Nadir Quliyevin Bağırov haqda xatirələri... - II HİSSƏ

Nadir Quliyevin Bağırov haqda xatirələri... - II HİSSƏ

(Teyyub Qurbanın “Düşmənlərindən Güclü Şəxsiyyət” kitabından)

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/nadir_quliyevin_bagirov_haqda_xatireleri)

...Avtomobil müfəttişləri Nadir Quliyevi Bakı şəhər milis idarəsinə aparırlar, zirzəmiyə salırlar. Üç gün orada saxladıqdan sonra Bayıl dustaqxanasına keçirirlər. Məhkəmə Nadir Quliyevə iki il iş kəsir. Nadir Quliyev Bayıl dustaqxanasında Mir Cəfər Bağırovun məhkəməsini xatırlayırdı. Respublika rəhbərinin qəsdən heç kəsi öldürmədiyinə baxmayaraq, onu güllələnməyə məhkum etdilər. Kombinat direktoru qəsdən adam öldürməsə də, ölüm hadisəsinə görə cəzasını çəkməli idi. Nadir Quliyev həbsxananı tərk edərək yenə də doğma iş yerinə - Dərnəgülə gəldi. Kombinat direktoru o illər barədə belə yazır:
“Həmin dövrdə rüşvətxorluğa qarşı mübarizəni gücləndirmək haqqında növbəti qərar dəbdəbə ilə, təmtəraqla, böyük hay - küylə “yerinə yetirilirdi”. Bir fakt üzrə nə qədər çox adam barəsində cinayət işi qaldırılırdısa, hüquq - mühafizə orqanları o qədər təriflənirdi”.
Həmin illəri mən də yaxşı xatırlayıram. O vaxtlar respublika Xalq Nəzarəti Komitəsində mütərcim işləyirdim, rusca yazılmış qərar və digər materialları azərbaycancaya çevirirdim. Hər dəfə adlı - sanlı, pak və vicdanlı həkimlərimizin, ziyalılarımızın ermənilərin şahidliyi ilə qurulmuş məhkəmələrin hökmü ilə rüşvət üstündə tutulduqlarına aid sənədləri tərcümə edəndə nələr çəkərdim...
Kombinatın tabeliyində olduğu baş idarə rəisi zorla rüşvət almaqda təqsirləndirilirdi. İstintaqı müstəntiq Ağavelyan aparırdı. Bakı ziyalılarının namuslu bir insan kimi tanıdıqları Nadir Quliyevə şər atmaq üçün erməni müstəntiq gizlicə tələ qurmuşdu. Kombinatın mühasibi Asiyadan xəlvəti belə bir yazılı ifadə almışdı:
“Mənim əlimlə Nadir Quliyev baş idarə rəisinə pul göndərib”. Bir həftədən sonra kombinat direktoru Respublika Prokurorluğuna çağırıldı. Baş prokuror ona dedi ki, mühasibin öz ifadəsinə imza atıb. Müstəntiq Ağavelyan istintaq materiallarını bizə təqdim edib. Sən gəl pul göndərdiyini boynuna al, yaz, qol çək. Bunun əsasında baş idarə rəisini dama basaq, sən də azad ol, işində qal. Nadir Quliyevin gözləri önündən yenə 1956-cı il keçdi:
Mir Cəfər Bağırovun məhkəməsi. Məhkəmədəki Bağırov ona Zuğulbadakı Bağırovdan daha əziz və doğma idi. Yalanları və iftiraları vecinə almırdı. Mərdanə və şahanə idi. Nadir Quliyevin baş prokurora son sözü qəti səsləndi: - Mənim əlimlə ev yıxa bilməyəcəksiniz. Heç nə yazmayacağam!

