Qadına qarşı zorakılıq ETİRAZ DOĞURDU - TANINMIŞLARDAN REAKSİYA

Qadına qarşı zorakılıq ETİRAZ DOĞURDU - TANINMIŞLARDAN REAKSİYA

Qadir İbrahimli: “Bizim toplum sevgidən çox uzaqlaşıb”

Natiq Cəfərli:“Qadına şiddətin “normal” qəbul olunduğu cəmiyyət inkişaf edə bilməz”

Nadir Qocabəyli: “Qadına bıçaq vurmağı ən alçaq hərəkətlərdən sayıram”

“Son günlər kişilərin qadınları qətlə yetirməsi barədə xəbərlərin artım dinamikası üzücü tendensiyadır. Nə qədər acı olsa da, etiraf edək ki, bu tendensiya davam edəcək. Çünki bizim toplum sevgidən çox uzaqlaşıb. Uşaqlar nifrət mühitində böyüyür, məktəbdə müəllimlərin, orduda komandirlərin, iş yerlərində müdirlərin, dövlət qurumlarında məmurların təhqir və tənələrinə məruz qalır, sındırılır. Sınmış insanlar isə cüzi istisnalarla yaxşı vətəndaş, yaxşı ər, yaxşı qardaş ola bilmir”. Hurriyyet.org xəbər verir ki, bu barədə  iqtisadçı-ekspert, “Güzəran” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli deyib.

“İnsanın naqisliyinin kökünü uşaqlıda aldığı psioxolji zədələrdə axtarmaq lazımdır”

Картинки по запросу Qadir İbrahimli

“Böyük psixoloq Freyd haqlı olaraq deyir ki, insanın naqisliyinin kökünü uşaqlıda aldığı psioxolji zədələrdə axtarmaq lazımdır. Məktəbdə süpürgə pulu yığırlar, kasıb valideynin pulu vermək imkanı olmur və bu səbəbdən də o uşağa müəllimləri “ögey şagird” kimi yanaşırlar və uşaq ikən sındırılır. Təbii ki, zədə ömrüboyu onu təqib edir, yaxşı adam olmağa imkan vermir, içindəki mərhəmət hissini öldürür”,-deyə ekspert əlavə edib.

“Zədəli uşaqlar böyüyüb qatil, cinayətkar, oğru ola bilər və belə də olur”

Q.İbrahimli onu da nəzərə çatdırıb ki, son 3 ildə 7 min tələbə pulsuzluqdan təhsil ala biməyib: “Təhsil idarəçiləri 7 min tunelin sonundakı işığı görməyə can atan yeniyetməyə “pulun yoxdursa, cəhənnəm ol” deyib onları sındırıblar, onlardan təbii ki, istisnaları nəzərə almasaq, yaxşı vətəndaş olmayacaq. Zədəli uşaqlar böyüyüb qatil, cinayətkar, oğru ola bilər və belə də olur. Hətta yaxınlarına, doğmalarına belə rəhm etməyib öldürür, oğurlayır, qarət edir. Çünki içlərindəki mərhəmət və ədalət hissini uşaqlıq zədələri məhv edib. Problemin kökü də budur”.

“Qadına şiddətin ciddi qınaq obyektinə çevrilmədiyi məmləkət heç bir problemini həll edə bilməz”

Картинки по запросу Natiq Cəfərli

REAL Partiyasının icra katibi Natiq Cəfərli də qadınlara qarşı zorakılığı sərt tənqid edib: “Qadına şiddətin “normal” qəbul olunduğu cəmiyyət heç vaxt inkişaf edə bilməz, qadına şiddətin ciddi qınaq obyektinə çevrilmədiyi məmləkət heç bir problemini-iqtisadi, sosial, siyasi, hətta torpaqlarının işğalı ilə bağlı problemini həll edə bilməz”.

“Qadına qarşı zorakılığı pisləyirəm”

Картинки по запросу Nadir Qocabəyli

Ərinin 20 bıçaq zərbəsi ilə qətlə yetirdiyi qadınla bağlı tərcüməçi yazar Nadir Qocabəyli də fikirlərini sosial şəbəkə hesabında qeyd edib: “Hər hansı zoru, xüsusilə də qadına qarşı zorakılığı pisləyirəm. Üzərində bıçaq gəzdirən, münaqişə zamanı onu tətbiq edən adamları qorxaq, cəmiyyətin çöküntüləri hesab edirəm. Qadına bıçaq vurmağı isə ən alçaq hərəkətlərdən sayıram”.

Qeyd edək ki,  bir neçə gün öncə, paytaxtın Binəqədi rayonunda Avtovağzal metrostansiyası yaxınlığında Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevaya uşaqlarının gözü qarşısında 20 bıçaq zərbəsi vurub. Qadın hadisə yerində həyatını itirib. Hadisəni törədən N. Abullayev Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu zorakı hadisə sosial şəbəkələrdə ciddi müzakirə olunur və qadınlara qarşı zorakılıq haqlı olaraq pislənilir.

Şamo EMİN, Hurriyyet.org