Neftin qiyməti 55 dollara qədər UCUZLAŞA BİLƏR

Neftin qiyməti 55 dollara qədər UCUZLAŞA BİLƏR

Natiq Cəfərli: "Rusiyanın Səudiyyə Ərəbistanına güvənməməsi onun OPEC-lə razılığa gəlməmə səbəblərindən biridir"

"Rusiya anlayır ki, bu cür müdaxilələrlə bazarı müvəqqəti olaraq qızışdırmaqla, qiymətləri artırarkən ABŞ istehsalçılarına daha çox xeyir verir"

"Hesab edirəm ki, böyük geosiyasi təlatümlər, müharibələr olmasa, uzun aylar neftin qiymətinin 55-65 dollar civarında dəyişəcəyini görəcəyik"

Bu gün Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 175-ci iclası keçiriləcək. Ertəsi gün, yəni dekabrın 7-də isə OPEC və qeyri-OPEC nazirlərinin V görüşü baş tutacaq. Məlumat üçün bildirək ki, 2016-cı ilin noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci ilin noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari il iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub.

OPEC və qeyri-OPEC nazirlərinin budəfəki iclasında isə Nazirlər Şurasının yeni qərarına dair müzakirələr aparılacaq və yeni hasilat strategiyası qəbul oluna bilər. Lakin bu, heç də asan başa gələcək məsələyə oxşamır. Çünki Rusiya ilə OPEC ölkələri arasında neft hasilatının ixrac həcmləriylə bağlı ciddi fikir ayrılığı yaranıb. Belə ki, bununla bağlı yayılan informasiyaya görə, Rusiya OPEC ölkələrindən fərqli olaraq, neft hasilatını gündəlik 250-300 min barrel həcmində azaltmaq niyyətində deyil. Rusiya hesab edir ki, neft ixtisarı cəmi 140 min barrel həcmində olmalıdır. Məlumatlarda deyilir ki, Rusiya hökumət nümayəndələri bu məsələdə hansısa güzəştə getməyə hazırlaşmadıqlarını bəyan ediblər: "Məhz Rusiyadan yeni razılaşmanın taleyi asılıdır. Səudiyyəlilər ixtisarın aparılmasıyla bağlı yeni razılaşma üzərində səylə çalışırlar, amma Rusiya bundan imtina etsə, o zaman OPEK üzvlərinin heç biri bununla razılaşmayacaq".

Məsələnin maraqlı tərəfi ondadır ki, Rusiyanın energetika naziri Aleksandr Novak bugünlərdə verdiyi açqlamasında ölkəsinin OPEC-lə əməkdaşlıq müqaviləsi imzalaya biləcəyini vurğulayıb. Onun sözlərinə görə, Rusiya OPEC-lə əməkdaşlıq müqaviləsi imzalamağı planlaşdırır və bu məsələ dekabrın 6-da müzakirə ediləcək: "Rusiya və digər neft istehsalçıları hasilatın azaldılması ilə əlaqədar qərarı dekabr ayında verəcəklər". Ümumiyyətlə, yerli və xarici analitiklərin bir çoxu hesab edir ki, Rusiya neft hasilatının azaldılması ilə bağlı OPEC-in təklifini qəbul etməyəcək. Çünki neft hasilatını azaltmaqla Rusiya bazardakı hissəsini itirmək təhlükəsi ilə qarşılaşa bilər. Bu, həmçinin ABŞ-da şist nefti hasilatına təkan verəcək. Təbii ki, bütün bunlar Kremlin maraqlarına cavab vermədiyindən Rusiya neft hasilatının ixrac həcmini azaltmaqla bağlı OPEC-in təklifinə müsbət cavab verməyə bilər.

Картинки по запросу Natiq Cəfərli

Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, Rusiya ilə OPEC ölkələri arasında neft hasilatının ixrac həcmləriylə bağlı fikir ayrılığının olmasının bir neçə səbəbi var: "Birinci səbəb daha qlobal səbəbdir. Yəni Rusiya anlayır ki, bu cür müdaxilələrlə bazarı müvəqqəti olaraq qızışdırmaqla, qiymətləri artırarkən ABŞ istehsalçılarına daha çox xeyir verir. Belə ki, bundan sonra ABŞ istehsalçıları dərhal yeni buruqlar qazır. Amerikada slans neftinin istehsalı ilə məşğul olan kiçik şirkətlər həddindən artıq çoxdur və onlar olduqca çevikdirlər. Onlar qısa müddət, iki həftə ərzində yeni buruq qoyub neft çıxara bilirlər. Bu səbəbdən də neftin qiyməti qalxan kimi buruqların sayı və hasilat artır. Buna görə də son iki ildə neftin qiyməti qalxan kimi ABŞ-da hasilat təqribən, 2,6 milyon barrel artıb. Buyaxınlarda 8,6 milyon barreldən 11 milyon barreli keçib. Beləliklə də Rusiya ilə OPEC ölkələri arasında neft hasilatının ixrac həcmləriylə bağlı fikir ayrılığının olmasının birinci səbəbi qlobal, geosiyasi səbəbdir. Yəni müvəqqəti, oturuşmuş qiymət artımı olmadıqda, bazara müdaxilələrlə qiymət artımı olduqda ABŞ istehsalçıları buna daha çevik reaksiya verirlər. Nəticədə Amerikada istehsal artır və bunun ardınca isə yenidən qiymətlərin enməsi müşahidə olunur".