...Bir neçə gündən sonra kombinat direktorunu iş başından Respublika Dövlət Təhlükəsizliyi Komitəsinə apardılar. Nadir Quliyev keçmiş baş idarə rəisini də otaqda görəndə təəccübləndi. O, tamamilə dəyişmişdi. Sən demə, onları bilə - bilə görüşdürmüşdülər. Ağavelyan nə deyirdisə, keçmiş rəis təkrar edirdi:
- Sənə pulu Nadirmi göndərib?
- Bəli.
Nadir Quliyev onun gözlərinin içinə baxdı:
- And içə bilərsənmi mən göndərmişəm?
Keçmiş baş idarə rəisinin dili dolaşdı:
- Yox, sən göndərməmisən...
Müstəntiq Ağavelyan və otaqdakı zabitlər ona tərs - tərs baxdılar. Üzləşdirmədən bir şey hasil olmadı. Atası İmamnəzərin 1937-ci ildə yalançı şahidlərin ifadələri əsasında həbs edilməsi barədə eşitdikləri Nadir Quliyevin yadına düşdü. O zaman Nadir Quliyev on yaşında idi. İndi isə haqsızlığa özü düçar olmuşdu...
Çıxılmaz vəziyyətdə qalan Nadir Quliyevə xəbər çatdırdılar ki, artıq onun həbs olunmasına sanksiya verilmişdir.
...Kombinat direktoru bütün işlərini müavininə həvalə etdi. Axşam Tbilisiyə, oradan da Moskvaya yollandı. Bakıda milis şöbələrinin qarşısındakı lövhələrdə Nadir Quliyevin şəklini görənlər gözlərinə inanmadılar: “Bu nədir? Axtarışdadır?”
Moskvada Nadir Quliyevə otuz illik dostu Vasili İvanov kömək əlini uzatdı. Sov. İKP MK aparatı işçiləri arasında qayğıkeş və prinsipial insan kimi dərin hörmət qazanmış Vasili Petroviç İvanov Nadir Quliyevi Mərkəzi Komitəyə, oradan da SSRİ Prokurorluğuna apardı. Nəhayət, ona bildirdilər ki, Bakı ilə danışılmışdır, o həbs olunmayacaqdır.
...Nadir Quliyev Moskvada keçirdiyi həyəcanlı günləri xatırlayaraq belə yazırdı: “Açığını deyim ki, utanırdım. Azərbaycanda qanunların bu cür kobudcasına tapdalanması haqqında, insanların təhqir olunması, alçaldılması haqqında başqa millətin nümayəndəsinə söhbət açmağa xəcalət çəkirdim. Özgə çıxış yolu isə tapa bilmirdim”.
Bakıya qayıtdıqdan sonra Nadir Quliyev öz işini davam etdirdi. Fəqət asudəliyi uzun çəkmədi. Kombinat direktorunun əyilməzliyi başda oturanların qəzəbinə gəlmişdi. Bu dəfə yalançı şahidlərin böhtan daşı kombinat direktorunun ticarət sahəsində işləyən oğlu İmamnəzərin bostanına atıldı. Guya xalq malını mənimsəmişdir...
Bir gün ərzində Buzovnadakı mənzildə, bağ evində yoxlama aparıldı. Axtarışda Respublika Prokurorluğunun işçiləri, milis əməkdaşları, hətta Daxili Qoşunların əsgərləri iştirak edirdilər. Ahıl buzovnalılar deyirdilər ki, heç 1937-ci ildə kənddən İmamnəzər kişini tutub aparanda bu yekəlikdə axtarış olmamışdı. Nəvə İmamnəzərin də baba İmamnəzər kimi bir günahı yoxdu. Əsas yalançı şahidlərin ifadələri idi. Başlıca hədəf isə Nadir Quliyevdi - İmamnəzər oğlu və İmamnəzər atası!
Quliyevlər ailəsinin mənzilini ələk - vələk elədilər. Guya “sənəd” axtarırdılar. Bağ evindən bir ov tüfəngi müsadirə olundu. Sonra Dərnəgülə tələsdilər. Əsgərlər “döyüş vəziyyəti” alaraq, dərhal kombinatın giriş və çıxış yollarını tutdular. İşçilər arasına vahimə düşdü. Direktoru masa dalından ayağa durmağa qoymadılar. Və cinayət işi qaldırmaq üçün əsas tapıldı. Nadir Quliyevin stolundan tiryək, seyfindən tapança tapılmışdır! Nadir Quliyev iş başından Respublika Prokurorluğuna gətirildi. Gecə yarısı isə Şüvəlan həbsxanasına aparıldı. Sonra da Moskvaya, “Matrosskaya tişina” dustaqxanasına göndərildi. Nadir Quliyev məhkəməsinə qədər qanunsuz olaraq Moskva həbsxanasında saxlandığı ayları sonralar belə xatırlayırdı:
“Həyatımın necə keçdiyini təsəvvür etmək çətin deyil. Üstəlik səhhətim pisləşir, halım ağırlaşırdı. Gözlərim nurunu itirirdi. Psixoloji cəhətdən də sarsılmışdım: mənə elə gəlirdi ki, yaşamağın mənası yoxdur. Xülasə, qəti qərara gəlmişdim ki, intihar edim”. Nadir Quliyev “Matrosskaya tişina”nın ümumi kamerasında idi. İntihar edəcəyi günü bir məktub da yazmışdı, balışının altındaydı:
“Əziz oğlum Bəsirət! Elə zənn etmə ki, atan acizlikdən özünü asdı... Uşaqlardan muğayat ol. Əlvida”.
Dustaq yoldaşlarının yatdığını yəqin edəndən sonra gündüz yataq adyallarından qayış şəklində kəsib sabunladığı parçaları bir - birinə möhkəm düyün vurub uzatdı. Halqanı boynuna keçirdi və ayağa duraraq...
