“Nəsimi ili - Nəsimi dili” festivalının açılışı olub

“Nəsimi ili - Nəsimi dili” festivalının açılışı olub

Bakı Uşaq Teatrının “Bir teatr, bir festival” layihəsi çərçivəsində gerçəkləşdirilən üçüncü “Bizim teatr festival”ı “Nəsimi ili”nə həsr olunub.

Aprelin 12-də Aktyor Evinin səhnəsində “Nəsimi ili - Nəsimi dili” festivalının açılışı olub.

Festivalın açılışında Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, xalq artisti Hacı İsmayılov çıxış edib. Hacı İsmayılov bildirib ki, festivalın adının builki illə əlaqədar olaraq “Nəsimi ili-Nəsimi dili” adlandırılması təqdirəlayiqdir.

Sonra Bakı Uşaq Teatrının rəhbəri, əməkdar artist İntiqam Soltan üçüncü dəfə təşkil olunan festivalla bağlı məlumat verib.

Qeyd olunub ki, festivalda Bakı Uşaq Teatrı tam tərkibdə iştirak edəcək.

Festivalda Bakı Uşaq Teatrının yaradıcı heyəti Nəsimi poeziyasından nümunələrlə çıxış edəcək, müstəqil qəzəl təqdimatları və müxtəlif kompozisiyalar nümayiş etdirəcəklər.

Təqdimatlarda əsasən Nəsimi poeziyasının nümunələrinə fərqli yanaşmalara və yozumlara diqqət ayrılacaq. Məqsəd teatrda çalışan hər kəsə öz yaradıcılıq imkanlarını nümayiş etdirmək imkanı verməkdir.

Bununla yanaşı, tədbirin quruluşçu rejissoru, teatrın bədii rəhbəri-direktoru, əməkdar artist İntiqam Soltan, musiqi tərtibatçısı Rauf Hüseynli, qəzəllərin seçimi və tədbirin ədəbi tərtibatçısı Arzu Soltan, rəqslərin quruluşçusu Könül Şahbazova, səhnə tərtibatçısı Sevda Məmmədovadır.

Bundan başqa , müxtəlif teatrların və yaradıcı kollektivlərin təmsilçiləri də festivalda Nəsimi poeziyasından nümunələrlə çıxış etməyə dəvət olunub.

Respublika İncəsənət Gimnaziyasının şagirdləri də festivala qonaq qismində qatılıb.

Qeyd edək ki, iki gün davam edəcək festivalın informasiya dəstəkçisi İctimai Televiziya və Radio Yayımları Şirkəti Teatro.az saytıdır.

Xatırladaq ki, prezident İlham Əliyev Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bu ili ölkəmizdə“Nəsimi ili” elan edib.

Böyük şair və mütəfəkkir Nəsiminin 650 illiyi bu il təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında qeyd olunur.\\Open.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA