NAXÇIVANIN DÖVLƏT QURUMLARININ ADI OLUB, ÖZÜ OLMAYAN SAYTLARI

NAXÇIVANIN DÖVLƏT QURUMLARININ ADI OLUB, ÖZÜ OLMAYAN SAYTLARI

Vasif Talıbov və onun məmurları lazımı informasiyanı operativ şəkildə elektron resurslar vasitəsilə vətəndaşlara təqdim edə bilmir

Bununla da onlar "İnformasiya əldə edilməsi haqqında" qanunun, həmçinin dövlət başçısının fərmanının tələblərini kobud surətdə pozurlar

Bu gün Azərbaycan hökuməti informasiya cəmiyyətinin yaradılmasına xüsusi önəm verdiyindən, dövlət başçısı elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı bir sıra fərman imzalayıb. Çünki "Elektron hökumət"in formalaşdırılması hər bir ölkədə demokratiyanın inkişafına təsir edən amillər sırasında qərarlaşıb. Nəzərinizə çatdıraq ki, "Elektron hökumət" müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən ölkə ərazisində yaşayan bütün vətəndaşlara informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Bununla da dövlət orqanları ilə vətəndaşlar arasında olan keçilməz sədd, bürokratik əngəllər aradan qaldırılır, tərəflər arasındakı münasibətlər yeni, daha şəffaf müstəviyə qədəm qoyur.

Bir sözlə, dövlət orqanlarının elektron idarəçiliyə keçidi vətəndaşlara daha operativ xidmətlərin göstərilməsi məqsədi daşıyır. Məhz elə bu səsbəbdən sözügedən məsələ daim ölkə başçısının diqqətindədir. Lakin bununla yanaşı, onu da qeyd etməliyik ki, son dövrlər bu istiqamətdə müvafiq addımlar atılsa da, hələ də bir sıra dövlət orqanlarının informasiya verməsi sahəsində ciddi problemlər qalmaqdadır. Halbuki Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 14 mart 2018-ci il tarixli "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında" Fərmanında göstərilir ki, dövlət strukturlarında və dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi dövlət siyasətinin prioritetlərindən biridir və bu sahədə davamlı inkişaf üçün mühüm tədbirlər görülüb. Bununla yanaşı, həmçinin o da bildirilir ki, vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətlərini tam elektronlaşdırmaq, dövlət informasiya ehtiyatlarının analitik təhlilini aparmaq və nəticələrindən dövlət və özəl sektorun istifadəsi imkanlarını yaratmaq məqsədi ilə dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi sahəsində vahid yanaşmanın və standartların tətbiqi və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi zəruridir. Məhz həmin fərmanda ölkə başçısı sözügedən sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi, dövlət nəzarətinin gücləndirilməsi və görülən işlərin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə müvafiq dövlət qurumları qarşısında konkret tələblər qoyub.

Bütün bunlar bir daha onu göstərir ki, dövlət orqanlarının on-line şəffaflığının artırılması istiqamətində zəruri tədbirlər görülür. Lakin buna rəğmən, hələ də bəzi rəsmi qurumların saytları yenilənmir, bir qisminin isə ümumiyyətlə saytı yoxdur. Buna misal olaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət orqanlarını göstərmək olar. Məsələ ilə bağlı apardığımız araşdırma zamanı bəlli oldu ki, Vasif Talıbovun rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikasında əksər dövlət qurumları lazımı informasiyanı operativ şəkildə elektron resurslar vasitəsilə vətəndaşlara təqdim edə bilmir. Yəni onların fəaliyyəti "İnformasiya əldə edilməsi haqqında" qanunun, o cümlədən ölkə başçısının fərmanının tələblərinə cavab vermir. Yeri gəlmişkən, bir məqamı da nəzərinizə çatdıraq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov da 15 iyul 2011-ci il tarixdə "Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında" Fərman imzalayıb. Həmin sənədin üzərindən 7 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti orqanlarında informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunmur, əksər qurumların saytları formal xarakter daşıyır, demək olar ki, heç bir fəaliyyət göstərmirlər.

Beləliklə, mövzu ilə bağlı apardığımız araşdırma zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin saytının (www.alimeclis.az) Azərbaycan Respublikası Milli Məclisinin saytı (www.meclis.gov.az) ilə müqayisə edilməyəcək səviyyədə olduğunun, yəni olduqca primitiv hazırlandığının şahidi olduq. Məsələn, Ali Məclisinin saytında Vasif Talıbov haqda bir kəlmə belə, yoxdur. Həmçinin orda "qəbul günləri", "iş planı" və "sorğular" bölməsinə, keçirilən iclasların stenoqramına, hətta Ali Məclisin sədri və tərkibi, komitələr, o cümlədən deputatların bəyanatları haqda heç bir məlumata rast gəlmədik. Onu da vurğulamaq lazımdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin saytında "qanunlar", "fərmanlar", "sərəncamlar" bölməsi olsa da, "xəbərlər" bölməsi yoxdur. Milli Məclisin saytı isə mükəmməl hazırlanmaqla yanaşı, orada vətəndaşlar, eyni zamanda kütləvi informasiya vasitələri nümayəndələri üçün lazım olan bütün bilgilər əks olunub.

Hələ bu, harasıdır. Məsələnin maraqlı tərəfi ondadır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin saytının qarşısındakı 3 "w" hərfini çıxarıb sadəcə alimeclis.az yazdıqda kompyuter, noutbuk və digər elektron avadanlıqların ticarəti ilə məşğul olan eticaret.nmr.az elektron ticarət saytına yönləndirilir. Araşdırmamız nəticəsində bəlli oldu ki, bu sayt Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi (www.nakhinternet.az) tərəfindən hazırlanıb. Nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikası Milli Məclisinin saytında isə belə hala rast gəlinmir. Yəni 3 "w" hərfini çıxardıqda belə, elektron avadanlıqların ticarəti ilə məşğul olan hər hansı sayta yox, yenə də Milli Məclisin saytına daxil olursunuz.

Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 iyul 2014-cü il tarixli 218-04/S nömrəli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzinin və Naxçıvan Muxtar Respublikası Kompyuter Təlim-Tədris və İnternet Mərkəzinin bazasında yaradılıb. Mərkəzin fəaliyyətinin əsas məqsədi Naxçıvan Muxtar Respublikası ərazisində inzibati və təsərrüfat obyektlərini, hüquqi və fiziki şəxsləri, muxtar respublika əhalisini internetlə təmin etmək, internetlə əlaqədar müxtəlif xidmətləri göstərməkdir.

Məsələ ilə bağlı araşdırmamıza davam etdikdə aydın oldu ki, Naxçıvan Muxtar Respublikası haqqında ümumi məlumat verən www.nakhchivan.az saytı Ali Məclisin saytından daha peşəkarcasına tərtib olunub və burada heç olmasa, ayda 1-2 xəbər yerləşdirilir.

Ən acınacaqlı hal isə Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyin saytında (rytn.nakhchivan.az) müşahidə olunur. Belə ki, Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi tərəfindən hazırlanmış bu saytın "xəbərlər" bölməsindəki sonuncu məlumat mart ayının 7-də "Naxçıvanda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilmişdir" başlığı ilə yerləşdirilib. Halbuki həmin vaxtdan bu günə qədər ölkədə, o cümlədən Azərbaycanın bir hissəsi olan Naxçıvanda prezident seçkiləri kimi mühüm bir proses keçirilib. Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi isə bununla bağlı saytında bir cümlə belə, yerləşdirməkdə maraqlı olmayıb. Onu da qeyd edək ki, sözügedən saytda Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri, ümumiyyətlə qurumun aparatı haqda heç bir bilgiyə rast gəlmədik.

Muxtar respublikanın Elektron Hükumət portalının saytı (e-hokumet.nmr.az) isə ümumiyyətlə işləmir.

Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin saytı isə (www.statistika.nmr.az) digərlərindən fərqli olaraq normal fəaliyyət göstərir. Ən azı ayda bir neçə məlumat yerləşdirilir.

Araşdırmamız zamanı, həmçinin Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin saytının (dgk.nmr.az) da bərbad vəziyyətdə olduğunu müəyyən etdik. Belə ki, həmin saytda komitənin sədri və digər rəhbər şəxsləri haqda heç bir məlumat yoxdur. Bundan başqa, "xəbərlər" bölməsindəki ən son məlumat 12.06.2017-ci il tarixdə "Balın tərkibi və keyfiyyəti dəqiqliklə müəyyən olunur" başlığı ilə verilib.

Bu arada, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin saytı (nazirlerkabineti.nakhchivan.az) da çox primitiv tərtib olunub. Məsələn, Azərbaycan Respublikası Nazirlər Kabinetinin saytından fərqli olaraq burada nazirliklər, dövlət komitələri, dövlət şirkətləri və dövlət xidmətləri haqda heç bir informasiya yoxdur. Həmçinin, "xəbərlər", "qəbul günləri" və "əlaqə bölməsi"nə də rast gəlmədik.

Obyektivlik naminə bildirməliyik ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası İdarəsinin saytı (www.dmfa.nakhchivan.az) digərlərinə nisbətən normal hazırlansa da, burada da "xəbər" bölməsində heç bir informasiya yoxdur. "Mətbuat xidməti" bölməsi isə ümumiyyətlə mövcud deyil. Eləcə də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisinin kimliyi ilə bağlı saytda heç bir məlumat verilmir. Qeyd edək ki, bu saytın da tərtibat və proqramlaşdırılması Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinə məxsusdur.

Nə qədər qəribə olsa da, Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin saytı (iin.nakhchivan.az) ümumiyyətlə açılmır. Adamda elə təsəvvür yaranır ki, sanki muxtar respublikada belə bir qurum yerli-dibli mövcud deyil.

Təəssüflər olsun ki, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin saytı (vergi.nakhchivan.az) da çox bəsit formada hazırlanıb. Belə ki, burada nazir haqqında bir kəlmə belə, yoxdur. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin saytından fərqli olaraq Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin saytında "bəyannamə", "xidmətlər", "statistika-hesabat" və "xəbərlər" bölməsinə rast gəlmədik. Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin saytında vergi ödəyicilərinə lazım olan heç bir informasiya ilə qarşılaşmadıq.

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin saytında (neqliyyat.nakhchivan.az) da nazir haqda heç bir məlumat vermir. Eynilə burda da "xəbərlər", "mətbuat xidməti", "E-xidmətlər" bölmələri yoxdur.

Картинки по запросу naxcivan maliyye naziri

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin saytında (maliyye.nakhchivan.az) isə nazir haqda məlumat, onun çıxışları barədə informasiya mövcud deyil. Bununla yanaşı, sayta "qəbul günləri", "ictimaiyyətlə əlaqə və mətbuat xidməti", "xəbərlər" bölmələrinə rast gəlmədik.

Qeyd edək ki, dəfələrlə cəhd etməyimizə baxmayaraq, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin saytı (kt.nakhchivan.az) açılmadı.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin saytında (fh.nakhchivan.az) da nazir və onun müavinləri haqda, o cümlədən nazirliyin indiyədək hansı işləri görməsi barədə heç nə yoxdur. Bir sözlə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin saytından fərqli olaraq, burda nazirlik haqqında məlumata, "əhalinin maarifləndirilməsi", "xəbərlər", "əlaqə", "arxiv", "fəaliyyət" və "statistika" bölmələrinə rast gəlmədik.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Bankın saytı (mb.nakhchivan.az) isə açılmır, ya da ümumiyyətlə mövcud deyil.

Nəzərinizə çatdıraq ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin saytında (sigorta.nakhchivan.az) da rəhbərlik haqda hər hansı bir informasiya yerləşdirilməyib. O cümlədən, "haqqımızda", "xidmətlərimiz", "filiallarımız", "şöbələr", "əlaqə" və "xəbərlər" bölməsinə də rast gəlmədik.

Araşdırmamız zamanı məlum oldu ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin saytında (www.supremecourt.nakhchivan.az) köhnə də olsa, bir neçə xəbər var. Eyni zamanda, məhkəmənin sədri, Rəyasət heyəti və məhkəmə aparatı haqda məlumata rast gəldik. Odur ki, bu saytı qənaətbəxş hesab etmək olar. Ən azından "xəbərlər" bölməsi mövcuddur və ara-sıra həmin bölmədə müəyyən informasiyalar verilir.

Yeri gəlmişkən, bildirək ki, Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti orqanları ilə bağlı apardığımız monitorinq zamanı ən maraqlı məqam muxtar respublikanın Daxili İşlər Nazirliyinin saytı ilə əlaqədar yaşanıb. Belə ki, adıçəkilən nazirliyin 2 saytı (din.nakhchivan.az və din.nmr.az) olsa da, onlardan heç biri faktiki olaraq işləmir. Məhz buna görə də Naxçıvanın daxili işlər nazirinin və onun müavinlərinin kim olması ölkə vətəndaşlarının böyük əksəriyyətinə bəlli deyil. Eyni zamanda, əhalidə muxtar respublikanın Daxili İşlər Nazirliyinin fəaliyyətinə, onun gördüyü işlərə dair heç bir bilgi yoxdur. Halbuki keçmiş nazir ara-sıra mətbuat qarşısına çıxır, rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı informasiya verirdi. Hazırkı nazir isə sanki "dərə xəlvət, tülkü bəy" prinsipini əldə bayraq tutaraq səssizliyə çəkilib...

Diqqətinizə çatdıraq ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun saytı (prokurorluq.nakhchivan.az) da digərləri kimi çox primitiv tərtib olunub. Məsələn, Azərbaycan Respublikasının Baş Prokurorluğunun saytından (genprosecutor.gov.az) fərqli olaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun saytında prokuror haqqında hər hansı məlumat, o cümlədən "xəbərlər", "fotoalbom", "qəbul günləri", "əlaqələr" və "mətbuat xidməti" bölmələri mövcud deyil. Elə bu səbəbdən də Naxçıvan Muxtar Respublikası Prokurorluğu haqda ətraflı məlumat almaq istəyənlər Azərbaycan Respublikasının Baş Prokurorluğunun saytına müraciət etməli olur.

Bəlkə də inanmayacaqsınız, lakin apardığımız araşdırma zamanı məlum oldu ki, Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin yerli-dibli saytı yoxdur. Bu səbəbdən də muxtar respublikanın Dövlət Yol Polisi İdarəsinin rəisinin kimliyi, ümumiyyətlə adıçəkilən qurumun nə işlə məşğul olduğu, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qanunu pozan şəxslərin cəzalandırılması istiqamətində nə kimi tədbirlər görmələri haqda hər hansı məlumat almaq mümkün deyil.

Xülasə, araşdırmamızın sonunda qəti əminliklə deyə bilərəm ki, Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarının saytlarının bərbad vəziyyətdə, yəni yalnız maketdən ibarət olması, faktiki isə fəaliyyət göstərməməsi, onların lazımi informasiyanın operativ şəkildə elektron resurslar vasitəsilə vətəndaşlara təqdim edə bilməməsi məqsədli şəkildə atılmış addımdır. Çünki məhz bu halda kütləvi informasiya vasitələrinin nümayəndələri Naxçıvanda baş verən hər hansı bir proses, neqativ hallarla bağı məlumat almaq imkanından məhrum olur. Ola bilməz ki, Naxçıvandakı dövlət qurumlarının hamısının saytı eyni vəziyyətdə, yəni bərbad halda olsun. Görünən odur ki, bu barədə tapşırıq Naxçıvanla bağlı yaranmış mifin dağıdılmaması məqsədiylə məhz muxtar respublikanın Ali Məclisinin sədri tərəfindən verilib. Bu isə öz növbəsində, həm də “İnformasiya əldə edilməsi haqqında” qanunun və dövlət başçısının yuxarıda qeyd olunan fərmanının tələblərinin kobud surətdə pozulması deməkdir.

"Hürriyyət"in Araşdırma Qrupu

Loading...

QALEREYA