NARKOTİKLƏR VƏ GEOSİYASƏT - Böyük güclər narkotrafikdən necə pul qazanırlar? - TƏHLİL

NARKOTİKLƏR VƏ GEOSİYASƏT - Böyük güclər narkotrafikdən necə pul qazanırlar? - TƏHLİL

Sergey Kravçuk

SNOB” jurnalı, 9 yanvar 2018

Avropada narkotiklər hələ qədim dövrlərdən istifadə edilir. Qədim Yunanıstan və Romada tiryək (opium) əsasən tibbi məqsədlər üçün istifadə edilib. Yunan dilindən tərcümədə “opio” “şirə” deməkdir. Belə ki, tiryək xaşxaşın qurumuş başlıqlarının süd şirəsindən hazırlanırdı. Bizim eranın I əsrində Roma təbibləri bu maddəni müxtəlif xəstəliklərin müalicəsində istifadə ediblər.

Birinci minilliyin başlanğıcında Romada opiumun çox populyar olmasını bəzi tarixçilər opiuma çox yaxşı münasibət sərgiləyən Roma təbibi və anatomu K.Qalenin nüfuzu ilə əlaqələndirilər. Orta Əsrlərdə Böyük Karl xaşxaşın hər bir kəndli bağında becərilməsini və hər həyətdən xaşxaş toxumunun dörddə biri qədər vergi ödənilməsini əmr edib. Orta Əsrlərin məşhur alman təbibi Tabernemontanus hətta “Xaşxaş toxumlarının şirəsi” adlı kitab yazıb. Müəllif əsərində bu dərmandan istifadənin zəruriliyini qeyd edib və ondan sui-istifadə etməməyi məsləhət görüb. Britaniya admirallığının arxivlərində maraqlı qeydlər mövcuddur. Bu qeydlər admiral Nelsonun şikayətləri ilə bağlıdır. Matrosların çətənədən hazırlanmış gəmi kanatlarını siqaret kimi çəkməsi admiralın narazılığına səbəb olub. Avropada ilk kütləvi narkomanlıq hadisəsi 1840-cı ilə aid edilir. Məhz onda İngiltərədə “ayıqlıqla bağlı gücləndirilmiş tədbirlər” qəbul edilib. İçki imkanlarının məhdudlaşdırılması prosesində və alkoqolun bahalığı fonunda xalq kütləsinin spirtə əvəzləyici tapmağa başlaması və tez bir zamanda narkotikləri əvəzləyici kimi istifadə etməsi təbii hal alıb. Tiryəkə tələbat anidən artıb və İngiltərənin sənaye şəhərlərində fəaliyyət göstərən əczaçılar spirtli içkilərə imkanı çatmayan fəhlələrə əvvəl görünməmiş sayda tiryək həbləri sataraq sərvət toplamağa başlayıblar.

1609-cu il İspaniyadan müstəqillik əldə etdikdən sonra Niderlandda tarixdə ilk burjia respublikası yaranıb. Hollandiyanın 1602-ci ildə təsis edilən Ost-Hind şirkəti Sakit okean və Hind okean ölkələri – Yaponiya, Çin, Seylon, İndoneziya arasında nəinki ədviyyat, həmçinin tiryək ticarətini həyata keçirib. Şirkət 1798-ci ilədək fəaliyyətini davam etdirib, sonra bir neçə anqlo-holland müharibələrinin nəticəsində birinciliyi Britaniyanın Ost-Hind şirkətinə verməli olub.

Britaniyanın Ost-Hind şirkəti yun məhsullar, pambıq, həmçinin Benqaliyada istehsal olunan tiryəklə Çinə gəlib. Çin o zaman kifayət qədər inkişaf etmiş dövlət idi. Burada ticarət üçün kifayət qədər maraqlı məhsullar istehsal edilirdi. Həmin məhsullara görə ödəniş gümüşlə həyata keçirilirdi ki, bu da britaniyalılara sərf etmirdi. Onda Ost-Hind şirkəti “Çin daxili missiyası” şirkətini yaradır. Sonuncunun məqsədi çin kəndlilərində tiryəkə maraq oyatmaq idi. Təbliğat nəticəsində Çində böyük tələbat bazarı meydana çıxır ki, bunu da Britaniyanın Ost-Hind şirkəti təmin edir. İngiltərə Çin ərazisinə narkotik tədarük etməklə, əvəzində oradan maddi dəyərə malik qızıl və kürk çıxarmağa başlayır. Bundan başqa, hərbi məqsədə – çin ordusunun parçalanması da həyata keçirilir. Çünki tiryək çəkmək Çində həqiqətən böyük vüsət alır. 1799-ci ildə Çin hökuməti tiryək idxalını qadağan etsə də, şirkət ildə qaçaqmalçılıq yolu ilə 900 ton opium gətirməyə davam edir. 1830-cu il asayiş keşikçilərinin də tiryək çəkməsini, idxal olunan tiryəkin 1400 ton olmasından qorxuya düşən imperator sarayı qaçaqmalçılığa görə ölüm cəzası tətbiq etməyə başlayır. Tiryəkin mənfi nəticələrindən qurtulmaq üçün Çin imperatoru 1839-cu ildə tiryək ehtiyatlarının müsadirə və məhv edilməsi üzrə kütləvi əməliyyatlara başlayır. Narkotik daşıyan gəmilər dənizdə batırılır. İngilislərin cibinə zərbə vuran maddi itki Tiryək müharibələrinin başlamasına səbəb olur. Böyük Britaniya gəmilərinin müdafiəsi üçün müstəmləkə qoşunlarını Çinə göndərir. Müharibədə məğlub olan Çin tiryəkin idxalına razılaşmalı olur. Narkotik idxalının leqallaşdırılması və yayılması çin əhalisinin böyük miqyaslı məhvinə və deqradasiyasına gətirib çıxarır. İşgüzar fəallıq kəskin azalır, əhalinin həyat səviyyəsi aşağı düşür, dövlət aparatı korrupsiyaya uğrayır. Müasirlərin sözlərinə görə, tiryək ticarətində hökumətin bütün səviyyələrindən nümayəndə – xırda məmurlardan tutmuş imperator senzorlarına kimi hamı iştirak edirmiş. 1895-ci il tiryək üzrə kral komissiyasının iclasında Böyük Britaniyanın Çindəki konsulu Ceff Herst bu sözləri deyib: “Çin narkomanların dövləti olaraq qaldığı müddətcə bu ölkənin ciddi hərbi dövlətə çevrilməsindən qorxmamalıyıq. Çünki bu vərdiş çin vətəndaşlarının həyat gücünü sovurur”.

Avropada baş verən iki dünya müharibəsindən sonra güc mərkəzi və dünyanın kapitalist elitasının Böyük Britaniyadan ABŞ-a yerdəyişməsi baş verir. ABŞ-ın kapitalist elitasının əsas gəliri neft, silah və narkotik ticarətindən gəlir. Beynəlxalq energetika agentliyinin məlumatına görə, sutkalıq neft təlabatı təxminən 94 milyon barel təşkil edir. ABŞ dünyanın əsas istehlakçısıdır. Ölkə sutkalıq 11,5 milyon barel neft istehlak edir. Stokholm Dünya Problemlərinin Araşdırma İnstitutu (SIPRI) hesab edir ki, ABŞ silah istehsalı və ixracı üzrə birinci yeri tutur, dünya bazarının 31%-nə nəzarət edir. Narkotik maddələrə gəldikdə isə ABŞ hazırda marixuana istehsalı üzrə dünyada birinci yeri tutur. 2018-ci il yanvarın 1-dən Amerikanın Kaliforniya ştatı marixuananın leqal olduğu digər yeddi ştatının cərgəsinə qoşulub. Ancaq ABŞ-da ağır narkokik maddələr ilə həm polis metodları, həm də kino və televiziya təbliğatı vasitəsilə mübarizə aparılır. Müasir araşdırmalara əsasən yüngül narkotiklərdən istifadə çox vaxt ağır narkotiklərin istifadəsinə gətirib çıxarmır. Tiryək və kokain kimi ağır narkotik məhsullar isə eyni zamanda həm varlanmaq, həm də geosiyasi rəqiblərin zəifləməsi məqsədilə beynəlxalq ticarətdə istifadə edilir.

Dünyada narkotik istehsalı üzrə əsas regionlara adətən aşağıdakılar aid edilir:

Qızıl aypara. Bura Əfqanıstan, İran və Pakistan daxildir. Bu regionda xam tiryək, heroin və kannabis istehsal olunur.

Qızıl üçbucaq. Bura Myanma, Laos, Tayland, şimali Vyetnam aid edilir. Regionda ən çox xam tiryək və heroin istehsal olunur.

Cənubi Amerika. Burada Kolumbiya, Peru, Venesuela, Boliviya seçilir. Bölgədə daha çox kokainin istehsal edildiyi koka becərilir.

Bütün dünya üzrə narkotrafik illik 800 milyard dollar məbləğində qiymətləndirilir. Bu da neftin dövriyyə bazarına bərabərdir. ABŞ-ın bank sistemi narkotikdən gələn pulların əsas benefisiarlarıdır.

2009-cu il BMT baş katibinin müavini A.Kosta “The Observer” qəzetinə verdiyi açıqlamasında bildirib ki, narkoticarətdən əldə olunan milyardlarla dollar dünya maliyyə böhranı zamanı maliyyə sistemini üzdə saxlamağa kömək edib: “Bu, əsasən bankların bir-birinə borca pul vermək istəmədiyi üçün sistemin iflic vəziyyətə düşdüyü vaxtlar idi (2008-ci ilin sonu)”. O, həmçinin qeyd edib ki, “bir çox hallarda narkoticarətdən əldə olunan pullar yeganə likvid investisiya kapitalı olub. 2008-ci ilin ikinci yarısında likvidlik bank sisteminin əsas problemi idi. Ona görə likvid kapital mühüm amilə çevrilmişdi”. Kostanın sözlərinə görə, nəticədə iqtisadi sistem cinayətkar aləmin narkotik ticarətindən əldə etdiyi 352 milyard dollar məbləğində qiymətləndirilən vəsaitin mühüm bir hissəsini “udub”.

2012-ci il Nyu-York federal məhkəməsi “HSBC”, “JP Morgan”, “Wells Fargo” və “Banks of América” banklarının narkobiznesdən gələn gəlirin yuyulmasında iştirak etməsinə açıqlıq gətirib. Konkret “HSBC” bankı üzrə təsdiqlənib ki, bank 2008-ci ildə Sinaloa karteli tərəfindən köçürülmüş 100 milyon dolları “yuyub”. Bəzi hallarda məhkəmə cərimə kəssə də, rəhbərlik və əməkdaşlardan heç kim həbs olunmayıb. Bu, qarşımızda dövlətin cərimələr vasitəsilə narkoticarətdən əldə olunan pulları leqallaşdırdığı əlbirlər cəmiyyətinin olduğunu göstərir. Amerikada narkopulların yuyulmasında şübhəli bilinən digər banklar da mövcuddur. Onların arasında “City Group”, “Bank of New York”, “Bank of Boston” və başqaları xüsusi seçilir. Lakin hər şey ondan xəbər verir ki, bu müəssisələr ölkə hakimiyyətinin müdafiəsi altında fəaliyyət göstərir.

ABŞ narkotiklərin istehsal edildiyi əsas yerlərə və narkotrafik yollarına nəzarəti tez-tez hərbi gücdən istifadə edir. Özü də Vyetnam, İraq və Əfqanıstanda müharibə təşəbbüskarı kimi ABŞ-ın xüsusi xidmət oqranları çıxış edib. 1995-ci ildə Milli Təhlükəsizlik Agentliyinin yaydığı sənədlərə əsasən, avqustun 2-i Vyetnam müharibəsinə təkan verən Tonkin körfəzindəki toqquşmada ilk atəş açan tərəf Amerika qüvvələri olub, avqustun 4-ü isə heç bir düşmən qüvvəsi olmayıb. Belə bir fikir səslənir ki, ABŞ-ın kəşfiyyat xidmətləri Amerika rəhbərliyinə bilərəkdən yalnış məlumat verib.

Daha sonra guya Səddam Hüseynin nüvə və kimyəvi silaha malik olması barədə yalan kəşfiyyat məlumatlarının KİV-də bu şəkildə yayılması ABŞ və Böyük Britaniyanın İraqa soxulmasına haqq qazandırıb. NATO qüvvələrinin başçılığı altında ABŞ-ın Əfqanıstanda Talibana qarşı 2001-ci ildə başlayan müharibəsi 11 sentyabr terror aktına cavab idi. Ehtimal var ki, ABŞ-ın xüsusi xidmət orqanları əkiz qüllərə hücumdan xəbərdar olublar, ancaq hadisənin qarşısını almaq üçün heç bir tədbir görməyib. Əkiz qüllələrin sahibi isə 11 sentyabr hadisələrindən cəmi bir neçə həftə əvvəl bu binaları sığortalayıb, özü də terror hücumlarından sığorta sənəddə ayrıca bənd kimi qeyd olunub.

BMT-nin məlumatına görə, 2001-ci il Əfqanıstana ABŞ və NATO hərbi kontingentinin yerləşdirilməsindən, “Sarsılmaz azadlıq” hərbi əməliyyatının başlanmasından və 2010-cu ilin sona çatmasınadək Əfqanıstanda tiryək xaşxaşının məhsuldarlığı təxminən 40 dəfə artıb. Bu gün təkcə bu ölkə hələ 10 il əvvəl bütün dünyanın istehsal etdiyi tiryəkdən iki dəfə çox məhsul istehsal edir. Özü də Kolumbiyada amerikalılar koka əkinləri ilə mübarizədə pestisidlərin tozlanmasını tətbiq etdikləri halda, Əfqanıstanda tiryək xaşxaşı ilə mübarizədə bu üsula əl atmırlar. Hazırda amerikalılar Əfqanıstan heroin narkotrafikinin bütün istiqamətləri üzrə mövqelərini möhkəmlədirlər. Bu narkotrafikin əsas vektorları şərq, şimal və qərb istiqamətləridir. Trafikə əsasən heroin müvafiq olaraq Avropa, Rusiya və Çinə daşınır.

İraq və Suriya vasitəsilə şərq istiqamətində narkotrafikin təhlükəsizliyi Amerikanın dəstəklədiyi kürdlərin silahlı dəstələri tərəfindən təmin edilir. Yeri gəlmişkən, “Anadolu” agentliyinin məlumatına əsasən İraqın şimalında Tall-Afar şəhəri yaxınlığında ABŞ-ın hərbi bazası yaradılacaq. Hazırda İranda xarici qüvvələrin təsiri altında etiraz aksiyaları keçirilir. Nümayişlər əsasən ölkənin şimal bölgələrində vüsət alıb. Burada mütəşəkkil cinayətkarlığın yerli başçıları narkoticarət ilə əlaqəlidir. Əlbəttə, İranın zəifləməsi və parçalanmasında nəinki beynəlxalq narkoticarətçilər, həmçinin digər böyük regional oyunçular, məsələn İsrail maraqlıdır. Eynilə Vyetnamda olduğu kimi “Qızıl üçbucaq” rayonunda müharibənin rəsmi açıqlaması kimi kommunizmlə mübarizə göstərilib. “Qızıl üçbucağın” təsvir edilən hadisələrə coğrafi yaxınlığını bu yaxınlarda buddistlər və müsəlmanlar arasında silahlı toqquşmanın baş verdiyi Myanma hadisələrinin provakasiyası ilə də izah etmək olar. Ümumiyyətlə, narkotiklərin istehsal və tranziti müharibə və inqilabların baş verdiyi gərgin bölgələrdə daha yaxşı həyata keçirilir.

Gələcəkdə Yunanıstan və Balkanlar vasitəsilə şərqi narkotrafikin Avropaya irəliləməsi milyonlarla Suriya qaçqının narkoticarətçilərin şəbəkəsinə daxil olmasına səbəb olacaq. Böyük Britaniyanın bu yaxınlardan AB-dən çıxması əzəli rəqiblərini (kontinental Avropa, Rusiya və Çin) zəiflətmək üçün narkoticarət da daxil olmaqla, birgə fəaliyyət göstərmək məqsədilə ABŞ ilə birləşmək istəyi ola bilər.

Əfqanıstandan Çinə uzanan narkotrafikin qərb yolu Pakistan və Hindistanın arasında münaqişəyə səbəb olan mübahisəli Kəşmirdən və ABŞ-ın həmişə insan azadlıqlarının riayət olunmasından dolayı narahat olduğu Çinin Tibet muxtar vilayətindən keçir. Özü də 2011-ci ilədək Tibet hökumətinə rəhbərlik edən 14-cü Dalay-lama sürgündədir. O, 1989-cu il Tibetdə insan hüquqları və sülhün bərqərar olması planına görə Nobel sülh mükafatına layiq görülüb, 2007-ci ildə isə ABŞ-ın ən yüksək mükafatı – Konqresin Qızıl medalı ilə təltif olunub.

Hazırda Çində iki milyondan çox narkoman qeydə alınıb. Ölkədə həm təbii, həm də yerli məmurların satışından böyük gəlir əldə etdiyi sintetik narkotik maddələr populyarlıq qazanmağa başlayıb. ÇXR-in narkotiklərin yayılması üzrə milli komissiyasının məlumatına əsasən, 2014-2015-ci illər ərzində ölkədə narkomanların sayı 14,6% artıb, real narkomanların sayı isə 14 milyonu keçib.Yeri gəlmişkən, Çin rəsmiləri bunu böyük problem hesab etmir, axı Çin kommunist partiyasının formalaşmağa başladığı dövrdə partiya aktiv şəkildə narkotik alveri ilə məşğul olub. Bu da onun sağ qalmasına səbəb olub. Əlbəttə, indi partiya narkotikdən gələn gəlirin hesabına dolanmır, lakin sintetik narkotikin satışından əldə olunan vəsait yerli büdcə üçün əhəmiyyətini qoruyub saxlayıb. Birpartiyalı hakimiyyət sistemi korrupsiya doğurur və Çində narkomaniyanın yayılması üçün əlverişli şərait yaradır. Belə ki, 2013-cü ilin dekabrında Quandun vilayətinin Lufen şəhərində böyük “metamfetamin kəndi” aşkar edilib. Ölkədə istehsal edilən metamfetaminin üçdə bir hissəsi bu “kənddə” istehsal edilirmiş. Həbs edilən çoxsaylı şəxslər arasında yerli partiyanın rəsmiləri də olub.

Rusiyaya uzanan şimal yoluna gəldikdə isə burada da ABŞ tədricən Tacikistan, Özbəkistan və Qazaxıstanda mövqeyini möhkəmlədir. Qazaxıstan son vaxtlar tədricən və planlı şəkildə Rusiyadan uzaqlaşır, latın əlifbasına keçir, 2018-ci ildə hələ də Rusiya ilə ənənəvi dostluq münasibətlərini saxlayan prezident Nazarbayevi yenidən seçir, Qazaxıstan və Pentaqon arasında 2018-2022-ci illər beş illik hərbi əməkdaşlıq planında Xəzər dənizi Aktau limanında ABŞ hərbi dəniz qüvvələrinin baza yaratmaq imkanı nəzərdən keçirilir.

Rusiyanın özündə SSRİ dağıldıqdan sonra narkomanların sayı durmadan artır. Rəsmi məlumatlara əsasən, hazırda ölkədə narkotik maddələrdən asılı olan insanların sayı təxminən 1 milyon nəfərdir. Rusiya Federasiyası narkotiklərin dövriyyəsinə nəzarət üzrə federal ximətinin bəyanatına əsasən, 2014-cü il Rusiyada narkotik maddələrdən (mütəmadi və fasilələrlə) istifadə bazarı 8 milyon nəfər təşkil edib. ABŞ və NATO qüvvələrinin Əfqanıstanı işğal altında saxladığı illər ərzində Rusiyanın tranzit ölkədən əfqan heroininin ən böyük istehlakçısına çevrilməsi ölkə əhalisinin depopulyasiyasının əsas amillərindən biridir. Əfqanıstandan heroin və həşişdən başqa, Rusiyaya Avropadan (əsasən Niderlandan) LSD və ekstazi, Cənub-Şərqi Asiyadan (əsasən Çindən) sintetik spayslar daxil olur.

Bundan başqa, narkomaniya ölümcül QİÇS xəstəliyi ilə sıx bağlıdır. Səhiyyə naziri Veronika Skvortsova bildirib ki, planetdə QİÇS-ə yoluxan 36 milyon nəfərdən 900 mini Rusiyada yaşayır.

Bəs niyə narkomaniya Rusiyada belə sürətlə yayılır? Hər şeyi nəzarətdə saxlayan FTX hara baxır? Bu suala ən inandırıcı cavab ondan ibarətdir ki, mütəşəkkil cinayətkar dəstələrin idarə etdiyi bu sərfəli biznes FTX rəhbərliyinin kurasiyasındadır. Qeyd edək ki, bu dəstələrin başçıları zahirən Kremlə yaxınlığı ilə seçilən hörmətli iş adamlarıdır. Bu zaman polisin qeyri-məhsuldar fəaliyyəti yalnız narkotiklərin qiymətinin və narkoticarətdən gələn gəlirinin artmasına səbəb olur. FTX-nin KQB-nin xələfi olduğunu nəzərə alsaq, SSRİ-nin Əfqanıstan müharibəsinə cəlb edilməsi əməliyyatında KQB-nin iştirakını izləmək maraqlı olar. Bu da SSRİ-nin dağılmasına, məhdud kontingentin keçmiş hərbi qulluqçuların arasında narkotik istifadəçilərinin meydana çıxmasına və Əfqanıstandan SSRİ-yə sabit narkotik idxalı kanalının formalaşmasına gətirib çıxartmışdı.

1979-cu il KQB-nin Əfqanıstandakı xüsusi qrupunun rəhbəri general Boris Semyonoviç İvanov qəsdən SSRİ rəbhərliyinə yalnış məlumat verib. General bildirib ki, Amerikalı desant artıq Pakistana düşüb və Əfqanıstana soxulmağa hazırlaşır. KQB sədri V.Andropov isə Siyasi Büronun iclasında Əfqanıstana müdaxilədə israr edib. Halbuki Sovet ordusunun qərargah rəisi N.Oqarkov sərt şəkildə qoşunların yeridilməsinə qarşı çıxırdı. Məlumdur ki, bu hadisələrdən öncə B.İvanov təxminən 20 il SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi-KQB-nin ABŞ kəşfiyyatında rezidenti işləyib. Və bugünədək onun amerikanlar ilə nə kimi əlaqələr saxladığı heç kimə məlum deyil.Amma Sovet İttifaqının əfqan münaqişəsinə cəlb edilməsinə general İvanovun səbəb olduğu faktdır. Həmçinin məlumdur ki, 1962-1964-cü illərdə KQB-nin Nyu York rezidenturasında çalışan O.Kaluqin birbaşa B.İvanovun tabeçiliyində olub və onlar Amerikadan SSRİ-yə birgə qayıdıblar. Amerika vətəndaşlığı alan Kaluqin hazırda qiyabi şəkildə Rusiyada satqın elan edilib.

O.Kaluqinin keçmiş iş yoldaşı Aleksandr Sokolov özünün “KQB və MKİ-nin superköstəbəyi. General Oleq Kaluqinin 35 illik casusluğu” kitabında məlumat verir ki, Kaluqinin “aparıcı” (yəni agentin kuratoru) MKİ-nin direktoru Uilyam Kolbinin (1973-1976) özü olub. 1971-ci ildə Kaluqin SSRi-yə geri çağırılıb. Çünki KQB rəhbəri Vladimir Kryuçkov onun ikili agent olmasından şübhələnib. Onda baş katib Yuri Andropov tərəfindən dəstəklənən kəşfiyyatçı Leninqradda yüksək vəzifəyə keçirilib. Amma Kaluqin başqa satqınlar, o cümlədən A.Litvinenko kimi öldürülməyib. İndiyənədək sağdır. Görünür ona görə ki, o bir vaxtlar Leninqradda V. Putinin bilavasitə rəisi olub və sonradan Rusiyada islahatçılardan ibarət hökumətə başçılıq edən gənc iqtisadçı islahatçılar qrupunu hazırlayıb. Bu qrupdan çıxan məşhurlar arasında A.Çubays, A.Kudrin, A.Kox, A.İllarionovun adını çəkmək olar.

Həmçinin 1980-1987-ci illərdə general Kaluqinin rəhbərliyi altında Leninqrad şəhəri və Leninqrad vilayəti üzrə KQB orqanları sistemində sonradan ölkənin görkəmli siyasi xadimələrinə çevrilən gənc zabitlər xidmət edib: V.Putin (1984-cü ilədək Leninqrad KQB, 1998-1999-cu illərdə – Rusiya FTX direktoru, 2000-2008-ci illərdə və 2012-ci ildən RF prezidenti), A.Bortnikov (2008-ci ildən Rusiya FXT direktoru), V.Qolubev (2006-cı ildən “Qazprom” ASC-nin idarə heyətinin sədr müavini ), V.İvanov (2004-2008-ci illərdə RF prezidentinin köməkçisi, 2008-2016-cı illərdə narkotik dövriyyəsinə nəzarət üzrə federal xidmətin direktoru), N.Patruşev (1999-2008-ci illərdə Rusiya FTX direktoru, 2008-ci ildən RF Təhlükəsizlik Şurasının katibi), Q.Poltavçenko (2000-2011-ci illərdə RF prezidentinin Mərkəzi federal dairəsə səlahiyyətli nümayəndəsi, 2011-ci ildən Sankt-Peterburqun qubernatoru), V.Çerkesov (2003-2008-ci illərdə narkotik dövriyyəsinə nəzarət üzrə federal xidmətin direktoru).

Keçmiş Leninqrad çekistlərinin Rusiyada ilbəil artan narkotik dövriyyəsinə bu cür diqqət göstərməsi təəccübləndirir. Özü də onlar öz təşkilatlarını haqlı olaraq narkotiklərlə mübarizə deyil, narkotik dövriyyəsinə nəzarət adlandırıblar. Bu nəzarət orqanın həssas rəhbərliyi altında Rusiyada narkotiklərin dövriyyəsi on dəfə artıb.Yanvarın 1-dən Rusiya Ehtiyat Fondunun fəaliyyətini dayandırdığını nəzərə alsaq, narkotiklərin dövriyyəsindən əldə olunan milyardlarla gəlirin illik artımı nəticə etibarilə rus maliyyə sisteminə deyil, ümumdünya narkotik ticarətinin əsas benefisiarları – yuxarıda sadalanan Amerika banklarının hesabına daxil olur. Son on il ərzində sabit gəlir artımı nümayiş etdirən bu banklar isə ABŞ maliyyə elitasına məxsusdur./Expressa/

Loading...

QALEREYA