Naxçıvan polemikalarında yeni mərhələ: BAXCP “ağır artilleriyasını” önə sürdü

  • |

Naxçıvan polemikalarında yeni mərhələ: BAXCP “ağır artilleriyasını” önə sürdü

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin qəzetimizə verdiyi müsahibəylə başlayan və getdikcə şiddətlənən Naxçıvan polemikaları yeni mərhələyə qədəm qoyur.

Hürriyyət” xəbər verir ki, yeni mərhələdə polemikalara BAXCP-nin “ağır artilleriya”larından sayılan, partiya sədrinin təşkilat məsələləri üzrə müavini Niyaməddin Orduxanlı da qoşulub.

Bu gün paylaşdığı ilk statusunda Naxçıvan rəhbərliyini Milli Məclis deputatına qarşı təhqir kampaniyasına seyrçi qalmaqda günahlandıran N.Orduxanlı daha sonra paylaşdığı ikinci statusunda üslubunu bir qədər də kəskinləşdirib. Akademik İsmayıl Hacıyevin Qüdrət Həsənquliyev əleyhinə qələmə aldığı yazısına cavab verən partiya yetkilisi bütün baş verənlərin günahını muxtar respublika rəhbərliyində görərək, Naxçıvanın nəinki iqtisadi cəhətdən, həm də siyasi -mənəvi mühit baxımından da geri qaldığını, bərbad vəziyyətə düşdüyünü bildirib.

Qeyd edək ki, bu zamana qədər BAXCP funksionerləri polemikalarda iştirak etmir, bu da müəyyən suallara yol açırdı. Bizim də diqqətimizi çəkən bu birtərəfli tənqidlər Qüdrət Həsənquliyevə ünvanladığımız suallardan birini təşkil edirdi. Xatırladaq ki, deputata sualımız bu cür olmuşdu:

- Partiya funksionerlərinizin ittihamlara cavabları xeyli yumşaq oldu. Halbuki, onlar ölkənin bir sıra məsələlərinə, xüsusilə ölkə rəhbərliyinə ünvanlanmış söyüş kampaniyalarına aktiv cavabları ilə seçilirlər. Sizə yönələn hücumlara laqeyd qalmaları, doğrusu, anlaşılmaz oldu. Bunu özünüz belə məsləhət bildiniz, yoxsa başqa səbəblər var?

Cavab:

-Açığını deyim, mənim tərəfimdən bu cür göstəriş oldu. Mən tərəfdarlarıma dedim ki, konfliktdə maraqlı deyiləm, siz də bu məsələnin çox üstünə getməyin”.

Partiya funksionerlərinin son zamanlar fəallaşması onu göstərir ki, ya muxtar respublikanın ardıcıl “yaylım atəşi”nə məruz qalan BAXCP-də artıq bu qadağa götürülüb, ya da partiya üzvlərinin əsəbləri hücumların intensivliyinə tab gətirmədiyindən sədri dinləmək istəmirlər. Səbəb nə olursa olsun, görünən budur ki, hakimiyyətə qarşı söyüş kampaniyalarına dirənişdə ciddi təcrübələr toplayan BAXCP funksionerləri indi öz liderlərinin müdafiəsinə qalxıblar.

Niyaməddin Orduxanlının polemikalara yeni təcil qazandıracağını düşündüyümüz statusunu “Hürriyyət” oxucularına təqdim edirik:

 

“Akademik” İsmayıl Hacıyev Qüdrət Həsənquliyevə böhtan atır...

 

"Akademik" İsmayıl Hacıyev BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevi demədiyi sözə görə görə ittiham edib. Guya Qüdrət bəy Naxçıvanın muxtariyyatının ləğv olunmasını təklif edib. Qüdrət bəy Nax.MR iqtisadiyyatının Nax.MR Gömrük Komitəsi tərəfindən toplanan vəsaitlə birlikdə bir babat şirkət qədər 83 milyon manat vergi ödədiyini və bunun yerli büdcənin 21.7%-ni təşkil etdiyini , 300 milyon 360 min manat Bakıdan dotasiya aldığını söyləyib. Dotasiyadan asılılığa son qoymaq və yeni iş yerləri açmaq üçün iqtisadiyyatın liberallaşdırılmasının zəruriliyindən danışıb , təkliflər verib ki, Naxçıvan boşalmasın, ora gedən vətəndaşlarımız qanunsuz gömrük yoxlamalarından keçməsin. Erməni ilə eyni mövqedə olan Naxçıvanın boşalmasını istəyər. Bu adamın da qohum- əqrəbasının əksəriyyəti Naxçıvanı tərk edib. Yarınmaq istəyən, yaxud məcbur edilən bu yazıq, “tarixçi” olsa da Qüdrət bəyin “muxtariyyat ləğv olunmalıdır” fikrini harda deməsinə aydınlıq gətirməyib. Görünən odur ki, Naxçıvanda nəinki iqtisadiyyat inkişaf etdirilməyib, siyasi -mənəvi mühit də bərbad vəziyyətə salınıb...”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA