“Necə ola bilər ki, 400 qoyun saxlayan adam mühafizə tədbiri görmür?" - ETSN

  • 2019-04-03 18:17:45
  • |
  • Ölkə /

“Necə ola bilər ki, 400 qoyun saxlayan adam mühafizə tədbiri görmür?" - ETSN

“Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları canavar sürüsünün hücumu nəticəsində 407 baş qoyunun tələf olduğu "Xanqulu" qış otlaq sahəsindədirlər, əraziyə nazirlik tərəfindən ovçular cəlb olunub. Onlar həmin əraziləri və ətrafı bir neçə gün gəzərək araşdırma aparacaqlar. Bizim üçün ilk növbədə insanların və onların əmlakının təhlükəsizliyi önəmlidir”.

Hurriyyet.org xəbər verir ki, bu barədə Ona-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib. O bildirib ki, əgər canavarlar tapılarsa, o heyvanlar vurulacaq, ən azından xəbərdarlıq üçün atəşlər açılacaq ki, yırtıcı heyvanlar qorxaraq ərazidən uzaqlaşsın: “Necə ola bilər ki, 400 qoyun saxlayan adam mühafizə tədbiri görmür, it saxlamır və ya özü qorumur. 400 qoyunu açıb özbaşına buraxmaq olmaz".

H.Əlizadə deyib ki, istənilən heyvanın, o cümlədən canavarın vurulmasına görə cərimələr var: “Qanunsuz ova görə 1000 manat cərimə nəzərdə tutulur, canavar qanunsuz ovlanarsa, 33 manat da əlavə cərimə yazılır. Amma insanlar özlərini, öz əmlaklarını müdafiə məqsədilə canavarları vurubsa, burda heç bir cərimədən söhbət gedə bilməz”.

Departament direktoru bildirib ki, ətraf-mühit qanunvericiliyində hansısa vəhşi heyvanın sahibkara zərər vurmasına görə kompensasiya ödənilməsi məsələsi yoxdur.

Qeyd edək ki, Abşeron rayonunda yerləşən "Xanqulu" qış otlaq sahəsindəki yataqlardan birinə canavar sürüsünün hücumu nəticəsində 407 baş qoyun-quzu tələf olub.

Fermer təsərrüfatının rəhbəri Seyran Kərimovun dediyinə görə, ona 60 min manatdan çox ziyan dəyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA