Nadir Qafarzadəyə hansı maddə ilə cinayət işi açıla bilər?

Nadir Qafarzadəyə hansı maddə ilə cinayət işi açıla bilər?

Türkiyənin Kırıkkale bölgəsində 38 yaşlı Emine Bulutun keçmiş həyat yoldaşı tərəfindən dəhşətli şəkildə - övladının gözü qarşısında öldürülməsi günlərdir ki, Türkiyə ilə yanaşı ölkəmizdə də geniş müzakirələrə səbəb olub.

Azərbaycanlı müğənni Nadir Qafarzadə məsələyə münasibət bildirərkən “pis qadının başı kəsilməlidir” deyib. Bu açıqlaması Nadir Qafarzadənin kəskin tənqid olunmasına, məsələnin yenidən sosial şəbəkələrdə müzakirəsinə yol açıb. Müğənninin bu açıqlaması cinayətə təhrik etmə, qətlə dəvət kimi dəyərləndirilir.

Nadir Qafarzadə bu ifadələrə görə hüquq mühafizə orqanlarının diqqətini cəlb edibmi?

Ümumiyyətlə, qanunda belə çağırışlar edən şəxslərin məsuliyyət məsələsi əksini tapıbmı?

Hüquqşünas Əkrəm Həsənov deyir ki, Cinayət Məcəlləsinin 7-ci hissəsində “cinayətdə iştirakçılıq” anlayışı verilib:

“Bir var cinayəti törədən, bir də var cinayətin təşkil edən, cinayəti birgə törədən şəxs. Cinayətdə iştirakçılığın bir forması da təhrikdir. Kimisə bu və ya digər formada cinayəti törətməyə sövq edilibsə, təhrik edən şəxs də cinayət məsuliyyəti daşıyır. Bu gün bir kişi və ya elə bir qadın hansısa bir əxlaqsız qadının başını kəssə, həbsindən sonra desə ki, bu cinayəti ona görə etdim ki, Nadir Qafarzadə təhrik edib. Təbii ki, bundan sonra Nadir Qafarzadə məsuliyyətə cəlb olunacaq”.

Hüquqşünas deyir ki, Cinayət Məcəlləsinin 32-ci və 33-cü maddələrində cinayətdə iştirakçılığın növləri; cinayətin iştirakçılarının məsuliyyəti konkret göstərilir

32.1. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar.

32.2. Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır.

32.3. Cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır.

32.4. Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır.

32.5. Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır.

33-cü maddə - cinayətin iştirakçılarının məsuliyyəti adlanır.

33.1. Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir.

33.2. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.

33.3. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.

33.4. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti olmayan və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən şəxs, həmin cinayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində məsuliyyətə cəlb olunur.

33.5. İcraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Öz iradəsindən asılı olmayan səbəblərdən başqa şəxsləri cinayətin törədilməsinə təhrik etməyə nail olmayan şəxs də cinayətə hazırlığa görə cinayət məsuliyyətinə cəlb edilir”.

Hüquqşünas deyir ki, hazırda belə bir cinayət törədilməyib və oturub belə bir cinayətin törədilməsini gözləmək lazım deyil: “Azərbaycan Baş Prokurorluğunun təcrübəsində profilaktik tədbirlər çərçivəsində müxtəlif təbəqələrdən olan vətəndaşları çağırıb ona xəbərdarlıq edirlər. Müxtəlif yazışma, çağırışlarını cinayətə təhrik kimi qiymətləndirib xəbərdarlıq elan olunur. Baş Prokurorluq kifayət qədər bu praktikadan istifadə edir və funksiyalarından biri də elə budur ki, potensial cinayətlərin qarşısı alınsın”.

Hüquqşünas hesab edir ki, Nadir Qafarzadəyə də mütləq şəkildə belə bir xəbərdarlıq elan olunmalıdır: “Nadir Qafarzadəni çağırmalı və xəbərdarlıq etməldirlər ki, belə təhrikçi açıqlamalara son qoysun. İzah olunmalıdır ki, belə açıqlamalarla tanış olan biri sabah əxlaqsız qadına qarşı cinayət törətsə, çağırışı edən şəxs kimi Nadir Qafarzadə də məsuliyyət daşıyır”.\\Yeni Müsavat

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA