ÖNCƏ MÜHARİBƏ, SONRA SÜLH...

ÖNCƏ MÜHARİBƏ, SONRA  SÜLH...

Münaqişəyə müharibə yolu ilə son qoymaq üçün rəsmi Bakı mühüm planları yerinə yetirilməlidir

Qız-gəlini, qoca və körpə soydaşları olmazın işgəncələrə məruz qalan Azərbaycan vətəndaşlarını sülhə hazırlamaq mümkün deyil

Bir neçə gün öncə, daha dəqiq desək, yanvarın 16-da Fransanın paytaxtı Parisdə xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinində iştirakı ilə görüş baş tutub. Qeyd edək ki, hər iki tərəf görüşün müsbət keçdiyini, anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparıldığını bəyan edib. Onu da əlavə edək ki, görüşlə bağlı həmsədrlərin yaydığı bəyanatda geniş məsələlərinin müzakirə edildiyi, eyni zamanda əhalinin sülhə hazırlanması ilə əlaqədar konkret addımların atılmasının zəruriliyi barədə razılığa gəlindiyi bildirilib və danışıqlara güclü müsbət dinamika vermək üçün Azərbaycan və Ermənistan liderləri arasında mümkün görüşün keçirilməsi istiqamətində addımların atılmasının müzakirə edildiyi qeyd edilib.

Nəzərinizə çatdıraq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündən sonra Azərbaycan Xarici İşlər Nazirliyi "faydalı və çox müsbət fikir mübadiləsi aparıldığını” bəyan edib. Belə ki, XİN-nin sözçüsü Leyla Abdullayeva "BBC Nyus Azərbaycanca"ya deyib ki, çərşənbə günü iki ölkənin xarici işlər nazirləri Paris görüşündə ölkə əhalisini sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsinə ehtiyac duyulması barədə razılaşıblar: "Bununla bağlı ötən ilin dekabrında Milanda iki ölkə xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən qəbul olunmuş birgə bəyanatda da "əhalinin sülhə hazırlanması üçün konkret addımların atılması ilə bağlı çağırış əks olunmuşdur".

Bu arada, Azərbaycan XİN-nin mətbuat katibinin açıqlamasından nəsə anlamağın çətin olduğunu vurğulayan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Paris bəyanatına istinad edən xarici dairələrə görə işğal qala-qala da "xalqları sülhə hazırlamaq" olar: "Görəsən xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarıyla razılaşdırdığı "xalqları sülhə hazırlamalıyıq" bəndində nəyi nəzərdə tutub? Azərbaycan XİN-nin mətbuat katibinin açıqlamasından da nəsə anlamaq çətin idi. Çünki böyük ehtimalla mətbuat katibi də şefinin niyə belə bəndə imza atdığını dəqiq bilmir. Cənab nazir bəlli səbəblərdən ancaq rus agentliklərinə müsahibə verir. Ona görə yaxın müddətdə onun bu məsələyə aydınlıq gətirəcəyini gözləmirəm. Ancaq Paris bəyanatındakı həmin ifadə artıq əleyhimizə işləməyə başlayıb. Məsələn bəyanatdan dərhal sonra BMT baş katibi xüsusi açıqlama verərək Azərbaycan və Ermənistan nazirlərinin "xalqları sülhə çağırışını" yüksək qiymətləndirib. İndi gəl BMT baş katibini inandır ki, söhbət Azərbaycan torpaqlarının azad olunmasından sonrakı "sülhdən" gedir. Paris bəyanatına istinad edən xarici dairələrə görə işğal qala-qala da "xalqları sülhə hazırlamaq" olar".

Digər politoloq Şahin Cəfərlinin fikrincə isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşü göstərdi ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra münaqişənin həllinə dair danışıqlar prosesində əldə edilən pozitiv dinamika davam edir: "Görüşlə bağlı hər iki ölkə XİN və həmsədrlər ayrı-ayrı bəyanatlarla çıxış etdilər. Son illərin praktikasından fərqli olaraq, bəyanatlarda sinxronluq var, yəni görüşdə razılaşdırılıb ki, bütün tərəflər eyni məzmunda açıqlama yaysın. Qırmızı xətlə keçən cümlə "xalqları sülhə, təhlükəsizliyə və bölgənin stabil inkişafına" hazırlamaqdır. Bu cümlədən 2 nəticə çıxır: birincisi, prosesdə irəliləyiş var; ikincisi isə tərəflər - Azərbaycan və Ermənistan rəhbərlikləri problemi məhz sülh yolu ilə həll edəcəklərinə dair növbəti dəfə təminat verdikləri üçün vasitəçilərin çağırışı ilə razılaşıblar ki, öz xalqlarını da sülhə hazırlamağa başlasınlar. Xalqı sülhə hazırlamaq üçün zəruridir ki, xalq hansı sülhdən söhbət getdiyini bilsin. Yəni hakimiyyət danışıqların məzmunu, müzakirə olunan sənədin və ya planın (əgər varsa) konturları barədə yaxşı olar ki, ictimaiyyəti məlumatlandırsın". Xalqları sülhə hazırlamaq zərurətinin ilk dəfə deyil ki, vurğulandığını deyən politoloqun sözlərinə görə, əvvəllər də bu məsələdən, etimad artırıcı tədbirlərdən dəm vurulub, hətta xalq diplomatiyası işə salınıb, qarşılıqlı səfərlər təşkil olunub: "Bütün bunlar münaqişənin həllinə gətirib çıxarmayıb. Yəni əvvəllər də tərəflər bir neçə dəfə sülhə yaxınlaşıblar, indi də bənzər proses müşahidə edirik. Lakin bu, heç də o demək deyil ki, yenə heç bir nəticə hasil olmayacaq. İstisna deyil ki, bu dəfə konkret razılaşmalar əldə oluna bilər. Bu baxımdan hazırda gedən proses önəmlidir və diqqət mərkəzində saxlanılmalıdır".

Şübhəsiz ki, erməni işğalı altında olan torpaqlarımızı azad etmək hər bir ölkə vətəndaşının ən ündə vəzifə borcumuzdur. Lakin bu zaman mövcud problemi hərtərəfli araşdırmaq və beynəlxalq güclərin məsələyə müdaxiləsini ciddi şəkildə təhlil etmək gərəkdir. İlk öncə onu qeyd edək ki, mövcud vəziyyətdə Azərbaycan beynəlxalq siyasətdəki balanslaşdırma prinsiplərini dəyişərək, birtərəfli siyasət yeridə bilməz. Çünki uzun illərdir ki, balanslaşdırma prinsipləri tətbiq olunur və bu, bir növ ölkənin təhlükəsizliyinin qorunmasına xidmət edir. Buna baxmayaraq, bölgədə maraqları olan super güclər öz mənafeləri naminə Azərbaycanın birtərəfli siyasət yeritməsinin tərəfdarı olduqlarını biruzə verirlər. Sözsüz, rəsmi Bakının regionda öz coğrafi mövqeyini nəzərə almadan birtərəfli siyasət yeritməsi Dağlıq Qarabağ münaqişəsinin həllini bir qədər də çətinləşdirə bilər. Məhz elə bu səbəbdən də Azərbaycan tərəfi problemin sülh yolu ilə həll edilməsinə üstünlük verir və bu istiqamətdə bütün mümkün addımları atır. Lakin uzun illərdir davam edən sülh danışıqların konkret nəticə əldə olunmayıb. ATƏT-in Minsk Qrupunun fəaliyyətindən isə danışmağa belə, dəyməz. Buna görə də Kremlin hərtərəfli dəstəyinə arxayın olan Ermənistan tərəfi müxtəlif bəhanələr gətirərək konstruktiv mövqe nümayiş etdirməkdən boyun qaçırır.

O da danılmaz faktdır ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq əhəmiyyət kəsb etdiyindən burada kənar maraqlı dövlətlərin çirkin niyyətləri ucbatından problem acı bağırsaq kimi uzanır. Təbii, münaqişənin ədalətli həllində rəsmi Bakı son addım olaraq müharibə variantından istifadə edə bilər. Lakin indiki vəziyyətdə Azərbaycanın müharibə etməsi məqsədəuyğun deyil. Çünki müəyyən nəticələr əldə olunsa belə, ABŞ, Rusiya və İranın kəskin təzyiqləri ilə rastlaşacağıq və bunun da nəticəsində geri çəkilməli olacağıq. Bundan başqa, Azərbaycanın hazırki iqtisadi gücü müharibə etməyə imkan verir, lakin tam qələbə əldə etmək üçün müharibəni bir qədər sonraya saxlamaq lazımdır. Münaqişəyə müharibə yolu ilə son qoymaq üçün yaxın gələcəkdə Azərbaycanın qarşısında mühüm planların yerinə yetirilməsi durur. Belə ki, ölkəmiz öz gücünü, yəni dövlət büdcəsi və digər valyuta ehtiyatlarını artırmaqda davam etməli, yeni raket texnologiyaları ilə öz ordusunu gücləndirməli, ordunun döyüş qabiliyyəti daha da artırılmalıdır. Bununla yanaşı, balanslaşdırma siyasəti davam etməli, Rusiyanın təzyiqlərinin qabağını kəsmək üçün bu dövlətlə güzəştli əsaslarla əməkdaşlıq edilməli, İranın təzyiqlərini zərərsizləşdirmək üçün isə iqtisadi və siyasi əməkdaşlığı dərinləşdirmək lazımdır. Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları axtarılarkən Bakının haqlı mövqeyini daim müdafiə etmək və beynəlxalq ictimaiyyətə çatdırmaq işinə xidmət göstərəcək uğurlu informasiya siyasətinin yürüdülməsi ən vacib sahələrdən biri kimi mütləq nəzərdə tutulmalıdır. Məhz yuxarıda qeyd olunan tədbirləri həyata keçirdikdən sonra Azərbaycan yaxın gələcəkdə Dağlıq Qarbağın və digər rayonların işğaldan azad olunması uğrunda hərbi əməliyyatlara başlaya bilər. Belə olan halda, böyük dövlətlər regionda özlərinin iqtisadi və hərbi-siyasi maraqlarının təminatına mənfi təsir göstərəcək ictimai-siyasi sabitliyin pozulmasına yol verməmək üçün rəsmi Bakının hərbi əməliyyatlarının qabağını kəsmək məqsədi ilə və sülhün əldə olunması üçün məcburi olaraq Ermənistanı konstruktiv mövqeyə sövq edəcəklər. Odur ki, bütün bunlar bir daha onu deməyə əsas verir ki, xalqları, ələlxüsus da 20 faiz torpağı işğal olunan, qız-gəlinləri, qoca və körpə soydaşları olmazın işgəncələrə məruz qalan Azərbaycan vətəndaşlarını sülhə hazırlamaq həm mümkün deyil, həm də buna lüzum yoxdur. Torpaqlarımızı azad etmək istəyiriksə, o zaman yuxarıda qeyd olunan tədbirləri həyata keçirmək yetərlidir. Bax, ondan sonra, yəni müharibə yolu ilə Şuşada oturduqdan sonra sülhdən danışmaq olaq.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA