NATO-da “RUS OXU” - Ərdoğan hərbi alyansdan niyə uzaqlaşır? - TƏHLİL

NATO-da “RUS OXU” - Ərdoğan hərbi alyansdan niyə uzaqlaşır? - TƏHLİL

Ruhulla Salehi

“JAVAN” qəzeti

05 dekabr 2017

Türkiyə hökuməti tərəfindən insan haqlarının pozulması ilə bağlı Qərbin tənqidi və Ankaranın Rusiyadan “S-400” zenit-raket kompleksini almaq cəhdləri NATO üzvləri arasında parçalanmanı gücləndirir və bir vaxtlar alyansın şərq qanadı hesab edilən Türkiyəni Qərbdən uzaqlaşmağa məcbur edir.

Yaradıldığı ilk gündən etibarən dünyanın ən müntəzəm hərbi koalisiyası hesab edilən NATO hazırda daxildən parçalanır, alyansın üzvləri arasında yaşanan fikir ayrılığı isə təşkilatın dezinteqrasiyası üçün zəmin yaradır. NATO-nun Norveçdə keçirilən hərbi təlimləri zamanı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Türkiyə respublikasının banisi Mustafa Kamal Atatürkün portretlərinin hədəf lövhəsinə yerləşdirilməsi Türkiyə və alyansın digər üzvləri arasında böyük parçalanmaya gətirib çıxarıb.

NATO baş katibinin Ankara qarşısında üzr istəməsinə baxmayaraq, Ərdoğan belə müttəfiqləri və belə bir birliyi tanımaq istəmədiyini bildirib. Əvvəllər Suriya böhranı ilə əlaqədar Türkiyə NATO-da əsas rol oyanyırdı, lakin ölkənin daxili siyasət məsələləri ilə bağlı bəzi fikir ayrılıqları və Yaxın Şərqdə baş verən müəyyən siyasi proseslər onun alyansdan uzaqlaşmasına gətirib çıxarıb. Bəzi ekspertlər hətta Türkiyənin təşkilatdan çıxacağını da ehtimal edir.

Suriya ilə bağlı fikir ayrılığı

Qərb ölkələrinin Ərdoğanın Suriya üzərində uçuşsuz zona yaratmaq tələbi ilə razılaşmaması NATO üzvləri arasında münaqişəni alovlandırsa da, əslində münaqişə Suriya hava məkanında Rusiya qırıcı təyyarəsinin məhv edilməsi nəticəsində yaranıb. Yaranmış bu böhranda NATO Ankaranı dəstəkləməyib. Bəzi müşahidəçilər hesab edirlər ki, rusların terrorçulara aktiv hücumundan narahat olan Ərdoğan NATO-nu Suriyada hərbi müdaxiləyə başlamağa məcbur etmək üçün bilərəkdən rus təyyarəsini vurmaq əmri verib. Lakin alyansın nisbətən yumşaq reaksiyası və münaqişə tərəflərini səbirli olmağa çağırması Ərdoğana başa salıb ki, o, Rusiyaya qarşı artıq nəsə etsə, NATO üzvləri hərbi fazaya daxil olmayacaq.

NATO-nun əksər üzvlərinin Türkiyəni dəstəkləməkdən imtina etməsi ölkənin Qərb ilə münasibətlərinin soyumasına gətirib çıxarıb. Türkiyə NATO-da böyüklüyünə görə sayca ikinci qoşuna malik olsa da, alyans müqaviləsinin aşağıdakı bəndi ona aid edilmir: təşkilat üzvünə üçüncü tərəf hücum etsə, digər üzvlər hücuma məruz qalan ölkəyə hərbi yardım göstərməlidir. Ona görə Amerika və Avropa Rusiya ilə qarşıdurmada Ərdoğanı dəstəkləməkdən imtina ediblər. Buna cavab olaraq Türkiyə İncirlik aviabazasından anti-işid koalisiyasının qırıcılarının uçuşunu məhdudlaşdırıb, Qərb tərəfindən Türkiyəyə heç bir yardım olunmadığı üçün hirslənmiş Ərdoğan isə Suriya qaçqınlarını Avropa sərhədlərinə göndərməklə Qərb üçün yeni böhran yaradıb. Qaçqın problemi Avropa ölkələri üçün o qədər ağrılı olub ki, ölkə rəhbərlikləri Türkiyəni əldə olunmuş mövcud sazişlərin ləğv edilməsi ilə qorxutmağa başlayıblar.

NATO ilə qarşıdurmanın səbəblərindən biri də Suriya kürdləri ilə bağlı problem olub. Şimali Suriyada ABŞ-ın kürdləri dəstəkləməsi, Ərdoğanın isə onları terrorçu hesab etməsi tez-tez Vaşinqtonla mübahisələrə səbəb olur. Türkiyə ordusunun “Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyanın şimalında kürdlərə qarşı həyata keçirdiyi kampaniya zamanı iki ölkə arasındakı münasibətlər daha da kəskinləşib. Cənub sərhədlərində kürdlərin güclənməsini təhlükəsizliyinə təhdid hesab edən Türkiyə bunun mümkün nəticələri barədə ABŞ-a xəbərdarlıq edib. Problemin əhəmiyyətini Ərdoğanın bəyanatı da təsdiqləyib. Prezident bildirib ki, kürdləri dəstəkləməklə ABŞ və Avropa terrorçulara kömək etmiş olur. Vaşinqton və Avropanın Türkiyənin təhlükəsizliyinə qarşı nümayiş etdirdiyi laqeydlik Ərdoğanın Suriya böhranında müstəqil kurs götürməsinə gətirib çıxarıb.

Türkiyədə uğursuz çevriliş

Ötən il Türkiyədə baş verən dövlət çevrilişinə cəhd müvəffəqiyyətsizliyə uğradıqdan, iki ölkə arasında münaqişə ictimaiyyətə məlum olduqdan sonra Ankara və NATO münasibətlərindəki böhran apogey səviyyəyə çatıb. Çevrilişdən sonra Ərdoğanın böyük səs-küyə səbəb olan hərəkətləri, Fətullah Gülənin başçılıq etdiyi “dövlət içərisində dövlət”in qarşısını almaq məqsədilə on minlərlə dövlət qulluqçusunun həbs edilməsi və ölkədən sürgün edilməsi, sonra isə Amerika hökumətinin Güləni ekstradisiya etməkdən imtina etməsi – bütün bunlar Ankara və Vaşinqton münasibətlərinə kölgə salıb. Türkiyədə müxalifətə qarşı repressiyaların güclənməsi, hökumətin tənqidinə senzuranın tətbiq edilməsi, habelə hakimiyyətin mərkəzləşdirilməsi məqsədilə Ərdoğanın Konstitutsiyaya dəyişiklik etmək cəhdləri NATO üzvlərinə xəyal qırıqlığı yaşadıb.

Türkiyədə insan haqları sahəsindəki pozuntuların avropalılar tərəfindən tənqid edilməsi Ərdoğanla Avropa ölkələri liderlərinin söz davasına gətirib çıxarıb. Bu zaman AB-ni tənqid edən Türkiyə prezidenti bildirib ki, avropalıların insan hüquqları hələ o vaxt Bosniyada “ölüb” və indi Suriyada “basdırılıb”. Çevrilişlə bağlı Qərbin mövqeyini pisləyən türk lider çıxışlarının birində bəyan edib: “Təəssüf ki, Qərb bizi dəstəkləmək yerinə sui-qəsdçilərin tərəfini tutur”. Bundan bir neçə həftə öncə Ərdoğanın Rusiyaya səfər etməsini və Vladimir Putinlə danışıqlar aparmasını nəzərə alsaq, bu cür bəyanatlar ABŞ və NATO ünvanına özünəməxsus təhlükə kəsb etməyə başlayıb.

Türkiyə-Avropa münasibətləri o qədər gərginləşib ki, ötən həftə AB nəinki təşkilatda Türkiyənin üzvlük məsələsinin müzakirəsini dayandırıb, həmçinin ölkəyə iqtisadi yardımı ləğv edib. Bununla əlaqədar Türkiyənin AB-yə üzv olması ilə bağlı uzun illərdir davam edən danışıqlar və vədlərə rəğmən məsələ qaranlıq olaraq qalır. Öz növbəsində Ərdoğan bildirib ki, Türkiyə AB əvəzinə Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq.

Rusiya və İranla yaxınlaşma

ABŞ və NATO Türkiyə siyasi vektorunun İran və Rusiya tərəfə istiqamət götürməsindən dolayı narahatdır. Onlar bunu Ərdoğanın onlara pislik etmək istəyi hesab edir və Qərbə qarşı xainlik etdiyi üçün Türkiyəni cəzalandırmaq istəyirlər. Lakin Türkiyə “qərbdən şərqə dönüb” və Suriya danışıqlarında İran və Rusiya ilə birgə aktiv iştirak edir. Amma Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksi əldə etmək cəhdləri heç vaxt olmadığı kimi Qərb ölkələrini narahat edir. Bu da son nəticədə Türkiyə və NATO münasibətlərində soyuqluğa gətirib çıxarıb.

Belə ki, alyans rəsmilərindən biri bu yaxınlarda bəyan edib ki, Türkiyə Rusiyadan “S-400” kompleksini alsa, bu, onun üçün müəyyən nəticələrə səbəb olacaq. Bu ritorikanı nəzərə alsaq, belə bir təəssürat yaranır ki, bu yaxınlarda hərbi təlimlər zamanı NATO əsgərlərinin Ərdoğanın ünvanına həyata keçirdiyi təhqiramiz hərəkət əvvəlcədən planlaşdırılıb. Məqsəd Ankara və Moskvanın yaxınlaşmasına görə qəzəbi nümayiş etdirmək olub. Türkiyənin “S-400” kompleksini almaq qərarını NATO-ya dəqiq mesaj və təşkilata ciddi şəkildə meydan oxumaq iqtidarında olduğunu nümayiş etdirmək cəhdi kimi nəzərdən keçirmək olar.

Uzun illər boyu Türkiyə Qərbin müttəfiqi rolunda çıxış edib. Amma ABŞ və Avropanın Suriya böhranı ilə bağlı nümayiş etdirdiyi mövqe, Vaşinqtonun anti-işid strategiyası və Türkiyəyə qarşı yönəlmiş Suriya kürdlərinin dəstəklənməsi ona gətirib çıxarıb ki, Ərdoğan NATO çərçivəsi xaricində tərəfdaşlıq axtarmaq qərarına gəlib. Rusiyanın zenit-raket kompleksinin əldə olunması ilə bağlı Qərbin narahatlığına gəldiksə isə Ərdoğan qeyd edib ki, Qərbdən yardım gözləyə bilməz və ölkəsinin müdafiəsi üçün gərəkli tədbirləri yerinə yetirməlidir. Rusiyalı hərbi politoloq Aleksandr Perenciyev iddia edir: “Türkiyənin “S-400 alması ölkənin NATO-dan uzaqlaşmasını göstərir. Alyans isə sanki Ankaranı özündən itələyir. NATO üzvləri nəinki Ankraya lazımi dəstəyi göstərməyib, eləcə də Suriya kürdləri ilə əməkdaşlığa başlayıb ki, bu da Türkiyənin təhlükəsizlik maraqlarına ziddir”.

Əvvəllər ABŞ və onun avropalı müttəfiqləri Suriya və Ukrayna böhranlarına görə Rusiya ilə münaqişəyə girirdi, indi isə təzyiqini artıraraq bu ənənəvi rəqibi qapıdan bayıra atmağa çalışırlar. Bu səbəbdən onlar Moskva ilə NATO-nun nüfuzlu üzvünün yaxınlaşmasını sakitcə müşahidə edə bilmirlər. Axı bu, nəinki alyansın Rusiyaya qarşı mövqeyini zəiflədəcək, həmçinin psixoloji baxımdan ruslar tərəfindən qələbə kimi qəbul ediləcək. Ruslar yaranmış vəziyyəti elə təqdim edəcəklər ki, sanki bu rusofob təşkilatın yaranmasından 70 il sonra onlar alyansa “çiv soxa” biliblər.

Başqa sözlə, ABŞ-ın əndişəsi əsassız deyil. Məhz buna görə Amerikanın bəzi senatorları Donald Tramp (Donald Trump) hökumətindən Türkiyəyə qarşı sanksiya tətbiq edilməsini tələb edib. Məqsəd Ankaranın “S-400” sistemini almasına mane olmaqdır. Ancaq Qərbin qəzəbinə baxmayaraq, Türkiyə rəsmiləri bildirir ki, adıçəkilən saziş artıq razılaşdırılıb və kompeksin Türkiyəyə ilk tədarükü 2019-cu ilin əvvəli start götürməlidir.

Nəticə

Rus qırıcısının vurulması ilə başlayan Türkiyə və Qərb ölkələri arasındakı gərginlik hazırda ən pik nöqtəsinə çatıb. Bu da özünü ölkənin Qərb düşərgəsindən uzaqlaşmasında və Rusiya ilə yaxınlaşmasında, hərbi alyansda Türkiyəyə qeyri-konstruktiv müttəfiq ampluasının yaradılmasında göstərir. Türkiyənin “S-400” kompleksini əldə etmək istəyi NATO-ya birbaşa mesajdır. Bu sistemin əldə edilməsi təşkilatın daxili strukturuna ciddi zərbə endirəcək. Üstəlik, Vaşinqton açıq-aşkar kürdləri dəstəkləməyə davam etdiyi müddətcə Ərdoğanın türk sərhədlərindəki təhlükə ilə Suriyanın şimalındakı kürd separatizmini əlaqələndirməsini diqqətə alsaq, Qərb klanında dərin parçalanma davam edəcək. Bunun minimal nəticəsi Türkiyənin Qərbdən uzaqlaşıb, kömək üçün Rusiyaya müraciət etməsi olacaq. /Xpress/

  • Hamısı
  • Loading...

    QALEREYA