Azərbaycan xalq mahnılarının sayını bilirdiniz? - AÇIQLAMA

Azərbaycan xalq mahnılarının sayını bilirdiniz? - AÇIQLAMA

Xalqın oxuduğu, həmişə eşitməyə ehtiyac duyduğu kütləvi musiqi janrlarından biri də  mahnıdır. Azərbaycan xalqının həyatı, mübarizəsi, duyğuları, sevinc və kədəri xalq mahnılarında öz əksini tapıb. Xalq mahnılarında xalqın yüksək mənəviyyatı - onun ümid və arzuları, əhval-ruhiyyəsi milli ideyaları tərənnüm olunur.

Maraqlıdır, Azərbaycanda nə qədər xalq mahnısı var? Konkret bir rəqəm göstərilirmi?

Hurriyyet.org xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov "modern.az"a bunları söyləyib:

“Azərbaycan xalq mahnılarından ibarət 3 məcmuə hazırda Azərbaycan Milli kitabxanasında saxlanılır. Xalq mahnılarını sistemli şəkildə ilk dəfə 1932-ci ildə  SSRİ xalq artisti Bülbül işləməyə başlayıb. O vaxtı metodkabinə deyilən bir kabinə vardı. Bülbül Asəf Zeynallı ilə birlikdə bütün kəndləri gəzib, xalq mahnılarını toplayıblar. Üç böyük dahi bəstəkar Səid Rüstəmov, Tofiq Quliyev və Fikrət Əmirov bu mahnıların hamısını nota köçürüblər.

1958-ci ildə Bülbülün tərtibatında xalq mahnılarının I cildi çapdan çıxıb. Bunun ardıca II cild də çapa verilib. Hər iki cilddə ümumilikdə 230 xalq mahnısının olduğu qeyd oedilib.

Ancaq Bülbül kitabın girişində belə qeyd edib ki, “Ağalar bəy Əlverdibəyov bizə 600-dən artıq xalq mahnısının olduğunu söyləyib. Təəsüf ki, biz o mahnıların hamısını əldə edə bilməmişik”.

Bülbül bunları qeyd etdikdən sonra yazıb ki, məhz bu məsələ onda qəti qərar yaratdı ki, gedib bütün bölgələri gəzib xalq mahnılarının dəqiq sayını müəyyənləşdirsin”.

Kərim Tahirovun sözlərinə görə Bülbül ilk səfərini Qarabağa, xüsusilə də Şuşa bölgəsinə edib. Daha sonra Gürcüstana, ordan da bütün Azərbaycanı gəzib.

“Səid Rüstəmov özü 1967-ci ildə xalq mahnılarından ibarət bir məcmuə çap etdirib. Məcmuədə Cabbar Qaryağdıoğlunun ifasında 400-dən artıq mahnının qeyd olunduğu bildirilir. Hətta Səid Rüstəmov məcmuədə  yazıb ki, mən bütün xalq mahnılarının dəqiq sayını qeyd etmişəm və onları nota köçürmüşəm. Konkret nə qədər xalq mahnısının olması barədə bizdə bir statistik rəqəm yoxdur. Ancaq Ağalar  bəy Əliverdibəyovun sözlərindən çıxış edərək deyə bilərəm ki, təxmini də olsa, 600  xalq mahnısı  olduğu dəqiqdir”, - deyə Kərim Tahirov bildirib”.