Neft qiymətlərində TƏLATÜM - Azərbaycanı hansı risklər gözləyir?

Neft qiymətlərində TƏLATÜM - Azərbaycanı hansı risklər gözləyir?

Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsində neftin 1 barelinin qiyməti 60 dollardan hesablanıb. İlin əvvəlində dünya birjalarında yüksək qiymətlərlə satışa çıxarılan neft ucuzlaşmağa başlayıb. Dünən neft qiymətlərindən ucuzlaşma müşahidə olunsa da, bu gün Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,33 dollar bahalaşaraq 58,59 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,36 dollar artaraq 54,30 dollar təşkil edib. Görünən budur ki, qiymətlərdəki təlatümlər ilin sonunadək öz aktuallığını qoruyacaq.

Bu təlatümlər iqtisadiyyatı əsasən neftdən asılı olan Azərbaycan üçün nələr vəd edir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov modern.az-a bildirib ki, neftin qiymətinə olan təzyiqlər Amerika Birləşmiş Ştatları tərəfindən edilir:

“Razılaşma olmasına baxmayaraq, OPEK təşkilatı və müəyyən dövlətlər neft hasilatını artırıblar. Bunlar da neftin qiymətinə öz təsirini göstərir. Çünki təklif çoxalmağa başlayır. Neftin qiymətinin yüksək olması bizim üçün çox əhəmiyyətlidir. Çünki biz dövlət büdcəsində neftin qiymətini 60 dollardan götürmüşük. İlin əvvəlindən neft qiymətlərinin 70 dollar civarında olduğunu nəzərə alsaq, bu baxımdan Dövlət Neft Fondunda daxilolmalar kifayət qədərdir”.

Deputat ABŞ-da neft ehtiyatlarının artmasını qiymətlərə təsir edən amillər sırasında sadalayıb:

“Amerikada kifayət neft ehtiyatları toplanıb. Onların bazarda realizə edilməsi üçün qiymətlərin aşağı olması ABŞ üçün sərfəlidir. Ona görə də müxtəlif vasitələrlə neft qiymətlərinin aşağı salınması üçün ixracatçı dövlətlərə təzyiq göstərir. Neft ixrac edən digər dövlətlər də Avropa və ABŞ-la müəyyən danışıqlar çərçivəsində məsələnin müsbət yöndə həllinə çalışırlar”.

V.Əhmədov 2019-cu ilin sonu üçün də neft qiymətlərinin 60 dollar civarında olacağını proqnozlaşdırır:

“İlin əvvəlindən neftin qiymətinin yüksək olmasını nəzərə alaraq, 2019-cu il üçün orta neft qiymətləri 60 dollar səviyyəsində olacaq. Bu baxımdan dövlət büdcəsində götürülən rəqəmlər tam düzgündür. Amma gələn ilə əlbəttə ki, baxılacaq”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA