Nazirlik işçisi hakim qarşısında: layihələrə ayrılan pullar necə ələ keçirilib?

Nazirlik işçisi hakim qarşısında: layihələrə ayrılan pullar necə ələ keçirilib?

Kənd Təsərrüfatı Nazirliyinin sabiq əməkdaşı və onunla birlikdə həbs edilən şəxslər hakim qarşısına çıxarılıb.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1977-ci il təvəllüdlü Sevinc Zeynalova, 1980-ci il təvəllüdlü Emil Bağırovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Bu iş üzrə digər təqsirləndirilən şəxs isə A.İsmayılovadır. Onun barəsində həbs-qətimkan tədbiri seçilməyib, ev dustaqlığındadır.

İttihama görə, Sevinc Zeynalova Kənd Təsərrüfatı Nazirliyində maliyyə menecerinin assistenti olan zaman layihələrə ayrılan pulları ayrı-ayrı hesablara köçürərək ələ keçirib. Bu zaman da rəsmi sənədləri saxtalaşdırıb. Zeynalova layihələrə ayrılan pulları Emil Bağırovun, A.İsmayılovanın və daha iki nəfərin bank hesablarına köçürüb. İstintaq belə qənaətə gəlib ki, Zeynalov digər şəxslərə də qazanc vəd edərək bu cinayətə ortaq edib. Amma digər təqsirləndirilən şəxslər bununla razılaşmırlar. Bildirirlər ki, sadəcə Zeynalovanın xahişi ilə hesablarına pul köçürülüb və məbləği nağdlaşdıraraq ona veriblər.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən Emil Bağırov sərbəst ifadə verib. O, deyib ki, digər təqsirləndirilən Sevinc Zeynalova ilə rəsmi olmasa da, ər-arvadı münasibətində olublar.

İfadəsinin davamında Bağırov bildirib ki, həbs edilənə qədər fərdi sahibkarlıqla məşğul olub: "Mən "Best" MMC-nin rəhbəri olmuşam. Ukraynadan kağız məhsulları gətirirdim. Digər malların da topdansatışı ilə məşğul olmuşuq. Mənim bu işdə heç bir günahım yoxdur. Sevincə etibarım olub. O məndən xahiş edib ki, bank hesabına köçürülən pulu çıxarım. Mən də bunu etmişəm. Bank AFB-də olan tanışdan buna görə də xahiş etmişəm ki, Sevincin işində ona kömək etsinlər".

Digər təqsirləndirilən A.İsmayılova da məhkəmədə ifadə verib. O, satınalma üzrə analitik vəzifəsində çalışdığını deyib. Məlum olub ki, Sevinc Zeynalova ondan da bank hesabına pul köçürülməsini xahiş edib: "Mən maddi məhsul şəxs olmamışam. Sevinc xahiş edib ki, layihə üçün nağd pul lazımdır. Həmin pulu mənim hesabıma köçürüb. Mən də bankdan çıxarıb ona vermişəm. Heç bir saxtakarlıqda əlim olmayıb. Nə saxta möhür, nə də saxta sənədlərdən xəbərim olub".

Məlum olub ki, qeyd edilən cinayət əməli Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin icrası zamanı baş verib. A.İsmayılova İFAD (Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond) layihəsində xidməti müqavilə ilə işlədiyini deyib.

Məhkəmədə şahid qismində Esmira Əliyeva da ifadə verib. O, AFB bankın "Nərimanov" filialında mühasib işlədiyini deyib. Bildirib ki, Təqsirləndirilən Emil Bağırovla dostluq münasibəti olub.

Şahid əvvəlcə Emil Bağırovun adına köçürülən pullar haqda danışıb. O, deyib ki, həmin məbləğlərin biznes məqsədi ilə ödənildiyini bilib: "Köçürülən puldan vergi tutulurdu. Nağdlaşdırılaraq Emilə verilirdi".

Suallar zamanı məlum olub ki, Esmira Əliyeva Emil Bağırov üçün başqa şəxslərin də adına pul köçürülməsini təşkil edib. Esmira Əliyeva bunu belə izah edib: "Emilə kömək üçün bunu etmişəm. Onların adına olan hesaba pul köçürülüb. Həmin pul da çıxarılaraq Emil Bağırova verilib".

Prokurorun sualına cavab verən Esmira Əliyeva bu işdə köçürülən pulların qanunsuz yollarla əldə edilməsindən xəbərsiz olduğunu deyib. Əlavə edib ki, bu işləri sadəcə Emilə kömək məqsədi ilə edib və maddi marağı olmayıb.

Vəkillərin suallarından məlum olub ki, Esmira Əliyeva barəsində cinayət işi açılıb və ayrıca icraata götürülüb. Məhkəmə araşdırması davam etdirilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA