“Türkiyə iqtisadiyyatı uzun hərbi əməliyyatlara hazır deyil” - NATİQ CƏFƏRLİ

“Türkiyə iqtisadiyyatı uzun hərbi əməliyyatlara hazır deyil” - NATİQ CƏFƏRLİ

 “Rusiya, İran və ABŞ Türkiyənin o bataqlıqda daha dərin batmasını istəyir”

“Türkiyə Suriyada yeni hərbi əməliyyat başladı - Tanrı Türk əsgərini, qorusun, ümid edirəm ki, Türkiyə bu bataqlığa tam batmayacaq. Çünki illərlə qurudulması çətin olacaq bataqlıq Türkiyəni zəiflədə, iqtisadiyyatına böyük zərbə ola bilər”. Hurriyyet.org xəbər verir ki, bu barədə REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyib.

“Türkiyə Suriyada SSRİ-nin Əfqanıstanda, ABŞ-ın Sayqonda rast gəldiyi müharibə tipi ilə qarşılaşa bilər”

Cəfərli vurğulayıb ki, Türkiyə ordusu güclüdür, açıq hərbi savaşda istənilən “kürd” terror birləşmələrini darmadağın edə bilər: “Amma bölgədə “hibrid” müharibə gedir, bir müddət sonra “partizan” müharibəsinə də dönə bilər. Türk əsgəri səhərin işığında adi kəndli, qaranlıq düşən kimi isə silahlı başkəsənə çevrilən düşmənlə üzbəüz qala bilər. Türkiyə Suriyada SSRİ-nin Əfqanıstanda, ABŞ-ın Sayqonda rast gəldiyi müharibə tipi ilə qarşılaşa bilər”.

“Tramp 1 tvit ilə lirəni 2,5% dəyərdən sala bilirsə, deməli, qardaş ölkənin iqtisadiyyatı güclü deyil”

N. Cəfərli hesab edir ki, Türkiyə iqtisadiyyatı uzun hərbi əməliyyatlara hazır deyil: “Əgər Tramp 1 tvit ilə lirəni 2,5% dəyərdən sala bilirsə, birja günə 3% dəyər itirirsə, deməli, qardaş ölkənin iqtisadiyyatı güclü deyil”.

“Hər bir ölkə Türkiyənin əli ilə öz problemlərini həll etmək istəyir”

“Türkiyə faktiki tək qalıb, həm Rusiya, həm İran, həm də ABŞ öz maraqlarına görə Türkiyənin o bataqlıqda daha dərin batmasını istəyir və bu ölkələrin heç birinin marağı Türkiyənin marağı ilə üst-üstə düşmür. Tam tərsinə, hər bir ölkə Türkiyənin əli ilə öz problemlərini həll etmək istəyir: 1. Rusiya Türkiyənin əli ilə ABŞ-ı oradan çıxartmaq, Əsədə müxalif kürdləri məhv etmək istəyir, 2. ABŞ Türkiyənin əli ilə Rusiya və İranı orada zəiflətmək, amma kürdləri də ayaqda saxlamaq istəyir, 3. İran da elə Rusiya ilə eyni hədəflərə çatmaq istəyir, amma əsas hədəf Əsədin qalması, İran-İraq-Suriya-Livan şiə xəttinin işlək olmasıdır”,-deyə Cəfərli əlavə edib.

Cəfərlinin fikrincə, Türkiyənin müdaxiləsindən  ən çox Əsəd qazanır: “Dünənə qədər “katil Əsəd” deyilən zat, indi Türkiyənin dəstəyi ilə ölkənin tamamına hakim olmaq istəyir”.

“Siyasətçilərin vaxtilə buraxdığı səhvləri indi Mehmetçik düzəltməyə çalışır”

N. Cəfərlinin sözlərinə görə, Suriyada olan-bitən AKP iqtidarının xarici siyasətdə fiaskosunun nəticəcidir: “Siyasətçilərin vaxtilə buraxdığı səhvləri idi, indi Mehmetçik düzəltməyə çalışır. Allah yardımçısı olsun. Amin!”

Şamo EMİN, Hurriyyet.org