NAZİRLİK GÖZLƏNTİLƏRƏ SON QOYDU

  • 2018-11-08 15:27:19
  • |
  • Sosial /

NAZİRLİK GÖZLƏNTİLƏRƏ SON QOYDU

ƏƏSM Qarabağ müharibəsində şəhid olan DİN əməkdaşlarının ailə üzvlərinin son ümidini də öldürdü

Natiq Məmmədov: “Birdəfəlik ödəmə yalnız şəhid hərbi qulluqçularının vərəsələrinə şamil olunur”

Bir müddət öncə Qarabağ müharibəsində şəhid olan DİN əməkdaşlarının ailə üzvləri redaksiyamıza müraciət etmişdi. Onlar 11 min manatlıq birdəfəlik ödəməni ala bilmədiklərindən şikayətçi idilər.

Məsələyə aydınlıq gətirmək üçün keçmiş polis rəisi Mahmud Hacıyev və hüquqşünas Namizəd Səfərova müraciət etmişdik və “ŞƏHİDLƏRİN "QAN PULU" NƏDƏN VERİLMİR?” sərlövhəli yazımızda oxucularımıza ekspertlərin mövqeyini çatdırmışdıq.

Eyni zamanda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə adıçəkilən məsələ ilə bağlı sorğu ünvanlamışdıq.

DİN-ə yolladığımız sorğuya birdəfəlik ödəmənin verilməsini icra edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən cavab məktubu almışıq. Nazir müavini Natiq Məmmədov tərəfindən göndərilən məktubda deyilir:

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən daxil olmuş şəhid polis əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmənin şamil edilib-edilməməsi ilə bağlı sorğunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aidiyyati üzrə baxılmışdır.

Bildiririk ki, “Azərbaycan Respublikasinin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının 5-ci hissəsinə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyati dövlət orqanları ilə birgə müəyyən edilərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir.

Fərmanın icrası ilə əlaqədar aidiyyati olanlar tərəfindən təqdim edilmiş müvafiq siyahılar əsasında Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci il 9 oktyabr tarixindən etibarən hərbi qulluqçunun adını, soyadını və atasının adını daxil etməklə, vərəsələrin birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını müəyyən etməyə imkan verən internet informasiya resursunun fəaliyyəti təmin edilmiş və sənədlərin qəbuluna başlanılmışdır.

“Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.9-cu maddəsinə əsasən, hərbi qulluqçular həqiqi hərbi xidmətdə olan şəxslərdir.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydaları və şərtləri müəyyən edilmişdir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, sığorta olunanın həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşməsinə görə məhkəmə qərarı ilə ölmüş elan edilməsi sığorta hadisəsi hesab edilir və sığorta ödənişləri həyata keçirilir.

Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanı ilə müəyyən edilmiş birdəfəlik ödəmə yalnız şəhid hərbi qulluqçularının vərəsələrinə şamil edilir”.

Hazırladı: Banu OĞUZ, Hurriyyet.org

Loading...

QALEREYA