Oyuncaq tapança ilə basqına gedən gənclərin işi - "Satıcı bizi görüb, qorxdu..."

Oyuncaq tapança ilə basqına gedən gənclərin işi - "Satıcı bizi görüb, qorxdu..."

Mağazalara maskalı və oyuncaq tapança ilə basqına gedən şəxslər hakim qarşısına çıxarılıb.

Hurriyyet.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 1993-cü il təvəllüdlü Fərid Hacıyev, 1992-ci il təvəllüdlü Orxan Məmmədli və 1996-cı il təvəllüdlü Fərid Hüseynzadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib

Əlisəid Həsənov da bu iş üzrə təqsirləndirilən şəxsdir və hazırda o, ev dustaqlığındadır.

Hakim Azər Paşayevin sədrliyi ilə keçiirlən prosesdə təqsirləndirilən şəxs Fərid Hüseynzadə ifadə verib.

Fərid deyib ki, Orxanla birlikdə "NZS" qəsəbəsində yerləşən ərzaq dükanına basqın etməyi planlaşdırıblar. Onlar marketin sahibini tanıyıblar.

"Onun adı Zaur idi. Gecə saat 1-in yarısında dükana daxil olduq. Kassadan 800 manat pul və siqaretləri götürdük. Götürülən pulu Orxanla öz aramızda böldük"- deyə təqsirləndirilən şəxs deyib.

Daha sonra digər təqsirləndirilən Əlisəid Həsənov da ifadə verib.

O Gəncə prospektində siqaret köşkünə basqın etdiklərini etiraf edib.

Əlisəid üzlərində maska olduğunu deyib: "Satıcı bizi görüb, qorxdu ki, birdən ona nəsə edərik. Ordan 300 manat pul və bir qədər də siqaret götürdük. Götürülən siqareti sonradan satıb, pula çevirdik. Sonra da aprel ayında Günəşli qəsəbəsində yerləşən marketə basqın edib, oradan 400 manat pul və saç boyası oğurladıq".

Məhkəmənin suallarına cavab verən təqsirləndirilən şəxslər törətdikləri əməldən peşman olduqlarını bildiriblər.

Bildirək ki, ötən il Xətai Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini Qafqaz Qəhrəmanov General Mehmandarov küçəsində yerləşən işlədiyi marketə əllərində tapançaya bənzər əşya və bıçaq olan naməlum şəxslərin basqın etdiyini, daha sonra ona hədə-qorxu gələrək kassadan 230 manat pulu götürüb hadisə yerindən qaçdıqlarını bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fərid Hacıyev, əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə və Orxan Məmmədli də müəyyən edilərək saxlanılıb. Onlar ifadələri zamanı törətdikləri cinayəti etiraf ediblər.

Araşdırma zamanı məlum olub ki, hadisə zamanı dəstə üzvləri zərərçəkəni əllərində olan oyuncaq tapança ilə qorxudublar.
Araşdırma zamanı dəstə üzvlərinin Xətai rayonunda daha bir mağazadan soyğunçuluq yolu tütün məmulatları, eləcə də NZS və Bakıxanov qəsəbələrində yerləşən iki marketdən oğurluq etdikləri də məlum olub. Daha sonra Əlisəid Həsənov da saxlanılıb. Bu iş üzrə 5 zərərçəkmiş var./musavat.com/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA