Ombudsman məruzəsində jurnalistləri tənqid etdi

Ombudsman məruzəsində jurnalistləri tənqid etdi

Milli Məcisin iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın illik məruzəsi təqdim olunub.

Elmira Süleymanova məruzəsində deyib ki, Milli Preventiv Qrup (MPQ) Daxili İşlər, Ədliyyə, Müdafiə, Təhsil, Səhiyyə, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Təhlükəsizliyi və Dövlət Miqrasiya xidmətlərinin, həmçinin rayon (şəhər) icra hakimiyyətlərinin tabeliyində olan, ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi 240-dək müəssisəyə, o cümlədən müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, təhsil, səhiyyə, sosial, miqrasiya və dövlət uşaq müəssisələrinə əvvəlcədən xəbərdarlıq etmədən 343 dəfə baş çəkib:

"Bunların 220-i plan, 123-ü isə plandankənar olub. Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerlərinə 186, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, həbsxana və müalicə müəssisəsi də daxil olmaqla 56, Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlamayeri və istintaq təcridxanasına 4, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz miqrantların saxlanılma mərkəzinə 3, Təhsil Nazirliyinin xüsusi-təlim tərbiyə və internat müəssisələrinə, habelə xüsusi peşə məktəbinə 44, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pansionat, pensiya yaşına çatmış və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə 7, Səhiyyə Nazirliyinin psixiatriya xəstəxanalarına, ruhi-əsəb dispanserlərinə və körpələr evlərinə 29, yerli icra hakimiyyətlərinin tabeliyində olan uşaq evlərinə 14 başçəkmə həyata keçirilib. Saxlanılan şəxslərlə rəftar, saxlanma şəraiti, qidanın rasionu və keyfiyyəti, tibbi xidmətin və asudə vaxtın təşkili vəziyyəti öyrənilib, konfidensiallıq təmin olunmaqla müvəqqəti saxlanma yerlərində 570, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 430, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrdə 2 114 saxlanılan şəxslə təklikdə görüşlər keçirilib, müraciətləri yerində araşdırılıb və müvafiq tədbirlər görülüb. Bununla yanaşı, bu müəssisələrdə çalışan 600-dək xidmət əməkdaşı ilə hüquqi maarifləndirici söhbətlər aparılıb. Müəssisə rəhbərləri və aidiyyatı vəzifəli şəxslər tərəfindən MPQ üzvlərinə lazımi şərait yaradılıb, pozuntuların aradan qaldırılması üzrə verilən tövsiyələr nəzərə alınıb. Bəzi hallarda müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin istintaq təcridxanasına keçirilməsi müddətlərində pozuntulara yol verilməsi, azadlıqdan məhrum edilən şəxslərin penitensiar müəssisələrdə konfidensial yazışma hüququnun reallaşdırılması sahəsindəki problemlər qeyd edilməlidir. Daxil olan müraciətlərin, başçəkmələr zamanı qəbul edilən şəxslərlə görüşlərin və qaynar xəttə daxil olan zənglərin təhlili göstərir ki, azadlıqdan məhrum edilən şəxslərin ailə üzvləri və yaxınları ilə görüş, sovqat, telefon danışıqlarından istifadə ilə bağlı hüquqlarının pozulması hallarına rast gəlinir. Belə halların aradan qaldırılması üçün nəzarət daha da gücləndirilməlidir”.

Elmira Süleymanova qeyd edib ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı ilə bağlı 1 442 müraciət daxil olub: “Bu müraciətlərdə əsasən, prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq tərəflərin məlumatlandırılmaması, o cümlədən məhkəmədə işə baxılma vaxtı və yeri haqqında məhkəmə prosesinin iştirakçılarına müvafiq bildirişin vaxtında göndərilməməsi, məhkəmə qərarlarının surətinin vaxtında verilməməsi, məhkəmə qərarlarının icraya yönəldilməməsi, müraciətlərin cavablandırılmaması kimi hallar öz əksini tapıb. Bəzi hallarda məhkəmənin qərarı işdə iştirak edən şəxslərə vaxtında göndərilməyib, bu da həmin qərardan yuxarı instansiya məhkəməsinə müraciət etmək hüququnun pozulması ilə nəticələnib. Birinci instansiya məhkəməsinin qərarından verilən şikayətin apellyasiya instansiyasına göndərilməməsi ilə bağlı vətəndaşlara məlumatın verilməməsi və ya vaxtında verilməməsi də şikayətlərə səbəb olub. Təhlillər onu deməyə əsas verir ki, hakimlər tərəfindən yol verilən nöqsanların aşkar edilməsi və qarşısının alınması üzrə tədbirlər ardıcıl olaraq davam etməlidir”.

İllik məruzədə jurnalistlər də tənqid edilib. Ombudsman qeyd edib ki, müxtəlif məqsədlər naminə vətəndaşları təhdid edən, öz sənətinə qeyri-peşəkarlıqla yanaşan və məsuliyyət hissi olmayan bəzi qeyri-peşəkar jurnalistlər tərəfindən mətbuatda nəinki həqiqətə uyğun olmayan, hətta şantaj, rüsvayedici və böhtan xarakterli yazıların dərc edilməsi peşə etikasına zidd olmaqla yanaşı, həm də qanunvericiliyin tələblərinin pozulmasıdır: “Mətbuatda, xüsusilə də elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə zorakılığı nümayiş etdirən, xüsusilə uşaqlar və qadınlar barədə “görüntülü”, bir çox hallarda saxta məlumatlardan istifadə edilməsi yolverilməzdir. Bu məlumatlar ictimai qınaqlara səbəb olsa da, zorakılığın təbliğinə də yol açır. Belə məlumatların oxucu cəlb etmək məqsədilə elektron informasiya resursları tərəfindən yayımlanması, habelə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilməsi, insanların şərəf və ləyaqətinin alçaldılmasına, şəxsi və ailə həyatına müdaxiləyə, ailələrin dağılmasına, cinayətlə nəticələnən məişət zorakılığına, insanların hüquq və azadlıqlarının pozulmasına səbəb olur”.

Müvəkkil vurğulayıb ki, fikir və söz azadlığı digər şəxslərin hüquqlarına hörmət ruhunda həyata keçirilməlidir: “Hər bir şəxs, o cümlədən jurnalistlər kütləvi informasiya vasitələrində öz fikir və düşüncələrini ifadə edərkən və ya hansı məlumatı yayarkən mətbuat azadlığı ilə yanaşı, insanların şərəf və ləyaqət hüququna, işgüzar nüfuzuna hörmətlə yanaşmalı, baş verən istənilən hadisəni obyektiv təhlil etməli, əldə etdiyi informasiyanı qərəzsiz və düzgün təqdim etməlidirlər. Mətbuat-vətəndaş münasibətlərində ortaya çıxan problemlər bir daha göstərir ki, peşəkarlığın və məsuliyyət hissinin artırılması, jurnalist etikasına riayət edilməsi yönümündə aparılması zəruri olan tədbirlər mövcud çatışmazlıqların aradan qaldırılmasında mühüm vasitədir. Bu baxımdan, əlaqədar dövlət qurumlarının və vətəndaş cəmiyyəti təsisatlarının jurnalistlərin peşəkarlığının arıtırılmasına istiqamətlənən treninq və seminarlara cəlb edilməsi üzrə tədbirlərin genişləndirilməsinə ehtiyac var”.

Ombudsman qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan, sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunula qadağa qoyulmasını təklif edib: “Qanunsuz məskunlaşmaya şərait yaradan tikinti şirkətlərinin yaratdığı vəziyyət sakinlərin ən müxtəlif problemlərlə üzləşməsinə səbəb olub. Əksər hissəsi artıq məskunlaşmış bir çox çoxmənzilli yaşayış binaları enerji və su ilə təchiz edilsə də, hələ də qazlaşdırılmayıb. Bəzi işbazlar tərəfindən xarici ölkələrdən gətirilən, müəyyən edilən standartlara cavab verməyən tikinti materiallarının yararlığının yoxlanılmaması, habelə bəzi tikinti şirkətləri tərəfindən çoxmənzilli binaların tikintisində istifadə edilməsi kimi məlumatlar böyük narahatlıq doğurur. Bu problem Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən araşdırılmalı, mövcud standartlara uyğun olmayan inşaat materialları satışdan və istifadədən çıxarılmalı, günahkar şəxslər barəsində isə qanunla müəyyən edilən ciddi tədbirlər görülməlidir”.

E.Süleymanova bildirib ki, orta məktəblərdə əsas və tam orta təhsil üzrə keçirilən yekun qiymətləndirmənin nəticələrinə dair məlumatlar təhsilin real vəziyyəti ilə bağlı bir daha dərindən düşünməyi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir: “Yekun qiymətləndirmənin aparılması bu prosesin mərhələlərə bölünməklə mürəkkəbləşdirilməsinə deyil, əksinə, onun daha da sadələşdirilməsinə xidmət etməli, eyni zamanda müvafiq kontingentə verilən təhsilin real səviyyəsinə uyğun olmalıdır. Açıq və qapalı suallardan ibarət yekun qiymətləndirmə və imtahan suallarının sayı ilə onların həllinə ayrılmış vaxt arasındakı uyğunsuzluq şagirdlərə orta məktəblərdə verilən təhsilin obyektiv qiymətləndirilməsinə də mane olur. Qeyd olunan reallığın nəzərə alınmaması X və XI siniflərdə təhsil alan şagirdlərin repetitorlara üz tutması ilə nəticələnir. Obyektiv nəticənin əldə edilməsi və işlək mexanizmin yaradılması məqsədilə belə taleyüklü ciddi qərarların qəbul edilməsi zamanı müəllimlərdən, mütəxəssislərdən və ekspertlərdən ibarət müzakirələrin keçirilməsi əvəzinə, respublikanın qabaqcıl müəllim heyətinin və valideynlərin fəal iştirakı ilə geniş ümumrespublika müzakirələrinin keçirilməsi daha məqsədəuyğun olardı”.

O, yaşa görə əmək pensiya yaşına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin əsassız ləğv edilməsinin qadağan olunması təklif edib: “İşçilərin ixtisarı zamanı nəzərə alınmayan ən ciddi məsələlərdən biri də pensiya yaşının çatmasına azı 5-7 il qalmış şəxsin işdən azad edilməsidir. Bu yaşda şəxslərin, xüsusilə qadınların işlə təmin edilməsi ciddi problemdir. Odur ki, yaşa görə əmək pensiya yaşına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin əsassız ləğv edilməsinin qadağan olunması, bununla bağlı Əmək Məcəlləsinin 79-cu maddəsinə, eyni zamanda işəgötürən tərəfindən müvafiq hallarda işə qəbuldan əsassız imtina edilməsinə görə inzibati məsuliyyətin müəyyən edilməsi məqsədilə İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə müvafiq əlavənin edilməsi zəruridir”.

Müvəkkil qeyd edib ki, dövlət yol polisi ilə bağlı şikayətlərdə öz əksini tapan halların yoxlanılması məqsədilə ilə aparılan araşdırmalar üzrə qanunauyğun tədbirlər görülüb: “Şikayətlərin təhlili bu sahədə olan bir sıra problemlərin qarşısının alınması istiqamətində təsirli tədbirlər görülməsini tələb edir”.

Onun sözlərinə görə, Müvəkkil və Milli Preventiv Qrup Azərbaycanın psixiatriya müəssisələrinə də baş çəkib rəftar, saxlanılma şəraiti, qidalanma və tibbi yardımın vəziyyəti, yerləşdirilməsi və saxlanılmanın qanuniliyini təsdiq edən sənədlər araşdırılıb: “Həmin müəssisələrdə müayinə və müalicə prosesi öyrənilib, aşkar olunan nöqsanların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərlərinə tövsiyələr verilib. Nəticə olaraq beynəlxalq standartlara cavab verməyən ruhi-əsəb müəssisələri binalarının yenidən qurulması və ya əsaslı təmir edilməsi, bu müəssisələrdə müalicə alan xəstələrin qida və tibbi təminatının yaxşılaşdırılması, personalın sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Səhiyyə Nazirliyinə təkliflər göndərilib”.

Ombudsman qeyd edib ki, ünvanlı dövlət sosial yardımı almaq hüququnun təmin edilməsi ilə bağlı qəbul edilən qanunvericilik aktlarının tətbiqi prosesində aşkar edilən çatışmazlıqlar davamlı olaraq təkmilləşdirilməkdədir: “Ailə təmsilçilərinə fərdi kommunikasiya vasitələrindən və infoköşklərdən istifadə etməklə müraciət etmək imkanı yaradılıb. Buna baxmayaraq, süründürməçilik və pozuntularla bağlı şikayətlərin təhlili göstərir ki, bu sahədə bəzi problemlər hələ də qalmaqdadır. Ötən il Milli Preventiv Qrupun üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sağlamlıq imkanları məhdud uşaqlar, pensiya yaşına çatan, habelə əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə baş çəkib, saxlanma şəraiti və qidalanma məsələlərini araşdırıb, sakinlərlə görüşüb, bir qayda olaraq, rəftar və şərait qənaətbəxş qiymətləndirilib, bir sıra tövsiyələr verilib. Şikayətlərin təhlil nəticəsində bu hüququn daha səmərəli təmin edilməsi məqsədilə Müvəkkil tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilib”./Modern.az/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA