MƏZLUMLUQDAN MÜBARİZLİYƏ DOĞRU - Gürcü cəmiyyətinə inteqrasiya olmaqla yanaşı, milli kimlik dərdimiz

MƏZLUMLUQDAN MÜBARİZLİYƏ DOĞRU - Gürcü cəmiyyətinə inteqrasiya olmaqla yanaşı, milli kimlik dərdimiz

Gürcüstanın ümumi əhalisi 3 milyon 723 min 500 nəfərdir. Bunun da yarim milyonunu milli azlıq hesab edilən azərbaycanlılar təşkil edir. 10 ildir ki, deyirik ki, sayımız yarım milyondur. Bəs təəcüblü gəlmirmi ki, bu 10 ildə heç artım olmayıbmı? Nəzərə alsaq ki, ailədə çoxuşaqlı olmağa üstünlük verən də, erkən evliliyin qurbanı olan da bizik . Ancaq, sayımızın artan xətlə deyil, 10 illərdir ki, stabil qalması nədənsə bir qədər təəccüblü gəlir. Əhalinin rəsmi olaraq siyahıya alınması da (census.ge) 2014-cü ildən bu yana aparılmır. Soruşanda da səbəb olaraq deyirlərlər, o qədər tolerantıq ki, Gürcüstan əhalisini milli, etnik azlıqlara ayırmırıq, hamımız eynihüquqlu ölkə vətəndaşlarıyıq. Səbəb doğrudan budurmu, yoxsa sayımız o qədər artıb ki, artıq rəsmi rəqəmi dilə gətirmək belə vaxtilə “Gürcüstan gürcülər üçündür” deyənlərin davamçılarını hürküdür. Yeri gəlmişkən biz etnik azlıq deyilik, öz tarixi torpaqlarımızda yaşayırıq, bu torpağın aborigen əhalisiyik.

Gürcüstanda bizim hüquqlarımız necə qorunur?

Avropaya İnteqrasiya yolunu seçmiş Gürcüstanın bu yolu başa vurması üçün üzərinə götürdüyü əsas öhdəliklərindən biri də ölkəsində yaşayan etnik azlıqların hüquqlarının qorunması, hörmətlə yanaşmasıdır. Avropaya inteqrasiya üçün öhdəliklər bir kənara qalsın, Gürcüstan hökümətinin təhsil ilə bağlı qanunvericiliyinə əsasən etnik azlıqlar öz ana dillərində təhsil almaq imkanları ilə təmin olunub. Bəs bizim hüquqlarımız necə qorunur? Ölkədə yaşayan ən böyük etnik azlıq kimi ANA dilimizdə təhsil almaq hüquqlarımız ilbəil necə qorunub saxlanılır?

1989-cü ildə Gürcüstanda 183 Azərbaycan məktəbi fəaliyyət göstərirdi. 2019-cü ildə 117 məktəb qaldı (117 məktəbdən 80-i Azərbaycan, 37-si isə sektor/bölmə məktəblərdir (azərbaycan/gürcü, azərbaycan/gürcü/rus bölmələri)). Konkret bir addım atılmasa, bu şəkildə davam edərsə 4-5 ilə bu məktəblərin kütləvi bağlanması qaçılmazdır.

Məktəblərin bağlanması səbəbi kimi təhsil keyfiyyətinin aşağı olması, infrastrukturun müasir tələblərə cavab verməməsi, bəzi məktəblərin qəzalı vəziyyətdə olması və s. göstərilsə də, ən başlıca səbəblərdən biri kadr çatışmamazlığıdır.

1935-ci ildə Pedaqoji Texnikum kimi təsis olunan, 1946-ildən institut statusu alan A.S.Puşkin Tbilisi Dövlət Pedaqoji İnsitutu vaxtilə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllimlər yetişdirirdi. Sonralar Sulxan-Saba Orbeliani, indi isə İlia Çavçavadze adına Tbilisi Dövlət Universiteti adlandırılan bu ali məktəbdə 2010-cü ilə qədər bu ixtisas üzrə kadrlar hazırlanırdı. Azərbaycan bölməsinin bağlanmasının səbəbləri nə oldu? Bu fakültənın işçiləri, müəllimləri, məzunları, o vaxtkı və indiki millət vəkillərimiz Azərbaycan bölməsinin bağlanmasına necə imkan verdilər, bununla necə barışdılar? Azərbaycan bölməsi bağlandıqdan sonra yenidən açılması üçün nə üçün cəhd edilmədi? Bu başqa bir mövzudur, siz bunun səbəblərini fikirləşin.

Biz Gürcüstan dövlətinin vətəndaşlayırıq və yaşadığımız ölkənin qanunlarını qəbul edir və doğma torpaqlarımızda yaşamaqdan da qürur duyuruq. Gürcüstan dünyada öz etnik tərkibinə görə qürur duyulası bir dövlətdir. Yəni “monoetnik” dövlət siyasəti burada heç bir zaman baş tuta bilməz. Gürcüstanın beynəlxalq qanunvericliklə bağlı qəbul etdiyi bütün qanunları, özəlliklə bu ölkədə yaşayan bütün xalqların milli və dini kimliyin dəyər verməsi qürur duyulası mühüm faktorlardan biridir. Ancaq, bir sıra boşluqların hüquqi əsaslarının təməl prinsiplərinə əməl edilməsini gözdən qaçırmaq da olmaz. Xüsusilə də azərbaycanlıların yaşadıqları bölgələrdə ana dilində təhsil almaq, mədəni təsisatlarına sahib çıxmaq hüquqları tanınmalıdır. Orta məktəblərimizdə ana dilində təhsil almaq və bunun üçün yerli kadrların hazırlanması xüsusilə önəmlidir. Bizlər Avropa Birliyi, Avropa Şurası və digər beynəlxalq konvensiyaları qəbul etmişiksə, bir dövlət olaraq Gürcüstan bütün bunlara imza atması həm də öz reallığını ortaya qoymalıdır. Bu mövzunun indiki məqamda qabardılması heç də etnik ayrımçılıq hədəflərinə hesablanmayıb. Ölkənin ərazi bütövlüyü və xalqların hüquqlarının tanınması baxımından bu çox vacibdir.

Ermənilərə tanınan hüquqlar və biz

Mən eyni ölkədə yaşayan, sayca bizdən qat-qat az olan digər millətin nümayəndələrinin necə fəal olmasını siz bəndələrə ərz edim. Gürcüstanda 131 erməni məktəbi var və bu məktəblərin gələcəkdə bağlanma təhlükəsi sıfıra bərabərdir. İ. Cavaxişvili adına Tbilisi Dövlət Universitetində "ermənişünaslıq" ixtisası üzrə gənclər təhsil alır, qədim və müasir erməni dilini, Ermənistanın tarixini, mədəniyyətini öyrənirlər. Biz isə Gürcüstanda sayımızın çox olmasına, çoxluq təşkil edən etnik azlıq (etnik azlıq da deyilik, öz tarixi torpaqlarımızda yaşayırıq) olanımızı da itirə-itirə gedirik. 1990-cı ildə ermənilərin sıx yaşadığı Samtsxe Cavaxeti regonunda İvane Cavaxaşvili Tbilisi Dövlət Universitetinin Axalkalaki filialı yaradıldı. 2014-cü ildə isə filial Samtsxe Cavaxeti Dövlət Universiteti kimi rəsmi qeydiyyata alındı.

Azərbaycan tarixi Gürcüstandakı azərbaycandilli orta məktəblərdə tədris olunmur. Bu bizim bədbəxtçiliyimizdir. Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti Uzun Həsəni, Mehdi Hüseynzadəni, Əhmədiyyə Cəbrayılovu, Ziya Bünyadovu, Süleyman Əlyarlını tanımırlar. Tomirisi, Sara Xatunu tanımırlar, Gürcüstanda anadan olan N. Nərimanovu və digər azərbaycanlı görkəmli dövlət xadimlərini belə tanımırlar. Bir tək Azərbaycan dili və Ədəbiyyatı fənnində şagirdlər az-çox Azərbaycanla bağlı nəsə öyrənirlər və mədəniyyətimizi, tariximizi, ədiblərimizi əlaqəli şəkildə mənimsəyirlər. Gürcüstanda Azərbaycan məktəblərinin sayı ilbəil azalır. Bir çox Azərbaycan məktəblərində gürcü sektorları açılır və daha sonra isə kadr çatışmamazlığı ucbatından azərbaycan sektoru bağlanıb. Bir tək gürcü sektorunu saxlayırlar. Beləliklə də uzun müddətli düşünülmüş siyasət nəticəsində bir neçə ilə bir dənə də Azərbaycan məktəbi qalmayacaq. Və sonda fransızlar demişkən "VUALA", it də getdi, ip də...
Kadr çatışmamazlığı pensiya, təqaüd yaşına çatmış müəllimlərin “mədəni” surətdə işdən çıxarılması ilə daha da kəskin hiss olunmaqdadır (gözünüz aydın ikinci axın “işdən çıxarılma prosesi” noyabr ayında da olacaq).

"Bir millətin ki, dili batdı, onda o millətin özü də batar. Çünki bir millətin varlığına, isbati-vücud etməsinə səbəb onun dilidir". Həsən bəy Zərdabi.

Bu gün yaşanan problemlər bir tək Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin çatışmamazlığı ilə bağlı deyil. Digər riyaziyyat, fizika, kimya, biologiya, tarix və s. kimi fənləri tədris edən Azərbaycandilli müəllimlər də çatışmır. Azərbaycandilli media, jurnalistika, mətbuat, teatr ağrılı yerimizdir, bu sahələrin ciddi dəstəyə və inkişafa ehtiyacı var. Bu yaşanan problemləri həll etməyin yeganə yolu Gürcüstanda tez bir zamanda Azərbaycan-Gürcüstan Universitetinin açılmasına nail olmaqdır.

 

Xəyallarımın universiteti:

Elə bir universitet ki, Azərbaycandilli kadrlar yetişdirəcək (riyaziyyat, fizika, tarix, Azərbaycan dili və ədəbiyyatı, kimya, coğrafiya və s.). Bu kadrlar gələcəkdə Azərbaycan məktəblərində dərs deyəcəklər. Bəzi kadrlar isə universitetdə qalıb magistratura və doktoranturada təhsillərini davam etdirib, sonradan bu universitetdə dərs deyəcəklər. Azərbaycan dilli kadrlar oxuduqları müddətdə, universitetə daxil olandan, universiteti bitirənə kimi gürcü dilini də mükəmməl öyrənəcəklər. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan kadrların gürcü dili və ədəbiyyatı fənnini də tədris etmək hüququ olacaq. Beləliklə də gürcü məktəblərində də müəllim kimi işləmək imkanları da olacaq.

Elə bir universitet ki, azərbaycanlılarla gürcülər bir yerdə təhsil alacaqlar, bir-birlərinin mədəniyyətlərini, dillərini, tarix və adət-ənənələrini birlikdə öyrənəcəklər.
Elə bir universitet ki, pedaqoji kadr hazırlayan fakültədən əlavə digər fakültələr də, biznes, hüquq, sosial elmlər və s. fəaliyyət göstərəcək, təhsil gürcü və ya ingilis dilində olacaq.

Elə bir universitet ki, fakültəsindən asılı olmayaraq bütün tələbələr üçün Azərbaycan və Gürcüstan mədəniyyətini, Azərbaycan və Gürcüstan tarixini bilmək məcburi olacaq, azərbaycanlılar üçün isə əlavə olaraq gürcü dilini bilmək məcburi olacaq.

Elə bir universitet ki, Azərbaycandilli media, jurnalistika, mətbuat və teatr üzrə də kadrlar yetişdirəcək, paralel olaraq gürcü dilində də mükəmməl öyrənəcəklər bu isə mətbuatda məlumatların hər iki dildə çatdırılmasına, teatrda tamaşaların hər iki dildə oynanılmasına, ən önəmlisi də bu sahə üzrə güclü, PEŞƏKAR kadrların yetişməsinə gətirib çıxaracaq.

Elə bir universitet ki, Azərbaycan və gürcü xalqları arasında əsl dostluq münasibətlərinin inkişafına gətirib çıxaraq.

Belə bir universitetin əsasının qoyulması Azərbaycan və Gürcüstan hökumətlərinin birgə səyi nəticəsində mümkündür. Biz, Gürcüstan vətəndaşları imza toplayıb hər iki ölkənin prezident, baş nazir və təhsil nazirlərinə öz istəyimizi çatdıracağıq. Bir millət kimi yoxa çıxmaq istəmirsizsə aşağıda olan formanı hər iki dildə - azərbaycan və gürcü dilində doldurmağınız xahiş olunur. Ziyalıları, müəllimləri, valideynləri, siyasətçiləri, gəncləri, imza atmaq hüququ olan hər kəsi aktiv olmağa səsləyirəm. Gələcəyiniz üçün indidən imza atın.

Ölkədə çoxluq təşkil edən və etnik azlıq kimi, ANA dilimizdə təhsil almaq hüququmuz var. Avropaya inteqrasiya edən Gürcüstan çox gözəl bilir ki, Avropa ölkəsi İsveçrədə vətəndaşlar seçimlərindən asılı olaraq fransız, alman, italyan və ingilis dillərində orta və ali məktəblərdə təhsil ala bilərlər.

N. Nərimanovun məsələsi isə hələ də unudulmayıb, oğul istərəm bu universitetin N. Nərimanovun adını daşıması üçün yaltaqlıq, qorxaqlıq deyil, mübarizlik yolunu seçmiş olsun!
Sonda onu da qeyd etmək istəyirəm ki, bizim irəli sürdyümüz bu təkliflər etnik baxımdan ayrımçılıq ideyalarına söykənmir. Biz doğma torpaqlarımızda yaşamaq və inkişaf etmək kimi dəyərlərə önəm veririk. Azərbaycanlılar tarix boyu gürcü xalqı ilə yan-yana, çiyin-çiyinə yaşamış və bu ölkənin acılarını öz acısı kimi qəbul etmişlər. “Abxaziya”, “Cənubi Osetiya” kimi etnik bölücü siyasətləri hər zaman lənətləmişlər. Bu gün də, sabah da elə bu düşüncə ilə Gürcüstanın bir dövlət olaraq varlığına dəstək olacaqlar. O da bəllidir ki, Gürcüstan dövləti biz azərbaycanlıların sözdə deyil, əməldə təhsil hüquqlarımıza dəstək olmalıdır. Bizlər Gürcüstan ailəsinin rəngarəng mozaikasını təşkil edən, süsləndirən və ona yaraşıq gətirən palitrasının tablosunda özümlü yer tuturuq. Gürcüstanın füsunkarlı bir diyar olmasının sirri təkcə təbiəti ilə deyil, həm də burada yaşayan xalqların dəyəri ilə qiymətlidir.

Aygül İsayeva, Tiflis