Neft yenidən ucuzlaşır: Qiymətdəki dalğalanma nə ilə əlaqədardır?

  • 2018-04-16 11:02:25
  • |

Neft yenidən ucuzlaşır: Qiymətdəki dalğalanma nə ilə əlaqədardır?

 

Ötən həftəni son dörd ilin ən yüksək göstəricisi sayılan 72.58 dollarla tamamlayan Brent markalı neftin qiymətləri yenidən aşağı düşməyə başlayıb.

Hazırda bir barel neft London birjasında 71.83 dollara satılır. Bu isə ötən həftəylə müqayisədə 0,75 dollar və ya 1,03% ucuzlaşma deməkdir.

Bəs, bir neçə gün ərzində dünya bazarında neftin qiymətlərində ortaya çıxan bu kəskin dalğalanma nə ilə əlaqədardır?

“Hürriyyət”-in suallarını cavablandıran iş adamı Mürvət Həsənlinin fikrincə, ötən həftənin sonunda neftin qiymətlərinin bahalaşması Yaxın Şərqdə yaşayan gərginliklərdən qaynaqlanır.

“Həm ABŞ, Fransa və İngiltərənin Suriyaya hücumu, həm də Səudiyyə Ərəbistanının Yəməndə İran tərəfindən dəstəklənən husilərə qarşı keçirdiyi hərbi əməliyyatların sürətlənməsi qlobal neft bazarda narahatlıq yaratmışdı. Neft alıcıları Yaxın Şərqdəki gərginliyin böyük savaş çıxara biləcəyi və nəticədə bunun qara qızılın ixracatına təsir edəcəyi ehtimalına qarşı tələblərini artırmış, beləcə, qiymətlər də yüksəlmişdi. Qiymətlərin bu həftəyə ucuzlaşma ilə başlaması isə gözlənilən fəlakət ssenarisinin baş tutmaması, gərginliyin qismən səngiməsiylə əlaqədardır”-Mürvət Həsənli belə deyib.

İş adamı hesab edir ki, ABŞ-ın son zamanlar psixoloji əsaslı bahalaşma ehtimalına qarşı bəzi tədbirləri həyata keçirməsi qiymətləri yenidən 60 dollardan aşağı çəkə bilər: “Teksas mərkəzli enerji şirkəti Baker Hughes-in cümə günü açıqladığı məlumatlara əsasən, ABŞ fəal neft qazma quyularının sayını son 12 həftədə 10-uncu dəfə artırıb və son 3 ilin ən yüksək zirvəsinə çıxarıb. Bu isə yaxın zamanlarda istehsalın artacağına dair gözləntilərə yol açır və istər-istəməz Yaxın Şərq böhranı ilə əlaqədar yaranan narahatlıqları tarazlayır. Təsadüfi deyil ki, artıq London birjalarında Brent markalı neft 1% ucuzlaşıb. Teksas mərkəzli birjalarda isə WTI markalı neft daha ucuz satılır-67 dollar civarında”.

Mürvət Həsənli ABŞ-ın neft qimətlərini tənzimləmə siyasətinin OPEK-in hasilatı azaltma qərarına mənfi təsir göstərə biləcəyini də istina etmir. Onun fikrincə, OPEK ölkələri və Rusiya bir ildən artıqdır ki, hasilatı azaltmaqla ucuzlaşmanın qarşısını almağa çalışırlar: “ABŞ isə bundan istifadə edib hasilatı artırır. Beləcə, Səudiyyə Ərəbistanı və Rusiyanın boş buraxdığı bazarı doldurur. Nəticədə həmin ölkələr müştərilərini itirə bilərlər. Neft bazarında itirilən müştəriləri yenidən qazanmaq olduqca çətindir. Ona görə ki, karbohidrogen ehtiyatları ilə bağlı kontraktlar, adətən, uzun müddətliliyə bağlanır və ondan imtina etmək asan deyil. Digər tərəfdən, neft bazarına təbii ehtiyatları ilə mənfi təsir göstərməyə çalışan tərəflə işləmək qlobal neft alıcıları üçün də sərfəli deyil. OPEK-in Rusiyaya qoşulub hasilatı azaltmaq siyasəti istər-istəməz müştəriləri daha ehtiyatlı davranmağa vadar edir.

Bir vaxtlar ərəb-İsrail müharibələrində neftdən strateji silah kimi istifadə edən körfəz ölkələri acı təcrübə yaşayıblar. Onların bazarı yenidən qazanmaq səyləri xeyli zaman alıb. Hesab edirəm ki, eyni təcrübəni bir daha yaşamaq ehtimalı xüsusilə Səudiyyə Ərəbistanını narahat edir.

Üstəlik, krallığın yeni vəliəhdi Mühəmməd bin Salman Vaşinqtona xüsusi rəğbəti ilə tanınır və onun ABŞ-Rusiya rəqabətində son anda kimin yanında dayanacağı bəllidir”.

Loading...

QALEREYA