Nəcməddin Sadıqov haqqında ŞOK FAKTLAR - O, nə üçün Azərbaycanın milli mənafeyini müdafiə edə bilməz?

Nəcməddin Sadıqov haqqında ŞOK FAKTLAR - O, nə üçün Azərbaycanın milli mənafeyini müdafiə edə bilməz?

2017-ci il mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı birgə bəyanatda Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nətcəsində bir qrup hərbi qulluqçu və mülki şəxsin Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edildiyi, müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürdüyü bildirilib. Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə Hərbi Prokurorluqda cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanıb, hər üç qurumun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır.

Sabiq DTX rəisi: “Bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök atıb”

General Mədət Quliyevin bu fikirinə münasibətimi bildirmək üçün Nəcməddin Sadıqovla bağlı iki hadisəni ictimaiyyətin nəzərinə çatdırmağı özümə mənəvi borc bildim.

Belə ki, 1992-ci ilin sentyabr ayının sonu (26 və ya 27-si) idi. Daxili Qoşunların Baş İdarəsindən bizi (bir batalyon şəxsi heyəti) Ağdərə bölgəsinə briqada komandiri polkovnik–leytenant Nəcməddin Sadıqovun sərəncamına göndərdilər. Səhərə yaxın (saat 4 radələrində) Ağdərəyə çatdıq. Şıdırğı yağış yağırdı. Briqada qərargahını mühafizə edən qaravul rəisinə gəlişimiz haqqında N.Sadıqova məruzə etmək istədiyimi bildirdim. O isə “olmaz. Komandir yatır”, saat 7-də duranda məruzə edərsən” dedi. Mən etirazımı bildirərək dedim “döyüş əməliyyatı gedən bölgədə komandir necə rahat yata bilər?!” Mühafizəçi “O yatanda heç kim onu oyatmağa cürət etmir, özü nə vaxt istəsə, onda da oyanır” dedi.

N.Sadıqov oyanandan sonra batalyonun (taborun) şəxsi heyətini sıraya düzüb ona məruzə etdim. O isə şəxsi heyətlə salamlaşdıqdan sonra rus dilində bir neçə dəqiqə sıra qarşısında çıxış edib axırda dedi: “Hamı gödəkçələrinin (buşlatların) iç cibinin üstündə soyadlarını yazsın ki, öləndə görək kimdir”.

Onun bu sözləri məni həm əsəbləşdirdi, həm də məyus etdi. N.Sadıqovun milliyətcə tatar olan şəxsi heyətlə siyasi və tərbiyə işləri üzrə müavininə etirazımı bildirib dedim: “Komandir briqadasının çıxışı batalyonun (taborun) şəxsi heyətində ruh düşgünlüyünə səbəb ola bilər. Onun bu çıxışı təxribat xarakteri daşıyır”.

N.Sadıqovun müavini isə əli ilə mənə “sus” işarəsi göstərib, asta tonla dedi: “Neyləyək, bu belə adamdı, belə komandirdi”. N.Sadıqovun göstərişi ilə batalyonun (taborun) iki bölüyünün şəxsi heyəti ağır döyüşlər gedən kəndlərə göndərildi. Məni isə bir bölüyün şəxsi heyəti ilə Vəng, Çıldıran və Dovşanlı kəndləri istiqamətində mövqelərimizdə sağ qalmış şəxsi heyəti dəyişməyə (əvəz etməyə) göndərdi. Eyni zamanda müavininə əmr etdi ki, kapitan Nağıyevin (yəni mənim) dəstəsinə 3 (üç) günlük quru yemək (suxoy payok), hərbi sursat və bir ədəd də radiostansiya verilsin. Mən isə N.Sadıqovdan xahiş etdim ki, mövqelər dağlıq ərazidə - meşədədir, hərbi sursat bizə bir az çox verilsin, radiostansiya sıradan çıxa bilər, əlaqəmiz sizinlə kəsilə bilər. O isə bildirdi ki, narahat olma, kapitan Nağlyev B. Həmin mövqedə 2(iki) zirehli maşın da var, döyüş şiddətlənsə, sizə kömək göndəriləcək. Lakin N.Sadıqovun bizim dəstəyə 3 (üç) günlük quru yemək verilməsi məni şübhələndirmişdi və bu 3 (üç) gün ərzində nəsə xoşagəlməz (təxribat) xarakterli olayın baş verəcəyini hiss edirdim. Çünki mən bir il (1991-1992) “OMON”un tərkibində bölük komandiri kimi bölgələrdə (Ağdam, Füzuli və Goranboy) döyüş təcrübəsi qazanmış və bəzi təxribat xarakterli hadisələrlə qarşılaşmışdım. Yalnız öz qəti qərarım nəticəsində həmin olayların, təxribatların qarşısı alınmışdır.

Əlqərəz, mövqelərə çatdıq. Sıx meşəlik olan bu dağlıq ərazidə komandirsiz özbaşına buraxılmış 40 (qırx) nəfərə yaxın daxili qoşunların gizirlərini gördüm. Hərdənbir mövqelərimizə müxtəlif çaplı silahlardan düşmənlərimiz atəş açırdı. Biz də onların cavabını verirdik. İkinci gün atışma şiddətləndi. Baş leytenant olan həkim (soyadını unutmuşam) ayağından yaralandı. Həkimi qərargaha göndərdim. Rabitəçi – radist əsgər aparatın işləmədiyini, sıradan çıxdığını bildirdi. Axşama yaxın atışma səngisə də, bir neçə nəfər yaralanmışdı.

Üçüncü gün atışma tədricən şiddətləndi və düşmən ağır artilleriya qurğularından da (silahlardan) istifadə etməyə başladı. Bizim koordinatlarımızı onlar dəqiq bildikləri üçün itkilərimiz çoxalırdı. N.Sadıqovun bizə üç günlük quru yemək verilməsi göstərişini xatırladım. Zirehli maşınlara ağır yaralıları yığdırıb onları qərargaha göndərdim. Şəxsi heyətin yüngül yaralı və sağ qalanlarına döyüşə-döyüşə, kiçik dəstələrlə mühasirəyə düşməmək üçün meşədən çıxmağı tapşırdım. Mənimlə səkkiz nəfər əsgər, iki nəfər gizir və bir nəfər baş gizir meşədən çıxdıq. Hava artıq qaralmışdı. Baş gizir çiynindən yüngül yaralanmışdı. Arabir atəş səsi eşitsək də, meşədən 10-15 km. aralanmışdıq. Qəfildən “dayan kimdi gələn” komandası eşitdik. “Özümüzünkülər” – deyib onların kim olduğunu soruşdum. Dedilər biz OMON-çularıq. Mən soyadımı deyəndə onlar məni tanıdılar. Çünki mən 3 ay olardı daxili qoşunun tərkibində xidmət etmək üçün OMON-dan keçmişdim. Onlardan xahiş etdim ki, bizə nəqliyyat vasitəsi verin bizi Yevlaxa aparsın. N.Sadıqovun haqqında mən şəxsən özüm Daxili İşlər Naziri İsgəndər Həmidova məruzə edəcəm. OMON-çular bizə, yəni 11 nəfərə çay-çörək verdikdən sonra Yevlax şəhərinə getməyə maşın da (avtobus) verdilər. Balakən-Bakı qatarı ilə Bakıya – Daxili Qoşunların Baş İdarəsinə gəlib komandan Fəhmin Hacıyevə məruzə edəndə o, bizi çox kobud və sərt qarşılayıb dedi: “Siz necə olub sağ qalmısınız, siz hamınız həlak olmalıydınız, ölməliydiniz”.

Onun göstərişinə əsasən bizim hamımızı həbs edib, Daxili Qoşunların təcridxanasına saldılar. Təcridxana dolu idi. Hətta orda bir neçə nəfər hərbi həkimlər də var idi. On gün tədqiqat aparıldı. Gah gündüz, gah da gecə. Tədqiqatçılar tez-tez dəyişirdi. Mən də izahatımda eyni fikri, yəni Nəcməddin Sadıqovun məni heç bir döyüş planı ilə tanış etməməsini və heç bir sənədə, plana da imza atmadığımı şəxsi heyəti bilərkdən qırdırmaq istədiyini yazırdım. On gündən sonra tədqiqat başa çatdı. Təcridxanada olanların hamısını azad etdilər. Əsgərləri öz hərbi hissələrinə, həkimləri iş yerlərinə göndərdilər, gizirləri və məni də azad etdilər. Mən də 20 il xidməti stajim olduğuna görə sənədlərimi pensiyaya (təqaüdə) çıxmağa hazırladım. Lakin 2 ay keçdikdən sonra məni Daxil İşlər Naziri İsgəndər Həmidov nazirliyə çağırtdırıb bildirdi ki, ölkədə müharibə yeni qızışır, sənin kimi zabit bizə lazımdır, sən də pensiyaya gedirsən. Get hazırlaş xüsusi bir batalyonla cəbhə bölgələrinin ən gərgin, ən ağır yerlərinə gedəcəksən. 1992-ci ilin dekabr ayının axırlarında Ağdama göndərildim. Bir ay (yanvar) orda döyüşdükdən sonra Ağdərə bölgəsinə, yenə də N.Sadıqovun briqadasına göndərildim. Ayazlı-şaxtalı fevral ayının bir qış axşamı rabitəçi əsgər bildirdi ki, döyüş mövqelərində olan tabor və bölük komandirlərini N.Sadıqov xidməti yığıncağına çağırır. Gecə saat 12-də meşənin içində böyük hərbi çadırdan ibarət qərargahda N.Sadıqovun 10-15 nəfər idmançı görkəmli cangüdənləri və mühafizəçisi var idi.

Onlardan dörd nəfəri çadırın girəcəyində durub biz zabitlərdən hərbi sursatı və silahı alıb çadıra buraxırdı. Hava çox şaxtalı idi. Bir az da araqdan vurmuş briqada komandiri qıpqırmızı qızarmışdı. O, çıxışının ilk kəlməsindən rus dilində kobud sözlərlə başladı. Özündən başqa hamını günhakar hesab edirdi. Onun bu özündən müştəbeh, razı olmağını tabeliyində olanlarla sərt və kobud (qaba) rəftarını bütün Azərbaycan bilir. Ona görə ki, bir neçə dəfə televizor ekranlarında onun şəxsi heyəti təhqir etməsi, hətta bəzi epizodlarda əl qaldırmasının görüntülərini görmüşlər. Bu görüntülər Kəlbəcər istiqamətində gedən döyüşlərdən göstərilmişdir.

Kəlbəcər əməliyyatından bir fraqment

Kəlbəcər əməliyyatı dedikdə 1993-cü ilin sonu və 1994-cü ilin yanvar-fevral aylarında işğal altında olan Kəlbəcər rayonu ərazisinin erməni işğalından azad olunması üçün həyata keçirilən hərbi əməliyat nəzərdə tutulur. Bir tabor komandiri və həmin hərbi əməliyyatların iştirakçısı kimi bu hərbi kampaniyanın uğursuzluğa düçar olmasının əsas səbəblərindən biri əməliyyatlara rəhbərlik edən yüksək rütbəli komanda heyətinin satqın və xəyanətkar mövqedən çıxış etmələriydi. Həmin şəxslərdən biri də Nəcməddin Sadıqov idi. Bunun sübutu olaraq Kəlbəcər əməliyyatından acı xatirələrlə dolu bir döyüş əməliyyatını sizinlə paylaşmaq istəyirəm. 5 fevral 1994-cü ilin səhərində bir qrup yüksək rütbəli zabitlər qərargahdan bizim Şəmkir taborunun Lev kəndinin üstündəki Təkə qayası deyilən məkandakı mövqelərimizə gəldilər. Həmin gün bizə bildirdilər ki, 5-i fevrala keçən gecə irəlidəki düşmən mövqelərinə, dağlarla böyük bir məsafə qət edərək, arxadan düşmənə zərbə endirmək lazımdır. Həmin yüksək rütbəli zabitlərin dediyinə və guya kəşfiyyat məlumatlarına görə ermənilərin vəziyyəti olduqca acınacaqlı vəziyyətdədir. Bizim sol cinahımızda olan Daşkəsən taboru və 702 saylı hərbi hissəyə aid olan mərkəzi qüvvələr tank və top atəşləri ilə bizim irəliləməyimizi asanlaşdırmalıydılar. Lakin yarım saata yaxın döyüş müddətində və sonrası döyüş əməliyyatında nəzərdə tutulan əməliyyat planına əməl etmədilər. Əgər PDM -2 (Piyadaların döyüş maşını) ekipajının əsasən atıcı operatoru Xəlilov Ülvü Zakir oğlunun döyüş bacarığı və şücaəti olmasaydı taborun 120 nəfərlik şəxsi heyəti mühasirədən çıxa bilməzdi. Yuxarıda qeyd olunan komanda heyətinin döyüş əməliyyatı planına əməl etməmələri mənim nəzərimdə bir xəyanət və satqınlıqdır. Həmin döyüşdə biz bir nəfər şəhidimizin meyidini çıxara bilmədik. Satqınlığın və xəyanətin nəticəsi olaraq məlum Kəlbəcər əməliyyatı fiaskoya uğradı. Əsas günahkarlar isə hələ də layiqli cəzalarını almayıblar və hələ də iqtidarda vəzifə sahibləridirlər.

Keçmiş döyüşçü və bir qələm əhli kimi mən müşahidə etmişəm. Ölkəmizdə vətəndaşları şok vəziyyətinə salmaq üçün elə bil ki hansısa bir qüvvələr tərəfindən hadisələr baş verir. Məsələn, bir neçə il əvvəl MTN-in iki nəfər gənc əməkdaşının izlədikləri terrorçunun günün günorta çağı Neft Akademiyasında 20 nəfərə yaxın müəllim, professor və tələbəni qətlə yetirməsi. Deyilənə görə, terrorçunu izləyənlər atışma başlayanda qorxudan özlərini itiriblər.

Eldar Mahmudovun generallardan və polkovniklərdən ibarət soyğunçu dəstəsi 11 il öz işini davam etdirdi. Ancaq gec də olsa, ifşa olundular.

İndi də Tərtər rayonunda baş vermiş olay. Uzun illər orduda xəyanətkarların fəaliyyəti vətəndaşları şoka salmış, ictimaiyyətdə dərin rezonans yaratmışdır. Bəs belə olan halda 25 il Azərbaycan ordusunda xidmət edən, vəzifə pillələrində liftlə qalxan Nəcməddin Sadıqov haqqında KİV-də nə qədər yazılmalı, deyilməli və televiziya ekranında nə qədər fraqmentlər göstərilməlidir ki, o, öz yerini tapsın və nəyə layiqdirsə, onu da alsın... Çünki o, apardığı döyüş əməliyyatlarının heç birində də qələbə çalmayıb. Ancaq nə qədər igid şəhid, əlil olub. N.Sadıqov isə general-polkovnik olub. İctimaiyyətə sual olaraq bildirirəm: Qardaşı Ermənistanda qoşun komandanı olan bu general bizim milli mənafeyimizi müdafiə etmək istəyərmi?! Yoxsa bu generalı hansısa bir sehrli əl (qüvvə) qoruyur, ya da kiminsə tapşırığını eşidib öz bildiyini edir?!

(Ardı var)

Bəhlul Orucoğlu, araşdırmaçı jurnalist, şair-publisist