Elə bu anda beşinci çarpayıda yatan məhbus hövlnak qalxdı, onun qarşısını kəsdi. Nadir Quliyevə elə gəldi ki, gözlərinin önündəki yenə Bezrukovdur, pıçıltısını eşitdi:
- Sən özünü asmaqla Azərbaycandakı düşmənlərini sevindirəcəksən. Yalançı şahidlər ifədə verəcəklər ki, cinayətin sübuta yetirilib, vəziyyətin çıxılmaz olduğundan özünü öldürmüsən”.
...Nadir Quliyevin “Çörəyi itirməzlər” kitabında Mir Cəfər Bağırov haqqında yazdıqlarından bu nəticəyə gəlirsən:
Azərbaycanı Rusiya zəncirləri halqasına salan bolşeviklərlə Mir Cəfər Bağırovun əqidə birliyi olmamışdır. Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Mərkəzi Dövlət Arxivində 1923-cü ildə Bakı partiya təşkilatı tərəfindən Mir Cəfər Bağırovun adına yazılmış xasiyyətnamə vərəqəsində deyilir:
“Mir Cəfər Bağırovun marksist hazırlığı yoxdur. Təşəbbüskar adamdır, ancaq partizanlığı da var. Öz səhvlərini dərk edir və nəticə çıxarır”.
Mir Cəfər Bağırov bütün fəaliyyəti boyu Azərbaycan xalqının düşmənlərinə qarşı əyilməzliyi ilə partizanlıq edərək marksistlikdən uzaq oldu. Mir Cəfər Bağırov öz məhkəməsində marksist - daşnak rejiminin bütün ittihamlarını mərdi - mərdanə rədd etdi, düzgün nəticə çıxararaq siyasət meydanını kişi kimi tərk etdi. Bu gün, yeni əsrin astanasında, Azərbaycan Respublikasının milli mənafeyi Mir Cəfər Bağırova qarşı mübarizə aparmağı deyil, Mir Cəfər Bağırovu məhv edən siyasi quruluşu ifşa etməyi tələb edir. Təəssüflər olsun ki, Azərbaycandakı bir neçə kommunist partiyası yenə də başları üzərində oraq - çəkicli al bayrağı görmək arzusu ilə fəaliyyət göstərirlər. 1999-cu ildə “Asiman” nəşriyyatı Azərbaycan Kommunist Partiyasının sədri Ramiz Əhmədovun “İkinci həyat” adlı kitabını nəşr etmişdir. Müəllif, Mir Cəfər Bağırovu “XX əsr tarixində ziddiyyətli şəxsiyyət” adlandırır. Bu ziddiyyət nədən ibarətdir? Bu suala Ramiz Əhmədov belə cavab verir:
“Mən ona (Mir Cəfər Bağırova - T.Q.) heç zaman “Vətən xaini”, “xalq düşməni” kimi baxmamışam...
Lakin məlum repressiyaların iştirakçısı və əsas təşkilatçılarından biri kimi ona haqq qazandırmaq da düzgün olmaz”.
Bu gün kimə bəlli deyildir ki, keçmiş SSRİ-də kütləvi qırğınların bir təşkilatçısı vardı - Sovet İttifaqı Kommunist (bolşeviklər) Partiyası. Bu partiya bütün dünyada üzdəniraq kollektiv təsərrüfatçılığın əsasını qoyduğu kimi, kütləvi qırğın mexanizmini də yaratmışdır. Bu mexanizm bu gün də müsəlman - türk xalqlarının qəsdinə durmuşdur. Mir Cəfər Bağırov Kommunist Partiyasının deyil, öz xalqının oğlu olmuşdur. Bu mənada onun indiki Azərbaycan kommunistləri ilə heç bir yaxınlığı yoxdur. Azərbaycanın xalq rəhbərinin içərisində çalışdığı binanın üzərində oraq - çəkicli al bayraq yellənsə də, ürəyinin başından üçrəngli istiqlal bayrağı yüksəlmişdir. Bu gün bir əli ilə Azərbaycanın rəsmi dövlət bayrağından, o biri ilə oraq - çəkicli al bayraqdan yapışanların şəhadət barmağında “Rusiya” yazılmışdır. İyirminci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sabiq üzvü və Quba qubernatoru Əlibəy Zizikskini müdafiə etmiş Mir Cəfər Bağırov sağ olsaydı... “məlum repressiyaların təşkilatçılarından biri” kimi bu barmaqları kəsərdi, Azərbaycanın müstəqilliyi keşiyində durardı! Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının “Hürriyyət” qəzetinin 1999-cu il 21 - 22-ci sayında dərc olunmuş bəyanatında oxuyuruq:
“Bəyanat müəllifləri təəssüflə bildirirlər ki, postsovet məkanındakı respublikaların hamısında siyasi repressiya qurbanlarına və onların ailə üzvlərinə güzəşt və imtiyazlar verildiyi halda, Azərbaycanda bu imtiyazlar ləğv edilib”.
Kim və nə səbəbə ləğv edib? Mir Cəfər Bağırov iş başında olsaydı, siyasi repressiya qurbanlarının ailə üzvlərinə, əmək və müharibə veteranlarına, ailələrinə, kimsəsiz ahıllara və ağbirçək dul qadınlara “postsovet məkanındakı respublikaların hamısındakılardan” çox dövlət qayğısı göstərilərdi. Qırx - əlli il namusla işləyənlər qocalıq vaxtında təqaüd almaq üçün növbəyə dayanmazdılar, gediş haqqı vermədiklərinə görə ərköyün sürücülərin danlağına məruz qalmazdılar...

Təqdim etdi: Füzuli BARATOV

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA