OQTAY ŞİRƏLİYEV SƏLAHİYYƏTSİZ NAZİRƏ ÇEVRİLDİ - “Belə bir struktur dünyanın heç bir yerində yoxdur”

OQTAY ŞİRƏLİYEV SƏLAHİYYƏTSİZ NAZİRƏ ÇEVRİLDİ - “Belə bir struktur dünyanın heç bir yerində yoxdur”

Xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı

Adil Qeybulla: “TƏBİB adlı qurumun nəyə görə yaradılmasının səbəbinin anlaya bilmirəm”

Dünən Nazirlər Kabineti (NK) “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 5.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qərar verib. Qərara əsasən, baş nazir Novruz Məmmədov “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısını təsdiq edib.

Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılıb, “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyinə verilən tibb müəssisələrinin siyahısı mətbuatda dərc olunub.

Xatırladaq ki, ötən ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.

Məlumata görə, TƏBİB beynəlxalq təcrübəni nəzərə almaqla, tabeliyində olan tibb müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarını tətbiq edərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməyə çalışacaq. Onu da nəzərə çatdıraq ki, TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə olan daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçiriləcək.

Maraqlıdır ki, əksər xəstəxana və poliklinkaların Səhiyyə Nazirliyinin tabeçiliyindən çıxarılıb, “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin tabeçiliyinə verilməsilə səhiyyə sistemi özünü doğruldacaqmı?

“Səhiyyə Nazirliyinin tabeçiliyindən bu xəstəxanaların çıxarılmasını düzgün hesab etmirəm”

Картинки по запросу adil qeybulla

Xəstəxana və poliklinkaların əksəriyyətinin TƏBİB-in tabeçiliyinə verilməsi ilə bağlı professor Adil Qeybulla “Hürriyyət”lə fikirlərini bölüşdü: “Mən TƏBİB adlı bir qurumun nəyə görə yaradılmasının səbəbinin hələ indiyə kimi anlaya bilmirəm. Nəyə görə bu xəstəxanaların hamısı yox, bir qrupu Səhiyyə Nazirliyinin tabeçiliyindən çıxarılıb? Əslində, stiuasiya necə olmalıdır? Səhiyyə Nazirliyi indiki administrativ amirlik durumundan mərkəzi məsləhətverici bir orqana çevrilməlidir. Bu, millətin genefondunun sağlamlığı ilə məşğul olan bir orqan olmalıdır. Bu, dövlət proqramları işləyib, hazırlamalıdır. Təbii ki, Səhiyyə Nazirliyinin statusu dəyişdirilməlidir, amma bunun tərkibindən bir qrup xəstəxananın ayrılıb, başqa bir qurumda formalaşmasının adı nədir? Bu nə islahatdır? Hesab edirəm ki, bu, anologiyası olmayan bir dəyişiklikdir. Səhiyyə Nazirliyi ən azı ölkədə tibb müəssisələrində protokola, dünya standartlarına uyğun, yəni öz fəaliyyət olmayan müalicə prosesinə nəzarət edən bir qurumdur. Yəni Səhiyyə Nazirliyinin tabeçiliyindən bu xəstəxanaların çıxarılmasını düzgün hesab etmirəm. İkincisi də icbari tibbi sığorta ilə də bağlı bir qurum yaradıblar”.

“Bu cür qurumların yaradılması fayda verməyəcək”

“Türkiyədə bir Sosial Güvənlik qurumu var. Bu Sosial Güvənlik qurumu həm icbari tibbi sığorta, həm pensiyaların verilməsi, həm də sosial müdafiə elementləri ilə məşğuldur, hamısı bu qurumda cəmləşib. Biz də hələ də bir mahiyyəti olan proseslər üçün bir neçə mənasız qurum var, bunlar bir-birinin eyni olan qurumlardır. Bu, həm dövlət idarəçiliyinin optimallaşdırılması, həm də xərclər baxımından özünü doğrultmur. Ona görə də hesab edirəm ki, bu cür qurumların yaradılması elə də fayda verməyəcək”, -deyə A. Qeybulla vurğuladı.

“Bunlar şəxsi münasibətlərdən doğan bir hərəkətlərdir”

“Maraqlıdır ki, əksər xəstəxana və poliklinkalar Səhiyyə Nazliyinin nəzarətindən çıxarıldığı halda Səhiyyə Nazirliyinin funksiyası nə olacaq” sualına A. Qeybulla belə cavab verdi: “Yadınızdadırsa, bir ara Nəqliyyat Nazirliyinin başına bu işlər gəlirdi. Bunu ayırıb, ona verirdilər, onu da ayırıb, buna verirdilər. Əslində, bunlar hamısı şəxsi münasibətlərdən doğan bir hərəkətlərdir. Bu, qətiyyən islahata və ümumi işə xidmət etmir. Bundan vətəndaş fayda görəcəkmi? Milli genefond fayda görəcəkmi? Birinci suallar bunlardır. Mən elə bir fayda görəcəyini düşünmürəm”.

“Bunu bizim eksperiment etməyimizin nə lüzumu var?”

“Bildiyimiz kimi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək. Sözügedən bu qurumun İdarə Heyətinin sədrini və digər üzvlərini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəyə təyin və vəzifədən azad edir. Bu zaman bu sistemin normal işləməsi mümkün olacaqmı” sualına A. Qeybulla belə cavab verdi: “Bu mexanizmləri mən oxumuşam. Söhbət nədən gedir? Axı, bunun bir dünya təcrübəsi var. Bunu bizim eksperiment etməyimizin nə lüzumu var? Nəyə görə biz qonşu Türkiyədən bunu götürməməliyik? Yəni mən düşünmürəm ki, bu cür eksperiment faydalı olacaq. İndi siz bu sistemi görəcəksiniz, yəni bu sistem necə çalışacaq və onun nəticələri nə olacaq biləcəksiniz. Ən əsas məsələ odur ki, yaradılmış sistemdən, strukturdan vətəndaş fayda görə bilsin. Bizi ayrı şey düşündürmür, amma bu yaradılmış strukturdan vətəndaş fayda görməyəcək”.

Картинки по запросу səhiyyə nazirliyi

“Səhiyyə Nazirliyinin statusunu dəyişmək lazımdır”

“Bəs, səhiyyə sistemində sturktur islahatı necə aparılmalıydı ki, vətəndaş fayda görsün” deyə sual etdikdə A. Qeybulla dedi: “Qeyd etdiyim kimi, Səhiyyə Nazirliyinin statusunu dəyişmək lazımdır. Bu administrativ qurumdan mərkəzi məsləhətverici quruma, Azərbaycanın genefondunu qorumaq istiqamətində proqramlar hazırlayan, məsləhətlər verən bir orqana çevrilməlidir, nəinki amirlik statusunda qalmalıdır. İcbari tibbi sığorta ilə bağlı məsələlərin hamısı isə Sosial Sığorta Fonduna verilməlidir, başqa qurumlara ehtiyac yoxdur”.

“Mən bunu eksperiment adlandırıram”

“Artıq fərman verilib. Bu strukturla icbari tibbi sığortanın həyata keçirlməsi vətəndaşları qane edəcəkmi” sualını isə A. Qeybulla belə cavablandırdı: “Bilirsiniz ki, Qarbaçov vaxtilə anti-alkoqol kompaniyası apardı. 6 ay o kompaniya getdi, orada müəyyən təşəbbüslər oldu, amma sonradan o kompaniya yatdı. Yəni bir qərar verilərkən həmişə onun prespektivini də düşünmək lazımdır ki, bu, nə qədər uzun ömürlü ola bilər, hansı nəticələrə gətirib çıxara bilər. Yenə də deyirəm, mən bunu eksperiment adlandırıram. Çünki belə bir struktur dünyanın heç bir yerində yoxdur”.

“Bütün ölkə icbari tibbi sığortaya keçsə, idarəetmə vahid sistemdə cəmləşməlidir”

Baş nazir Novruz Məmmədovun TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısını təsdiq edən sənədi şərh edən deputat Musa Quliyev isə deyib ki, İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in yaranması səhiyyə sistemində islahatların çox mühüm tərkib hissəsini təşkil edir: “Yəqin ki, artıq fərmanın icra mexanizmi də hökumət tərəfindən hazırlanıb. Əlbəttə, bütün ölkə icbari tibbi sığortaya keçsə, idarəetmə vahid sistemdə cəmləşməlidir. Yəni maliyyələşməni İcbari Tibbi Sığorta Agentliyi həyata keçirirsə, idarəetmə də onun tərkibində olsa, daha məqsədəuyğun olar. Belə olan halda həm operativlik, həm çeviklik, həm də nəzarət yüksək səviyyədə qurular. Bu səbəbdən bəzi müəssisələr TƏBİB-in tabeliyinə keçirilir”.

“Bu qərar sosial həyatımıza müsbət təsir edən amil olacaq”

M. Quliyev onu da əlavə edib ki, nazirliyin də tərkibində qalan müəssisələr var: “Onların da fəaliyyəti əvvəlki qaydada büdcədən ayrılan maliyyə hesabına həyata keçiriləcək. Nazirliyin ümumi nəzarət funksiyası, eyni zamanda ölkənin səhiyyə siyasətinin işlənib hazırlanması, səhiyyə ilə bağlı beynəlxalq normaların Azərbaycanda tətbiq olunması funksiyaları yerində qalmaqdadır. Gələn ildən səhiyyəmizin maliyyələşməsi yeni metodla işləyəcək. Burada tibb xidmətinin həm əlçatanlığının asanlaşmasını, həm də keyfiyyətinin yüksəlməsini gözləyirik. Bu qərar həm də dövlət və özəl sektor arasında sağlam rəqabətin formalaşmasına, bu isə səhiyyənin daha yüksək sürətlə inkişafına gətirib çıxaracaq. Düşünürəm ki, bu qərar sosial həyatımıza müsbət təsir edən amil olacaq”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA