“Netanyahu heç vaxt siyasi arxası olmadan bu cür vədlərlə çıxış etməz” - İLQAR VƏLİZADƏ

“Netanyahu heç vaxt siyasi arxası olmadan bu cür vədlərlə çıxış etməz” - İLQAR VƏLİZADƏ

“Netanyahunun çıxışı Amerikanın Yaxın Şərq planının tərkib hissəsidir”

İsrailin baş naziri Binyamin Netanyahu Aşdod şəhərində seçki təşviqatı kampaniyası ilə bağlı çıxışı zamanı qalib gələcəyi təqdirdə İordan vadisini ilhaq edəcəyini bildirib.

Baş nazir vurğulayıb ki, seçkilərdən sonra “əsrin sazişi” təqdim ediləcək. Bu, ABŞ-ın Fələstin-İsrail münaqişəsinin nizama salınması üzrə planıdır: “Plan İsrail qanunvericiliyini yəhudi qəsəbələri Yəhudidə və Samariidə yaymağa icazə verəcək. Bu, İordan çayının qərb sahilidir. Hazırda həmin ərazi Fələstinə məxsusdur”.

“Əgər biz İsrail vətəndaşlarından bu hərəkətlərə görə mandat alsaq, bir yer var ki, seçkilərdən dərhal sonra orda İsrailin müstəqilliyini yaymaq olar. Bu gün mən İsrail müstəqilliyini İordaniya vadisinə və Ölü dənizin şimalına yaymaq niyyətimi bildirirəm”,- deyə Netanyahu qeyd edib.

Məlumata görə, Netanyahu ilk addımlarını yeni Nazirlər Kabinetinin formalaşmasından sonra atmaq niyyətindədir.

Netanyahunun “ilhaq” vədinə isə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “tvitter” səhifəsində kəskin cavab yazıb. O, bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahunun seçkiöncəsi vədi aparteid dövlətlərə məxsus yanaşmadır: “Türkiyə fələstinlilərin haqq və hüquqlarını sonuna qədər müdafiə edəcək”.

Çavuşoğlu Netanyahunun irqçi, təcavüzkar və hüquqdankənar açıqlamalar verməyi davam etdirdiyini söyləyib.

“Heç kəs düşünmürdü ki, Amerika Birləşmiş Ştatları İsrailə bu cür dəstək verəcək”

İsrailin baş naziri Binyamin Netanyahunun seçicilərə “ilhaq” vədi ilə bağlı politoloq İlqar Vəlizadə “Hürriyyət”ə danışdı: “Hadisələr göstərir ki, bu cür təşəbbüslərə laqeyd yanaşmaq düzgün olmaz. Ələlxüsus da ki, bu təşəbbüslərlə İsrailin baş naziri çıxış edir. Əlbəttə ki, onun arxasında müəyyən hərbi-siyasi qruplar dayanır ki, o, bu təşəbbüsə hazırdır. O biri tərəfdən illər öncə heç kəs düşünmürdü ki, Amerika Birləşmiş Ştatları İsrailə bu cür dəstək verəcək. Amma Amerika tərəfindən Qüds İsrailin paytaxtı kimi qəbul olundu”.

“Netanyahu yəqin ki, artıq Amerika Birləşməş Ştatları tərəfindən dəstəyi alıb”

Vəlizadə vurğuladı ki, İsrail hazırda Amerikanın Yaxın Şərq planını həyata keçirən əsas ölkələrdəndir: “Düşünürəm ki, Netanyahunun çıxışı həmən bu planın tərkib hissəsidir. Yəni planda nəzərdə tutulmuş proqramları, addımları sadəcə olaraq dilə gətirir. Netanyahu heç vaxt siyasi arxası olmadan bu cür vədlərlə çıxış etməz. Yəqin ki, artıq Amerika Birləşməş Ştatları tərəfindən dəstəyi alıb. Sadəcə olaraq buna indi vaxt lazımdır. Amerika administrasiyasının gələn il başı seçkilərə qarşıcaq. Netanyahunun əsas məqsədi ondan ibarətdir ki, tezliklə parlament seçkilərində qələbə əldə etsin və bu planı həyata keçirməyə nail olsun”.

“Bu tarixi şansı İsrail əldən buraxmaq istəməyəcək”

İ. Vəlizadənin sözlərinə görə, Netanyahunun vədləri onu göstərir ki, 1993-cu ildə Oslo şəhərində əldə olunmuş razılıq indi sual altındadır: “Bu, onu göstərir ki, İsrail tərəfi indiyə qədər pis-yaxşı mövcud olan siyasi status-kvonu birmənalı olaraq pozur. Əlbəttə ki, bu, regionda qəsb proseslərinin davam etməsinə gətirib çıxaracaq. Çünki indi digər oyunçuların başları başqa problemlərə qarışıb və bunun üçün İsrailə münbit şərait yaranıb. Səudiyyə Ərəbistanın başı İranla olan olaylara, Yəməndəki məsələlərə qarışıb, Türkiyənin başı Suriyaya qarışıb. Digər oyunçuların da kifayət qədər öz problemləri var, öz aralarında problemlərini yaşayırlar. İsrail üçün gözəl şərait yaranır ki, bu status-kvonu pozsun və real müqaviməti görməsin. Biz indi ona müxtəlif ad qoya bilərik. Amma real vəziyyət bundan ibarətdir. İsrail öz məqsədlərini bu gün, dünən yox, əvvəldən o məqsədləri qoyub. Sadəcə olaraq onun indi bütün məqsədlərinin reallaşması üçün şərait yaranıb. Bütün hallarda Amerikanın dəstəyi ilə İsrail niyyətlərini həyata keçirəcək. Bu, İsrail üçün tarixi şansdır. Bu tarixi şansı İsrail əldən buraxmaq istəməyəcək. Biz yaxın və uzaq tarixə nəzər salsaq, görərik ki, burada İsrailə qarşı hansısa bir real müqavimət vardı. Ərəb Ölkələri Liqası, 1967-ci il, 1973-cü il müharibələri, ondan sonrakı olaylarda ərəb ölkələri bu məsələdə bu və ya digər şəkildə vahid mövedən çıxış edirdilər. Baxmayaraq ki, aralarında müəyyən çəkişmələr vardı. Amma indi elə bir vəziyyət yaranıb ki, hərənin başı öz problemlərinə qarışıb və heç kim vahid mövqedən çıxış etmir. Əlbəttə, belə vəziyyətdə İsrail baş nazirinin bəyanatları heç də sadəcə seçkiqabağı ritorika kimi görsənmir. Real hərəkətlərə, planlara söykənir”.

“Vaxtilə ərəb ölkələrinin hamısı Fələstinin muxtariyyətini dəstəkləyirdilər”

Vəlizadə nəzərə çatdırdı ki, son illər ərəb ölkələrinin bir-biri ilə ziddiyyətləri artır: “Qətər böhranı göstərir ki, fars körfəzi ölkələri Səudiyyə Ərəbistanı ətrafında birləşərək Qətəri təkləyirlər. Vaxtilə bunlar hamısı eyni istiqamətdə çıxış edərək, Fələstinin muxtariyyətini dəstəkləyirdilər. Amma indi digərləri bu və ya digər şəkildə dəstəkləyir. Burada da müəyyən istəklər var. Ondan başqa, Səudiyyə Ərəbistanının daxili problemlərə başı qarışıb. İndi onlarda hakimiyyət böhranı yaşanır. Bilmək olmaz ki, Səudiyyə Ərəbistanın kralı nə qədər yaşayacaq. Çünki orada sülalə problemləri var. Eyni zamanda Səudiyyə Ərəbistanı həm İranla müharibə vəziyyətindədir, həm də Yəməndəki müharibədə iştirak edir. Yəni onun diqqəti yayınır. Misirin də başı öz problemlərinə qarışıb. Çünki son olaylar Misiri xeyli arxaya atdı. Qabaqlar vahid böyük güc idi. Mübarəkdən sonrakı olaylar onu tamam zəiflədib. Misir öz mövqelərini ortalığa qoyan real oyunçu kimi görsənmir”.

“İslam ölkələri yenə də yığışacaqlar, İsraili qınayacaqlar”

Vəlizadə qeyd etdi ki, Türkiyə Fələstini dəstəkləyəcək: “Amma dəstək nədən ibarət olacaq? Türkiyənin başı həm daxili problemlərə, həm də Suriyaya qarışıb. Real dəstək nədən ibarətdir? Türkiyə ola bilər ki, İslam konfransının yığıncağını təşkil eləsin, yəni bu təşəbbüslə çıxış eləsin. Bəli, İslam ölkələri yenə də yığışacaqlar, İsraili qınayacaqlar. Bu, reallıqda nəyi dəyişəcək? Heç nəyi. Türkiyə ancaq konfrans çağıracaq, İsraili qınayacaq. Necə ki, Qüdslə bağlı İslam ölkələrini çağırdı, hamısı İsraili pislədi. Ancaq Amerika Qüdsü İsrailin paytaxtı kimi tanıyıb”.

“Maraqlıdır ki, son illər ərzində İsrailin Səudiyyə Ərəbistanı krallığının xüsusi xidmət orqanları ilə əməkdaşlığı da baş verir. Bunun fonunda Səudiyyə Ərəbistanı İsrailə qarşı real çıxış edə biləcəkmi? Yox”,-deyə politoloq əlavə etdi.

“İndi Suriya İsrailə real müqavimət göstərə bilərmi?”

Vəlizadə onu da diqqətə çatdırdı ki, illər oncə İsrailə qarşı Suriya çıxış edirdi: “İndi Suriyanın Qolan təpələrini İsrail ələ keçirib. Hazırda Suriya nə gündədir. İndi Suriya İsrailə real müqavimət göstərə bilərmi? Yox. Yaxud da Livan. Livan vaxtilə Suriya ilə birləşərək İsrailə hansısa bir hərəkət edirdilər və onlara ərəb ölkələri dəstək verirdilər. İndi heç kəsdən dəstək yoxdur. Birmənalı olaraq ərəb ölkələri Əsədə dəstək vermir. Yəni ki, Netanyahu niyyətlərini həyata keçirməyə çalışacaq. Əslində, real olaraq İordan çayının qərb sahilərinə İsrail nəzarət edir. İndi biz deyirik ki, İsrail işğal edəcək. Onsuz da onlar nəzarət edirlər. Sadəcə olaraq bu nəzarəti daha da gücləndirəcəklər və sonra onu dünyaya təqdim edəcəklər ki, “bəli, biz mövqelərimizi həmən bu regionda möhkəmləndirdik və əslində, bu ərazi bizim ərazidir””.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA