Naxçıvanda Novruz bayramı xüsusi təmtəraqla keçirilib

  • 2019-03-20 11:15:35
  • |

Naxçıvanda Novruz bayramı xüsusi təmtəraqla keçirilib

Martın 19-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib.

“Hürriyyət” qəzeti xəbər verir ki, şənlikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov da ailə üzvləri ilə birlikdə iştirak edib.

Şənlikdə tarixilik rəmzi olan təmsili Dədə Qorqud və milli geyimli qızlar qonaqları xoş üzlə və müdrik kəlamlarla qarşılayıblar.

Milli geyimli qızlardan biri Ali Məclisin Sədrinə səməni, təmsili Dədə Qorqud isə ona və ailə üzvlərinə Novruzun gəlişi münasibətilə xeyir-dua verib. Naxçıvanın bir Oğuz yurdu olduğunu vurğulayan “Dədə Qorqud” deyib:

“Ey bayram libaslı Naxçıvanım! Qazanılan uğurların dillər əzbəridir. Hünərvər oğul və qızların abad olmuş ulus-oymaqda toy-büsat qurur, bugünkü xoş növrağınla fəxr edirlər. Qorqud atanız deyir ki, bu uğurların bir səbəbkarı, bir yaradanı var. Ömrü uzun olsun! Yaradan qollarınız var olsun! Siz xalqı yaşadırsınız, xalq da Sizi yaşadacaqdır!”

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Novruz bayramı və ilin axır çərşənbəsi olan Od çərşənbəsi münasibətilə muxtar respublika əhalisini, şəhid ailələrini, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrinin şəxsi heyətlərini təbrik edib, xoş bayram ovqatı arzulayıb. Onun sözlərinə görə, naxçıvanlılar builki Novruz bayramını muxtariyyət qazanmasının 95 illiyi və muxtar respublikada elan olunmuş “Ailə təsərrüfatları ili”ndə qeyd edir: Əminik ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət və bu yolun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi ölkəmizi və onun Naxçıvan Muxtar Respublikasını daha böyük tərəqqiyə qovuşduracaq, dövlət müstəqilliyimiz və sabitlik daha da möhkəmlənəcəkdir”.

Ali Məclisin Sədri bir daha tədbir iştirakçılarının Novruz bayramını təbrik edib və bayram tonqalını yandırıb.

Builki Novruz bayramında ənənəyə sadiq qalınaraq, musiqi kollektivləri və xalq sənətkarları da öz məharətlərini nümayiş etdiriblər.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA