“Nəsimi” xalçası ətrafında müəmma - “Bacım Nərminənin iddiasının əksinə olaraq...”

“Nəsimi” xalçası ətrafında müəmma - “Bacım Nərminənin iddiasının əksinə olaraq...”

“Mənə də məxsus olan əmlakın deyilmədən, icazəm alınmadan hər hansı bir məqsədlə aparılması, birtərəfli qaydada muzeydən götürülməsi, oğurluqdan başqa bir iş deyil”.

Mərhum xalq rəssamı, professor Kamil Əliyevin qızı Dilarə Əliyeva, bacısı Nərminə Əliyevanın mərhum xalçaçı-rəssamın ev-muzeyində sərgilənən və bir neçə gün əvvəl qeyri-müəyyən şəraitdə Xalça Muzeyinə aparıldığı aşkarlanan İmadəddin Nəsiminin portreti əks olunmuş xalça ilə bağlı ittihamedici açıqlamasına cavab verib.

Qeyd edək ki, artıq bir neçə gündür, “Nəsimi” xalçasının Azərbaycan Xalça Muzeyinə hansı şəraitdə aparılması ətraflında yaranmış qalmaqal yeni təfərrüatların üzə çıxması ilə daha da böyüməkdədir. Məsələyə ilk münasibət bildirən Nərminə Əliyeva Oxu.az-a açıqlamasında “Nəsimi” xalçası üzərində mülkiyyət hüququnun ona məxsus olduğunu bildirib. O, bacısı Dilarə Əliyevanın həyat yoldaşı, Vətəndaş və İnkiaşf Partiyasının (VİP) sədri Əli Əliyevin sözügedən sənət əsərinin hansı şəraitdə və əsasla Xalça Muzeyinə aparılmasının aydınlaşdırılması üçün 9-cu Polis Bölməsinə müraciət etməsinə etirazını bildirib:

“Əvvəlcə ondan başlayım ki, atamın ev muzeyinin açarı Əlisəfa Nuriyevdə yoxdur. Xalça Muzeyindən rəsmi olaraq, Kamil Əliyevin ev muzeyinə müraciət göndərilib ki, sonradan geri qaytarılmaq şərti ilə sərgidə nümayiş olunmaq üçün xalça versin. Mən – ev-muzeyin rəhbəri və daşınmaz əmlakın əsas hissəsinin sahibi kimi xalçanı Əlisəfa Nuriyevə şəxsən vermişəm. İndi isə sual yaranır: “Əli Əliyev kimdir?” O, sadəcə olaraq, bacımın həyat yoldaşıdır və atamın öz övladları üçün qoyduğu mirasda heç bir haqqı yoxdur.

Bu halda, sözügedən şikayət də absurddan başqa bir şey deyil. Ə.Əliyev bacımın həyat yoldaşı olsa da, bizim ailəvi əmlak məsələlərimizə qarışmağa haqqı yoxdur. Bacımın payına düşən mirasın da heç bir halda ona dəxli yoxdur. Üstəlik, o, günahsız bir adamı olmayan cinayətdə ittiham etmək hüququna malik deyil. Mən də bütün sənədləri polislərə göstərərək, ev muzeyində kimin rəhbər olduğunu sübut etdim. VİP sədrinin qeyri-adi cəhdləri, hansısa olmayan cinayət işi haqqında əsas sayıla bilməz. Buna görə də, ortada heç bir cinayət aktı yoxdur”.

Lakin Nərminə Əliyevanın bu açıqlaması qarşı tərəfin də əks arqumentlərlə hərəkətə keçməsinə səbəb olub. Mərhum Kamil Əliyevin digər qızı Dilarə Əliyeva, bu gün yayımladığı açıqlamasında bacısının iddialarını yalanlayaraq, “Nəsimi” xalçasının onun icazəsi olmadan, Xalça Muzeyinə aparılmasını oğurluq kimi qiymətləndərib. Dilarə Əliyevanın Yenicag.az-a daxil olan açıqlamasının tam mətnini təqdim edirik:

“Dünəndən Azərbaycan mətbuatında bacım Əliyeva Nərminə Kamil qızı adından bizə məxsus İçərişəhər, Qüllə 18 ünvanda yerləşən binadan atam, xalq rəssamı, professor Kamil Müseyib oğlu Əliyevin yaradıcılıq kolleksiyasına aid “İmaməddin Nəsimi” xalçasının oğurlanması faktı ilə bağlı təhrif olunmuş məqalələr yazılır. Bildirirəm ki, verilən xəbər yalan və birtərəflidir. Atamın yaradıcılıq mirası (xalçaları) məhkəmə qaydasında bölünmüş paylı mülkiyyətdir. Onun ev-muzeyində nümayiş etdirilən eksponatların hər biri varisləri arasında bölünmüşdür.

Hal-hazırda yaşayan 2 tərəfdən (mənim və Nərminənin) hər birinin 43.75%, qardaşımın ailəsinin isə 12.5%-i eksponatlarda mülkiyyət payı vardır. Paylardan göründüyü kimi, mən bacımla bərabərhüquqlu mülkiyyət sahibiyəm, onun iddia etdiyinin əksinə olaraq, üstünlük onun tərəfində deyil. 02 iyul 2019-cu ildə muzeyə daxil olan zaman eksponatlar arasında “Nəsimi” xalçasının yerində olmadığını, əvəzinə isə bir kağız parçasının asıldığını gördüm. Kağızda Azərbaycan Xalça Muzeyinin rekvizitləri qeyd olunmuşdu. Özümü itirdim və dərhal həyat yoldaşım, məqalələdə adı keçən VİP sədri Əli Əliyevə zəng edib, gəlməsini xahiş etdim.

O, gəldikdən sonra, DİN-in 102 xidmətinə və kağızda qeyd olunmuş nömrəyə zəng etdi. Polis gələnə qədər muzeydən öyrəndik ki, kağızdakı mətndə yazıldığı kimi, xalça muzeydədir və bu əməliyyatın vasitəçiliyini muzey əməkdaşı Əlisəfa adlı bizə qohum olan şəxs həyata keçirib. Beləliklə, mənə də məxsus olan əmlakın deyilmədən, icazəm alınmadan hər hansı bir məqsədlə aparılması, birtərəfli qaydada muzeydən götürülməsi oğurluqdan başqa bir iş deyil. Bacımla aramızdakı münasibətlərin gərginliyini qohum sayılan Əlisəfa bilməmiş deyildi. Belə davranış məndə hiddətdən başqa bir hiss doğura bilməz. Buna bənzər eksponat itkiləri əvvəllər də baş verdiyindən, polisə şikayət verməyi qərara aldım. Hal-hazırda atamın kolleksiyasına aid, üzərində mənim də hüquqlarım olan bir neçə xalça yerində yoxdur. Onların da axtarışını həyata keçirmək qərarına gəlmişəm.

Maraqlısı odur ki, Xalça Muzeyi adından yazılan məktubda yalnlz bacıma müraciət edilib. Belə görünür ki, muzey rəhbərliyi də məqsədyönlü şəkildə bacım və Əlisəfa tərəfindən aldadılıb. Çünki muzey rəhbərliyi xalçanın statusu barədə məlumatlı olmaya bilərdi, amma bu məlumat əməliyyatı həyata keçirmiş hər iki tərəfdə – bacım və Əlisəfada olub. Həyat yoldaşımın polisə ərizə yazması mənim xahişim və razılığımla olub. O, bu prosesdə yalnız mənim təmsilçim kimi çıxış edib. Belə görünür ki, polis müdaxiləsi olmasa idi, hələ indi də xalça yerində olmazdı. Xalçanı müdaxilədən sonra, 07.07.2019 tarixində yerində görmüşəm. Buna görə də, iştirakı, zəhməti keçmiş polis və prokurorluq orqanlarına minnətdarlığımı bildirirəm.

İmza: Əliyeva Dilarə Kamil qızı 09/07/2019”./Yenicag.az/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA