“Dövlət qurumlarının qarşısında davamlı piketlər təşkil olunsun” - QUBAD İBADOĞLU

 “Dövlət qurumlarının qarşısında davamlı piketlər təşkil olunsun” - QUBAD İBADOĞLU

“Mitinqlərin Bakı şəhərinin mərkəzində keçirilməsinə icazə verilənədək, Azərbaycan vətəndaşlarının Konstitutsiya hüquqlarını pozan, sosial-iqtisadi və siyasi haqlarına hörmət etməyən dövlət qurumlarının qarşısında davamlı (həftədə ən azı 1 dəfə) piketlər təşkil olunsun. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu “feysbuk” səhifəsində qeyd edib.

“Növbəti piketlər Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılmaqla, bu dövlət orqanlarının qarşısında keçirilsin: Prezident Aparatı (Qarabağa azadlıq!), Milli Məclis (buraxılsın!), Nazirlər Kabineti (korrupsiyaya son qoyulsun!), Hesablama Palatası (büdcə talançılığına son qoyulsun!), Ali Məhkəmə (siyasi məhbuslara azadlıq!), Baş prokurorluq (Azərbaycan pulyuyan maşını araşdırılsın!), Ədliyyə Nazirliyi (işgəncələrə son qoyulsun!), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (uşaq pulu bərpa olunsun!), Vergilər Nazirliyi (gizli iqtisadiyyat leqallaşdırılsın!), İqtisadiyyat Nazirliyi (inhisarçılıq aradan qaldırılsın!), Maliyyə Nazirliyi (maaşlar artırılsın!), Mərkəzi Bank (2016-ci ilədək valyuta ilə götürülmüş bütün kreditləri kompensasiya olunsun!), Təhsil Nazirliyi (fond pulu ləğv edilsin!), Səhiyyə Nazirliyi (icbari tibbi sığorta tətbiq olunsun!), Dövlət Gömrük Komitəsi (sahibkarlardan əl çək!), Dövlət Əmlak Komitəsi (mülkiyyət haqqını ver!), Sosial Müdafiə Fondu (pensiya yaşı qaldırılmasın, təqaüdlər artırılsın!), Azərbaycan Dövlət Neft Şirkəti (qaz limiti ləğv edilsin!), “Azərenerji” (işıq limiti ləğv edilsin!).

Eyni zamanda burda sadalanan hər bir məsələ üzrə sosial şəbəkədə ayrıca kampaniya aparılsın. Odur ki, bu statusu bəyənənlərdən xahiş edirəm ki, oktyabrın 14-dək uşaq pulunun bərpasını tələb edən statuslar paylaşsınlar”-deyə Q. İbadoğlu əlavə edib.

 Şamo EMİN, Hurriyyet.org