Ənənə və novatorluğun milli düsturu NECƏ OLMALIDIR

Ənənə və novatorluğun milli düsturu NECƏ OLMALIDIR

Son illər Azərbaycan musiqisində sapınmalar baş verib. İctimai fikrin formalaşmasında müasir mədəniyyətimizin siması cılızlaşmağa doğru yönəlməsini faciə adlandıranlar var. Həyəcan təbili çalanların səsini duymazlıqdan gələnlərlə “top”-“pop” düşüncəsinin tərəfdarları arasında xoşa gəlməyən münasibətlər mövcuddur. Sadəcə el şənliklərində deyil, televiziya və radio kanallarında, rəsmi konsert salonlarında bayağılıq öz həddinin sərhədlərini çoxdan aşıb. Yaranmış böhrandan çıxış yolu barəsində sənətşünas Ənvər Börüsoyun fikirlərini öyrənməyə çalışıdıq.

– Ənvər bəy, son müsahibənizdə Milli Konservatoriyanın peşəkar musiqiçilər deyil, “manıslar” yetişdirməsi və rektor Siyavuş Kərimini toyxanalarda ortabab sintezator ifaçısı adlandırmısınız.

– Bu, peşəkarlıq baxımından bir yanaşmadır. Üzeyir Bəy Hacıbəyli 1921-ci ildə, yəni 97 il bundan öncə Azərbaycan Dövlət Konservatoriyasını yaratmaqla əslində dünya və milli musiqimizin vahid orqanizmdə bütünləşməsinin təməlini qoymuşdu. O dönəmdə başda Avanes İoannesyan olmaqla, ayrıca “Qərb” və “Şərq” konservatoriyalarının yaradılması ideyası ilə çıxış edənlər var idi. 1935 ilə kimi davam edən bu proses bir məfkurə davası idi. Levon Qaraxanov, Bala Melikov, Karo Çarçoğlyan və onlara havadarlıq edənlər bürokratik idarəetmənin dəstəyi ilə Azərbaycanın milli potensialı sayəsində Orta Asiya və Qafqazda mədəniyyət mərkəzi olmasının qarşısını almaqla, dayaz hind-fars-arabes ladı üzərində köklənməsi siyasətini aparırdılar. 1948-ci ildə Üzeyir Bəy dünyasını dəyişəndən sonra, yenidən Konservatoriyanın çökdürülməsi tərəfdarları səslərini ucaltmağa başladılar. Fikrət Əmirov, Niyazi, Səid Rüstəmov, Cahangir Cahangirov, Əşrəf Abbasov, Soltan Hacıbəyov, Əfrasiyab Bədəlbəyli, Nazim Əliverdibəyov kimi sənətkarlarımız belə bir antimilli saiyasətin qarşısını almaq üçün ömürləri boyu mücadilə apardılar. 1995-2000-ci illərdə prezident aparatında humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə bu antimilli hədəfi rəsmiləşdirdi. İxtisasca riyaziyyatçı olan bu qadın Azərbaycanın mədəniyyət siyasətini tamamilə inhisara almışdı. 1993-2017-ci illərdə onun rəhbərliyi altında milli mədəniyyətimizin böhranlı dönəmi deyil, iflasa uğradılması ilə müşahidə olundu. Mədəniyyət sahəsi onun iradəsi ilə tənzimlənirdi. Bu təfəkkürlə də Üzeyir Bəyin yaratdığı mədəniyyət kəbəsini darmadağın etdi. Avannes İoannesyanın vəsiyyətini həyata keçirərək saxta bir adla “Milli Konservatoriya” yaradıldı və Siyavuş Kərimi kimi ortabab səviyyəli musiqiçini rektor təyin etdi. 19 ildir ki, Siyavuş Kərimii bu vəzifəni daşıyır. Ötən müddətdə bu təhsil ocağından mədəniyyətimizin flaqmanı ola biləcək bir nəfər də olsun sənətçi çıxmayıb.

– Bəs yaranmış böhrandan necə çıxmalı?

– Avropada ona görə böyük mədəniyyət yaranır ki, humanitar elmlər özünüidentifikasiya etmək, orientalist yanaşımla zamanın özümlü dəyərlərinin ənənəvi və novatorluq prinsipi ilə inkişaf doktrinasını irəli sürə bilirlər. Bu anlayışı musiqi, rəssamlıq, ədəbiyyat, teatr və kino, xalq yaradıcılığı və sənətin digər sahələrində elmi əsaslarını tətbiq etmək gərəkdir. Beləliklə sənətkar geniş erudisiyaya malik ola bilir. Üzeyir Bəy sadəcə bəstəkar deyil, həm də yazıçı-dramaturq, feleyotonçu, folklorçu, dirijor, pedaqoq və naşir idi. Bu xüsusiyyətləri Siyavuş Kərimidə görməzsiniz. Amerika qitəsində Qərbin 400 illik sömürgə siyasətini aparmasına, yerli xalqları assimliasiyaya məruz qoymasına, portuqal, ispan, fransız, italyan, ingilis dillərinin rəsmi status qazanması üçün apardığı beyinyuma hədəflərinə baxmayaraq, Roberto Bolanyo, Auqusto Roa Bastos, Luis Borxes, Ernesto Sabato, Xulio Kortasar, Karlos Fuentes, Marir Barqas Lüysaiz, Pablo Neruda, Qabriel Qarsiya Markes, İzabel Alyende, Luis Valensuela, Qabriela Mistral, Migel Asturias, Oktavio Pas kimi dahilər öz dühaları ilə Qızıldərili mifolegemlərinin genetik modifikasiyasını iradəyə çevirə bildilər. Halbuki, Qərb imperializmi “mələz mədəniyyət” diktaturasını tətbiq etmək üçün Afrika xalqlarını qitəyə sürgün etməklə neoimperilizmin qulları doktrinasını tətbiq edildi. Bu gün də həmin ənənəni yaşatmağa cəhd edilir. Evfemizm mədəniyyət qatını yaratmaqla idenfikasiya altında “colored” rəngi anlayışı mövcuddur. Mədəniyyətin antropologiyasının bəşəri evolyusiya proseslərindən keçməyən priçuels, uork-song, reqtaym, breyg dans, bend, kantri-müzik, rep, svinq, hip-hap kimi sənət sahələrinin kütləvi xarakter daşıması üçün hər il milyardlarla dollar vəsait xərcləməkdən belə çəkinmirlər.

– Bütün bunların bizə nə aidiyyatı var?

– Müasir dünyada baş verən kulturoloji sistemlərin axarını bilmədən, ölkəmizin mədəni həyatının inkişaf yollarını da ortaya qoymaq çox çətin olacaq. Amerika xalqlarını və bu qitədə yaşayan afrikalıları ona görə xatırlatdım ki, dünyaya texnoloji inkişaf baxımından deyil, dolayı yolla “Amerika mədəniyyəti” adı ilə sömürgə siyasəti həyatımıza daxil olmaqdadır. Bu gün Azərbaycandakı televiziya və radio kanallarında mədəniyyət adı altında işğal siyasəti tətbiq olunur. Qərbdə buna “fəhlə” mədəniyyəti deyilir. Fəhlə olmaq ayıb deyil. Ancaq, həyatın dibində ilişib qalmaq təfəkkürü də yalnışdır. Avropa renosansı üzərində köklənmiş bəşəri mədəniyyət deyilən qavram var. Bu mədəniyyətin alt qatında duran tək bir anlayış var və ona “TÜRKERİ”, yəni türklük deyilir. Cilio Pozati, Jan Enqra, Teodr Şasser, Emil Verne, Ejen Delakura, Hans Makart, Uilyam Holman Hant, Ford Medoks Braun, San Sebastian Bax, Ejen Fromanten, Uolfhanq Mozart kimi dahilərin yaradıcılığı bu konseptin təməlində bütünləşib. Azərbaycanda Üzeyir Bəy Hacıbəyli, Türkiyədə Adnan Sayqun və Tatarstanda Fərid Yarullinin bəstəkar kimi yaratdıqları milli genaloji mədəni qatların təməl prinsipləri sayəsində bizlər müasir dünyanın inkişaf etmiş xalqları hesab olunuruq. Bu gün Amerika, Hindistan və İran üzərindən həyatımızın bir parçasına çevrilən arabes, hind-fars musiqisi mənəvi işğal siyasətidir. Buna qarşı peşəkar sənət xadimlərimizin etirazları yoxdur. Çünki, uzun müddət mədəniyyət siyasətini yürüdən Fatma Abdullazadə və onun “sevimli komandası” antimilli siyasətin başında dururdular. Ona görə də bayağı mədəniyyət siyasəti yürüdülürdü. Meyxana tipli ara musiqisi hətta mədəniyyət yarışmasına çevrildi. “Üç badam, bir qoz” təfəkkür tərzi həm də ictimai mənada sosial bəlaya çevrilib. Bu ruhda köklənən cəmiyyət Qarabağı azad edə bilməz. Çünki, itirilmiş milli genafond, onun mədəni dəyərləri, uyğulu düşüncə sistemi, Tehran rejiminin tətbiq etdiyi fars ladındakı “ilahi mahnılar” düzəni buna mane olur. Prezidentin yanında humanitar məsələlər üzrə Fərəh Əliyeanın şöbə müdiri təyin olunmasını ən çox müdafiə edənlərdən biriyəm. Ona görə ki, Fərəh xanım Azərbaycan və Qərb, dünya mədəniyyətini peşəkar səviyyədə bilən ən ciddi nəzəriyyəçilərimizdən biridir. Bununla yanaşı, görkəmli kulturoloq Fuad Məmmədovun kitablarının dərslik kimi kütləvi şəkildə çap olunmasını alqışlayıram.

– Bəs Milli Konservatoriyanın aqibəti necə olacaq?

– 19 ildir orada polifoniya üzrə müəllim cəlb edilməyib. Harmoniya musiqinin səs dalğalarının strukturudur, polifoniya səsin çoxsəslik zirvəsidir. Onun konsonansı və dissonansı, akkordu, konkordı zamanın ritminə, mədəniyyətin zirvəsinə ucalmaqdır. Siyavuş Kərimi bunları bilmədiyi üçün qarmonçalan birisini vokal kafedrasının müdiri qoyub. Aktyor sənəti və səhnə danışığından dərs deyən “Yuğ Teatrı”nın əməkdaşları, toyxana təfəkkürlü musiqiçilər uzaqlaşdırılmalıdır. Aydın Əzimov, Sərdar Fərəcov, İsmayıl Hacıbəyov, İlham Azmanlı, Yalçın Məlikov, Ceyhun Allahverdiyev, Sevinc Kazımova, Vüqar Məmmədzadə, Saleh Nəzərov, Tamilla Əhədova, Toğrul Salmanov, Elvin Quliyev, Natiq Muradxanlı və sair istedadlı bəstəkarlarımız var. Dünyaşöhrətli Xuraman və Fidan Qasımova kimi virtouz vokal ifaçıları və pedaqoqalar var. Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Gülzar Mahmudova, Gülnaz İsmayılova və başqa peşəkar sənət xadimlərimiz var. İndi ölkədə ciddi islahatlar gedir. Məmur-oliqarxiya idarəetmə sistemi menecer-texnokratiya ilə əvəz olunur. Mədəniyyət sahəsində də bu prosesə təkan verilməlidir. İqtisadi, hüquqi, sosial proseslərdə gedən islahatlar mədəniyyət sahəsinə də tətbiq olunmalıdır. Bir xalqın ərazisi işğal olunubsa onu azad etmək, iqtisadiyyatı çökübsə onu bərpa etmək istənilən anda mümkündür. İtirilmiş mədəniyyəti geri qaytarmaq çox çətindir. Ona görə də mədəniyyətimizə olan münasibət dəyişməlidir. Üzeyir Bəyin 1923-cü ildə yazdığı və mədəniyyətimizin doktrinası sayılan “Azərbaycan Xalq Musiqisinin əsasları” kitabı kütləvi şəkildə dərc olunmalı və bütün musiqi məktəblərimizdə tədris edilməlidir. Azərbaycan milli muğamının genalogiyasını ilk dəfə elmi şəkildə tədqiq edən Mirmöhsün Nəvvabın “Vüzuhül Əqram” və “Kəşfül həqiqəti məsnəvi” əsərləri tədris proqramlarına salınmalıdır ki, milli muğamlarımızı kimsə təhrif edə bilməsin.

– Müasir mədəniyyətimizin digər sahələrinin inkişafında nəyə ehtiyac durulur?

– İlk öncə “direktor teatrı”, filan yerin müdiri tipli keçmişin sterotiplərindən uzaqlaşmaq gərəkdir. Yaradıclıq və menecer idarəetmə sistemi bir-birinin tandeminə çevrilməlidir. Bu barədə mədəniyyət haqqında qanunlarımız təkmilləşdirilməlidir. Hər sahədə olduğu kimi, mədəniyyət bankı yaradılmalıdır. Vaxtilə Üzeyir Bəy bunun əsasını qoymuşdu. O, hər il respublika boyunca gənc istedadların müsabiqələrini təşkil edirdi və beləcə milli mədəniyyətimizə yeni güc daxil olurdu. Digər sahələrdə də bu növ müsabiqələr təşkil olunurdu. Teatr, simfonik müsiqi, bəstəkarların əsərləri və sairlər bu proqrama daxil idi. İndi bu ənənələr bəlirsiz bir məzarlıqda gömülüb. Məşhur “Aktyorlar Evi” buna misaldır. Orada hər il dramaturqların, teatrların festivalları keçirilərdi. Beləliklə də milli və dünya mədəniyyətinin tandemi təbii yolla inkişaf edirdi. Müasir mədəniyyətimizin inkişaf yolları ilə bağlı bircə dəfə də olsun konfranslar keçirilməyib. İctimai fikrin inkişafı üçün peşəkar sənət xadimləri teleməkanlardan perik salınıblar. Bu prosesdə canlanma olmalıdır ki, cəmiyyətdə kübar mədəni düzən inkişaf edə bilsin. “Qəbələ” və “Şəki” beynəlxalq musiqi festivalları buna örnəkdir.

 

Ənvər BÖRÜSOY

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA