"ABŞ əməliyyatlara icazə verərək Türkiyənin başını qatmaq istəyir" - TURAN RZAYEV

"ABŞ əməliyyatlara icazə verərək Türkiyənin başını qatmaq istəyir" - TURAN RZAYEV

"Ərdoğanın Putinlə telefon danışığı olduqca yerində və düzgün addımdır"

"ABŞ-la ortaq razılaşmanın əldə edilməsindən sonra Fərat çayının şərqində ediləcək hərbi əməliyyat öncəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığı edib. Türkiyə prezidenti danışıq zamanı Rusiyalı həmkarına Suriyanın təhlükəsizliyi və regionda sülhün bərqərar olması baxımından Fərat çayının şərqində ediləcək əməliyyatın önəmini qeyd edib. Bundan əlavə, Türkiyə prezidenti Rusiya prezidentinin Fərat çayının şərqində ediləcək əməliyyatlarda Türkiyəyə göstərdiyi dəstəyindən ötrü də təşəkkürünü bildirib". Hurriyyet.org xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Turan Rzayevə məxsusdur.

Onun fikrincə, ABŞ-la hər nə qədər ortaq razılaşma əldə edilsə də, Ərdoğanın Putinlə telefon danışığı olduqca yerində və düzgün addımdır: "Birincisi, Türkiyə hər nə qədər ABŞ-la Fərat çayının şərqinə başladacağı əməliyatlarda razılığa gəlsə də bu məsələdə Rusiyanında mövqeyi önəmli idi. Rusiya tərəfi hələ ABŞ və Türkiyə Suriyanın şimalında yaradılacaq ortaq təhlükəsiz bölgə və birgə hərbi əməliyatlarla bağlı razılaşmada Türkiyəyə dəstəyini nümayiş etdirmişdi. Yəni Türkiyənin bölgədə aparacağı hərbi əməliyatlar da Rusiyanın mövqeyi Türkiyədən yana olacağı heç kəsə sirr deyildi. Lakin Türkiyə Rusiyanın da razılığını alaraq önəmli bir strateji gediş etmiş oldu. İkincisi, ABŞ tərəfi qoşunlarını Suriyadan çıxaracağını rəsmi şəkildə elan etdi. ABŞ həm də bununla bölgəni problemləriylə birgə Türkiyəyə buraxmış oldu. Bu məsələ hər nə qədər sirli görünsə də reallıq odur ki, ABŞ müttəfiqi dediyi Türkiyəni regionda tək qoyur. Lakin Ərdoğanın Putinlə danışığı həm də ona işarə edir ki, ABŞ olmasa da regionda Türkiyəylə birgə hərəkət edə biləcək Rusiya var. Putinin də məhz Türkiyəyə Suriya məsələsində göstərdiyi müsbət münasibətdən bunu görmək mümkündür".

Turan Rzayev hesab edir ki, Ərdoğanın Putinlə danışığı qarşılıqlı dəstək mahiyətindən daha çox şey kəsb edir: "Belə ki, Türkiyə hər nə qədər Yaxın Şərqdə uğurlar qazansa da Rusiya kimi bir müttəfiqlə hərəkət etmək daha etibarlı olar. Digər tərəfdən, İran rəsmilərinin Türkiyənin Fərat çayının şərqinə edəcəyi müdaxiləni müsbət qarşılamaması Türkiyəni Rusiyayla birgə hərəkət etməyə vadar edir. Bu, o demək deyil ki, Türkiyə və Rusiya birgə hərbi əməliyatlar keçirəcək. Türkiyə Rusiyanın siyasi dəstəyilə regionda bütün səsləri susdura bilər. Düşünürəm ki, Ərdoğanın Putinə telefon etməsi yerində və düzgün addımdır. Regionun gələcəyi baxımından Türkiyə bu əməliyyatları etməli və müsbət nəticə əldə etməlidir. Lakin son olaraq onu deyim ki, həllə də düşünürəm ABŞ bu əməliyyatlara icazə verərək Türkiyənin başını regionda bir müddət qatmaq istəyir".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org