Müsavatda başqanlıq savaşı qızışır - İsa Qəmbərin Arif Hacılını dəstəkləməsi etiraz doğurdu

Müsavatda başqanlıq savaşı qızışır - İsa Qəmbərin Arif Hacılını dəstəkləməsi etiraz doğurdu

Tofiq Yaqublu: “Partiyanı daha yaxşı idarə edərdim”

Yadigar Sadıqlı: “Ötən 5 ildə Arif Hacılı bir Müsavat başqanı kimi fiaskoya uğradı”

Dünən Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər partiyanın oktyabrın 13-də keçirilməsi planlaşdırılan qurultayında başqa seçkisinə dair mövqeyini açıqlayıb.

İ.Qəmbər bu yarışda hazırkı başqan Arif Hacılının namizədliyini dəstəklədiyini bəyan edib.

Sabiq başqan “feysbuk” səhifəsindən paylaşdığı “Onun uğurları Müsavatımızın, Müsavatın uğurları Azərbaycanımızın uğurları olacaq!” adlı bəyanat-yazıda bildirir: “2014-cü ilin sentyabrında Müsavat Partiyasının 8-ci qurultayında başqanlığa namizədlərlə bağlı mən öz mövqeyimi açıqlamadım. Bunun iki əsas səbəbi var idi.

Birincisi, mənə elə gəlirdi ki, fikrimi açıqlasam dəstəklədiyim aday asanlıqla qalib gələ bilər. Və nəticədə bir tərəfdən gerçək seçki yarışı baş tutmaz, digər tərəfdən faktiki olaraq mən varis müəyyənləşdirmiş olaram. Mən isə demokratik seçki yarışının Müsavata və cəmiyyətə faydalı olacağına inanırdım və varis müəyyənləşdirmək istəmirdim. İstəyirdim ki, məndən sonrakı başqanı və nəticədə partiyamızın növbəti mərhələdə siyasi kursunu müsavatçılar mənim təsirim olmadan müəyyənləşdirsinlər.

İkincisi, namizədlərdən bəziləri mənim öz mövqeyimi bildirməməyimi xahiş və təkid edirdilər.

İndi isə 9-cu qurultay ərəfəsində partiyamızda azad demokratik seçki ənənəsi o dərəcədə oturuşub ki, namizədlərdən heç biri mənə mövqeyimi nə bildirmək, nə də bildirməmək xahişi ilə müraciət etməyə ehtiyac duymur və bu məni sevindirir. Odur ki, indi mən də mövqeyimi açıqlaya bilərəm”.

İ.Qəmbər mövqeyini əsaslandırmaq üçün bir neçə səbəb göstərir və Arif Hacılını “böyük dövlət adamı” adlandırır və qurultay üzvlərinə “Arif bəyə səs verin!”, - deyə çağırış edir.

Xatırladaq ki, Müsavat Partiyasının 8-ci qurultayında başqanlıq uğrunda yarış Arif Hacılı və iqtisadçı Qubad İbadoğlu arasında getmişdi. Həmin vaxt İ.Qəmbər indiki kimi açıq şəkildə olmasa da, yenə Arif Hacılını dəstəkləyirdi. Cüzi fərqlə A.Hacılının qalib gəlməsindən sonra partiya faktiki olaraq iki hissəyə parçalandı, Q.İbadoğlu tərəfdarları ilə birlikdə Müsavatı tərk etdi.

İndi isə Arif Hacılının rəqibləri Tofiq Yaqublu və Yadigar Sadıqlıdır. İsa Qəmbərin belə açıq mövqe tutmasına onların münasibətini öyrəndik.

“Burada qanunsuz, demokratiya ilə uzlaşmayan bir məqam yoxdur”

Картинки по запросу Tofiq Yaqublu

Müsavat Partiyasının Divan üzvü, başqanlığa namizəd Tofiq Yaqublu “Hürriyyət”ə dedi ki, İsa bəyin çağırışı Arif bəy üçün xeyli dəstəkdir: “Amma bu, tamamilə normal bir məsələdir. Burada qanunsuz, demokratiya ilə uzlaşmayan bir məqam yoxdur. İsa bəy Müsavat Partiyasının üzvüdür, qurultay nümayəndəsidir. Onun da hər bir qurultay nümayəndəsi və müsavatçı kimi namizədlərdən birinin lehinə, digərinin əleyhinə təbliğat aparmaq haqqı var, tamamilə normal bir haldır”.

“Mənim baxışım bir cürdür, hörmətli İsa bəyin baxışı da bir cürdür”

Keçmiş Müsavat başqanı İsa Qəmbərin “Arif Hacılının uğurları Müsavatımızın, Müsavatın uğurları Azərbaycanımızın uğurları olacaq!” fikirləri ilə bağlı T. Yaqublu belə dedi: “Ortada qızıl bir məntiq var. Birincisi, təbliğ edən adam təbliğ etdiyi şəxsi yaxşı cəhətdən tanıtmalıdır. Bu, bütün dünyada belədir. Digər məntiq də ondan ibarətdir ki, mən Arif Hacılının bir dəfə də seçilmək hüququ olmasına baxmayaraq, namizədliyimi irəli sürmüşəmsə, bu, o deməkdir ki, mən işlərin daha yaxşı olmasını arzulayıram. Düşünürəm ki, partiyanı daha yaxşı idarə edərdim və partiyanın uğurları daha çox olardı. Yəni namizədliyimi irəli sürməklə, bu, aydındır. Əlbəttə, Müsavatda elə adamlar var ki, Tofiq Yaqublunun partiyaya ziyan vurduğunu, onun fəaliyyətinin cəmiyyət üçün heç bir xeyri olmadığını, müxalifət üçün fayda gətirmədiyini düşünürlər. Təbii ki, onların bir hissəsi qərəzlidir. Amma adamlar düşünür, adamlara qadağan eləmək olmaz ki, sən niyə belə düşünürsən? İsa bəy də Arif bəyin xidmətini yüksək qiymətləndirir.

Yeri gəlmişəkən, Arif bəyin haqqına girmək olmaz. Arif bəy Milli Azadlıq hərəkatından fəaliyyətə başlayıb, Elçibəy hakimiyyəti dönəmində vəzifədə olmuş, sonra da demokratiya uğrunda mübarizədə konkret töhvələr vermiş, fəaliyyət göstərmiş bir şəxsdir. Sadəcə, mənim baxışım bir cürdür, hörmətli İsa bəyin baxışı da bir cürdür”.

“İsa bəy düşünür ki, məqamında mövqeyini bildirməlidir ki, birdən qurultaydan fərqli nəticə çıxa bilər”

Bundan əvvəlki başqa seçkisində İsa Qəmbərin aşkar mövqe bildirməməsinə gəlincə, T. Yaqublu dedi: “Əlbəttə, nə zaman dəstəyini bildirəcək, nə zaman da bildirməyəcək, o yenə İsa bəyin özü hüququdur. Burada anlaşılmayan bir şey yoxdur. Ancaq məntiq var. Mən də bu stiuasiyanı öz xeyrimə yozuram. Mən düşünürəm ki, o zaman İsa bəy arxayın idi ki, müdafiə etdiyi namizəd - Arif Hacılı qalib gələcək. Ona görə, elə görünmək lazım gəldi. İndi isə, görünür, situasiya daha ciddidir və hörmətli İsa bəy də düşünür ki,  məqamında mövqeyini bildirməlidir ki, birdən qurultaydan fərqli nəticə çıxa bilər”.

“Məsələlərə çox normal və sakit baxmaq lazımdır”

T.Yaqublu qeyd etdi ki, namizədlərdən kimisə müdafiə eləmək lazımdır: “İsa bəy o vaxtı da, indi Arif bəyi müdafiə edir, normal bir haldır. Arif bəy sıradan bir adam deyil ki. Adam ona güvənir, onun fəaliyyətini yaxşı hesab edir və müdafiə edir. Məsələlərə çox normal və sakit baxmaq lazımdır”.

“Mübahisə edə-edə partiyanın işlərini aparacağıq”

“Arif Hacılı yenidən başqan seçilsə, Müsavat Partiyasının Azərbaycan siyasi arenasında perspektivini necə görürsünüz” sualına isə T. Yaqublu belə cavab verdi: “Əlbəttə, burada həmin iki məntiq işləyir. Mən düşünürəm ki, mən Müsavatın başqanı olsam, partiyanı daha yaxşı idarə edərəm və daha  uğurlu olar. Amma  Arif bəy seçilsə faciə olmaz. Yenə biz də Müsavatdayıq, yenə birgə çalışacağıq. Mübahisə eləyə-eləyə,  mövqelərimizi müdafiə eləyə-eləyə partiyanın işlərini aparacağıq”.

“Qurultayın ayın 12-də olub-olmaması sual altındadır”

Картинки по запросу Yadigar Sadıqlı

Müsavat başqanlığına digər namizəd, Divan üzvü Yadigar Sadıqlı isə “Hürriyyət”ə bildirdi ki, partiyanın qurultayının 12-də olub-olmaması sual altındadır.

“Arif Hacılının şansı yüksəlir”

“Böyük ehtimalla Arif bəyin yenidən seçilməsi üçün İsa bəyin çağırışı dəstək olacaq. Aydın məsələdir ki, İsa bəyin nüfuzu partiyada yüksəkdir və hər hansı bir seçim qarşısında tərəddüd edən bir çox insanlar üçün İsa bəyin sözü həlledici olur. Bu baxımdan, xeyli dərəcədə Arif Hacılının şansı yüksəlir”,-deyə başqanlığa namizəd əlavə etdi.

“Arif Hacılının uğursuzluğunu görmək üçün xüsusi alətə, optik cihaza ehtiyac yoxdur”.

Y. Sadıqlı onu da vurğuladı ki, ötən 5 ildə Arif Hacılı bir Müsavat başqanı kimi fiaskoya uğradı: “Onun hansı uğurlarından söhbət gedir, bilmirəm. Mən də Müsavatı canından çox sevən bir insan kimi istərdim ki, Müsavat başqanı və Müsavat Partiyası uğurlar qazansın, amma bu uğurlar yoxdur. Onun uğursuzluğunu görmək üçün xüsusi alətə, optik cihaza da ehtiyac yoxdur. Sadə, gözlə görünən bir həqiqətdir. İsa bəy onun uğurlarını harada görə bilər, hansı rəqəmlərdə onu səsləndirə bilər, bilmirəm. Mən şəxsən o uğurları görmürəm”.

“Hakimiyyət kimi 90% nəticəyə can atırlar”

Y. Sadıqlının sözlərinə görə, İsa bəyin mövqeyi  onu heç qane etməyib: “Əsaslı görünmür. Digər tərəfdən İsa bəy yazır ki, Arif Hacılının 9-cu qurultayda qalib gələcəyi onsuz da bəllidir. Belə olan halda belə xüsusi çağırışa nə ehtiyac var? Halbuki, heç 2014-cü ildə bəlli deyildi, nəticələr də göstərdi ki, rəqəmlər bir-birinə çox yaxın oldu. Guya ki, Arif  Hacılının qalib gələcəyi şübhə doğurmur. İndi bu vəziyyət olan halda, bunu açıqlamağa nə ehtiyac var idi? Tutaq ki, Arif Haclı 60% səslə qalib gələcəkdi və hamıda da belə qənaət hasil olacaqdı ki, Arif Hacılı öz gücü ilə qalib gəldi. İndi isə üzvləri çağırmaq ki, səs verin, bu nəyə lazımdı? Hakimiyyət kimi 90% nəticəyə can atırlar. Bu nəticənin yüksək olması Müsavatda demokratiyanın heç də istənilən səviyyədə olamamasının göstəricisi olacaq və bu  rəqəmdə neçə faizin İsa bəyin payı, neçə faizin Arif bəyin öz qazancı olduğunu müəyyənləşdirmək xeyli çətin olacaq.

“İsa bəyin bu mövqeyi kifayət qədə suallar doğurur”

“Hər halda, Müsavat Partiyasını iqtidarla müqayisə etməzdim. Amma bununla belə xeyli suallar doğurur. Müsavat Partiyasının son 5 ildə uğursuzluqları göz qabağındaikən, bunu hamı səsləndirdiyi halda, İsa bəyin bu mövqeyi kifayət qədə suallar doğurur. Ola bilər İsa bəy  şəxsi münasibətləri partiya maraqlarından daha üstün tutur”,-deyə başqanlığa namizəd qeyd etdi.

Sonda onu da qeyd edək ki, Müsavat Partiyasının qurultayı oktyabrın 12-də deyil, 13-də keçiriləcək.

Bu barədə Müsavat Partiyasının başqanı – başqanlığa namizəd Arif Hacılı namizədlərin debatında deyib.

O deyib ki, Bakı Şəhər İcra Hakimiyyətində Müsavat Partiyasının qurultayının keçirilməsinə yer ayrılması üçün etdiyi müraciətə baxılıb.

Qurultayın oktyabrın 13-də Bakının Binəqədi rayonunda yerləşən “Büllur” şadlıq sarayında (keçmiş “İnqilab” kinoteatrı) keçirilməsi məqsədəuyğun hesab edilib.

Şamo EMİN, Hurriyyet.org