İqtisadçı ekspertin fikrincə, ikinci səbəb ondan ibarətdir ki, Rusiya onun bazardakı yerini digər ölkələrin tuta biləcəyindən çəkinir: "Belə ki, əgər Rusiya hasilatını gündəlik 250-300 min barrel həcmində azaltsa, həmin yeri tuta biləcək ölkələr var. Çünki OPEC-ə daxil olmayan ölkələr də var ki, kifayət qədər neft hasilatı ilə məşğuldurlar. Misal kimi, ABŞ, Kanada və digərlərini qeyd etmək olar. Məhz elə bu səbəbdən də Rusiya hasilatın azaldılması yolu ilə bazardakı yerini itirmək istəmir". Natiq Cəfərlinin sözlərinə görə, Rusiyanın Səudiyyə Ərəbistanına güvənməməsi də onun gündəlik neft hasilatının azaldılması ilə bağlı OPEC-lə razılığa gəlməmə səbəblərindən biridir: "Bildiyiniz kimi, Səudiyyə Ərəbistanı ABŞ-dan kifayət qədər asılı vəziyyətdədir. Buna görə də Rusiya düşünür ki, əgər Səudiyyə Ərəbistanı ilə anlaşsa və hasilatı azaldıb bazarı itirsə, o zaman bir müddət sonra ABŞ tərəfindən ciddi təzyiqlər olduqda Səudiyyə Ərəbistanı yenidən hasilatı artıracaq. Biz son aylarda bunu gördük. Belə olan halda Rusiyanın çıxdığı bazarları elə Səudiyyə Ərəbistanı özü tuta bilər. Yəni güvən olmadığından, Səudiyyə Ərəbistanının ABŞ-dan çox böyük asılılığını bilərək, Rusiya bu məsələdə balans yaratmağa, qiymətlərin sabitləşməsinə çalışır. Putinin 60 dolları bir hədəf kimi göstərməsi heç də təsadüfi deyil. Odur ki, hazırkı şəraitdə Rusiya neftin qiymətinin kəskin azalmasını da, kəskin artmasını da istəmir. Bu səbəbdən də Moskva qiymətlərin sabitləşməsi üçün balanslaşdırılmış siyasət yütürməyə çalışır".

Hazırda Rusiya ilə OPEC arasında gedən danışıqların Kremlin Səudiyyə Ərəbistanına güvənmədiyinin göstəricisi olduğunu vurğulayan iqtisadçı ekspert bildirdi ki, "qara qızıl"ın qiyməti Neft İxrac Edən Ölkələr Təşkilatının toplantısından asılı olacaq: "Bildiyiniz kimi, dekabrın 6-da və 7-də OPEC-in Vyanada növbəti toplantısı olacaq. Çox qəribədir ki, Qətər də OPEC-dən çıxdı və təşkilatda ciddi fikir ayrılığının olduğunu görürük. Odur ki, neftin qiyməti OPEC-də veriləcək qərarlardan asılı olacaq. Əgər hasilatın kəskin azaldılması ilə bağlı heç bir qərar qəbul olunmasa, yəni Rusiya ilə Səudiyyə Ərəbistanı arasında müəyyən razılıq əldə olunmasa, o zaman çox güman ki, neftin qiyməti 55 dollara qədər ucuzlaşacaq. Yox, əgər bazarları qane etməyən həcmdə olsa belə, hasilatın azaldılması ilə əlaqədar müəyyən qərar verilsə, onda neftin qiyməti ilin sonuna qədər 60-65 dollar civarında sabitləşəcək. Lakin gələn il neftin qiyməti bir çox faktorlardan - dünya iqtisadiyyatının vəziyyətindən, dünyadakı ticarət müharibələrinin qızışıb-qızışmamasından asılı olacaq. Düşünürəm ki, OPEC-in dekabrın 7-də baş tutacaq toplantısında ilin sonuna qədər qiymətlərin hansı yöndə dəyişəcəyi ilə bağlı bir istiqamət görünəcək. Açığı, neftin qiymətinin kəskin bahalaşmasını və kəskin ucuzlaşmasını gözləmirəm. Hesab edirəm ki, böyük geosiyasi təlatümlər, müharibələr olmasa, uzun aylar neftin qiymətinin 55-65 dollar civarında dəyişəcəyini görəcəyik".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA