuz mövzudur. Muzeyə təşrif gətirən insanlar qəhrəmanın yaşadığı dövrə səyahət edir, müxtəlif hadisələri tutuşdurur, təhlil edir, qəhrəmanın göstərdiyi rəşadəti və qəhrəmanlıqla dolu döyüş yolu haqqında informasiyaya malik olur, əsl sənədlərlə əyani tanış ola bilirlər.

Vətənpərvərlik tərbiyəsi haqqında danışarkən onu da xüsusilə qeyd etmək lazımdır ki, müharibə şəraitində yaşayan ölkəmizdə bu tərbiyə həmişə önə çəkilməli, gənclərimizin bu ruhda tərbiyə olunması günün vacib tələbinə çevrilməlidir. Bu gün görülən işlər sabah mütləq öz sevindirici nəticələrini verəcəkdir. Vətənpərvər, işgüzar, sağlam ruhlu və əqidəli gənclər yetişdirməklə biz stabil cəmiyyətin qurulmasına və inkişafına da tövhə veririk.

Bununla belə, muzeydə hər şey ürəkaçandırmı?

Apardığımız araşdırmalar belə bir qənaətə gəlməməyə imkan verir. Kiçik bir məkanda bir neçə işçisi olan muzey qəhrəmanla bağlı heç bir iş görmək iqtidarında və həvəsində olmadığını həmişə ortaya qoyub. Məsələ ilə bağlı verdiyimiz suallar da muzeyin əslində elmi işçiləri sayılan, lakin həqiqətdə diletant səviyyəsində belə biliyi olmayan işçilər tərəfindən həmişə cavabsız qalıb. İsrafil Məmmədovun həqiqətdə doğum gününün hansı aya və günə təsadüf etdiyini belə aydınlaşdıra bilməyən muzey direktoru Eldəniz Babayev və onun yeddi işçisi, əlbəttə ki, qəhrəmanın ailəsinin, qızlarının sonrakı taleyi barədə də heç bir məlumata malik olmayacaqdır. Aydın məsələdir ki, onlarla sıx əlaqə saxlamaq, onların həyatı və taleyi barədə hər bir məlumata malik olmaq, elmi araşdırmalar aparıb bu məlumatları muzeyə təşrif gətirənlər ilə bölüşmək muzeyin elmi işçisi və fond müdirinin birbaşa vəzifəsidir. Amma bu vəzifə borcu, deyəsən, illərlə muzeydə boş-boşuna oturub (yada günlərlə işə gəlməyərək) yalnız maaş günlərini gözləyən işçilər üçün əlçatmaz və lüzumsuz bir vaxt itkisi kimi görsənir. Bu işi görmək istəyən insanların hamısı onların “gözünün düşməni”dir. Şəxsən mən İsrafil Məmmədovun 100 illiyi ilə əlaqədar sənədli film çəkib, kitab yazan insan kimi onlardan yazıçı üçün lazım olan heç bir məlumatı ala bilmədim. Bunun əvəzində arxamızca min bir şaiyələr danışılıb, bizə bu işdə köməklik göstərə bilən bütün insanları bezdirib qaçırdılar. İ. Məmmədovun 100 illiyi ilə bağlı kitabın yazılıb ərsəyə gətirilməsində min bir maneələr yaratdılar.

Müzey işçisi olmaq təkcə bu məkana gəlib-getməklə bitmir. İsrafil Məmmədovun ev muzeyində işə yarıtmaz fəaliyyət sözün əsl mənasında öz işinə cinayətkar yanaşmadır. Havayı maaş almaqla, aylarla işə gəlməyərək dövlətə illərlə külli miqdarda ziyan vurulub. Bu məsələ gündəmdə olmalı, Mədəniyyət Nazirliyi muzeylə bağlı təxirəsalınmaz işlər görməlidir. Bunun əvəzində nə görürük, qəhrəmanın 100 illiyi ilə əlaqədar muzeydə təşkil olunan “Dönməz iradə” adlı seminarda Eldəniz Babayev Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev tərəfindən fəxri fərmanla təltif edilib.

Muzey fəaliyyəti təkcə ora təşrif buyuran, qəhrəman haqqında müəyyən bilgilər almaq istəyən insanlara rabitəsiz cümlələr ilə fantaziya dolu əhvalatlar danışmaqdan ibarət deyildir. Onlar burada öz savadını, biliyini biruzə verməli, onları dinləyən insanlara dəqiq məlumatlar verməli, məhz bu yolla muzeyi ziyarət edən insanlara dərin hörmətini nümayiş etdirməlidirlər. Əks təqdirdə, savadlı insanların əksəriyyəti özünü təhqir olunan hesab edirlər. Gəncə kimi böyük şəhərdə muzeyə belə münasibət qəhrəmansevərlər üçün həqarət, bir təhqirdir. İllər uzunu qəhrəmanın şəkillərinin asıldığı guşə ikinci mərtəbədə yerləşən mənzilin “kanalizasiya suyu”nun hücumuna məruz qalıb. Otağa girən insanların diqqətini ilk cəlb edən bu şəkillərin asıldığı məkandan gələn ürəkbulandırıcı qoxudur.

Ürək bulandıran təkcə bu deyildir. Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı kimi tarixə düşən İsrafil Məmmədovun qızlarının taleyi ilə maraqlanmayan Ev muzeyin rəhbərliyi, onun yaxın qohumları, sözün əsl mənasında xəcalət çəksə yaxşıdır.

Söz arası: Bunu etmək heç də çətin deyildir. Sadəcə zəhmətə qatlaşıb onun yanına getmək, axtarıb tapmaq lazımdır.

Necə ki, biz etdik! Velikiy Novqoroda, qəhrəmanın artıq 40 ilə yaxın bir dövr ərzində yaddan çıxarılan qızlarının axtarışına çıxmaqla, uzun, ağır, lakin şərəfli bir yol keçdik. Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun qızı Qalina Məmmədovanı uzun axtarışlardan sonra tapdıq və müsahibə aldıq. İlk anlarda inanmadı, sanki onunla pis zarafat edildiyini düşündü. Artıq gözləri yaşaranda, biz necə bir gözəl işə qol qoyduğumuzu anladıq.

Qalina Məmmədovanın “Bizimlə vətənə getmək istərdinizmi? Biz sizin bütün yol xərcinizi ödəyərik” sualina cavabı isə belə oldu: “Yox, yəqin ki, məni orda heç kim gözləmir. Mənim heç nəyə ehtiyacım yoxdur. Yaxşı təqaüd alıram. Bu mənə bəs edir. Lazım olsaydı, qohumlarım, bizi xatırlamalı, əziz tutmalı olan insanlar bizimlə bu illər ərzində maraqlanardılar!..”.

Və biləndə ki, orda həqiqətən də onları axtarıb tapmaq istəyi ilə alışıb-yanan insanlar var, sözün düzü, kövrəldi və məmnuniyyətlə söhbəti davam etdirdi…

Ruhulla Zahidov,

yazıçı-jurnalist

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA